Arzularını söyləyəcək birisi varsa,
yaşayırsan...
Son günlər içimdə bir
cümlə dolaşır: "arzularını söyləyəcək
birisi varsa, yaşayırsan". Arzularım var,
söyləyəcək kimsəm yoxdur və bu yoxluğun ətrafında
neçə gündür var-gəl edirdim ki,
kitablarımın arasından bir kitab (ən əziz, uca yerdə
saxladığım kitab) məni
"çağırdı". Bu, Akif Səmədin -
ululardan ulu, alilərdən ali, sözü
qanad götürüb yallı gedən, cəngə səsləyən,
ağrıdan, ağrıyan, sevdirən, sevən Akif Səmədin
seçilmiş əsərlərindən ibarət şeirlər
kitabı idi. Və dönə-dönə
oxuduğum, oxuduqca oxunduğum (sanki özüməm bu kitab, vərəqlədikcə
vərəqlədir, güldükcə güldürür,
hönkürdükcə hönkürdür), dərdimi,
sevincimi, arzularımı - diqqət edin, arzularımı
söylədiyim bir kitab.
"Kitab insanın ən yaxın
dostudur" kəlamının doğruluğuna bir daha
tapınaraq, Akif Səməd diliylə özümü
oxumağa başladım:
Daha torpaqdı atan,
Torpaqdan al ətrini,
...Atan balandı daha...
Başımın tacı, qürurum,
dayağım, ümidim, pənahım atamın ətrini
"torpaqdan al",
-dedi dostum mənə və bir də dedi ki,
"Atan Vətəndi daha". Soru sordum dostuma,
sordum ki, "bəs ata yoxluğundan sonra bu yoxluq ilə mənim
aramda sipər olan, çəpər olan, o dərdi evimə
yaxın buraxmayan anam necə, o da torpağa üz tutdu axı?
Dostum dedi:
Hara gəldin, sözünə
dön,
Çayır bitən izinə
dön,
Dost istəsən özünə
dön,
"Dost istəsən Allah
yetər".
Özümə
dönüncə anamı gördüm, anamın səsini
eşitdim, anamın laylasında uyudum və Allahı
"gördüm". Gördüm ki, Allah atama olan qürurumda,
anama olan ərkimdə, balama olan sevgimdə, körpələrə
olan mərhəmətimdə, güldə, çiçəkdə,
küləkdə... hər yerdədi. Gördüm ki,
bütün sevgilərin, gözəlliklərin, vicdanın,
namusun və s. ən ali hisslərin məcmusudur
Allah! Dosta tapındım, Allaha tapındım.
Və bir də gözümdən içimdəki mənə
- içimdəki Allahıma, içimdəki nura
tapındım, güzgüdən hər kim
baxır-baxsın, tapındığım Allahdırsa,
gözlərimin güzgü olacağına inandım:
Gözüm güzgüyə
güzgüdü,
Güzgünün
güzgüsü baxır.
Güzgüdəki mən deyiləm,
Güzgüdən özgəsi
baxır.
İnandım ki, bu
ömür də atam kimi, anam kimi, uşaqlığım, gəncliyim
kimi mənim deyil.
Namərdinsən, mərdinsən,
Mənim deyilsən,
ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim deyilsən,
ömrüm.
İnandım ki, mənim
olmayanı mənim etmək üçün ömürdən
sonrakı həyatı qazanmalıyam ("Ömrün ən
böyük qazancı ömürdən sonrakı həyatın
qazanılmasıdır. Əbu Turxan). Bu qazanc
isə hər insan oğluna qismət olmur. Ömürdən sonrakı həyatı yaşamaq
üçün akifsəmədlərin ömrünə
qarışmalıdı ömrün. Elə
qarışmalıdır ki, ruhən əbədi olasan
("Ruh olan yerə ölüm girə bilməz".
Ə.T.), dirilər sənin ölümünə həsəd
apara...
22 iyul ruh şairimizin,
mövlanımız, irfanımız Akif Səmədin bu fani
dünyamızla təmasının 60 ili
tamam olacaq. Onu sevənlər, onun yoluyla
addımlayanlar, dostları, yaxınları hamısı bir
ağızdan altmış yaşını təbrik edəcək
şairin. Kimsə deməyəcək ki,
altmışın dörddəüçünü bizimlə
oldu, daha yoxdu Akif Səməd! Kimsə onun yoxluğundan
söz açmayacaq. Hamı bir ağızdan onun əbədi
həyatını alqışlayacaq, ona əbədi həyat
arzulayacaq! Hamı həvəslə
dostlarının onun ad gününə hədiyyə etdiyi
"Ölüm nə mənədir ki..." adlı filmindən,
("ARBAran Media şirkətinin "Aranfilm"
yaradıcılıq mərkəzi tərəfindən çəkilib.
Direktor İqbal Məmmədəliyev, filmin ssenari müəllifi
və rejissoru Yeganə Əbdülrəhmanova, prodüser
Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç),
"60 inci" adlı altmış şeiri toplanmış
yeni kitabından (nəşriyyatın direktorları Nayma
Qaramanlı, Fərman Qəhrəmanov, kitabın redaktoru
İbrahim İlyaslı, önsöz müəllifi Rüstəm
Kamal), şairin fəxarət dolu adını yaşadan
küçədən (Bakı şəhəri
"Qurtuluş" qəsəbəsində) söz
açacaq, Akif Səməd adını uca tutan, Akif Səmədin
dostu, sirdaşı və bu dostluğa sadiq qalan Uluslararası
Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi
və Rəsm Komitəsi başkanı Nəvai Metinə minnətdar
olacaq, bütün bu uğurlu işlərə təşəbbüs
göstərdiyinə görə "çox sağ ol deyəcəklər".
Bax, budur ölümün zirvəsi!
Bax budur ölməzlik!
***
Gözəllər bəxtəvər
deyil,
bəxtəvərlər gözəldir!
Akif Səməd
yaradıcılığı barədə yazdığım
birinci yazıda fanidən əbədiyə, alidən uluya, zərrədən
günəşə doğru yol gedən və bu yolun keşməkeşlərini
adlayıb nur tapdıqca ətrafını da o nura
çağıran irfan şeirlərindən daha çox
söz açmağa çalışmışdım. Bu yazımda isə Akif Səmədlə
öz dünyam boyda bir məkanda, yaşadıqlarım,
yaşayacaqlarım (məchula doğru olsa belə) və bəxtəvər
olmayan gözəlliklər barədə söhbət etmək,
o gözəl olmayan bəxtəvərlərə gendən
baxıb gözəl olan, lakin bəxtəvərliyə gennən
baxan gözəlliklərdən danışmaq istədim. Elə
buradaca şairin "Əylən" adlı gəraylısı
məni yoldan əylədi:
Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər, yoxsa sabahlar
Gümandı, ay gedən, əylən.
Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç nədi,
ayrılıq
Yamandı, ay gedən, əylən.
Açıb yasəmən
kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən, əylən.
Və bu məqamda qürbətdə
vətənləşən, ruhu mövlan olan böyük
şairimiz Məmməd İsmayılın Akif Səməd -
Akif Səməd poeziyasının özü olan bu gəraylı
barədə fikirləri yadıma düşdü: "...Akif
Adəmdən üzü bəri sürüb gələn
şeirin elə qatına düşdü ki, o qat irfani ruhun
yenidən şahlanmasına gətirib çıxaracaqdı.
Çıxardı da!... "Əylən!"
desə də, yaşadığı zaman kəsimində əbədiyyətə
qovuşmağa tələsən də hamıdan çox
özü idi". Elə buradaca bir nəticəyə gəlirəm:
irfan özü əbədiyyətə qovuşmaq deyilmi, əbədiyyətə
qovuşmaq özü ölməzlik deyilmi? Ölməzlik
özü Akif Səməd deyilmi?!
...
"Ölmədən öncə
ölmək lazımdır"
Məhəmməd
Peyğəmbər
Oxuculara məlumdur ki, Akif Səməd
yaradıcılığının ana xəttini ölümlə
söhbət təşkil edir.
Yanana ölüm də kefdi,
Qanana qəbir də evdi.
Sağlığımda sevəmmədim,
Öləndə
ölümü sevdim.
"Öləndə
ölümü sevdim" fikri ilə şair nə demək
istəyir?
Burada məchula ilişib qalsaq da, belə bir nəticə hasil
olur: ölüm Akif Səməd üçün cismin bu
dünyanı tərk etməsi deyil, ölüm "qələmdə
sözü qocaltmadan" ətri, qanı, gözəlliyi
üstündə vərəqlərə düzməkdi: "Adım
Akifdi, özüm söz, özgə deyiləm, "sən"əm,
gəl"! (ölüm, gəl! İradə A.).
Yananda ölür, şeir
yazır və o ölümü (yazdıqlarını) sevir. Hər yazandan
sonra yenidən dirilir, ömür alır ölümdən və
əbədiləşir.
Qış ölürəm, yaz
ölürəm,
Yaz adam ölməz,
ölürəm,
Ürəyimdə söz ölürəm,
Ağır səfərdən
gəlirəm.
Və yaxud:
Guya ölüm haqq işidi,
Ölməmək qorxaq
işidi.
Və burada yatmağa gedən
(şeir yaza bilməyən, cismi torpağa qarışan) Akif
Səməd ölümə (şeirə) son
pıçıltılarını söyləyir:
Görsəniz yoxam, deyin
Aytək batmağa getdi.
Öldü deməyin, dostlar,
Akif yatmağa getdi.
Ölüm müqəddəsləşmirmi,
ölüm ucalmırmı, ölüm şeirləşmirmi
burada?..
Ölümlə söhbət edən,
sevgi boyda uca Akif Səməd yaradıcılığında
sevgi şeirləri az yer tutur. Otuzunda əlliyə
baxıb sevginin sözə çevrilmək məqamını
itirmişdimi deyə:
Pərvanə oduma gəlmir,
İlham da dadıma gəlmir.
Deyirlər, cavan olmuşam,
Bə niyə yadıma gəlmir.
Yaxud, əllərin, tellərin bəxtəvər
olan çağında ölümlə (sözlə,
şeirlə) söhbətin bir ahu telində
qarıyacağındanmı qorxurdu:
Əl-ələ qovuşub titrəyir,
əsir,
Əllərin bəxtəvər
olan çağıdı.
Bir ahu telinə olmuşam əsir,
Tellərin bəxtəvər
olan çağıdı.
Bəlkə də, ürəyində
qımıldayan o hiss içini tel-tel etdi deyə, şair bu
mövzudan söz salmağa çəkindi:
Yaz gəlib, hər tərəf iydə
iyidir,
Yel əsdi, yamacda gül
qımıldadı,
Sənin gözlərində bənövşə
açdı,
Mənim ürəyimdə
tel qımıldadı.
Bütün bunlara rəğmən,
söz adamlarına söz "öyrədən"
redaktorlara yazdığı şeirdə "Mənim
misralarım ilahi səsdi, Qumru nəğməsidi, Qu nəğməsidi",
deyir və bu qumru nəğmələrinin, qu nəğmələrinin
dünya durduqca könülləri riqqətə gətirəcəyinə
əminliyini bildirir.
***
"Keçmişini unudan onu təzədən
yaşamağa məhkumdur"
Akif Səməd poeziyanın
özüdür, o, sözü zirvələrdə tutan,
sözə can atanların çoxunu yarı yolda
qoyanlardandı. Eyni zamanda, Akif Səməd publisistik
yazıları, araşdırmaları ilə də qələmi
uca tutanlardan olub. O, Qaçaq Nəbidən
yazdığı araşdırmasında Nəbinin arvadı Həcər
xanım haqqında oxucuların düşündüklərinə
tam zidd (Akif Səməd başdan-ayağa ziddiyyət
adamı, təzadlar şairi idi) bir fikir səsləndirir. Bu
yazıdan sonra oxucu şairə zəng edərək:
"Laçını, Qubadlını alsaq, nənəm Həcərə
böhtan atdığına görə səni ora
qoymaram", - deyir. Şair telefondakı adama heç nə
demədən dəstəyi asır və şeir yazır:
Sazım gedər, sözüm gedər,
Odum gedər, közüm gedər,
Oğlum gedər, qızım gedər,
Orda olmasam da olar.
Və qırx yaşın
şeirindən sonra "orda olmasam da olar" misraları
özünüdərkin dərinliyinə o qədər
varır ki, inkarı da aşaraq "Hər kola təzə
ağladım, hər ağacı təzə
gördüm" deyir, asılan adamlarçün vicdan
çəkən dar ağacına ("elə adamlar
asılır, dar ağacı utanır!". Rüstəm Behrudiyə
yazdığı şeirdən) acıyacaq qədər,
Yaradanın fəxarəti, cəsarəti, qüdrəti olan
Yer üzünü qınayacaq qədər... ("eh Yerin
başı batmasın, havayı, boşa
fırlanır..." Yaradanın yaratdığına (əbədiyə
- Yerə, faniyə - bizə (insanlara) ironiyasına qədər...
Aldanma, bağları sulu,
Yer nədi, göylərin qulu...
...özü fırlansa cəhənnəm,
Bizimlə qoşa
fırlanır.
Akif Səməd
yaradıcılığı zamansız, məkansız olsa
da,
(Çox da ki, şımşəklər
haqqa şığıdı,
Bu qanlar-qadalar haqq
işığıdı,
Akifə oxşayıb, haqq
aşığıdı...)
kiçik bir duraqda ləngiməyə
də imkan tapır. Bu duraq zamanın
durağıdır. Bu duraqda zamana boyun əyən boynu əyrilər
dara çəkilsə də, gərdiş qınanır:
Fələyin
qarğışıdı,
Kişi kimi arvadlar,
Arvad kimi kişilər.
Və Akif Səməd
yaradıcılığının əsrarəngiz səmasından
yerə enirsən bir anlıq. Misralardakı həqiqəti
göz önündə canlandırır fələyi sən
də qarğıyırsan, "Fələk, qadını
kişisiz, dayaqsız qoyub qadınlıqdan, kişini heysiyyətsiz,
huysuz qoyub kişilikdən etmə" deyirsən.
***
Akif Səməd
yaradıcılığında Vətən mövzusu üst
qatda olsa da, o qata hər oxucu çıxammır. O, mübaliğəyə,
pafosa yol vermədən vətənin ağrısında
ağrıyır, adamları - şeir yazan (nağıl yazan,
qanun yazan) adamları oyatmağa çalışır:
Zaman ötür, sular axır,
Qazanımız köhnə,
paxır,
Düşmən dağa bayraq
taxır,
Düzdə şeir
yazırıq.
Və şeirləri ilə gələcəyə
bir ismarış da edir, - Vətənə Vətəndaş
olun, deyir! Burada bir məqam da diqqətdən qaçmır,
Akif Səməd Vətən deyəndə Elçibəy
deyir, Elçibəy deyəndə Vətən deyir:
Tünd-qara rənglər içində,
Bir göy qurşağı
adamdı...
(Vətəndi! İradə A.)
Buluddan yuxarı duran,
Tozdan aşağı
adamdı.
(Vətəndi! İradə A.)
Və bu vətənləşmə
elə müqəddəs sevgilər sırasındadır ki,
"Sarvan köçəndən sonra karvanı qalan..."
Elçibəylə bütövləşir...
Burdan o yana söz
qalmadı...
Yaşasın Vətən!
Yaşasın Vətəni Vətən
edən oğullar!
Yaşasın Akif Səməd.
İradə Aytel
Ədəbiyyat
qəzeti.- 2019.-22 iyul.- S.22-23.