Yaddaş...
Poema
1. Proloq
Tutasan əlindən körpə balanın
Qalxasan dağların o
üzünəcən.
Qənşərə çıxanda
ağlamaq tuta,
Gözünü silməyə heyin
olmaya
Gözünün
yaşını külək quruda.
Körpə də gözünün
selinə baxıb
Çəkinə-çəkinə
bir sual verər -
Nəyi dedin, nəyi saxladın, dədə?
Orda nə görmüsən, ora
haradı, -
Niyə
zülüm-zülüm ağladın, dədə?
Dilin söz tutmaya, kəkələyəsən,
Bağrına basasan o körpəni sən,
Özünə gələsən
bir daşın üstə.
Cavabın nə olar bəs o körpəyə,
Gələ bilərsənmi
yaddaşın üstə?
Deyə bilərsənmi o dağlarda
mən
Qoşa bulaqları ağlayan yerdə,
Quşları göylərdə
ötən qoymuşam?!
Necə qandırasan - arxasız oldum,
Dağlar arxasında Vətən
qoymuşam?!
2. Yaddaş
Yaddaş sədaqətli
küçük kimidi,
Uzaqlaşmaq olmur, qovlamaq
olmur.
Bütün ağrılara tablamaq
olur,
Yaddaş ağrısına
tablamaq olmur.
Hər şirin söhbətin
içindən çıxır,
Zəhərə döndərir
ovqatı yaddaş.
Ayılıb qalxırsan tutur yaxandan,
Yatırsan yuxuna əl
qatır yaddaş.
Elə alovlanır yaddaş
ocağı
Canımız odunda
qarsılır, belə.
Gördüyü xəyanət
boylanır hər gün,
Adam yaddaşından
sarsılır, belə.
Gəlir göz önünə
doğma adamlar,
Yaddaşdan gah qohum, gah
qonşun keçir.
Gözünü yum, saxla! -
Silah-sursatla
Yurdu atıb gedən bir
qoşun keçir.
Əli yetişməyən
künc-bucaq yoxdu,
Ayağı altında kətili
olur.
Düşür arxasınca,
qarabaqara,
Yaddaşı adamın qatili
olur.
3. Etiraf
Körpə sənə baxa -
baxış işıqtək
Ən dərin qatına
düşə qəlbinin.
Acı etirafın dilinə gələ
-
Səsi eşidilə şüşə
qəlbinin:
- Ta yaşın o yeri deyil, ay bala,
Candan şirin gedib, zəhər
qalıbdı.
Dağlar sinəsində, çaydan
yuxarı
Bizim bir cökəli şəhər
qalıbdı.
Başı aşağıyıq,
dili gödəyik,
Dilim gəlməz desin
döyüşmüşük biz.
Tərəziyə qoyub
torpağı, canı
Qalanı gedənə dəyişmişik
biz.
Dədən gözlərinə dik
baxa bilmir,
Dədənin gözləri
kölgəli qaldı.
Daha ömrümüzdən bir
şey qalmayıb,
Biz getdik, vətənin əngəli
qaldı.
Sizin gözünüzə dik baxmaq
olmur,
Bizim gözümüzə
endi kölgələr.
Tarix qarşısında suçumuz
böyük,
Vətənin özündən
gendi kölgələr.
Cüt təkdən var olur əlbir
olmağa,
Cütün səsi
çıxmır, təki tərpənmir.
Adam var yanında torpaq deyirsən,
Qımı
qımıldamır, tükü tərpənmir.
"Döyüş alnımıza
yazılıb!" deyən
Döyüşdə ölməyi
əhd eyləmədi.
Kim harda oturdu ora sahibdi,
Geriyə dönməyə cəhd
eyləmədi.
Axı babalardan nə öyrənmişik? -
Namusdan ucada dayanır torpaq.
Adını
döyüşçü qoymaqla deyil,
Əgər
döyüşmüsən - bəs hanı torpaq?!
Fərasətsiz olduq - ağıl
ucundan -
Yurda dərd toxuduq, gözədik,
bala.
Vətən təqvimini bir "rəssam"
kimi
Qara günlər ilə
"bəzədik", bala.
Dünyanın ən ağır dərdidi,
bala,
Əkib-becərəsən bar dərməyəsən...
Vətənin adını dildə
çəkəsən,
Vətəni balana göstərməyəsən.
Biz sizi vətəndə qərib eylədik,
Kökdən
qoparılmış ağac kimisiz.
Doğma dənizində öz
limanına,
Yan ala bilməyən səmtsiz
gəmisiz.
Müqəddəs nə varsa,
ayrılıb qaldı,
Hamısı bax orda -
işğal altdadı.
Təkcə torpaq deyil, təkcə
yurd deyil,
Sevgi də, qürur da
işğal altdadı.
Hər yeri gələndə, söhbət
düşəndə
Elə dizinizə döyərsiz,
bala.
Yiyəvay dərdindən getdi
torpaqlar -
Bizim gorumuza söyərsiz,
bala.
4. Qoşma
Niyə belə zəlil
gününə düşdük? -
Bir deyən olmadı nə
sirdi, bala.
Düşmənlər bu yurdu elə
təkləyib
Vətən ortalıqda
yesirdi, bala.
İgid bu dar gündə uyuyarmı
heç, -
Dar gündə gen durmaq yarayarmı
heç?!
Adam torpağından soyuyarmı
heç -
Bu necə hökmdü, təsirdi,
bala?!
Bəs bizi sevənlər nə
üzlə sevə? -
Yuxuda görmüşəm neçənci
dəfə,
Çoxlu sual verir sən adlı nəvə
Mən adlı dədən də
susurdu, bala.
5. İdilliya
Xatirə balıqçı toru
kimidi,
Bir yol dolu, bir yol boş
çəkəcəyik.
Gəl tutaq əl-ələ - biz dədə-bala
-
Xəyalən o yurda baş çəkəcəyik:
- Bax burda atamın odun çiniydi,
Ora da anamın sac yeri idi.
Azca çökək idi, azca
çalaydı,
Sac yeri həyətin ac yeri
idi.
Bu dəmir yabadı, bu ağac yaba,
Bu zindan-çəkicdi, bu kərəntidi.
Çəkic barmağına dəydi
bir dəfə,
Kərənti döyəndə
atam təntidi.
Ovxarda saxlardı kəsəri atam,
Küncə cəm edərdi
balta-dəhrəsin.
Anam "bu evinən
yarıdı" deyib,
Atmağa qoymazdı cehiz nehrəsin.
Qədimdən qalmaydı
gördüyün ütü,
Közlə doldururduq
ütü çəkirdik.
Anam inəkləri sağırdı
sonra
Süd maşının
qurub südü çəkirdik.
Yeyəylə, at nalı dirək
başında,
Asılmış olardı
haça xirçəkdən.
Keçi qırxılardı, qəzil
gedərdi,
Sicim qayıdardı bir
ağbirçəkdən.
Biz qapı-bacada nə iş
görmüşük
Eşq ilə görmüşük,
ürək vermişik...
Dəhlizin bu mili qarın salladı
Atamla altına dirək
vermişik.
Qəmər madyanımız
ürkdü bir dəfə,
İtlər hürüşəndə
hay-haya düşdü.
Fırladım Novruzda alov
şarını
Əlimdən
çıxanda tayaya düşdü.
Çiynində tüfəngi
ovçu Tapdığın,
Cil güdər, cır atar,
ördək vurardı.
Qoşulub qaçanlar bizdə gizlənər,
Anam da gəlinə gərdək
qurardı.
Təzə paltar geyib cüt gedərdilər,
Calal aşıq idi, dəmkeş
İsiydi.
Bir əli cibində olardı toyda,
Fərman kəndimizin mərd
kişisiydi.
Bir də eşidərdik toy səsi gəlir,
Qara zurna yolda havalanardı.
Qırmızı lent ilə yolu kəsərdik,
Yaxşı rəqs edənlər
nəmər alardı.
Mən balıq ovunu lap çox sevərdim,
-
Çardağın
altında qoşa qarmağım.
Hərdən də soyunub suya girərdim
Balıq keçirəndə
daşa qarmağı.
El dağa qalxanda atlar löhrəmli,
Dəvənin yerişi ahəstə
idi,
Boynunda zınqırov bir yana dursun,
Yük altda ləngəri bir
bəstə idi.
Ertənin havasın atam ulduznan, -
Gecə çölə
çıxıb göydən bilərdi.
Hansı odun yansa kimin evində,
Kişilər tüstüdən,
iydən bilərdi.
...Dizlərim qatlandı,
çökdüm, ay bala,
Dur gəl bu ayağı sən
geri yerit.
Növrağı dağıldı,
şənliyi getdi,
İndi yurdumuzda it ulayır,
it.
6. Şəhər
ağısı
O danışan yekə-yekə,
Şəhər, adamların
hanı?!
Çölü ardıc, içi
cökə,
Şəhər, adamların
hanı?!
Çəkilib tarıma kimi,
Dağıldılar qırma
kimi.
Payız gedən durna kimi,
Şəhər, adamların
hanı?!
Üstündə dururmu o
çən?!
Səni o baş-bu baş
ölçən,
Dağdağan bulağından
içən,
Şəhər, adamların
hanı?!
Gündüzüynən, gecəsiynən,
İşıq gələn hücrəsiynən,
Qarma-qarış küçəsiynən,
Şəhər, adamların
hanı?!
Sinədəydi nərgizdiyin...
Sənə qaldı bu
dözdüyün.
Hər gün göz olub gəzdiyin,
Şəhər, adamların
hanı?!
Oyunlara mat qoyulan,
Yatağına od
qoyulan,
Qəbrə amanat qoyulan,
Şəhər, adamların
hanı?!
Dağlar kimi qalan vardı,
Əvəz kimi balan vardı,
Şəhər, səni salan
vardı,
Şəhər, adamların
hanı?!
7. Çay
ağısı
Qoşa-qoşa bulaqlarnan,
Çayım, səndən
kimlər keçdi?!
Gümüş pullu balıqlarnan,
Çayım, səndən
kimlər keçdi?!
Adamlara nə dedilər -
Biri-birinə dəydilər?!
Yoldaşı salxım söyüdlər,
Çayım, səndən
kimlər keçdi?!
Yamaclarda yelli gələn,
Qıjovlarda güllü gələn,
Yazağzında selli gələn,
Çayım, səndən
kimlər keçdi?!
Daşqınlarda gurultuyla,
Ay doğanda parıltıyla,
Bir nəğməli
şırıltıyla,
Çayım, səndən
kimlər keçdi?!
Şəklin gözümdədi həmən,
Çaylaq, qumlaq, çayır,
çəmən,
Qız-gəlinlər donlu çimən,
Çayım, səndən
kimlər keçdi?!
Şaqqır bulağı qaynayan,
Yatağı sağ-sol oynayan,
Oynamağından doymayan,
Çayım, səndən
kimlər keçdi?!
Yolların dolanbadolan...
Ax üzüyenişə yollan.
Laçın, Qubadlı, Zəngilan,
Çayım, səndən
kimlər keçdi?!
Getdi dostların köhnəsi,
Qaldı zamanın tənəsi.
Hər bağ üstə bir dəhnəsi,
Çayım, səndən
kimlər keçdi?!
8. Evimiz
Qapısı qıfıl görməyən,
Yolçular dönən
evimiz.
Boydan boyu, endən eni,
Geniydi, lap gen evimiz.
Qış gəlsə, qarı
yağırdı,
Yayda nübarı
çıxırdı.
Altından çayı
axırdı,
Üstən yol enən
evimiz.
Anam dil deyib ağlayan,
Bacım yüyrük
yırğalayan,
Divarı qurum bağlayan,
Ocağı sönən
evimiz.
9. Epiloq
Sənə üz tuturam, Sən ey
göydəki,
Bizim haqqımızda bir qərar eylə!
Bizdən qaçaq düşən ədalət
hissin,
İtən meyarları bərqərar
eylə!
Günahımız çoxdu, gün
gələr bizi -
Yurdumuzun ahı tutar, İlahi!
Dağlar zirvəsindən ətəyə
endik,
Bizi zirvələrə qaytar,
İlahi!
Dörd yandan düşmənlə təklənib
bu xalq,
Özünü tanısın - qoruna
bilsin!
Vətən qarşısında
günahı çoxdu, -
Səbəb sal günahdan arına
bilsin!
Gör necə quruyub çılpaq
qalıbdı
Ağacın yadına yarpağı
sal Sən!
Paris, Moskvadan, Londondan qabaq
Bu xalqın yadına torpağı
sal Sən!
Toyuğu itənlər əliçıraqlı
Düşür qapı-qapı gəzir,
İlahi!
Yurdları itirib oturmuşuq biz,
Adamı bu dərdlər
üzür, İlahi.
Qollarım göydədi, dilim duada,
Burda tamam oldu söhbət, İlahi!
Qeyrət damarımız
mürgüyə gedib,
Sən həmən damarı tərpət,
İlahi!
İyun-iyul 2019 Bakı
İlham
QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.6-7.