Yaddaşımızın Qara dəniz həsrəti...

 

"Xəzər dənizi yalnız şimdi deyil, ta qədimdən də bir türk dənizi olaraq türk gəmilərinin seyrinə meydan olmuşdur".

 

Mirzə Bala Məhəmmədzadə

 

***

 

Sahilə çıxıram, Qara dənizlə

Oturub üz-üzə,

Diz-dizə danışmaq istəyirəm mən,

Xəzəri soruşmaq istəyirəm mən:

Məktub alırsanmı Xəzərdən, de bir?

Xəzri dəcəlinin kefi necədir?

Məmməd Araz

 

 

 

XX yüzil Azərbaycan şeirini özünün poetik cəsarəti və kəşfləri ilə zənginləşdirən Əhməd Cavadın "Qara dəniz" şeiri bədii təfəkkürümüzün hüdudlarını misilsiz dərəcədə genişləndirən əsərlərdəndir. 1914-cü ildə Birinci Cahan savaşında Türkiyənin iştirakından hədsiz duyğulanan şair bu şeiri ilə təkcə Türkiyəyə deyil, bütün türklüyə təəssübünü və sevgisini bədii təcrübədə az rast gəlinən bir ilham və ehtirasla ifadə etmişdi.  

 

Çırpınırdın Qara dəniz

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

 

Əli bəy Hüseynzadənin arxivində "Qara dəniz" şeirinin Əhməd Cavadın xətti ilə yazılmış nüsxəsinə diqqəti cəlb edən görkəmli türk alimi, professor Osman Fikri Sertkaya "Ahmed Cevad Ahundzadenin "Kara Deniz" şiiri" məqaləsində ilginc bir məqama toxunur: "Arap harfleri ile yazılı bu belge Halk Edebiyatı ve Folklorunun değerli araştırıcısı Hacettepe Üniversitesi öğretim üyesi Prof. Dr. Özkul Çobanoğlu tarafından Facebook'ta 17 Şubat 2016, 00.31'de yayımlanmıştır. Prof. Dr. Osman Fikri Sertkaya "Çok şükür, orijinali bulduk" notu ile 17 Şubat 2016, 18:29'da şiiri paylaşmış ve Prof. Dr. İbrahim Yıldırım'a göndermiştir. İbrahim Yıldırım da şiiri yakın dostu Adalet Tahirzade'ye göndermiş, şiir yine Facebook'ta Adalet Tahirzade tarafından 18 Şubat 2016, 20:29'da paylaşılmıştır. Yine İbrahim Yıldırım Baku'daki arkadaşı Azer Turan Bey'e Osman Fikri Sertkaya'nın okuduğu metin ile orijinal fotokopiyi bir mektup ile birlikte göndermiş, İbrahim Yıldırım'ın gönderdiği mektup, şiirin eski yazı fotokopisi ve Osman Sertkaya'nın eski yazıdan okuduğu metin 20 Fevral (Şubat) 2016-cı il tarihli "Edebiyyat Gezeti'nin üçüncü sahifesinde Baku'da yayımlanmıştır. Osman Fikri Sertkaya Ahmed Cevad'ın el yazılı metnini şöyle okumuştur.

"Sevgili Turan" mefkuresine birinci yol gösterdin.

Üstad Ali Beg Hüseyin-Zade Hazretlerine takdim".

Azər Turan bildirir ki, 1 may 1918-ci il tarixli nüsxə "Qara Dəniz" şeirinin ilk və yeganə əlyazma nüsxəsidir. Və təqdimatdan da göründüyü kimi, şeir "Ustad Əli bəy Hüseynzadə həzrətlərinə" xitabən və ithafən  "Sevgili Turan məfkurəsinə  birinci yol göstərdin" qeydi ilə başlayır...

Professor Asif Rüstəmli "Qara dəniz" şeirinin baş mühərrir Mirzə Bala Məhəmmədzadə tərəfindən Azərbaycan Cümhuriyyəti dövründə nəşr edilən ilk milli jurnal olan "Gənclər yurdu"nun birinci sayında çap olunduğunu göstərir. "Qara dəniz"in böyük mütəfəkkir Əli bəy Hüseynzadəyə avtoqrafla təqdim olunduğunu bildirir: "Məcmuənin 3-4-cü səhifələrində yer alan Əhməd Cavadın "Qara dəniz" şeirinin birinci bəndi sonrakı nəşrlərdə fərqli şəkildə çap olunduğu üçün müqayisə məqsədilə ilk mətbu variantı belədir". "Gənclər yurdu" jurnalının ilk sayındakı nəşrində (iyun 1918 - Y.Q.) şeirin birinci bəndi aşağıdakı şəkildə getmişdi: 

 

Çırpınardın Qara dəniz

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərik, heç ölməzdim

Düşə bilsəm ayağına.

 

Müəllif fikirlərini davam etdirərək yazır: "Birinci və üçüncü misralarda dəyişiklik cüzi də olsa, mənaya təsir etmək gücünə malikdir". (Bax: Asif Rüstəmli. "Zirədən başlanan yol". (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti). Bakı, "Gənclik", 2019, səh. 46).

 

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən

Yol ver, Türkün bayrağına!

 

Həssas və vətənpərvər şair bütün dünyanın dəhşətli bir sınaq qarşısında olduğu zaman türk dünyasının və ellərinin parçalandığını, qarşılıqlı əlaqələrinin və birliyinin, demək olar ki, son dərəcə zəiflədiyi bir vaxtda, sanki qardaş millətləri haraylayır və onları bir-birlərinin əhvalından xəbərdar olmağa səsləyirdi. Böyük şair qardaş Türkiyədə, Türküstanda, Qafqazda və xüsusən, Azərbaycanda gözlənilən qətliamları, qırğınları öncədən görür və öz ciyərparələrini bu dəhşətli fəlakətlərdən birlikdə qurtulmağa, xilas olmağa çağırırdı.

Əhməd Cavadın "Qara dəniz"i amansız və "mədəni" yırtıcılarla üz-üzə gəlmiş türk dünyasını birliyə və həmrəyliyə çağırışı ilə böyük əhəmiyyətə malik olması öz yerində. Amma bu şeir Azərbaycan etno-poetikasının unutduğu və yadırğadığı bədii təxəyyül qatlarından doğulduğuna görə də hədsiz dəyər daşıyırdı. Akademik Yaşar Qarayev "Cümhuriyyət dövrü və onun poeziyada yaddaşı - Əhməd Cavad" məqaləsində aşağıdakıları vurğulayırdı: "...Ə.Cavadın sonralar bütün Türkiyədə az qala milli himn qədər kütləvi şəkildə oxunan və sevilən əsəri "Çırpınırdın Qara dəniz" olur... Göygölə, milli bayrağa, Qara dənizə və Dəli Kürə ən yaxşı şeirləri o illərdə Əhməd Cavad yazıb. "Azərbaycan sözü" ilk dəfə bu rübabda poetik mübtədaya, xəbərə dönüb, Əhməd Cavadın yazdığı nəğmədə təkrir və nəqarət olub".

 

İnciler tök, gəl yoluna,

Sırmalar səp sağ, soluna!

Fırtınalar dursun yana,

Salam Türkün bayrağına!

 

"Qara dəniz" metaforası türk yaddaşının məğlubiyyətlərdən öncəki - zəfərlər və qalibiyyətlər dövrünün işarəsi idi. Təbii ki, Qara dəniz həsrəti milli yaddaşda yaşayırdı. Bir an da, bir gün də unudulmamışdı. Amma milli yaddaş ağrısının estetik yaddaş faktına çevrilməsindən ötrü nə az, nə çox, bir neçə yüz il lazım olmuşdu. Azərbaycan şeirinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani zirvələrinə bu həsrət enməmişdi, bu kədər yağmamışdı. Məhz Türkiyənin və türklüyün taleyi Qərbin antihumanizmi və qeyri-insani ehtirasları tərəfindən sınağa çəkiləndə, ölüm və qalım dilemması qarşısında dayananda milli yaddaşın üsyanı estetik yaddaşın üfüqlərində görünməyə başlamışdı. Əgər türk dünyasının tarixi faciələrini Hüseyn Cavid bədii təfəkkürə gətirmişdisə, onun taleyinin müasir ölüm-dirim çağlarını və çabalarını ədəbiyyata gətirmək Əhməd Cavadın şərəfli və danılmaz xidmətidir. Türküstanda Əbdülhəmid Çolpan və Türkiyədə Mehmet Akif Ersoy kimi Əhməd Cavad da Azərbaycanda millət üçün döyüşən və çarpışan poeziyanın  banisidir:

 

Dost elindən əsən yellər,

Bana şer, salam söylər.

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!!!

 

Beləliklə, Əhməd Cavadın "Qara dəniz"ində coğrafi məkan və ünvan yüz faizli etno-poetik işarə kimi çıxış edir. Qara dəniz türkün və türk dünyasının adının, şanının və şərəfinin ifadəsi kimi mənalandırılır.

Birinci Cahan savaşının təzəcə qızışdığı bir zamanda Ə.Cavadın öz mənəvi iztirablarını və böyük nigarançılığını tərənnüm etmək üçün Qara dənizə xitab etməsi heç də təsadüfi deyildi. Yuxarıda qeyd etdiyimiz kimi, Qara dəniz obrazı burada türk dünyasının itirilmiş torpaqlarının və vətənlərinin, şərəf və şöhrətinin, ümumən, şanlı tarixinin rəmzinə çevrilib. Qara dənizə bu cür həssas və ehtiraslı münasibət heç də təsadüfi deyildi. Elə həmin dövrdə türk dünyasının bir sıra başqa coğrafi məkan və ümmanlarına, o cümlədən, Xəzər dənizinə də eynən o cür yanaşıldığının, itirilmiş Qara dəniz və əlimizdən çıxmaq təhlükəsi başının üstünü almış Xəzər dənizi də eyni dərəcədə doğma və əziz deyimlərlə tərənnüm olunduğunun, vəsf edildiyinin şahidi oluruq. Azərbaycan Xalq Cümhuriyyətinin Əhməd Cavad qədər atəşin və ehtiraslı müdafiəçisi, dahi sənətkarımız Cəfər Cabbarlı öz mübariz və mücahid qardaşı Mirzə Bala Məhəmmədzadəyə həsr etdiyi "Salam" şeirində Turan və türk dünyasının "Altun dağ", "Göklər eli", "Baykal", "Odlar yurdu" və başqa müqəddəs və əziz and yerləri, güvənc və qürur məfhumları sırasında Xəzərə müraciət edir:

 

Amal quşu Şərqə doğru uçarkən,

Gündoğuşda murad suyu içərkən,

Səbah yeli Altun dağdan keçərkən,

Turan ellərinə salam söyləyin.

 

Bir gözəl görsəniz Göklər elindən,

Öpün dalğalanan ipək telindən,

Od yurdunun yavruları dilindən,

Turan ellərinə salam söyləyin.

 

Baykalda görsəniz ördək izləri,

Unutmayın tapşırdığım sözləri,

And verirəm durnalarım, sizləri,

Turan ellərinə salam söyləyin.

 

İntizar gözlərdən Xəzər doğuldu,

Həsrət yürəgimiz yanar tağ oldu,

Dillərimiz Turan deyə yoruldu,

Turan ellərinə salam söyləyin.

 

Yıldızlı bir göy tac üstə ay parə,

Bir al yaylıq verim, yetirin yarə,

Durnalar, durnalar, bizdən dübarə,

Turan ellərinə salam söyləyin.

 

"Salam" şeiri "İstiqlal" qəzetinin 1920-ci il 1 fevral sayında "Cəfər Cabbarzadə" imzası ilə çap olunmuşdu. Burada bu şeirin ilk dəfə olaraq prof. Asif Rüstəmli tərəfindən məlum edilərək, Türkiyədə və Azərbaycanda çap etdirildiyini də vurğulamaq yerinə düşər. Və şeir haqqında Cümhuriyyətşünas alimin ürək sözlərini gətirməyi də oxucular qarşısında öz borcum hesab edirəm: "Azadlığına və müstəqilliyinə qovuşan Azərbaycan Cümhuriyyətinin Turan ellərindən, dostlarından-doğmalarından ayrı salındığı, təkləndiyi, yalqız qaldığı Azər türklərinin  "İntizar çəkən gözlərindən Xəzər doğulduğu, həsrətli ürəklərin Yanardağ olduğu, dillərimizin Turan deyə yorulduğu" günlərdə, anlarda şair haray çəkir, nalə qoparır, "tapşırdığı sözləri" unutmamağı rica edir, müqəddəs və möhtəşəm tarixi dəyərlərə, soykök eyniliyinə güvənib, sığınıb soyuqluğa son qoymağa, birliyə, bütövlüyə, vəhdətə çağırır. "Salam" şeiri Cümhuriyyəti canı-qanı, dişi-dırnağı ilə quranlara, istiqlalı fədakar mübarizələri ilə əldə edənlərə təhlükənin yaxınlaşdığını bildirən ilk bədii xəbərdarlıq məktubudur. "Salam" şeiri xatırlanmasını, yada salınmasını istəyən xalqın milli Cümhuriyyətinin yaranışında "göydən enmiş xilaskar bir mələk kimi tələqqi etdiyi" (M.Ə.Rəsulzadə) Nuru Paşalara, Mürsəl Paşalara, qardaş Türkiyəyə istiqlalın qürub çağı, fırtına önü "SOS" mesajı idi...". (Asif Rüstəmli. "Zirədən başlanan yol". (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti). Bakı, "Gənclik", 2019, səh. 111-112).

"Qara dəniz" və "Turan ellərinə salam söyləyin" şeirlərini poetik talelərinə və yaranma səbəblərinə görə də bənzər hesab etmək olar. Yuxarıda qeyd edildiyi kimi, Əhməd Cavad "Qara dəniz" şeirini  XX yüzilin dahi mütəfəkkiri və türkçü ideoloqu Əli bəy Hüseynzadəyə "Sevgili Turan məfkurəsinə birinci yol göstərdin" deyə  təqdim edilib, "Salam" şeiri isə yenə də Azərbaycan Cümhuriyyəti uğrunda misilsiz mübarizlərdən biri Mirzə Bala Məhəmmədzadəyə ithaf olunub.  Əhməd Cavad öz şeirində Birinci Cahan savaşının başlanğıcında bütün türk ellərinə və türk dünyasına ayıq-sayıq olmaq xəbərini göndərirdisə, Cəfər Cabbarlı isə Azərbaycan Cümhuriyyətinin süqutu və qürub çağları ərəfəsində qardaş türk ellərini yardıma və birliyə səsləyirdi. Əhməd Cavad "Qara dəniz"i türklüyün və türk birliyinin rəmzi kimi vəsf edirdisə, Cəfər Cabbarlı da "Türk dənizi" kimi min illərdən bəri şöhrətlənmiş Xəzər dənizini müqəddəs və ulu türklüyün, türk xalqları birliyinin simvolu kimi tərənnüm edirdi.  Ə.Cavadın və C.Cabbarlının bu qəti inam və inancları qədim tarixə söykənirdi. Son üç min ildə 20-yə yaxın əzəmətli imperiyalar və super dövlətlər yaratmış türk etnosunun sönməz və silinməz tarixi təcrübəsinə və yaddaşına əsaslanırdı. Mirzə Bala Məhəmmədzadə "Xəzər türklərin dənizidir" adlı məqaləsində yazırdı: "...Xəzər dənizi dörd bir tərəfdən türk torpağı ilə bürünmüşdü: Şərqdə Türküstan, Qazaxıstan, şimalda İdil Tatar yurdu - sabiq Altın Orda xaqanlığı, Batı, Toxtamış xaqanlar səltənəti, cənubunda və qərbində Dağıstan və Azərbaycan durmaqdadır. Bu cür sərt coğrafi nöqtə nəzərindən Xəzər hələ də bir türk dənizidir və türk xalqını həmişə rabitə və münasibətdə saxlayacaq asan və təbii bir yoldur. Xəzər indi deyil, ta keçmişlərdə də böylə idi". (Mirzə Bala Məhəmmədzadə. İstiqlal mücadiləsi. Elmi redaktor: akademik İsa Həbibbəyli. Nəşrə hazırlayan: prof. Asif Rüstəmli, Bakı, "EkoPark", 2018, səh. 57).

Xəzər dənizinin və Qara dənizin türk tarixinin və taleyinin ən möhtəşəm rəmzlərindən biri olması barəsində Mirzə Bala Məhəmmədzadənin tarixi və etno-milli yaddaşımızı ethizaza gətirən və dirçəldən aşağıdakı mülahizələri də diqqətəlayiqdir: "Moğolstan və Türküstan şərqindən çıxıb axın-axın qərbə axan türk qəbilələri hərə bir müddət Xəzər ətrafında yaşamış, hərə xüsusi bir ad ilə adlandırmışdır. O cümlədən, moğollar Quzğun dəniz söyləmişlər. Türkmənlər Göy dəniz deyərmişlər. Tatarlar isə tam mənası ilə Türk dənizi elan etmişlərdi. Tarixi, milli, coğrafi və ticarət nöqteyi-nəzərindən başqa, Xəzər dənizi böyük bir strateji əhəmiyyətə də haizdir". (Yenə orada). 

Təbii ki, sovet dövründə, xüsusən, stalinizm repressiyalarının vüsət aldığı 20-ci, 30-cu və 40-cı illərdə nə Dədə Qorqudu, nə Koroğlunu, nə də türkün tarixini və türk tarixinin rəmzi kimi Qara dənizi xatırlamaq olardı. Yalnız 50-ci illərin sonu və 60-cı illərdən etibarən milli poetik təfəkkür özünün qadağan olunan və yadırğadığı sahillərinə qayıtmağa başladı. Həmin sahillərdən biri də bu illər ərzində daha da uzaqlaşmış və "yadlaşmış" doğma Qara dəniz idi.

Müasir bədii düşüncəyə Qara dəniz həsrətini qaytaran şairlərdən biri ustad Rəsul Rzadır. Onun 60-cı illərin əvvəllərində qələmə alınmış "Qara dəniz sahilində düşüncələr" şeiri yeni poetik epoxanın etno-poetik manifesti kimi qiymətləndirilə bilər. Kifayət qədər irihəcmli və əzəmətli bu şeirdə "Qara dəniz" motivi və obrazı müəllifə öz əsrinin ən kəskin və ən acı həqiqətlərini söyləməyə imkan vermişdi. Səkkiz hissədən və ya parçadan ibarət olan bu böyük şeiri ümumdünya və ümuminsan faciələri haqqında əsər hesab etmək olar. Amma bu ümumdünya dəhşətləri fonunda müəllif ümumtürk faciələrini də göstərməyə cəsarət etmişdi.

"Qara dəniz"lərin milli-poetik ənənəsi və Qara dəniz yaddaşı XX yüzilin ikinci yarısındakı poeziyamızda da canlı və sirayətedici olmuşdur. İtirilmiş Vətən və türk torpaqlarının ağrısı çox vaxt Qara dəniz kodu altında ümumiləşdirilmişdir. Hüseyn Cavidin, Məhəmməd Hadinin, Əhməd Cavadın, Cəfər Cabbarlının, Nazim Hikmətin, Səməd Vurğun və Rəsul Rzanın türk etno-poetik təfəkkürünü öz əzəli miqyaslarına və sərhədlərinə qaytarmaqla bağlı vətənpərvər təşəbbüsləri bu dövr Azərbaycan ədəbiyyatında və poeziyasında əks-səda verməsi qanunauyğun və təbii bir hal idi. 50-60-cı illərdən başlanan poetik yenilənmə və yüksəlişin, milli düşüncə oyanışının bayraqdarlarından olan yeni şairlər nəslinin həmin dövrdə qələmə aldıqları bir çox əsərlər yuxarıda söylədiklərimizi təsdiq etməkdədir.

 

Yaşar Qasımbəyli

 

Ədəbiyyat qəzeti.- 2019.-20 iyul.- S.24-25.