Kəpənək qanadlarının
açdığı qapılar
İnsan illər
boyu həsrətində olduğu işığa aldanır...
Yaşar Bünyadın
yazı tərzində virtual keçidlərə əsaslanma,
onların üzərində dayanmağa önəm verilir. Yaşarın
"Qapı" hekayəsində və ümumiyyətlə,
onun nəsr poetikasında hadisə və qəhrəmanların
daxili dünyasına açılan ətraf mühitin təsvirində
"təhkiyə frekansı" (adi bir epizodu sadəcə
becid şəkildə işarələmək keyfiyyəti) dərhal
hiss olunur. "Təhkiyə
frekansı" (tempi) anlayışı hansı mənanı
ifadə edir, bunu izah etməyə çalışaq.
Bu hekayələrin qəhrəmanları
çıxılmaz vəziyyətdə təsvir edilirlər,
onları çevrələyən mühitsə belə deyək,
"uzunluq ölçüsündə" (bezdiricilik-!) nəzərə
çarpır, yəni acınacaqlı vəziyyətdə
olan qəhrəmanla (deyək ki, "Xoşbəxtlər
arasında yaşamaq" hekayəsindəki bomjla) münasibətdə
onu əhatə edən mühit, eyni zamanda gəzib-dolaşdığı
təbiət personajın maksimum dərəcədə daxilinə
sığınıb, yığışıb
kiçildiyini qabarıq nəzərə çarpdırmaq
üçün xüsusi modusda vizuallaşır. Bunu necə
anlamalı? Qəhrəmanın hissləri o qədər
gərginləşir, içinin yumağına elə bir tərs
bucaqla yığışır ki, ona qədər eni, uzunu,
digər parametrləri aydınca görünən mühit bir
ölçü daxilinə sığışır, ona
çevrilir, qəhrəman sinəsinin başında gəzdirdiyi
dərdiylə həmin "zolaq" boyu yuxarıya
dırmanır, hər addımda sürüşür, bu məqamda
hekayənin təsvir momenti ilə Sizif haqqında məşhur
pritça arasında assosiativ bağ yaranır, mühitdə
azıb qalan qəhrəman daxilindən mühitə
açılan anormal "görüntüləri" gizlətmək
istəsə də bacarmır, adını çəkdiyimiz
ikinci hekayədəki bomjun itlər üçün
salınan qəbiristanlıqda keçirdiyi hisslər,
özünün dünya, gerçəkliklə yadlaşma,
kiçicik bir zərrəyə dönüb hər addımda
öz içində azması, dünya ilə
dalaşmağa, ona qarşı durmağa, eyni zamanda onunla
barışmağa körpülərin
yandırıldığını anlaması... bütün
bunlar onu günlərin bir günü gərəksiz edən,
lazımsız əşyaya döndərən hadisənin
sosial mahiyyətini açır. Günlərin
bir günü həqiqəti, gördüyünü
yazdığı üçün qəzetdəki işindən
olur, onu partiyadan çıxardır, həyatdan, cəmiyyətdən
daş-qalaq edirlər. Həyatın dibsiz quyusuna
düşmüş bu adam hər
şeyini - o məşum tarixi, ad gününü, əziz
qohumlarının adlarını, uşaqlıq xatirələrini
itirir. Belə bir mühitdə yaddaş gizlənir,
ya da yerli-dibli çökür, zülmətə qovuşur.
Hekayədəki bomj da elədir. Diqqət
edin: "...Arada mənə elə gəlir ki, dünən
doğulmuşam, dünəndən o yana heç nə yoxdu,
bugünümü yaşayıb, sabah öləcəm. Kəpənək
kimi... Beləcə, hər gün...". Dünən-bu gün-sabah üçbucağı
onu ağuşuna alıb fırladır, bu karuseldə xilas
olmağın bircə imkanı var, o da ölmək. Onsuz da ruh kimiyəm, - deyir. Hamının
bədəni öləcək, mənimsə ruhum. Ürəyində
dünyanın dərdini daşıyan insanın
özünü kəpənəyə bənzətməsi iki
şeyi eyni zamanda işarələyir: əlacsızlıq və
dərddən qurtulmağın
mümkünsüzlüyünü. Bu iki nəsnənin
arasındakı keçid gördüyünüz kimi
çox şəffafdır, bu insanın ən əsas şey
- doğulduğu tarix yadından çıxıb. Sərxoş, özündən getmiş halda kafedən
çıxıb səhər sübh vaxtı ayılanda
özünü itlər üçün salınmış dəbdəbəli
məzarlıqda görməsi, yəni bu insanın heç
bir kitab-dəftərə sığmayan faciəli həyatıyla
onun yaşadığı məmləkətdə indiyəcən
görünməmiş bir hadisə - qudurğan adamların
öz itlərinə məzarlıq salması arasında
yaranan kontrast nə qədər qəribə olsa da, sonda onun
dilini açır. Bu dil uzun müddət
idi ki, susub qalmış, danışmaq üçün gələn
sözlərin hamısı geri qayıtmışdı.
İt heykəlləri elə mahir ustalıqla
yaradılıb ki, sərxoşluqdan hələ tam
ayılmamış bomjun heyrətinə səbəb olur, onu
silkələyir. Bu heyrət və təəccüb
onun susqunluğuna son qoyur. Daş üzərində
rəsm edilən itlərin canlı görüntüləri
bomjda qəribə və kəskin təbəddülatlar
yaradır. Bu "bahalı" itlər, yəqin
ki, sahibini qoruduğu zaman düşmən gülləsinə
tuş gəlmiş, ya da paxıl qonşunun çəpər
dibinə tökdüyü zəhərdən
ölmüşlər. Amma bütün
hallarda onlara sahib çıxılmış, hətta hər
gün yanı-başları təzə-tər güllərə
qərq edilir. İtlərə heykəl
qoymaq nə qədər mənasız və qudurğanlıq
olsa da, bomjun içində qat-qat yığılan həyatının
acı təcrübəsini dilləndirir. Bu
təcrübə müxtəlif sintaksis qəliblərə,
durğu və duyğu işarələrinə, nəhayət,
fərqli dillərə çevrilir. İnsanın
içindəki təcrübənin (həm özünün
qazandığı, həm də genetik şəkildə
yığılıb qalan) dilə çevrilməsi onun
yaşadığı həyatın ağrı və məşəqqətindən
su içir, həmin faciələrin səbəbinə uzun
illər boyu danışmamaq gücsüzlük əlaməti
deyil, əksinə, bu dərdə, bu ağrıya yetərli
sintaksis qəlibin olmamasına görədir. Çünki insan normal, sözlərin bir havada birləşib
fikir əmələ gətirdiyi həyatın sərhədlərini
keçib. Strukturalizm metodunda belə bir ayrıntı
var: danışanda elə bilirik ki, ürəyimizin diktəsini
ifadə edirik, nə qədər çalışsaq da, dilin
diktə elədiyindən kənara adlaya bilmirik. Bura insan ağrılarının, arzu və dərdlərinin
təcrübə zonasıdır. "...Ölməyimdən
qorxmuram. Hər gün yüz dəfə ölüb-dirilən
adamın qorxacağı olmaz!.. Unudulmaq,
silinmək, yox olmaq dəhşətdi!.. Bəxtim gətirsə, məni, yəqin ki, sahibsizlər
məzarlığında torpağa basdıracaqlar. Kimdi mənim əcdadlarımın məzarını
axtaran? Böyük şəhərlərdə dirilər
kimi, ölülər də əzizlərindən ayrı
düşür... Üstündə səndən bir nişanə,
adicə bir yazı belə olmayan, yaxşı halda, qəbiristanlığın
qeydiyyat kitabındakı sıra nömrəsi olan taxta
parçası başdaşıma çevrilsə, sevinərəm...
Üstümdə sənəd tapmasalar, bəd
ayaqda, kremotoriyada yandırıb bir ovuc külümü balaca
çalaya da qoyarlar, hindlilər kimi su üzünə, ya
çəmənliyə səpələyə bilərlər.
Belə yaxşıdı. Məncə,
özündən sonra izin, əməlin qalmayacaqsa, ən
bahalı qranit üzərində adının qalmasında nə
fayda? Tabut qızıldan olsa da, içindəki
çürüməyə məhkumdu, deyilmi?..".
Yuxarıdakı
"frekans" məsələsinə qayıdaq. Deyək ki,
müəllif hər hansı əhvalatı (fabula)
düşünür (uydurur), onu fikrən fraqmentlərə
bölür, sonra bunları müvafiq ardıcıllıqla
düzür (süjet). Yəni müəllif hadisələri
əsərin sxemi adlandıra biləcəyimiz müəyyən
xətt üzrə açır, tezlik (temp) bu zaman yaranır.
Bu temp hər bir əsərdə təkrarsızdır,
özünəməxsusdur. Təhkiyə
frekansı (tempi) bədii süjetin əsas
xarakteristikasıdır. Və burda ən əsas
cəhətlərdən biri balansı gözləməkdir,
hadisələrlə dolub-daşan əsərdə süjet
itir. Daha sonra hadisələrin dinamikasında
dönüş nöqtələri də əsasdır,
dönüş ifrat dərəcədə çox olarsa,
bezdiricilik, az olarsa
darıxdırıcılıq yaranır. Təhkiyənin
dinamikası hadisələrin sürətli əvəzolunmasını,
onların inkişaf ardıcıllığını ifadə
edə bilən fellərdən istifadə sayəsində
yaranır. Konkret hərəkətə
uyğun felin işlədilməsi də şərtdir. Dinamika, eyni zamanda fellərin mənası, onların
fərqli zaman planı, izləmə qaydası, eyni bir subyektə
aidliyi ilə də verilir.
Müəllifin
"Qapı" hekayəsində də kəpənək
metaforası var. Kişi və qadın cəbhəyə
getmiş, indiyəcən öldü-qaldısından bir xəbər
çıxmamış oğullarını gözləyirlər,
intizar və iztirab içində. Qadın
- Məsmə bu ayrılığa, bu bilinməzliyə
dözməmiş, dünyadan köçüb getmişdir.
Bu insanların həyatı yuxuyla reallıq arasında
keçir, buna görə də nəyin yuxu, nəyin
gerçəklik olduğunu kəsdirə bilmirlər. Məsmə
köçdükdən sonra kişi mühüm xəbər,
həm də həyatının xəbərini gözlədiyindən
qapını açıq saxlayır, açarla
bağlamır. Hər şey, ən xırda nöqtə belə,
uçurumun kənarında qərar tutub. Ani bir hərəkət
dünyanın milyon illərdən üzü bəri
oturuşan düzümünü alt-üst edə bilər.
Gözlərinin işığı bir zərrəyə bənddi,
o getsə, qapanacaq. Nəfəsi o xəbərə bənddi,
gələnə qədər gedib-gələcək. Arada namərdlik
edən ürəyi də. Amma xəbər gəlmək
bilmir. Qapının açılmağıyla
işığın otağa, insanın ürəyinə,
gözlərinə, nəfəsinə dolması kəpənək
qanadlarına möhtacdı. Qanadlarında min bir rəngin bərq
vurduğu yapıncı kəpənəklər... Mövlud
Süleymanlının "Yel Əhmədin bəyliyi"
povestində bir məqam var. Araba elə sürətlə
gedirdi ki, dayandıqda, sanki atların ayaqları altına kəpənək
tozu səpilmişdi... Bu anlamda kəpənək (kəpənək
qanadlarının tozu) müşkülün
açılması, bir qatdan başqa bir qata keçidi
bildirir. Qəhrəman iki dünya arasında
qaldığından (kilidli dünya...) xəbər yuxudan
keçib-gəlir. İnsan bu fani dünyada son dəfə
sevinir. Özü də ürəkdən, bütün
varlığı ilə. Diqqət edək. Məsmə əri
Mərdana deyir: "Kişi, qəribə yuxu
görmüşəm, yadımdaykən danışım,
amma qəribçiliyə salıb gülmə yuxuma, sən dədənin
goru... Gördüm ki, dağ boyda dəmir qapıdı,
bağlı, zəhmi adamı basır. Zindandı nədi,
baş açmaq olmur, hər yan qapqaranlıq... Elə dağ boyda da kişilər, əllərində
külüng, o nədi, toppuz kimi olur ee... hə, quvaldla
çırpa-çırpa, düşüblər
qapının canına, sındırıb açmaq istəyirlər,
ha vururlar, ha döyəcləyirlər, qapı
açılmır ki, açılmır. Birdən...a Mərdan, vallah görəcəkdin, birdən
görürəm ki, minlərlə, sayı-hesabı bilinməz
alabəzək kəpənək doldu yuxuma, daha doğrusu,
yuxumdakı zülmətə. Vallah, ömrümdə bu qədər
kəpənək görməmişdim. Heç
televizorda da ...". Bir keçid aşıldıqda qəribə,
bəlkə də ağılçaşdıran durum
yaranır. Yuxuda gördüyün şey sadəcə
işarədi, o nə xoşbəxtlik, nə də bədbəxtlik
gətirir. Sadəcə, ürəyində, köksündə
bütün dərdlərinin düyünləndiyi insan son dəfə
bütün varlığıyla sevinməlidir, çünki
vaxt tamamdır, kəpənək qanadlarının
işıqlı tozuna qoşulub getməlidir. Dərd,
hüzn, iztirab bu dünyada qalmalıdır. "...Kəpənəklər
hərəsi bir rəngdə işıq saçır, havada
elə rəqs edirdilər ki, qapını sındıran
kişilər də əllərini saxlayıb onların
tamaşasına durdular. Kişi, Allaha and olsun, qəflətən
bir ağ kəpənək, kəpənəklərin ən
irisi, dəstədən
aralanıb qanad çala-çala özünü
çırpdı qapıya, çırpdı,
çırpdı... vallah inanmazsan, o yekəlikdə qapı
taybatay açıldı. Açılan kimi də zülmət
işığa qərq oldu. O iri kişlər də
işığın içində yox oldular, elə bil əriyib
getdilər... Gördüm qapıdan o yana ağappaq yol
uzanıb gedir, aləm də nur içində... Məəttəl
qalmalıdı...". Bütün dərdlər Mərdanın
çiyinlərinə, ürəyinə yüklənir.
Çarpayısında uzanıb gözünü qırpmadan
balasının yolunu gözləyir. Otaqdakı və xatirələrindəki
hər şey ona əzab verir. Birdən gözü rəngli
"TAURAS" televizorunun üstündə, divardan
asılmış fotoya sataşır. Bu şəklin
tarixçəsi gözlərinin içindəki
ağrını daha da artırır. Göz kor olana yaxın
hər şeyi görür, tükü tükdən
seçir. Foto quramadır. Uşaq cəbhəyə
gedəndən sonra Məsmə üç ayrıca şəkli
böyütdürmək üçün fotoqrafa vermişdi.
Şəkil, yuxarıda, divardan asılmış mavi fonda
"qaynaq" edilmiş ata, ana və balanın
böyüdülmüş şəkli (İsa
İsmayılzadənin "Böyüdülmüş şəkillər"
poemasını yadınıza salın...) bəxtəvərliyin
arxasında pusquda dayanmış faciəni göstərir.
"Böyüdülmüş şəkil"
metaforasında əsas olan göz obrazıdır,
uşağını gedər-gəlməz yollardan var
gücüylə dartıb yanına gətirmək istəyən
gözlər... Həyatın bütün zərbələri,
döyüşlərdə ətrafa saçılan
bütün güllələr sonda o gözlərə dəyir.
Bu çoxqatlı obraz Nüsrət Kəsəmənlinin
şeirində də var: Analar su səpdi siz gedən yola// bəlkə
izləriniz göyərdi deyə... "Xoşbəxtlər
ölkəsində yaşamaq" hekayəsində bir pasaj
var, bomj itlə daxili monoloqunda yaddaşı dirilər-dirilməz
bir söz deyir: unudulmaq, silinmək, birdəfəlik yox olmaq dəhşətdir!
Ölüm müqəddəsdir, insanın başqa bir
dünyaya uğurlanmasıdır. Ölüm hər şeyi
yerbəyer eləyir, bu dünyadan köçüb
getmiş insan haqqında ancaq özü danışır,
kimsə bunun fərqində olmasa da. Ancaq bəzən insan həyatda
elə bir ağrıya, elə bir iztiraba tuş gələ
bilər ki, sonda... ölümün də deməyə
sözü qalmaz. "...Taqətdən düşmüş
göz qapağı işığı sozalmış bəbəklərini
yarıyacan qapadı və o, qorxdu. Qorxdu ki, qapı
açılmamış ürəyi dayana, gözləri həmişəlik
yumula. Altmış səkkiz ildə təsəvvürünə
gətirmədiyi dəhşət, bir anlığa
bütün hüceyrələrini heydən saldı, qurutdu.
Yaşadıqlarının yanında ölüm nəydi
ki?!". Kəpənək obrazı
(metaforası-!) məhz bu məqamda "işə
düşür", aktuallaşır, heydən
düşmüş ölümün sözlərini
işıq halələrinin içinə alıb təşrif
gətirir. İnsan illər boyu həsrətində olduğu
işığa aldanır.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.4.