Mümkün olanın ən yaxşısı...

 

Həyat bəzən hekayələrdən, filmlərdən və yuxulardan daha çox qəribə olur...

 

"2016-cı ilin oktyabr ayı idi. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Doktorantura imtahanlarına hazırlaşırdım. Gələcəklə bağlı şübhələrim, qorxularım var idi. Elə indi də var. Təsadüfən gördüm ki, kitabxanada tədbirdir. Hansısa yazıçının imza günüdür. Ədəbiyyata olan sevgim məni ora çəkdi. Sən demə, dünyaca məşhur iranlı yazıçı Mustafa Məsturla görüş imiş. Təəssüf ki, çox gec - tədbirin sonunda xəbərim olmuşdu. Sadəcə, kitab imzalada biləcək qədər zaman var idi. Amma bu qısa zaman belə, onun təsirinə düşməyimə bəs etmişdi. Kitabımı imzaladı. Getmədim, kənarda durub onu izlədim. Müsbət enerjisindən və qəribə aurasından bir az da "udmaq" istəyirdim. Hiss elədi. Birdən kitabımı yenidən istədi və kənara əlavə bir not yazdı: "Həyatın məsum, mənalı və işıqlı tərəfində dayanmış..." (O bütün qadınları belə adlandırır). Sonra getdi... Amma mən onun təsirindən çıxa bilmirdim. Rəfiqəmə dedim ki, bilmirəm necə, nə vaxt, harda, amma biz onunla yenidən görüşəcəyik və gələn dəfə daha çox danışmaq imkanımız olacaq...

Qısa müddət sonra işə düzəldim və ilk işim Mustafa Məsturun müsahibəsini yığmaq oldu. Daha sonra onun əsərlərinin tərcüməçisi Ariz Tarverdiyevlə müsahibə etdim. Öyrəndim ki, Məsturun da sevimli yazıçısı Selincer imiş. Məni təsirə salan enerjinin səbəbini az da olsa anladım. İndi 2017-ci ilin oktyabr ayıdır. Bir il keçib. Dünən Mustafa Məsturdan müsahibə aldım. Daha çox danışmaq imkanımız oldu... Heç nə deməmiş məni xatırladı. O, doğrudan da, möhtəşəm insandır. Mən isə onun yazdığı kimi həmişə həyatın məsum, mənalı və işıqlı tərəfində dayanmağa çalışacam...".

Bu cümlələri Mustafa Məstur Bakıya sonuncu dəfə - 2017-ci ildə gəldiyi zaman yazmışdım. Lakin qarşıda bizi daha çox söhbətləşmək imkanları gözlədiyindən xəbərsiz imişəm. Belə ki, sevdiyim yazıçı 21-25 iyul tarixlərində yenidən Bakıda qonaq oldu. Müəllifin kitablarını çap edən Parlaq İmzalar Nəşriyyatı bu fürsəti dəyərləndirərək oxucularla görüş təşkil etdi. Görüş qapalı olsa da, xeyli insan gəlmişdi. Onlardan bəziləri Məsturu tanıyanlar olsa da, aralarında bu yazıçını kəşf etməyə gələnlər də var idi. Mənə elə gəlir ki, xeyli məmnun ayrıldılar. Çünki onunla həmsöhbət olub, sözlərindən təsirlənməmək hardasa mümkünsüzdür. Əvvəlcə son yaradıcılıq işlərindən danışan Məstur qadınlarla bağlı layihəsi haqqında məlumat verdi:

- Bu layihə 20 ay əvvəl başlayıb. İlk olaraq mən gecəyarısı küçədə təkbaşına gəzmək istəyən bir qız barəsində qısa hekayə yazdım. Nadia adlı bir qız anidən qərar verir ki, gecəyarısı küçəyə çıxıb gəzmək istəyir. O, müəyyən olunmuş yerə gedib qayıdana kimi yüzdən çox kişi tərəfindən narahat edilir. Bu hekayə maraqla qarşılandı və çoxlu qadın mənə oxşar problemlərlə bağlı yazmağa başladı. Anladım ki, qadınların çoxlu başqa çətinlikləri var. Bundan sonra bir neçə qadınla onların həyatları barəsində danışdım. Və qərara aldım ki, onlar haqqında qısa hekayələr yazım. Beləcə, o vaxtdan indiyə qədər 9 hekayə yazmışam. Onlardan bəziləri yazıçı təxəyyülü, bəziləri isə real həyat hadisələri əsasında yazılıb. Lakin düşünürəm ki, bu layihə hələ 4-5 il davam edəcək. Bu müddət ərzində otuz hekayə yazmağı planlaşdırmışam. Onu da deməliyəm ki, öz həyatını danışan qadınlar arasında elə hekayələr var idi ki, mən onları yaza bilmədim. Məncə, bu mənim zəifliyimdir. Bu hekayələri qələmə almaqda çox gücsüz idim. Hekayələr özünü sataraq pul qazanan, həyat yoldaşları şəhid olan, tacizə uğrayan, tələbəlik həyatı yaşayan və evdarlıq edən qadınlardan bəhs edir. Onların yazılmasında iki əsas məqsəd var. Birincisi, mübarizə apararaq öz divarlarını aşan və digər insanlara örnək olan, ikincisi isə öz mücadilələrində məğlub sayılsalar belə, həyatları, əzmkarlıqları ilə başqalarına ilham mənbəyi olan qadınların hekayəsini yazmaqdır. Hər iki halda onlar öz həmcinslərinə yol göstərən, qaranlıqlarda mayak rolunu oynayan insanlardır. Otuz hekayə təxminən dörd yüz səhifə olacaq və fikrimcə, bununla mən qadınların problemlərini az da olsa əhatə edə biləcəm. Hər hekayə bir qadının adıyla bağlıdır və bir epiqrafla başlayır. Məsələn, Nadia, Süməyya, Fəriba, Aida, Hümeyra, Dünya və s.

"Fəriba" hekayəsində qəhrəman evdar qadındır və məşğuliyyəti ev işləri ilə məşğul olmaq uşaqlarının, həyat yoldaşının qeydinə qalmaqdır. Müəllif onu daima hərəkətdə olan, bəzən sürətlənib bəzən isə yavaşlayan qatara bənzədir. Və hekayənin bir yerində yazıçı mövzuya daxil olaraq öz qəhrəmanının halına acıyır. Onu bağrına basmaq, qucaqlamaq istəyir: "Təəssüf edirəm ki, bu cansıxıcı hesabatı bir daha kəsməli oldum, amma imkanım olsaydı, yəni mümkün olsaydı, daha doğrusu, icazə verilsəydi, gedib onu sakitləşdirmək istəyərdim...".

Lakin öz obrazlarının həyatlarına müdaxilə edən müəlliflərin əksinə, yazıçı qəhrəmanın, hətta nə düşündüyü barədə belə, məlumatsız olduğunu bildirir: "...Beləliklə, o səhər mən Şağayeg yaşayış kompleksinin qarşısında oturmuş olsam da, əslində, Fəribanın yanında idim və onun üzünə baxırdım. Amma onun fikirlərini oxuya bilmirdim, nə düşündüyü barədə heç bir ehtimalım yox idi...".

Qadınlarla bağlı layihəsi haqqında danışdıqdan sonra oxucuların suallarını cavablandıran Məsturun ən yaddaqalan fikirlərindən biri də filmlə kitabı müqayisə edərkən kitabı daha çox üstün tutması və onu əsrlərlə sakit, uzun yol qət edən tısbağaya bənzətməsi idi.

Xoşbəxtlikdən, daha sonra eynilə 3 il əvvəl dediyim kimi, onunla daha çox danışmaq imkanımız oldu. Nəyə görə qadınlarla bağlı mövzuda bu qədər həssas olduğunu soruşduqda isə cavab verdi ki, qadınlar dünyanın işıqlı, aydın və məsum tərəfində dayanıblar. Əgər qaranlıq tərəfdədirlərsə, deməli, onları həmin yola kişilər çəkiblər.

Daha sonra "Mümkün olanın ən yaxşısı" kitabı və həmin kitabla bağlı türk dərgilərindən birinə verdiyi müsahibəsi haqqında danışdıq.  Kitab bir-birilə əlaqəli altı şəhərin (Şiraz, Tehran, Bəndər-Ənzəli, Məşhəd, Əhvaz, İsfahan) və bununla yanaşı, başlarına müxtəlif hadisələr gələn insanların hekayəsindən bəhs edir. Hər hekayədə mütləq "mümkün olanın ən yaxşısı" ifadəsinə rast gəlinir. Kitabdakı hekayələr arasında ən diqqətçəkən isə "Bəndər-Ənzəli"dir. "Bəndər-Ənzəli" zahirən aşiqanə bir hekayə kimi görünsə də, əslində, müharibə əleyhinə hekayədir. Hekayənin qəhrəmanı 17 yaşında müharibədə öldüyü üçün fərqli həyat seçimlərini itirir. Terrorda, ya da müharibədə ölən hər gənc, onu gözləyən həyatın təbii ləzzətlərinə çata bilmir. Hər gün dünyanın dörd bir yanında minlərlə gənc hədər yerə həyatın gözəlliklərindən məhrum olur. Daha sonra hekayədən bir hissə oxumağımı xahiş edir, hekayənin sonunda 17 yaşlı gəncin müharibədə amansızlıqla öldürülməsi səhnəsini oxuyarkən gözləri dolur. Mənə İran-İraq müharibəsi zamanı yaşanan olaylardan, evlərinin yaxınlığına düşən bombadan, dağıntılar arasından çıxarılan körpə cəsədlərindən və bunları canlı-canlı izləməyin dəhşətindən danışır. O an daha da yaxşı başa düşürəm ki, nə üçün Selincer onun ən sevimli yazıçısıdır və demək olar ki, bütün müsahibə və çıxışlarında yorulmadan təkrar edir ki, əgər ədəbiyyat bir qatardırsa, mən Selincer adlı dayanacaqda əbədilik düşmüşəm. Çünki onların hər ikisi yanmış, cansız insan cəsədlərinin, müharibə dəhşətlərinin şahidi olublar və aralarında duyğu oxşarlıqlarının olmaması qeyri-mümkündür. Bu səbəbdəndir ki, görüş zamanı ona nə vaxtsa "Selincer kimi hər şeyi tərk edib inzivaya çəkilmək arzunuz varmı?" sualını verdim. O isə cavablandırdı ki, müasir zamanda bu elə də mümkün deyil, lakin insanlardan uzaqlaşmaq, onlarla arana müəyyən məsafə qoymaq təxminən inzivaya çəkilmək kimi bir şeydir.

Məstur danışdıqca düşünürəm: Görəsən, yaşadıqları, illərlə daxilində gəzdirdiyi o dəhşətli səhnələr və olayların təsirindən yazmaqla qurtulmaq istəyimi onu yazıçı edib, yoxsa Məstur həmin hadisələri yazmaqçün "Görünməz əl" tərəfindən oraya göndərilib ki, insanların başına gələn faciələri qələmə alsın?

Qədim mətnlər olan Upanişadlara görə, biz mümkün dünyaların ən yaxşısında yaşayırıq və başımıza gələn hadisələr ola biləcəklərin ən yaxşısıdır. Yəni həyatımıza daxil olan insanlar, çətinliklərimiz, mübarizəmiz, sahib olduğumuz hər şey mümkünün ən yaxşısıdır və bütün bunlar ona görə mümkün olanın ən yaxşısıdır ki, onların hər birinin səbəbi və missiyası var. Hər kəs öz üzərinə düşən missiyanı anlayıb, taleyi ilə barışıb öz yoluyla davam etdiyi müddətcə "mümkün olanın ən yaxşısı"nın baş verməsi üçün  mümkün ola biləcək ən yaxşı halda vasitəçilik etmiş olur. Eynilə Məstur kimi. Əsərlərinin bir çox dillərə tərcümə olunmasına, bir sıra ölkələrdə tanınmasına baxmayaraq, onun qət etməli yolu, danışacağı hekayələr hələ çoxdur. Lap çox... Ta ki, "Mümkün olanın ən yaxşısı"na çatana qədər...

 

Cahanxanım Seyidzadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.5.