Dünyanın gözəlliyi ondadı ki...
Dünyaya "İdrakın üfüqləri"ndən
baxmaq istəyirəm. Professor Nizaməddin
Şəmsizadənin eyniadlı
kitabında ayarlanan aləmdən... "Ən
böyük qələbələrin
taleyi döyüş
meydanlarından əvvəl
insanların ürəklərində
həll olunduğu yer"dən! Sözdən əbədiyyət məbədi tikilən məkandı burası.
Bu məkanda insan
öz nitqi, daxili, pünhan düşüncələri ilə
özünü yaradır.
Onu dünyanın hakimi edəcək ilahi sözə sahib çıxır.
Bu kitab boyunca
Nizaməddin müəllim,
ustadı Asif Əfəndiyevin sözlərilə
desək, "Yanar zəkanı" tərənnüm
edir. "XX əsr Azərbaycan ədəbiyyatını yekunlaşdıran
anlayışlar"dan "Yanar ürək" (İsa Hüseynov) və "Yanar zəka" (Asif Əfəndiyev) gerçəkliyindən,
mutluluğundan söz
açır, zamanın
və tarixin şəxsiyyət qarşısında
gücsüzlüyünün nədənliyini ayarlayır.
Əlbəttə, ilk növbədə bədii sözün araçılığı ilə.
Bu xüsusda Nizaməddin
müəllimin yazdıqlarıdı:
"Bədii söz mənim qəlbimi cilaladı, ruhuma sahib oldu, mənə ədalət və mərhəmət bəxş
etdi, şəxsiyyət
kimi ucaltdı, əyilməyə, sınmağa
qoymadı... Mənim ruhumun atası sözdür... mən sözlə söhbət edirəm, dərdləşirəm...".
Sözlə söhbət edə bilmək, sözlə dərdləşə bilmək
məqamı doğmalaşdırır
Nizaməddin müəllimi
könül, ruh adamlarına. "Günəşi
Tanrı sifəti hesab etdiyi" yerdən hər kəsə əziz olur onun mütəfəkkir
obrazı. Sahibsiz düşüncə
sahibi olmasıyla idrakın və qəlbin əzablarına dözür, sevginin həzzini yaşayır, eyni zamanda da
yaşadır. Bu yaşamda N.Şəmsizadənin
türkçülük sevdası
aparıcı rol oynayır. Bu böyük anlayışı
başlıca ideal kimi
qəbul edir, anladır ki, "Vətən əxlaqı türk dövlətçiliyinin
təməlidir. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir".
Nizaməddin müəllimə görə "dünya ona görə gözəldir ki, orada türklər yaşayır". Səmadan enmiş
nur dəyəri verir bu ulu
topluma. Sözünün
davamını dahi şairimiz İ.Nəsiminin
misraları tamamlayır:
Səni bu hüsnü camal ilə, kamal ilə görüb,
Qorxdular həqq
deməyə,
döndülər insan
dedilər.
Söykəndiyi, şəhadət
gətirdiyi bir istinad nöqtəsi daha var; böyük
söz ustası Füzulidən gələnlərdi:
Ey mələksima,
ki,
səndən özgə
heyrandır sana,
Həqq bilir, insan deməz,
hər kim ki, insandır sana.
Bu mələksima,
hüsnü camalı
ilə aləmlərə
görk olan toplumun tarixinə eyni fikir ucalığından
nəzər yetirir Nizaməddin müəllim,
xüsusi bir duyğusallıq, nostalji yaşantılarla: "Qədim
türklərin köçü
bəşər tarixində
ən böyük saqa idi. Dünyada
mövcud olmuş saqaların əsasında
türk köçəbəliyi
dayanır... Türk köçünün mahiyyətində böyük
çöl mədəniyyəti
durur. Türklər
torpaqlarını artırmaq
üçün yox, daha çox mədəniyyətlərinin idrak
üfüqlərini, düşüncələrini
artırmaq üçün
köç edirdilər...". Hər şey necə də doğru, adbaad... Tarixə və millətə
sevgi duyğularının
təkrarsız şairanəliyi,
zərifliyi ilə bir arada. Professorun ədəbiyyatşünas alim
Yaşar Qasımovla olan səmimi fikir mübadiləsini də bu duyğulu
məqamlar izləyir.
O, böyük ustadı
Yaşar Qarayevlə bağlı düşüncələrini
eyni duyğusallıqla
dilə gətirir:
"Müəllimim Yaşar
Qarayev dahi şəxsiyyət idi. O, milli yaddaşa güvənib idrakın üfüqlərini genişləndirdi,
onun sərhədsizliyini
sübut etdi. Bu gün tarix
heyrətamiz bir tərzdə onun fikirlərini təsdiq etməklə məşğuldur".
Poetik deyimin, nəzm ilə nəsrin və təkzibolunmaz elmliyin bir arada
hasilə gətirdiyi mükəmməl bir lövhədə bu deyilənlər. Nizaməddin Şəmsizadənin bənzərsiz üslubu belədi. Və onun öz ustadına
şamil etdiyi keyfiyyətlər yüzdə-yüz
özünün alim,
şəxsiyyət obrazının
ifadəsi kimi də yadda qalır;
həqiqətən də
Dədə Qorqud aliliyi, Yəsəvi və Rumi sufizmi,
Nizami intibahı, Nəsiminin cəngavər
hürufizmi, Füzulinin
doğal, nəcib qəmi, Axundzadənin maarif işığı,
Cavid romantikasının
vüsəti həm də onun özünün
idrakının təməlində
dayanır.
Bütün bunlar barədə "İdrakın
üfüqləri"ndə yetərincə bəhs olunub; hər ədəbi-fəlsəfi yazının
öz ovqatı, missiyası var. "Bəşəriyyətin
əbədi uşaqları
olan" bizlərin dönə-dönə varmalı
olduğumuz mətləblərdən
böyük filosof-alim,
şair-publisist ovqatıyla
söz açır
"İdrakın üfüqləri"ndə
Nizaməddin müəllim...
Fundamental elmi
tədqiqatlara imza atan Nizaməddin müəllimin öz yaradıcılığının da ciddi araşdırma
mövzusu olması təbiidi. Bu baxımdan ədəbiyyatşünas alim Gülxani Pənahın
"Ədəbiyyatdan əbədiyyətə" adlı
monoqrafiyası çox maraqlıdı. Gülxani xanım Dövlət mükafatı
laureatı, görkəmli alim, professor N.Şəmsizadənin ədəbi-tənqidi
və nəzəri-fəlsəfi baxışlarını incələyib,
onun ədəbiyyatşünaslıq
və ədəbiyyat nəzəriyyəsi sahəsində orijinal konsepsiyalarını peşəkarlıqla
nəzərdən keçirib.
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2019.-22 iyul.- S.23.