Mirzə Ələkbər Sabirin milləti oyatmaq laylası...

 

Mirzə Ələkbər Sabirin yaradıcılığında xalq ruhu, xalq nəfəsi ilə yoğrulmamış bir dənə də şeir yoxdur. Onun şeirlərindəki ağrı-acı, dərd-qəm, göz yaşları içindəki gülüş şairin millət sevgisinin pıçıltılarıdır. Sabirin şeirlərini yalnız millətini və vətənini Sabir qədər sevən bir şair yaza bilərdi. Şairin bütün misralarının arxasından bu sevgi boylanır və onu aydın görmək olur.                 

Mirzə Ələkbər Sabir xalqın həm özündən, həm də sözündən böyük ustalıqla bəhrələnmişdir. Onun şeirlərindəki sözlü ədəbiyyatdan süzülüb gələn motivləri, hissləri, duyğuları görməmək, duymamaq mümkün deyil. Onun yaradıcılıgının ruhuna, iliyinə, qanına hopmuş xəlqiliyi məhz bunlar yaratmışdır.

 

Biz örnəyə baxaq:

Şairəm, çünki vəzifəm budur əşar yazım,    

Gördüyüm nikü bədi eyləyim izhar yazım,

Günü parlaq, günüzü , gecəni tar yazım.

Pisi pis, əyrini əyri, düzü həmvar yazım.

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Şair deyir ki, mən hər şeyi olduğu kimi, doğru-düzgün yazmalıyam. Şeirdəki xalq ruhu birinci elə bundadır. Xalq heç vaxt yalan danışmır, qatığa qara demir. Şeir bütöklükdə bu ruhla yoğrulmuşdur. Şeirin sonuncu iki misrasını oxuyanda "Meymun baxar güzgüyə, adını qoyar özgəyə" məsəli yada düşür. Əyri adam aynaya baxanda özünü görür və gözləri bərəlir, çünki aynada gördüyü adamın onun özü olduğunu anlayır.

Sabirin şeirlərində sözlü ədəbiyyat örnəklərindən bəhrələnmələrə çox rast gəlinir. Onun "çığırma, yat, ay toyuq, yuxunda çoxca darı gör!" misrası "Ac toyuq yuxusunda darı görər" atalar sözünün Sabirin poetik süzgəcindən keçəndən sonrakı şəklidir.

Sabir sözlü ədəbiyyatın yalnız motivlərindən deyil, janrlarından da bəhrələnmişdir.Onun "Cavan" şeiri beş bənd olub, bayatı şəklində düzülüb qoşulmuşdur:

 

Eyvanımız ucadır,

Nökərlərim xocadır.

Niyə məndə durmusan,

Mənim haram qocadır?!

 

Şairin yaradıcılığında xalq şeirinin digər şəkillərinə də rast gəlinir. Hətta onun bir laylası da var.

Laylanı analarımız özləri düzüb-qoşur və körpələrini yatırtmaq üçün oxuyurlar. Laylaların həzin və kövrək zümzüməsi olur. Onu da analar özləri bəstələyirlər. Analar laylaların sözlərinə də, zümzümələrinə də öz südlərinin şirinliyini qatırlar. Körpələr laylanın şirinliyini də, zümzümənin həzinliyini, kövrəkliyini də duyurlar. Ancaq ağıllarıyla, düşüncələriylə yox, hissləriylə, duyğularıyla. Çünki körpənin ağlı və düşüncəsi hələ formalaşmayıb. Bəs körpələrin laylanın sözlərini və zümzüməsini duyduqlarını nədən bilirik? Axı, analar layla çalıb zümzümə eləyən kimi körpələr şirin yuxuya gedirlər. Bunu dönə-dönə görməmişikmi:

 

Layla dedim yatasan,

Qızılgülə batasan.

Qızılgül bağın olsun,

Kölgəsində yatasan.

Balam layla, a layla,

Gülüm layla, a layla.

 

Mirzə Ələkbər Sabirin laylası nə şəkilcə, nə də məzmunca analarımızın laylalarına oxşamır. Bunun səbəbi sonra açılacaq. Ancaq şeirin layla olmadığını söyləməyə də kimsənin haqqı çatmaz. Hər bənddən sonra təkrarlanan layla misraları onun layla olduğunu aydın göstərir. Bu şeir "Tərpənmə, amandır, bala, qəflətdən ayılma" adlanır. Şair bu şeirlə körpələrə yox, böyüklərə, "saqqallı uşaqlara" layla çalır. Bu laylada ana südünün şirinliyi də, zümzümənin həzinliyi, kövrəkliyi də yoxdur. Bunların əvəzində şeir şairin içini göynədən acıyla, bir az da qəzəb və acıqla yoğrulmuşdur. Onun misraları yatmaq istəyənlərin gözlərinin yuxusunu qaçırdır, yatanları səksəndirib, diksindirib oyadır:

 

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!

Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

Sabir, əslində, millətin yatıb dala qalmağından ona görə rahatsızdır ki, başqa millətlər oxuyub, savadlanıb irəli gedir, biz dala qalırıq. "Dindirir əsr bizi, - dinməyiriz, Açılan toplara diksinməyiriz; Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz" misralarını yazan şairin rahatsızlığının nədən doğduğunu görmək çox da çətin deyil.

Şair əvvəlcə yatanları gicitkənlə dalayır, sonra da həmin yerlərin ağrısını azaltmaq üçün misralarını yumorla yoğurub, sanki ona qatıq sürtür. Yumor Sabir şeirinin ruhuna hopmuşdur. Bu da xalq yumorudur. "Pah atonnan", "ölübə", "A kişi", "Ax", "Molla dayı", "A balam", "O nə qayırıb, de görüm?",  "Mən ölüm", "Aya", "Neyləyim, ey vay" kimi onlarla söz və deyimləri şair xalqın ağzından götürüb onların köməyilə şeirlərini gözəlləşdirmiş, dolğunlaşdırmış, misraların ruhuna bir az yumor qatmışdır.

Sabir yatanların yatmasına, ayılmamasına guya haqq qazandırmaq üçün dövrün, zamanın haqsızlıqlarını, məşəqqətlərini, millətin pis gününü açıb göstərir. Şair burada bir gülləylə iki dovşan vurur. Birinci dovşan yatanların gözlərini yumub dərin yuxuya getmələri, olanları görməmələri, dünyadan xəbərsizlikləridir ki, bunun da hesabına millət geri qalır. Bu dovşanın adı cəhalət və nadanlıqdır. İkinci dovşan bu avamlıq və cəhalət dünyasının eybəcərlikləri, haqsızlıqları, məşəqqətləridir. Xalqı min bir dərdin, bəlanın məngənəsində sıxan da məhz bunlardır.

 

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,

Millətdə qəm, ümmətdə küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrət görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

Şeirin bütün bəndlərinin ayılmağın, gözüaçıqlığın, sayıqlığın acısı ilə yox, yatmağın, yuxulamağın, olanlardan-qalanlardan xəbərsizliyin, dünyada baş verənləri görməməyin şirinliyi ilə yoğrulmağının səbəbini oxucu yaxşı başa düşür. Şair burada acılıqla şirinliyin yerini özü bilə-bilə dəyişmişdir. Bu, Sabirin sözü demək ustalığıdır. Hamı görür ki, bu da bir yumordur və o, çox yerdə şairin dadına çatır. Sabir sözünü çox zaman birbaşa demir, "A qızım, sənə deyirəm, a gəlinim, sən eşit" məsəlində olduğu kimi, dolayısıyla anladır, hər şeyi balabanda qandırır. Şair şeirlərini onu yaxşı duyanlar üçün yazır:

 

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,

At tiryakını, meyl elə qəlyanını, yuxla,

İncinsə sağın, ver yerə sol yanını, yuxla,

İllərcə şüar etdiyin adətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

Sabir bu şeirində yat deyəndə yatma, yuxula deyəndə yuxulama, gözünü yum deyəndə yumma deyir. Bu üslub da xalqdan götürülmüşdür. Uşaq ağlayanda çox zaman ona kiri yox, ağla deyirlər. Bu fikrimi onun "Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör", "Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!", "Çək başına yorğanını, yat, kişi", "Hər kimin ağı qara isə utansın, a balam!", "Səs salma, yatanlar ayılar, qoy hələ yatsın. Yatmışları razı deyiləm kimsə oyatsın. Tək-tək ayılan varsa da, həq dadıma çatsın" kimi misraları da təsdiqləyir. Göründüyü kimi, bu şeirlərin çoxunda şair yatanları yatmağa çağırır, onların oyanmağını istəmir. Bunlar onun içindəki yanğıdan gəlir. Ürəyinin yanğısını "oyanın", "yatmayın", "gözünüzü açın" sözləri söndürməyəndə, "yatın" deməkdən başqa çarəsi qalmır. Ancaq bu "yatın" sözünü elə deyir ki, min dənə "yatmayın", "oyanın", "gözünüzü açın" kəlməsindən təsirli olur. Çünki burada söz birbaşa gəlinə deyilmir. Şairin üzünü qızına tutub dediklərini gəlin yaxşı başa düşür. O bilir ki, bu sözlər onun ünvanına söylənir. Ona görə də ağıllı, düşüncəli gəlin deyilənlərin heç birini qulaqardına vurmur, onlara əməl eləyir.

Sözünü gəlinə birbaşa yox, üzünü qızına tutub demək Sabirin poetik üslubudur. Şair yatanları ayıltmaq, gözlərini açmaq üçün onlara da bu üsulla acı bir layla çalmışdır:

 

Göz nurudur uyqu, onu dur etmə gözündən,

Yol vermə məbada çıxa bir an sözündən,

Amma elə bərk yuxula ki, hətta get özündən,

Afaqı dutan şurü qiyamətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

"Yat, qal dala, laylay!" misrası göyləri başına götürən bir bağırtıdı, qulaqları cingildədən bir hayqırtıdı. Buradakı "qal dala" deyimi nə qafiyə xətrinə, nə gəlişigözəl olduğuna görə seçilməmişdir. Şeirin bütün canı bu misradadır. Beş bənd şeirin hamısı bu misranın başına dolandırılmışdır. Bu misraları eşidib oyanmayanların qulaqlarının dibində top da atılsa, xeyri olmayacaq!

Bu yerdə sovetlər dönəmindəki televiziya verilişlərindən yadımda qalmış bir səhnə gözlərim önündə canlandı. Söhbət qulaq qafiyəsindən düşəndə danışan adam xalx və qalx sözlərini dönə-dönə təkrarlayıb deyirdi ki, bunlar çox gözəl qulaq qafiyələridir. Mən əminəm ki, o adam bu sözləri təkcə qulaq qafiyəsi kimi seçməmişdi. Bu sözlər xalqı oyanmağa, gözünü açmağa, boynundakı boyunduruğu, qolundakı qandalı görməyə çağırmaq üçün onun əlinə göydən düşmüşdü. Axı o vaxtlar söz deməkdən çətin heç nə yoxuydu. Ona görə sözü çox zaman rəmzlərlə, sətiraltı mənalarla deyirdilər.

Sabirin "Yat, qal dala, laylay!" misrası ilə "xalx-qalx" qulaq qafiyələrinin seçimində və deyimində güdülən məqsədlər bir-birinin eynidir. Onlar mənaca da çox yaxındırlar.

Mirzə Ələkbər Sabirin "Tərpənmə, amandır, bala, qəflətdən ayılma" şeiri gözəl bir layladır, lakin körpələrə yox, böyüklərə layladır. Şeirin bütün bəndlərinin ilk iki və ya üç misrasının boyca layladan uzun olması da məhz böyüklərin boyuna biçilmişdir. Hər kəsin laylası da boyuna və yaşına uyğun olmalıdır.

 

İslam Sadıq

 

Ədəbiyyat qəzeti. - 2019.- 27 iyul.- S.9.