Yağışla, doluyla, qarla gələrdim,
Sənə yer üzündən yol olmasaydı
***
Mən sənin
içində aza bilərdim,
Söz-söz öz qəbrimi qaza bilərdim.
Mən səni
sərbəst də yaza bilərdim,
Məni heca-heca öldürən şeir.
Şirin xəyallarda
yata bilərdim,
Uduza bilərdim, uda bilərdim.
Mən səni...
mən səni ata bilərdim,
Məni el-aləmə güldürən
şeir.
Sənsiz də bu yolu gedə
bilərdim,
Qələmlə qəlbimi didə bilərdim.
Mən sənə
xəyanət edə bilərdim,
Ömrümü-günümü solduran şeir.
Hanı xoş saatın?
Hanı xoş anın?
Nə qədər varağa axacaq qanın?
Kimin əllərində
çıxacaq canın,
Ruhumu göylərə qaldıran
şeir?
Söz də xəstəlikdi... yoluxdun belə,
Özünü itirdin, karıxdın belə...
Darıxdın, darıxdın,
darıxdın belə,
Könlümü-köksümü dolduran şeir.
Çox gəlib
keçiblər, çox
qələmiylə,
Kimi ac, kimisi tox qələmiylə.
Kəfən varağıyla,
ox qələmiylə,
Can alan,
qan tökən, "Çaldıran" şeir.
Sahilsiz dəniztək
coşanda təblər,
Dərdə dərman
olar söz kimi... həblər...
Göydən daş yağdırar Əbuləhəblər,
Daşlar başa düşər...
başlar daş olar.
Şeir şeir
kimi ölər-dirilər,
Şeir şeir kimi ah çəkib gedər.
Söz qalmaz dünyada... sonuncu adam
Şeiri öldürər, öldürər
gedər.
Allahın yadından
çıxar adamlar,
Allahın yadından çıxar şeirlər.
Baxar qəmli-qəmli
söz adamına,
Çarəsiz-çarəsiz baxar şeirlər.
Yatmış vicdanını
oyadar bir gün,
Dənizdən dağlara
qayıdar bir gün,
Dağlardan göylərə axar şeirlər.
Adamlar əriyib
cəmiyyət olar,
Söz sözdən doğulub kəmiyyət olar.
Çiçəyə çevrilər,
gülə çevrilər,
Palıda çevrilər, söyüdə
dönər.
Qayıdıb yenidən
təbiət olar,
Bu duman şeirlər, buxar şeirlər.
Söz ağırdı,
kimsə çıxmaz
altından,
Söz keçir insanın yeddi qatından.
Kiminin evini tikər altundan,
Kiminin evini yıxar şeirlər.
Göz yaşı
içində qəhqəhə
çəkər,
Gözünü ovuca sıxar şeirlər.
Getdikcə daş olur, heykələ dönür,
Bu dilsiz şeirlər, bu lal şeirlər.
Min ildi süzülür dağ çiçəyindən,
Min ildi mayası ana südünnən,
Süzülür ruhlara halal şeirlər.
Sümüyü atadan, qanı anadan,
Bədəni atadan, canı anadan...
Biçilib əyninə
donu anadan
Bu ağıl şeirlər, ahıl şeirlər,
Bu şirin şeirlər, bu bal şeirlər
Doğulur dünyaya bir övlad kimi.
Kimə doğma
gəlir, kimə yad kimi,
Yaşayır ömrünü istedad kimi.
Çörəyə çevrilmir,
duza çevrilmir,
Oğula çevrilmir, qıza çevrilmir.
Elə hisslər
var ki, min il də
yazsan,
Şeirə çevrilmir, sözə çevrilmir.
Beləcə tükənir
şairin ömrü,
Başdaşı boylanır söz məzarından.
***
Hər gəlişin
bir dönüşü
olursa,
Burax məni, getməliyəm bu axşam.
Bu sevginin əvvəli yox, sonu yox,
Sevməyi tərgitməliyəm bu axşam.
Saçlarımı bəyaz
dənə tapşırıb,
Çəmənləri yasəmənə
tapşırıb,
Cismi Ona, Ruhu Sənə tapşırıb,
Yox olmalı, itməliyəm bu axşam.
Bu eşq ilən Yaradana yar olub,
Yox oluram, yoxluğumla var olub...
Son nəfəsdə
bülbül kimi zar olub,
Son nəğməmi
ötməliyəm bu
axşam.
Sən də öyrən uçmağa
tək qanadla,
Yalnızlıqla, intizarla, inadla.
Xatirətək bu soyadla, bu adla,
Ürəyində bitməliyəm bu axşam.
Gül ömrü
də fəsillərlə
solursa,
Buludlar da boşalırsa, dolursa,
Hər gəlişin
bir dönüşü
olursa,
Mən səni tərk etməliyəm bu axşam.
Bu sevginin əvvəli yox, sonu yox,
Burax məni, getməliyəm bu axşam.
Nə qədər
istəsən qar ol, yağış ol,
Nə qədər
istəsən yağ varaqlara.
Onsuz da ömürdən yıxılır
günlər,
Onsuz da olmuşam bağ varaqlara.
Özü öz ömrünü qocaldan mənəm,
İlləri qısaldıb, azaldan mənəm.
İntizar heykəli
ucaldan mənəm,
Dərd şəkli
çəkirəm ağ varaqlara.
Küləyin saçını
yolub gəlmişəm,
Bağışla, gül kimi solub
gəlmişəm.
Bahar buluduyam, dolub gəlmişəm,
Bir az
da şimşək ol, çax varaqlara.
Eşqinə tapındı
müctəhid qanım,
And oldu adına bu
tövhid qanım...
Ey müqəddəs
qanım, ey şəhid qanım,
Hər gecə
axırsan... ax varaqlara.
Hələ harasıdı? Hara büründün?
İsmətə, abıra,
ara büründün...
Yağışa büründün,
qara büründün,
Dumantək çəkildin dağ varaqlara.
Sonuncu arzuydum,
dedin, bitirdin,
Şeirin içində salıb itirdin.
Məni misra-misra
yedin, bitirdin,
Səni çıxmayasan sağ varaqlara.
***
Gedirik yazdan payıza,
Günəşdən küləyə kimi.
Külək də qədim küləkdi,
İşləyir iliyə kimi.
Qismətdi, gəl
indi yoz da -
Axtardım Ayda, ulduzda.
Çevrildi sevdiyim qız da,
Şeytandan mələyə kimi.
Hərdən yayda yağır qarın,
Tərs gətirir ruzigarın.
Süzülürsən narın-narın,
Torpaqdan ələyə kimi.
Tanrım, verdin haçan ömrü? -
Güllə kimi uçan ömrü...
Qaytar hədər
keçən ömrü,
Kəfəndən bələyə kimi.
***
Yağışdı, doludu, dumandı, qardı,
Tufandı, küləkdi - ömürdü
belə.
Bir üzü payızdı, bir üzü bahar,
Hiylədi, kələkdi - ömürdü
belə.
Həzindən həzindi
xəyallarında,
Nə varsa özündü xəyallarında.
Bir azca uzundu xəyallarında,
Bir azca gödəkdi - ömürdü belə.
Hərdən əldən
düşür... və
süslənirsən,
Hərdən qırılırsan, düşüb
sınırsan.
Hərdən yaşamağa
həvəslənirsən,
Hərdən də fələkdi - ömürdü belə.
Özün də bilmədən düşürsən,
lələ,
Bir səhvin üstündə
yüz gün əngələ.
Qalibsən, məğlubsan,
bilmirsən hələ,
Qırılan biləkdi - ömürdü
belə.
Təki tək üstünə, nəhsi
bir yana,
Sözü bir yanadı, səsi bir yana...
Yaxşını bir yana, pisi
bir yana,
Ələyən ələkdi - ömürdü
belə.
Hərdən qasırğadı,
coşan dənizdi,
Hərdən lal qayadı, sakit, təmizdi...
Boyuna ölçülən
beş arşın
bezdi,
Kəfəndi, bələkdi - ömürdü
belə.
Yağış yağır
bu axşam,
Yaz yağışıdır adı.
Nə əvvəlki
rəngi var,
Nə də əvvəlki dadı.
Yağış yağır
bu axşam,
Xatirələr üstünə.
Yaz yağışıdır
adı,
Göz qamaşır tüstümə.
Sönür yağış
altında
Közüm külə çevrilir.
Ölür bu adam burda,
Ölür burda... dirilir.
Axşam niyə yağdı ki?
Səhər yağsaydı
barı.
İş-güclə aldadardım,
Hissləri, duyğuları.
Yağır leysan yağışlar,
Pəncərəni bağlama.
And verirəm torpağa,
Bəsdi daha, İlahi,
Bəsdi daha, ağlama.
***
Bir Allah bilir ki, nələr yazardım,
Dilim bu sevgidə lal olmasaydı.
Yağışla, doluyla,
qarla gələrdim,
Sənə yer üzündən yol olmasaydı.
Ətir qoxuyarmı
güllü kainat,
Sevgisiz bu qaragünlü kainat.
Mənasız olardı
külli-kainat,
Bu könül
eşqinə qul olmasaydı.
Gəl, ey taleyimin nuru, səhəri,
Dilləndir içimdə
dəli kəhəri...
Bu arı ömrümün nədir
dəyəri,
Sənin dodaqların
bal olmasaydı?
Qalmadı canımda
halım hal kimi,
Gəldin həyatıma bir xəyal kimi.
Düşməzdin içimə
qara xal kimi,
Lalətək sinəndə xal olmasaydı.
Bağlanıb adıyla
adına Faiq,
Düşürmü arada yadına Faiq?
Min il
də yanardı oduna Faiq,
Min il
də yanardı, kül olmasaydı.
***
Saxlama həsrəti
qiyamətlərə,
Saxlama... ən şirin çağları unut.
Daha zəng eləmə hər səhər mənə,
Hər axşam çəkdiyin ahları unut.
Deyirlər, gözəllik
doqquzdu, ondu...
Bu necə
başlanğıc, bu
necə sondu?
Dondur o səsini,
sözünü dondur,
Sinənə çəkdiyim dağları
unut.
Dedin, bu məhəbbət ayrılıq
dadır...
İlahi Eşq idi eşqimin
adı.
Ürəyə hökm
elə, "hə"
deyən odur,
Dilinnən asılan "yox"ları
unut.
Qan ilə yuyummu qan... savaşınla...
Öldürmə bu ruhu sən
savaşınla.
Qalibsən ruh ilə can savaşında,
Köksünə
sancılan oxları unut.
Faiq HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.-
2019.- 27 iyul.- S.3.