Molla Qara...
hekayə
Qara saqqalında bir dənə də
ağ tük gözə dəymirdi,
çünki saqqalına həna qoyurdu. Yaşı
altmışı ötüb keçsə də, bu həna
qoymaq adətini tərgitməyi belə xəyalına gətirmirdi.
Söz düşəndə isə dodaqaltı
mızıldanaraq belə deyirdi: "Ağ tükdən zəhləm
gedir".
Bir dəfə isə
saç-saqqalı qar kimi ağarmış nurani bir kişi ona diqqətlə baxıb demişdi ki,
mənim molladan gözüm su içmir, nəsə düz
adama oxşamır.
Mollanın təkcə
saqqalı qara deyildi, başındakı buxara papaq da, əynindəki
şalvar da, əlində oynatdığı təsbeh də
qara rəngdə idi. Adama elə gəlirdi ki, bu qara geyimli, qara
təsbehli mollanın içi də qapqara rəngə
boyanıb.
Mollanın adı da Qara idi. Və bu molla
Qara günlərin bir günü müəllimlikdən
birbaşa mollalığa keçmişdi. Əvvəlcə
buna heç kim inanmaq istəməmişdi,
elə bilirdilər ki, Qara müəllim zarafat eləyir, amma
camaat baxıb görəndə ki, bu heç zarafata-zada
oxşamır, qaldılar mat-məəttəl. Qara
müəllimin birdən-birə dönüb Molla Qara
olması bir andaca kəndə, sonra isə rayona
yayıldı. Bu işə inananlar da oldu,
inanmayanlar da. Əşi, boş şeydir, yəqin, Qara
müəllim camaatla məzələnir, - dedilər, amma
aradan iki-üç ay keçəndən sonra bir də
baxıb gördülər ki, Qara müəllim qara saqqal
buraxıb, əlinə də qara təsbeh alıb dörd
yolayrıcına doğru gəlir. Kişilər
arasına gülüşmə düşdü. Qara
müəllim onlara yaxınlaşıb ədəb-ərkanla salam verdi. Sonra da hamını diqqətlə nəzərdən
keçirib dedi: Müəllimliylə birdəfəlik
qurtardım. İndi mən bu kəndin
mollasıyam. - Molla Qara bunu deyib asta
addımlarla oradan uzaqlaşdı. Kişilər sakitcə
bir-birinin üzünə baxdılar, heç kim
Molla Qaranın arxasınca heç nə demədi və elə
bil ki, bayaqdan bəri danışmaq üçün bir-birinə
imkan verməyən kişilərin dillərinə
düyün düşmüşdü, dillənə bilmirdilər.
Qara müəllim düz
qırx ildən çoxuydu, kənddə tarix dərsi deyirdi. Sorağı
bütün rayona yayılmışdı. Ona çox zaman "tarixin atası" da deyirdilər.
Birdən-birə "tarixin atası"nın
mollalığa başlaması kəndin 97 yaşlı
ağsaqqalı Məhəmməd kişini təəccübləndirdi.
Elə ona görə də kənd bələdiyyəsinin sədrinə
qorxa-qorxa dedi ki, ay oğul, Qara müəllimin mollalığa
başlaması heç də yaxşı əlamət deyil. Qorxuram ki, bunun bir xətası çıxsın.
- Məhəmməd kişinin bu sözlərindən düz
bir həftə sonra kəndə xəbər yayıldı ki,
Sərhəd həkim arvadını baltalayıb. Bu xəbərə
əvvəlcə heç kim inanmadı,
axı, Sərhəd həkim ailəsini canından da çox
istəyirdi, özü də həkim idi, eldə-obada
böyük hörmət qazanmışdı, hamı az qala
onun canına and içirdi. Bəs birdən-birə
nə oldu? Nəyə görə Sərhəd
həkim arvadını baltalayıb?
Bu sualların da cavabı elə
həmin gün məlum oldu. Sən demə, Sərhəd həkimin
arvadı qonşuları balta Namaza göz vuranda, balta
Namazın arvadı bunu görüb və Sərhəd həkimə
xəbər verib, bununla da Sərhəd həkim
arvadını da, öz həyatını da baltalamalı
olub.
Sərhəd həkimin
arvadı dəfn olunan günü Molla Qara qırmızı
corab geyinmişdi. Bunu əvvəlcə Qasım
gördü və onu istər-istəməz gülmək
tutdu, ancaq özünü birtəhər saxlayıb
gözünü Molla Qaranın qırmızı corabından
çəkib iştahla halva yeməyə başladı.
Sərhəd həkimin
arvadının yeddisi çıxan günün səhəri
kəndə belə bir xəbər yayıldı ki,
qoruqçu Həşimin onuncu sinifdə oxuyan qızı gecəynən
durub evdən qaçıb. Bu xəbərə
bircə Molla Qara təəccüblənmədi. Əksinə, o, dodaqlarında şirin bir təbəssüm
dörd yolayrıcında səhərdən axşama kimi
aranı dağa, dağı arana çəkib gətirən
kişilərə qoşuldu və Qara təsbehini
şaqqıldada-şaqqıldada kişilərin söhbətinə
qulaq asmağa başladı.
Dərzi Kələntər əl-qolunu
ölçə-ölçə deyirdi: - Bu kənddə hələ
belə şey olmayıb. Qız nədi, təkbaşına
kənddən çıxdı nədi. Biabır
olduq.
Dərzi Kələntərin
sözünə Abbasəli qüvvət verdi
- Doğrudan da, biabır olduq. Qoruqçu Həşimin
qızına vurulan damğa elə kəndə vurulan
damğadı.
Araya səssizlik
çökdü. Molla Qara cibindən qırmızı
yaylığını çıxarıb ləzzətlə
burnunu sildi. Molla Qaranın
qırmızı yaylıqla burnunu silməsi bu dəfə də
Qasımın gözündən yayınmadı. Nəsə demək istədi, amma fikrindən
daşınıb yavaşca çiyinlərini çəkdi.
Gün günortadan
ötmüşdü, amma qoruqçu Həşimin onuncu
sinifdə oxuyan qızından bir xəbər yox idi. Hər yanı gəzib
axtarmışdılar, ancaq qızı gördüm deyən
yox idi, elə bil ki, o gözəl, o yaraşıqlı
qız iynə idi, düşmüşdü ot
tayasına, tapılmırdı ki tapılmırdı.
Günortadan iki saat keçəndən
sonra qoruqçu Həşimin qızı əl telefonuyla sinif
yoldaşı Zakirə zəng çalıb şəhərdə
olduğunu bildirdi. Sonra da əlavə elədi ki, mən azad
və sərbəst olmaq istəyirəm, qoy məni
axtarmasınlar. Ömrümü-günümü
kənddə çürüdə bilmərəm. -
Bununla da qoruqçu Həşimin qızı söhbətinə
yekun vurub telefonu qapatmışdı. O boyda kənddə
qoruqçu Həşimin qızına bir nəfər haqq
qazandırdı. Həmin o bir nəfər,
qoruqçu Həşimin qızından dörd yaş
böyük idi. Onun adı Lalə idi.
Lalə beşinci sinfi bitirəndən sonra
atası onu Moskvaya aparmışdı. Lalənin
atası Moskva bazarlarının birində xiyar-pomidor
satırdı. Lalə ərlik
yaşına çoxdan çatmışdı. Bir aydan çoxuydu ki, atası onu kəndə gətirmişdi.
O, avqustun əvvəllərində yenidən Moskvaya
qayıdacaqdı. Lalə axşamüstü Zakiri evlərinə
çağırtdırıb dedi: - Maral bir də zəng eləsə,
mənim telefon nömrəmi ona çatdır. Ona
yaxşı iş təklif edəcəyəm. İki-üç
aya "cip"lə gəzəcək. Çox
gözəl qızdır. Gözəl
qıza da gözəl maşın layiqdir. - Sonra o, Zakiri
qucaqlayıb bağrına basdı. Zakir
özünü itirdi, bədəni əsdi, bir andaca rəngi
kağız kimi ağardı. Bu, Lalənin
daha da xoşuna gəldi. -
Sonra isə Zakirə xəbərdarlıq elədi: -
Ağzından bircə kəlmə qaçırsan, deyəcəyəm
ki, Maralı yoldan sən çıxarmısan, o da qorxusundan
qaçıb. Hamı mənə inanacaq, elə
bu kəndin uçastkovusu da mənim sözümü təsdiqləyəcək.
- Zakir heç kimə heç nə deməyəcəyi barədə
and içdi və şalvarını geyinəndən sonra
yazıq-yazıq Lalənin üzünə baxıb
soruşdu: "Olarmı sabah da gəlim?" - Lalənin
dodaqları arasından bir söz çıxdı:
"Olmaz".
Aradan bir həftə
keçdi. Bir gün axşamüstü dedilər ki, məktəb
direktorunu işdən çıxarıblar. Düzü, bu xəbərə inanan olmadı,
çünki Nəcəf müəllim otuz ilə
yaxınıydı ki, məktəb direktoru idi. Hamı
ondan razılıq eləyirdi və hər il
də 20-21 məzundan ən azı on nəfəri ali məktəblərə
qəbul olunurdu. Bu, rayonda böyük göstərici
sayılırdı. İndi isə Nəcəf müəllimin
məktəb direktorluğundan uzaqlaşdırılması
yaxşılığa doğru heç nə vəd eləmirdi...
Nəcəf müəllim məktəb
direktorluğundan uzaqlaşdırılan günün səhəri
Molla Qara qırmızı köynək geyinmişdi, əlindəki
təsbeh də qırmızı idi. O, dörd yolayrıcına
çatar-çatmaz Bayram kişi gülə-gülə
soruşdu:
- Ay Qara, toyamı gedirsən?
Bayram kişinin bu
sualından Molla Qara diksinən kimi oldu. Başını
qaldırıb Bayram kişinin gözlərinin içinə
baxdı, amma heç nə demədi, dörd yolayrıcında da
dayanmadı, sağa burulub çayxanaya tərəf
yollandı.
Molla Qara çayxanaya
çatar-çatmaz Bayram kişinin balaca nəvəsi
yüyürə-yüyürə gəlib dedi ki, ay baba, atamla
əmim dalaşırlar.
- Nəyin üstə, ay bala? - Bu sual
Bayram kişinin ağzından qəfil çıxdı və
həmin an da nəvəsi cavab verdi:
- Çil toyuğun üstə.
Bu sözə gülüşənlər
də oldu, amma Bayram kişi
özünü o yerə qoymadı:
- Hələ buna da şükür. Bu gedişlə bir çürük qoz
üstündə camaat bir-birinin ətini yeyəcək.
- Bunu nəyə görə deyirsən,
ay Bayram dayı? - Adamların içindən kimsə dilləndi.
- Bayram kişi ayaq saxladı,
başını sol çiyni üstündən geri döndərib
dedi:
- Qara müəllim Molla Qara olandan elə
bil ki, kəndi vurğun vurub. - Sonra da əlini ehmalca yelləyib
deyinə-deyinə evlərinə sarı getməyə
başladı.
- Bu nə deyir, ə, görəsən?
- Balta Namaz təəccüblə çiyinlərini
çəkdi.
- Ə, ağsaqqal düz deyir də...
- Nəcəf müəllim az qala hirslənən
kimi oldu. - İndiyə kimi bu kənddə belə
biabırçılıq olmamışdı. Mənim 65 yaşım var. Hələ belə
rüsvayçılıq görməmişdim.
- O hansı
rüsvayçılıqdı, ay müəllim? - Kazım
yerindən söz atdı.
- Özünü qanmazlığa
vurma. Hər şeyi məndən yaxşı
bilirsən. - Nəcəf müəllim dərindən
köksünü ötürüb sözünə davam elədi:
- Qara müəllimi işə mən götürmüşəm.
Çox savadlı müəllimdi. Rəhmətlik
atası yerli adam deyildi. Gəlmə
idi. Qara müəllim bir neçə il
yaxşı işlədi. Özünü
gözə soxdu. Camaatın qəlbinə
girdi. Axırı nə oldu? Müəllimliyin
daşını atıb mollalığa girişdi...
Araya sakitlik
çökdü. Amma bu sakitlik bir an çəkdi.
Kimsə həyəcanla bildirdi: - Ay aman, Qasıma bir baxın.
Hamı dönüb çayxanaya gedən yola
sarı baxdı. Qasım müəllim
ayaqüstə güclə dayanırdı. Səndələyə-səndələyə
dörd yolayrıcına doğru gəlirdi.
- Görəsən, o niyə ayaq
üstə dura bilmir? - Nəcəf müəllimin səsi
titrədi.
- Görmürsən keflidi? - sərçə Kazım Nəcəf müəllimə
tərs-tərs baxıb dilləndi.
- Necə yəni keflidi? Qasım müəllimin dilinə hələ bir qram
araq dəyməyib. Onunla otuz ildir ki, bir məktəbdə
dərs deyirəm. O hələ araq deyilən zəhirmara
gözünün ucuyla da baxmayıb. Rəhmətlik
babası Allah adamı olub. Elə atası
da ürəyində Allah xofu gəzdirib. Bəs
buna nə oldu belə?
Qasım müəllim səndələyə-səndələyə
gəlib adamlara yetişdi. Ağzından selik
axırdı. Gözləri
qızarmışdı. Dili topuq vura-vura dedi: - Molla
Qasım maqazindən çayxanaya dörd kletka araq gətizdirdi.
Sonra kolbasa, konserv gətizdirib stolların
üstünə düzdürdü. Gəlib-gedəni
qonaq eləyir. - Sonra gözlərini süzdürüb Nəcəf
müəllimin üzünə baxdı: - Burada nə
dayanmısınız? Camaat orada kef çəkir.
Məktəbin direktoru da, kəndin bələdiyyəsi
də ordadı, amma aşıq Əlininki gətirmədi,
yazığın sazını qırdılar. - Qasım
müəllim ağlamsındı. - İndi də
orada meyxana deyirlər. Ayə, bu araq nə
gözəl nemət imiş. İndiyə kimi xəbərim
olmayıb.- Qasım müəllim bu
sözləri deyib yenə də səndələyə-səndələyə
yoluna düzəldi. Hamı bir-birinin üzünə
baxdı, heç kim dillənmədi, amma
sükutun ömrü on saniyəlik oldu. Balta Namaz udqunub sevinclə
bildirdi: - Gedim görüm orada neyləyirlər? Qasım müəllim doğrumu deyir? - Elə
mən də gedirəm. - Sərçə
Kazım da ona qoşuldu. - Gəlin gedək, - deyə
aqronom Şəmil də balta Namazla sərçə
Kazıma qoşuldu.
Nəcəf müəllim
dörd yolayrıcında tək qaldı. Adamlar ondan
uzaqlaşana kimi yerindən tərpənmədi. Əlilə ağarmış saçlarına
sığal çəkdi. Qollarını
çatıb nə barədəsə düşündü,
sonra isə o da adamların dalınca çayxanaya sarı
yollandı.
Nəcəf müəllim
çayxanaya çatar-çatmaz içəridə qaraqışqırıq
səsləri eşitdi, kimi fit çalır, kimi
çəpik çalır, kimi də öz eybəcər və
xırıltılı səsilə oxuyurdu: "Aman tello,
tellocan, tello..." - Nəcəf müəllimin dalağı
sancdı. Hələ indiyə kimi bu kənd
çayxanasında belə həngamə olmamışdı.
Əlini ürəyinin üstünə qoyaraq pəncərəyə
yaxınlaşıb içəri boylandı. Gözlərinə
inanmadı. Aşıq Əli boynunu
büküb bir tərəfdə dayanmışdı. Gah stulun arxasını nağara kimi döyəcləyən
balta Namaza, gah da simləri qırılmış qara sazına
baxıb gözünün yaşını sel kimi
axıdırdı. Eybəcər və
xırıltılı səslə oxuyan aqronom Şəmil
idi, yaşı yetmişi haqlasa da, içdiyi arağın təsirindən
özünü tamam itirərək əlini
qulağının dibinə qoyub bağırırdı:
"Aman tello, tellocan, tello" və çox qəribəydi
ki, o, ancaq bu sözləri təkrar eləyirdi, təkrar elədikcə
də qışqırırdı, o qızışdıqca
da hamı ona əl çalırdı. Çayçı
Əbdül əlini belinə qoyub bığaltı
şirin-şirin gülümsəyirdi. Məktəb
direktoruyla kəndin bələdiyyə sədri
şırtıq çalıb meyxana deyirdilər: Bu
beşgünlük dünyada kef elə, hər gün, hər
an kef elə". - Bir sözlə,
çayxanada hərə öz bildiyini eləyirdi. Ağız deyəni qulaq eşitmirdi. Ortalıqda boş araq şüşələri
vardı. Hamı içib keflənmişdi.
Nəcəf müəllimin gözləri kəlləsinə
çıxmışdı. Hələ də
başa düşə bilmirdi ki, çayxanada bu nə həngamədir
çıxarırlar. Birdən o, Qasım müəllimin
sözlərini xatırladı: "Molla Qara çayxanaya Cəfərin
maqazinindən dörd kletka araq gətizdirdi". Qasım müəllimin bu sözləri Nəcəf
müəllimin yadına düşən kimi o, gözlərilə
Molla Qaranı axtardı. İçəri
siqaret tüstüsülə dolmuşdu. Adamları
güclə seçirdi. Birdən onun
gözləri çayxananın bir küncündə oturub
gülə-gülə çəpik çalan molla Qaraya
sataşdı. Gözləri alacalandı.
Molla Qaranın papağı da, pencəyi də,
köynəyi də, şalvarı da, ayaqqabısı da
qırmızı rəngdə idi. O, başdan-ayağa
qırmızı geyinmişdi. Əlində təsbehi
yox idi. Molla Qaranın əlində
qırmızı rəngdə bir qələm vardı.
Vaqif
İsaqoğlu
Ədəbiyyat qəzeti.- 2019.-20 iyul.- S.29.