ABŞ
dramaturqları Azərbaycan dilində -
Bu yazımız ABŞ
müəlliflərinin Akademik Teatrda oynanılan əsərlərinin
səhnə taleyindən bəhs edir. Yeri gəlmişkən qeyd edək
ki, bu ölkənin Teodor Drayzer (1871-1945), Mark Tven (1835-1910),
Ernest Heminquey (1899-1961), Cek London (1876-1916), Uilyam Folkner
(1897-1962), Ayzek Əzimov (1920-1992), Con Steynbek (1902-1968) kimi nəhəng
yazıçılarının nəsr əsərləri uzun
illərdir Azərbaycan dilinə tərcümə olunaraq
oxuculara çatdırılır. Sevindirici
haldır ki, onların müxtəlif mövzulu və
janrlı əsərlərinin bir qismi dilimizə orijinaldan
çevrilib.
Akademik Teatr ABŞ-da
yaşayıb-yaradan müəlliflərdən ilk dəfə
Biçer Stounun "Tom dayının koması" əsərini
tamaşaya hazırlayıb. Kollektiv XX əsrin
ikinci on illiyində öz repertuarında uşaq əsərlərinə
də yer ayırmağa başladı. 1927-ci
ildə sənət ocağının səhnəsində
fransız ədibi Jül Vernin "80 gün dünya səyahəti"
(17 fevral) əsəri ilə yanaşı, Amerikanın
qadın yazıçısı Biçer Stounun "Tom
dayının koması" (3 noyabr) romanının səhnələşdirilmiş
variantı da tamaşaya qoyuldu.
Biçer Stou (Harriet Elzabet
Biçer. 1811-1896) ABŞ-da Konnektikut ştatının
Litçfeld qəsəbəsində doğulub. 8
yaşından başlayaraq 5 il Miss Sarah
Pierce məktəbində oxuyub. Sonra bacısı Yekaterina tərəfindən
əsası qoyulan Hartford Qız Akademiyasında təhsil
alıb və burada fransız, italyan, latın
dillərini öyrənib. Həmin dövrdə
Harriet atasının yaratdığı dini bir məclisdə
iştirak edib. Bundan sonra bütün həyatını
Həzrət İsaya həsr etməyi qərara alıb.
Bu qərarla da o, gələcək həyatının
əsasını qoyub. 1936-cı ildə
Kelvin Ellis Stou ilə ailə qurub. Bir
müddət Floridada yaşayan Harriet geriyə - Hartforda
dönəndə "Müqəddəs tarixin
qadını" ("Voman in Sacred History") adlı əsərini
yazıb. Harriet Biçerin (Biçer Stou)
"Tom dayının koması" əsəri real tənqidi
kəsəri, cəsarətli ideyası ilə ABŞ-da
köləlik rejiminin ləğv edilməsində
böyük rol oynayıb. ABŞ-ın o
vaxtkı prezidenti Avraam Linkoln bu romanın ictimai-siyasi mahiyyətini
xüsusilə yüksək qiymətləndirib.
Yazıçı dünya
şöhrətli "Tom dayının koması"
romanını 1854-cü ildə sərt tənqidi zəminli
ictimai-siyasi roman janrında yazıb. Əsər qısa
müddətdə çox geniş yayılıb və sevilə-sevilə
oxunan kitaba çevrilib. Bir neçə
ingilis və rus müəllifləri bu romanı səhnələşdiriblər.
Akademik Teatr Qafarovun tərcüməsinə
müraciət etmişdi. O, D.Aykenin və Ç.Teylorun
səhnələşdirdikləri varianta üstünlük
vermişdi. Tərcümənin dilində müəyyən
ağırlıq vardı, osmanlı
türkcəsində olan qəliz sözlərdən çox
istifadə edilmişdi. Yeri gəlmişkən
qeyd edək ki, 1920 - 1930-cu illərdəki tərcümə əsərlərinin
əksəriyyətində bu qüsura rast gəlinir.
"Tom dayının koması"nı tamaşaya sənət
ocağının baş rejissoru Aleksandr Tuqanov
hazırlamışdı. Tamaşada Möhsün Sənani
(Harris), Rza Əfqanlı (Halley), Ülvi Rəcəb (Jorj),
Əli Qurbanov (Tom dayı), Dadaş Şaraplı (Bezqali),
Əzizə Məmmədova (Xluya), Panfiliya Tanailidi (Marri), Məhəmmədhəsən
Atamalıbəyov (Mister Şelbi) kimi tanınmış
aktyorlar iştirak edirdilər. Səhnələşdirmə
romanın ümumi ahənginə və bədii qayəsinə
uyğun gəldiyi üçün tamaşadakı hadisələrdə
də bütövlük hiss olunurdu. Bir sıra
hadisələr səhnələşdirmədən
çıxarılsa da, əsər pyes kimi dramatik məziyyətlərini
saxlaya bilmişdi.
Böyük Vətən
müharibəsində ABŞ faşist Almaniyasına
qarşı müharibədə SSRİ ilə müttəfiq
olduğuna görə qələbədən sonra Amerika ədəbiyyatına,
o cümlədən həmin ölkə ədiblərinin
dramaturgiyasına müəyyən maraq yaranmışdı. Teatr 1948-ci il
mart ayının 6-da Arno D`Yussonun (1916-1990) və Ceyns Qounun
(1907-1952) "Dərin köklər" dramını
tamaşaçılara təqdim etdi. Bu müəlliflər
birlikdə "Dünyanın sabahı" pyesini də
yazıblar. İrqi ayrı-seçkilik əleyhinə,
insan hüquqlarını müdafiə marağında
yazılmış "Dərin köklər" pyesini dilimizə
şair-dramaturq Süleyman Rüstəm tərcümə
etmişdi. O, ictimai-siyasi dramın əsas ideyasından
çıxış edərək pyesin tərcüməsində
irqçilik xəttini tamamilə saxlamaqla digər
yardımçı süjet xətlərini
qısaltmış və bəzi epizodları ixtisar
etmişdi. Güclü və açıq ideya əsasında
hazırlanmış tamaşanın quruluşçu
rejissorları Məhərrəm Haşımov və Səftər
Turabov idi. Aparıcı səhnə surətlərini
Hökümə Qurbanova (Cenevrə), Rza Əfqanlı (Senator
Lenkton), Mirvari Novruzova (Honey Terner), Mustafa Mərdanov (Maksuell),
Fatma Qədri (Alisa), Əjdər Sultanov (Merrik), Mərziyə
Davudova (Bella) yaratmışdılar. Tamaşada
bütöv aktyor ansamblı vardı. Tərcümənin
dilinin səlistliyi aktyorların ifadə imkanlarını
artırmışdı.
Amerika dramaturqu, Nobel
mükafatı laureatı Yucin O`Nilin (1888-1953) Akademik Teatrda
"Qızıl" və "Qarağaclar altında məhəbbət"
("Qarağaclar altında ehtiraslar" adı ilə) pyesləri
oynanılıb. Dramaturq Nyu-Yorkda Ella (Kvinlan) ailəsində
doğulub. Atası irland əsilli emiqrant
Ceyms O`Nildir. Yucin Nyu-Yorkda katolik internat-məktəbdə
və Nyu-London məktəbində, Konnektiut pravoslav və
katoliklər internatında oxuyub. 1914-cü
ildə Harvard Universitetində Con Bekkerin dramaturgiyaya həsr
olunmuş seminarlarında yaxından iştirak edib. Yaradıcılığa 1912-ci ildən
başlayıb. "Yağ-çörək",
"İradəsizlik", "Kris Kristofersen",
"Markonun milyonları", "Anna Kristi", "İndi
də mən sizdən soruşuram", "Birinci adam",
"Ey səhra!", "Dinamo", "Sonsuz günlər",
"Uzun gün gecəyə keçir", "Şairin qəlbi",
"Varlıların sarayı", "Fəvvarə",
"Markonun milyonları", "Şəxsi bərabərlik",
"Gülümsər Lazar", "Braun böyük
tanrıdı", "Yanğı", "Səhər yeməyindən
əvvəl", "Xəyalpərəst balaca", "Xəbərdarlıq",
"Snayper", "Ömürlük həyat
yoldaşı", "Kontuziya" və digər dram əsərləri
var.
1920-ci ildə yazılmış
"Qızıl" psixoloji dramını Azərbaycan dilinə
Tofiq Kazımov tərcümə etmişdi və özü də
tamaşaya hazırlamışdı (9 oktyabr 1971-ci il). Tərcümədə əsərin
sosial-ictimai kəsəri, fəlsəfi-bəşəri
ideyası həssaslıqla qorunmuşdu. Təsirli
və ifadəli bədiiliklə, sosial-ictimai faciə
janrında hazırlanan tamaşada monumental bütövlük
vardı. "Triton" gəmisinin kapitanı
Bartlet (Məmmədrza Şeyxzamanov) uzun illər məşğul
olduğu balina ovundan bezərək inci, mərcan, qızıl
tapmaq xəyalına düşür. O öz ətrafına
ideyasına uyğun adamları toplayır. Dramaturq Bartletin faciəsini
dörd bədii-estetik kontekstdə dramatik mübarizə xəttinə
yönəldir: mənəvi faciə, insani faciə, atalıq
faciəsi, ictimai-sosial faciə. Tərcüməçi
və teatr müəllifin bu məqsədini həssaslıqla
saxlaya bilmişdilər.
"Qızıl"
tamaşasında aktyorlardan Sadıq Hüseynov (Saylos Xori),
Hamlet Xanızadə (Keyts), Bürcəli Əsgərov (Cimmi),
Rafiq Əzimov (Batler), Ətayə Əliyeva (Sara Allen), Şəfiqə
Məmmədova (Süzen), Hamlet Qurbanov (Netti), Kamal Xudaverdiyev
(Denni), Məcnun Hacıbəyov (Doktor Berri) dramatik-psixoloji
oyunları ilə müəllifin ideyasını və
rejissorun ali məqsədini həssaslıqla qoruya bilmişdilər.
Onların dəqiq məntiqi ifasında faciənin
bütün qatları psixoloji fikir dərinliyi ilə
açılırdı.
1925-ci ildə qələmə
alınmış "Qaraağaclar altında ehtiraslar" əsərini
tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov tərcümə
etmişdi. Nədənsə, rejissor XX əsrin əvvəllərində
sırf Amerika həyat tərzinin sosial-ictimai problemlərindən
bəhs edən əsəri məişət sevgisi dramı
kimi tamaşaya hazırlamışdı. Buna görə
də tərcüməsində Efraim Kobot (Kamal Xudaverdiyev),
Abbi Patnen (Laləzar Mustafayeva) və Ebin Kebot (Abbas Qəhrəmanov)
obrazlarından başqa, bütün personajları əsərdən
çıxarmışdı. Belə
yanaşmada dramaturqun qayəsi pozulmuş və əsərin
ideyası itmişdi. Tamaşanın
premyerası 26 dekabr 1994-cü ildə oynanılıb.
2 iyun 1985-ci ildə Akademik Teatrın
repertuarında dramaturq, ssenarist və novellalar müəllifi
Tennessi Uilyamsın (1924-1983) "Şüşə
heyvanxana" əsəri yer aldı. Əsl adı Tomas
Lanir olan dramaturq ABŞ-ın Missisipi ştatının
Kolumbuc şəhərində doğulub. 1929-1931-ci
illərdə Missuri Universitetində təhsil alıb və
bir müddət "Mamers" Teatrında işləyib.
Sonralar Vaşinqtonun Sent-Luise və Ayovsk
universitetlərində də oxuyub. Fəal
yaradıcılıq dövrü Nyu-York şəhəri ilə
bağlıdır. Onun "Orfey cəhənnəmə
düşür", "Arzu tramvayı", "Lord Bayrona
məhəbbət məktubu", "Dəqiq söz -
gözəllik", "Tapdalanmış Petunya",
"İquanların gecəsi", "Yarımçıq
şam yeməyi", "Yay və tüstü",
"Şirin səsli quşun körpəliyi",
"Triqorinin gündəliyi", "Fransız məhəlləsi",
"Kemino Riel", "Süd maşını daha burada
dayanmır", "Yay oteli üçün kostyum",
"Nə isə dumanlıdı, nə isə
aydındı", "Madonnanın portreti",
"Qaranlıq otaq", "Haray" ("İki nəfər
üçün pyes"), ""Tokio" otelinin
barında", "Yaz tufanı" dramları məşhurdur.
"Şüşə
heyvanxana" pyesini dilimizə təcrübəli tərcüməçi
İslam İbrahimov çevirib. O, pyesin rus dilinə
çevrilmiş iki variantından istifadə edib. Bəhram
Osmanovun quruluşçu rejissor olduğu tamaşada
Hökümə Qurbanova (Amanda), Hamlet Xanızadə (Tom), Fuad
Poladov (Cim), Şükufə Yusupova (Laura)
çıxış ediblər. Əsər fəlsəfi-psixoloji
dərinliyi ilə ciddi maraq doğururdu.
23 oktyabr 2007-ci ildə
Akademik Teatr görkəmli Amerika dramaturqu Artur Millerin (1915-2005)
yaradıcılığına müraciət edərək
onun "Körpüdən mənzərə" pyesini
tamaşaya hazırlayıb. Nyu-Yorkda doğulub yaşamış
dramaturqun müxtəlif janrlarda - "Bəxti gətirən
adam", "Hamı mənim oğlumdur",
"Kommivayejerin ölümü", "Ağır
sınaq", "Damdan tullanış", "Qiymət",
"Tövbədən sonra", "Dünyanm yaranması və
başqa işlər", "Bu, Vişidə
olmuşdur" və digər dramları var.
"Körpüdən mənzərə"
pyesini Şaiq Cabiroğlu orijinaldan tərcümə edib. Əsərə
səhnə quruluşunu rejissor Mərahim Fərzəlibəyov
verib. Tamaşanın rəssamı
ABŞ-dan dəvət olunmuş Bredi Helm (ABŞ) idi. Qeyd edək ki, "Körpüdən mənzərə"
tamaşası Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin, Akademik Milli Dram Teatrının və ABŞ səfirliyinin
birgə layihəsi əsasında hazırlanıb.
5 dekabr 2013-cü ildə
Akademik Teatrda Con Patrikin (1905-1995) "Qocanı öldürməliyik..."
dramı tamaşaya hazırlanıb. Dramaturq və ssenarist
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində
doğulub. Ailəsi ondan imtina edib və
himayədə böyüyən Con internat-məktəbdə
oxuyub. 19 yaşında San-Fransiskoda KPO
radiosunda diktor işləyib. Qısa
müddətdə radio üçün ssenarilər yazıb.
Könüllü olaraq ABŞ-ın Səhra
Qoşunlarında qulluq edib, Birma və Hindistan
döyüşlərinin iştirakçısı olub.
İlk dramını 1935-ci ildə yazıb və
əsər "Cəhənnəm donur" adlanır. Bu pyes Hollivudda Coşua Loqanın rejissorluğu ilə
tamaşaya qoyulub. Bunun ardınca "Villou və mən"
dramını, melodram və komediya janrında "Əziz
Pamela", "Qəribə missis Səvic", "Rəqs
edən siçovul", "Bunu Maqbet edib!", "Pomidor
üçün uğursuz il", "Etiraf", "Həkim
indi sizə baxar", "Oradan kim olur-olsun",
"Köpük dolu lülə", "Çay dəstgahı",
"Məhəbbət ən gözəl nemətdir",
"Yaxşıdı, lap qızıl kimi" pyeslərin
müəllifidir.
"Qocanı öldürməliyik"
əsərini Azərbaycan dilinə Svetlana Həkimova tərcümə
edib. Pyesin tərcümə
dilində müəyyən ağırlıq və səriştəsizlik
hiss olunur. Çevirmədə əsərin
janrının estetik xüsusiyyətləri və poetik səciyyələri
bir qədər pozulub və bu, dramaturqun üslub özəlliyinə
xələl gətirib. Loğman Kərimovun quruluş
verdiyi tamaşada Münəvvər Əliyeva (Pamella),
Ayşad Məmmədov (Sol), Elşən Cəbrayılov
(Bred), Vəfa Rzayeva (Qloriya), Almaz Amanova (İzo)
çıxış ediblər.
***
Şekspirin "III Riçard" (tərcümə
edən Əliağa Kürçaylı), "Tədbirə
qarşı tədbir (tərcümə edən Dilsuz
Mustafayev), "Səhvlər komediyası" (tərcümə
edən İsa İsmayılzadə), "Yay gecəsində
yuxu" (tərcümə edən Rəhman Əlizadə),
"Afinalı Timon" (tərcümə edən İsrafil
İsrafilov), "Axırı xeyir olsun" (tərcümə
edən Hidayət), "İki veronalı" (tərcümə
edən Tələt Əyyubov), "X" məqamı"
(Adil Babayevin tərcümə etdiyi Şekspirin sonetləri əsasında
Vaqif İbrahimoğlunun işləməsi), Tennessi
Uilyamsın "Arzu tramvayı" (tərcümə edən
Vaqif Əlixanov), Con Steynbekin "Sən məni atmazsan
ki?" ("Adamlar və siçanlar" povesti əsasında
tərcümə edib səhnələşdirən
Şövqi Hüseynov), Edvard Olbinin "Zooparkda nə baş
verir" (tərcümə edən Namiq Ağayev), Con Patrikin
"Qəribə missis Səvic" (tərcümə edən
Novruz Gəncəli), Marşa Normanın "Gecən xeyrə
qalsın, ana", Con Qolsuorsinin "Birincilər və
sonuncular" (tərcümə edənlər Ələsgər
Qurbanov və Firudin Məhərrəmov), Mark Tvenin "Dilənçi
və şahzadə" (tərcümə edən Sevinc Mehrəliyeva),
Robert İrvin Hovardın "Quy şəhəri və ya
qış nağılı" (tərcümə edən
Elşad Rəhimzadə), Çarlz Dikkensin "Oliver Tvistin
macəraları" (tərcümə edən Əkbər
Ağayev, səhnələşdirən Vaqif Əsədov),
Bernard Şounun "Kənd elçiliyi" (tərcümə
edən Həsən Əbluc), Uilyam Somerst Moyemin
"Haray", Kristafor Marlonun "Teymurləng" (tərcümə
edən Rəhman Əlizadə), Uilyams Leyesin "Buratino Aya
uçur" (tərcümə edən Səxavət
Salmanov), irland əsilli Etel Voyniçin "Ovod" (tərcümə
edən Cabbar Məcnunbəyov) əsərləri də dilimizə
çevrilərək ölkəmizin müxtəlif
teatrlarında tamaşaya qoyulub.
Uilyam Şekspirin "Hamlet" (Cəfər
Cabbarlının, Sabir Mustafanın və Dilsuz Mustafayevin tərcümələri),
"Otello" (Cəfər Cabbarlının, Əhməd
Cavadın, Tələt Əyyubovun və Sabir Mustafanın tərcümələri),
"Romeo və Cülyetta" (Əhməd Cavadın və
Sabir Mustafanın tərcümələri), "Kral Lir"
(Mirzə İbrahimovun tərcüməsi), "Maqbet"
(Dilsuz Mustafayevin tərcüməsi) əsərləri ilə
yanaşı, "Qış nağılı" (Tələt
Əyyubovun tərcüməsi), Yucin O'Nilin "Qaraağaclar
altında məhəbbət" (İsrafil Məmmədovun və
Səxavət Məmmədoğlu ilə Firudin Məhərrəmovun
müxtəlif tərcümələri) əsərləri
Akademik Teatrdan əlavə, digər sənət ocaqlarında
də tamaşaya hazırlanıb.
Esmiralda Rəhimli
Ədəbiyyat
qəzeti.- 2019.-20 iyul.- S.28.