Ekranlaşdırılmış ədəbi əsərlər
Layihədə
Uilyam Folknerin "Səs-küy və hiddət" romanı əsasında
çəkilmiş eyniadlı filmi təqdim edirik
Süjet: Əsər Amerikada
yaşayan, vaxtilə böyük nüfuza malik olmuş
aristokrat Kompsonlar ailəsi haqqındadır. Hadisələr
Missisipi ştatının Cefferson dairəsində baş verir
və 1898-1928-ci illəri əhatə edir. Kompsonlar ailəsində
dörd uşaq böyüyür: Kveintin, Keddi, Ceyson və
Bencamin.
Kiçik övlad Bencaminin beş yaşı olanda aydın olur ki, onun əqli
məhdudluğu var. Ailə onun qüsurunu rəzalət kimi qəbul
edir. Onun qayğısına qalan Keddi və
qulluqçu Dilsidir. Ceyson sonralar
qardaşını ruhi xəstəxanaya göndərmək
istəsə də anası buna qarşı
çıxır. O, Bencamini həyatının
ağır yükü kimi qəbul edərək, onu
daşımağın zəruri olduğunu deyir və eyni
zamanda oğlunu az görməyə
çalışır.
Ailənin yeganə qız
övladı Keddi Dalton adlı adamla görüşür və
ondan uşağa qalır. Amma uşağın
atası yoxa çıxır.
Keddi rüsvay olmamaq üçün
Herbert adlı bir bank sahibinə ərə gedir. Herbert isə toy gecəsi Keddinin hamilə olduğunu
öyrənəndə onu tərk edir. Kventinin
intihar etdiyini öyrənən Keddi doğulacaq körpəsinin
cinsiyyətini nəzərə almadan uşağın adını
qardaşının xatirəsinə Kventin qoyur. Və onu atası evində qoyaraq qaçır.
Keddinin anası isə and içir ki, Kventin
anasının adını belə eşitməyəcək.
Uzun illər sonra Keddi peyda
olur və Ceysona pul müqabilində qızını görmək
istədiyini deyir. Ceyson razılaşır, amma amansız
davranaraq ona qızını bir anlığa, şütüyən
avtomobilin şüşəsindən göstərir. Sonra Keddi qızına məktub yazır və pul
göndərir. Pulların böyük hissəsini
Ceyson özünə saxlayır, kiçik hissəsini isə
Kventinə verir.
Kventin ailənin iztirab
çəkən, mühafizəkar övladı idi. Onun
Harvarddakı təhsilini ödəmək üçün ailə
qolf klubunu satır. Bacısının ailəsindən
uzaqlaşması, kişilərlə intim əlaqəsi
Kventini dəhşətə gətirir və o, tez-tez
ölüm haqda düşünür. Kventin
bacısının həyatı haqda atasıyla danışanda,
mister Kompson onu sakitləşdirir ki, bakirəlik cəmiyyətin
zəhlətökən uydurmasıdır və heç bir əhəmiyyət
daşımır. Kventin isə atasıyla
razılşamır. O, bacısının hamilə
qaldığını biləndə Daltonla dalaşır,
amma onu öldürməyə əli gəlmir. Baş
verən hadisələrdən sarsılan gənc mənəviyyatsız
dünyada yaşaya bilməyəcəyini
düşünür və intihar edir. Onun intiharından
az sonra atası ölür.
Ailənin digər
uşağı Ceyson isə sinik, mənfəətcil,
acıdildir. Ceyson ümid edirdi ki,
bacısının Herbertlə nikahından sonra onun bankında
işə düzələcək. Ceysonun ümidləri
doğrulmur və o, atasının ölümündən
sonra ailəni maddi baxımdan təmin edən tək adam olur.
Ceyson bacısı
qızı Kventinlə yola getmir, onunla kobud rəftar edir. Dayısının rəftarından
usanan Kventin bir gün
Ceysonun otağına girərək,
dayısının ondan mənimsədiyi pulları oğurlayır və
şəhərə gəlmiş sirk işçilərindən
biri, Ceklə qaçır. Ceyson axtarış
üçün şerifə müraciət edəndə o, cavabında
deyir ki, onun anası ilə birlikdə davranışı
Kventini qaçmağa məcbur edib...
Nobel
mükafatçısı Uilyam Folknerin "Səs-küy və
hiddət" əsəri 1929-cu ildə yayımlanıb. Romanda nəql
qeyri-xəttidir, o, fərqli zamanları əhatə edir.
Zamanların qarışdığı əsərdə
müəllif şüur axını texnikasından istifadə
edib.
Romanın birinci hissəsi
Bencaminin, ikinci hissəsi Kventinin, üçüncü hissəsi
isə Ceysonun dilindən danışılır. Son hissəyə
gəlincə, bəzi ədəbiyyat mütəxəssislərinin
fikrincə, bu bölüm Kompsonlar ailəsinin xidmətçisi,
zənci qadın Dilsinin dilindən nəql olunur. Mütəxəssislərinin digər qisminin fikrincə
isə son hissə müəllifin dilindən təsvir edilir.
Bu fəsildə Ceyson qaçmış
bacısı qızını tapmağa, guya məhv olmuş
qürurunu, əslində isə üç min
dollarını qaytarmaq üçün onu axtarmağa
başlayır. Eyni zamanda son hissədə
Folkner uşaqları tərbiyə edən zənci Dilsini bu
ailədən yüksəyə qoyur, onun insani keyfiyyətlərindən
danışır. Ümumiyyətlə,
yazıçının əsərlərində özlərini
qaralardan
üstün tutan
ağların cəmiyyət olaraq deqradasiyaya uğraması və
dəyişməyin vacibliyi vurğulanır.
"Səs-küy və hiddət"
Folknerin ən yaxşı romanlarından biri sayılır. Əsər
maliyyə böhranı ilə üzləşən,
nüfuzunu və inancını itirən aristokrat bir ailənin
qürubundan, ailə üzvləri arasındakı daxili
konfliktdən, onların sosial deqradasiyasından, faciəli həyatından
danışır. Folkner
roman haqda deyir: "Keddinin ölmüş nənəsinin dəfninə
baxmaq üçün
ağaca çıxmasından və ağacın
altında dayanan qardaşlarının onun palçığa
bulanmış tumanını görməsindən bəhs edən
bir hekayə yazmaq istəyirdim. Hekayəni birinci
qardaşın dilindən yazdım. Alınmadı.
Sonra ikinci qardaşın dilindən yazdım.
Yenə də alınmadı. Daha sonra üçüncü qardaşın dilindən
yazmağa cəhd etdim. Axırda xidmətçinin
dilindən yazanda əsərin hazır olduğuna əmin
oldum".
"Səs-küy və hiddət"
iki dəfə ekranlaşdırılıb. İlk ekran
adaptasiyasını 1959-cu ildə amerikalı rejissor Martin Ritt
edib. Xatırladım ki, rejissor Ryunosuke
Akutaqavanın "Sıx meşədə" hekayəsi əsasında
1964-cü ildə "Qəzəb" adlı film çəkmişdi
və bu ekran əsəri haqda layihəmizdə
danışmışıq.
Martin Ritt romanın motivlərindən
sərbəst şəkildə istifadə edərək
süjeti xeyli dəyişikliyə məruz qoyub.
Əvvəla, müəllif romanın malik
olduğu mürəkkəb strukturundan, formasından imtina
edib. Bu da təbiidir. Çünki
romanın kompozisiyasını kinodilinə olduğu kimi tətbiq
etmək çətindir. "Səs-küy
və hiddət" yeni yanaşma, yeni bədii-estetik həll
tələb edir. Bununla belə, bədii mətn dəyişikliyə
uğrasa da, rejissor onu uyğun vizual dilə çevirmir,
estetik məziyyətlərlə yükləmir və əhvalat ənənəvi
təhkiyə, sıradan ailə dramı kimi yozumlanıb. Bundan başqa, bir sıra obrazlar ixtisar olunub. Örnəyi, Kventin obrazı filmdə yoxdur. Onun adı yalnız Keddinin qızı Kventinin (Coenn
Vudvord) dilindən bir dəfə səslənir. O da bu
adın ona niyə qoyulduğunu Çarliyə (Styuart Uitman,
romanda isə o, Cekdir) danışanda. Keddinin
qardaşı Hovard (Con Bil) obrazı süjetə əlavə
olunub. O, içki düşkünüdür. Bununla güman ki, romanda ailənin dərdindən
içkiyə qurşanan ata Kompsonun obrazını da
özündə əks etdirir.
Ədəbi mətndən fərqli
olaraq, Keddi (Marqaret Leyton) evə qayıdaraq ailəsi ilə
yaşamağa başlayır. Amma onun
qayıdışı Kventini xoşbəxt eləmir. Keddi ancaq öz gözəlliyinin qayğısına
qalan, qızıyla maraqlanmayan meşşan qadındır.
Ceyson (Yul Brinner) isə ailənin
ogey, mister Kompsonun ikinci dəfə evləndiyi qadının
birinci ərindən olan oğludur. Ceyson obrazı xeyli
korrektələrə məruz qalıb və sərt,
mühafizəkar, qayğıkeş xarakteri ilə
romandakı qardaşı Kventin obrazının hibrididir.
O, əsərdə yazıldığı kimi sinik, pulgir
deyil. Sərt adam kimi göstərilsə də,
hadisələrin gedişatında, müxtəlif situasiyalarda
Ceysonun yaxşı tərəflərini görürük. Ceyson sərtliyi ilə ailəsini qorumağa,
itirilmiş nüfuzunu və maliyyə imkanlarını yenidən
qaytarmağa çalışır. Keddinin
qızına göndərdiyi pulları Kventinin gələcəyi
üçün xərcləyəcəyini deyir. Onun dərslərinə
xüsusi fikir verir və daim qorumağa çalışır. Ümumiyyətlə, filmdə Ceyson-Kventin xətti
xüsusi qabardılır. Kventin ilə
ögey əmisi arasında kişi-qadın münasibətlərinin
olmasına eyham edilir. O, Çarli ilə qaçan
Kventini tutur və Çarlini seçim qarşısında
qoyur: ya pulu götürsün, ya da Kventin ilə getsin. Çarlinin pulu seçməsindən məyus olan
Kventin evə qayıdır. Film pozitiv sonluqla bitir:çətinliklərə baxmayaraq, Kompsonlar
ailəsi dirçələcək.
Romanda əsas məqsəd
Kompsonların ailə dəyərlərinin mənəvi
aşınması, ailə üzvlərinin özgələşməsini
göstərməkdir. Hətta ədəbi tənqidçilərə
görə, Bencamin Kompsonlar nəslinin fiziki və mənəvi
baxımdan yox olmasını simvollaşdırır. Digər
maraqlı bir məqamı da qeyd edim ki, əsər
Amerikanın cənub bölgələrinə xas olan
"Şərəf və ya namus mədəniyyəti"nin süqutunu göstərir. "Şərəf
və ya namus mədəniyyəti" ictimai normaların
toplusunu, öz namusunu qorumaq vacibliyini nəzərdə tutur.
Hətta bundan ötrü zorakılğı da
zərurui hesab edir. Qadınlara isə xüsusi münasibət sərgilənir.
Bu mədəniyyətin
daşıyıcısı olan kişilər qadınları
təhqir etməməli, onları qorumalı, cəngavər
münasibəti sərgiləməlidir. Konsepsiya
sosioloqlar Riçard Nisbett və Dov Koen tərəfindən
hazırlanlb. Amerikanın cənubu indi də
çox mühafizəkardır. Oraları amerikanlar
"İncil Kəməri" (Bible Belt)
adlandırırlar. Folknerin romanında, özəlliklə, Kventin
obrazı namus mədəniyyətinin təmsilçisidir.
Keddinin azadlığa can atması,
öz həyatını sərbəst qurmaq istəyi
qarşısında mühafizəkar dəyərlər məğlub
olur. Və onun seçimi bütün ailənin
taleyinə təsir edir.
Xarakterlərin, konfliktin dərinliyi
işlənmədiyi filmdə isə Martin Ritt heç nəyə baxmayaraq,
bir amerikalı ailənin özündə güc taparaq çətinliklərə
sinə gərməsini və sınaqlardan qalib
çıxmasını göstərir.
Əsəri ikinci dəfə, premyerası 2014-cü ildə Venesiya festivalında baş tutmuş amerikalı aktyor və rejissor Ceyms Franko ekranlaşdırır. Filmə baxış əlçatan olmadığından onun haqda yazılmış rəylərlə kifayətlənməli olacam. Rejissor formal olsa da, əsərin üç hissəsini saxlayaraq, qardaşların taleyini təsvir edir. Keddinin taleyi isə bütün qardaşların əhvalatında yer alıb. Tənqidçilərin bir qismi əsərin yeni traktovkasını uğursuz sayır, onu Folknerin romanının banal və zövqsüz adaptasiyası kimi dəyərləndiriblər. Bəzi tənqidçilərə görə isə qüsurlar olsa da, filmi tamamilə fiasko adlandırmaq olmaz.
Qeyd edim ki, Folkner pul qazanmaq üçün bir müddət Hollivudla, özəlliklə də, məşhur amerikalı rejissor Hovard Houksla ssenarist kimi əməkdaşlıq edib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 20 iyul.- S.31.