Akif Səməd bu yolu
təkcə keçmədi, təkcə ölmədi...
Təxəllüsümün Akif olan vaxtlarından
Ulucay Akiflə məni qardaş biliblər. Kim imzamı görübsə, "sən
Akif Səmədin oğlusan?", - deyə soruşub məndən. Sonra təxəllüsümü dəyişdim, sual atəşi susduruldu.
Əvvəllər Ulucayla
məni şeir və təxəllüs bağlayırdısa, indi
"Ədalət" qəzetində
iş yoldaşlığımız
da bu bağın
üstünə gəlib.
Bir də ata itkisi.
Vaxtından tez. Doğumunu
da, ölümünü
də iyul ayına dəng gətirən Akif Səmədin ölümü
mənim atamın ölümündən düz
11 il cavandır.
İyulun 21-i, yəni bazar günü, əslində,
biz "Ədalət" qəzetinin
doğum gününü
keçirməli idik. Eşidəndə ki, Akif Səmədin
yubileyi bazar gününə düşür,
tədbirimizi bir gün dala çəkdik.
Ki, onun yubileyində iştirak edə bilək.
Rəşid Behbudov adına Mahnı
Teatrının düz
qarşısında böyük
plakat var, üstündə də Akif Səmədin fotosu. Şair bu fotodan gələnləri qarşılayır.
Xəyalım teatrın önündən
adlayıb Yazıçılar
Birliyinə tərəf
yol alır. O, 15
il öncə
Yazıçılar Birliyinin
binasından çıxıb
öz ölümü
ilə görüşə
getmişdi. Bu yol Akif Səmədin
keçdiyi son yol idi. Artıq ömrün işıqforunda
qırmızı yanmışdı,
dayanmaq vaxtı idi. Akif Səməd bu
yolu təkcə keçmədi, təkcə
ölmədi, onunla birgə "dostlarının"
çoxusu da öldü, yoxa çıxdı.
Mən bütün bunları düşünə-düşünə bir də ayılıb
gördüm ki, zaldayam, hamı öz yerində pərvəriş tapıb. Şairin oğlu
Ulucay zal boyu gəzişir, adamlarla görüşür,
sonra isə gəlib arxa sırada əyləşir.
Ona tərəf boylanıram:
- Akif Səmədin oğlu olasan, tədbir Akif Səmədə həsr oluna, amma oğlu Ulucay da gəlib
otura arxa sırada. Belə şey olar?
- Emin, burda mən oturmuşamsa, elə bura da birinci
sıra kimi
VİP-dir.
Qısa və lakonik gülümsəmədən sonra
səhnədki ekranda Akif Səməd haqqında danışan anası bacıları, dostları görünür,
videoçarxın sonunda
isə köhnə lentdən Akif Səməd öz şeirini deyir.
Açığı, bu cür tədbirlərdə
çox sıxılıram. Sovet dövründən
bəri dəyişməyən
eyni üslublu tədbirlərdir. 15-20 adama həm söz verilir, həm mükafat, sonra tədbiri aparan adama da
bir mükafat, vəssalam. Tədbir başlayandan hər
çıxışdan sonra
bir aşıq öz ifasıyla hamını feyziyab edir. Yanımda əyləşən dostuma
deyirəm:
- Olmazdı ki, maraqlı danışa bilən adamlara söz versinlər? Bu quru,
rəsmi çıxış
kimin nəyinə lazımdır?
- Düz deyirsən...
Mən bunu deyər-deməz Aqil Abbası dəvət edirlər səhnəyə. Müdirim olduğuna görə
demirəm, amma Aqil Abbas koloritli
insandır. O, səhnəyə
çıxır. Elə ikinci
cümləsindəcə zal
canlanır.
- Akif Səməd saza bağlı adam
idi. Mənimçün də sazın
ayrı yeri var. Tar da bizimdir. Amma onların arasında bilirsiniz fərq nədir? Yadıma gəlir, uşaqlar
balaca olanda bir dəfə evdə maqnitofonda saz ifası dinləyirdim. Bir də
gördüm ki, uşaqlardan biri ağlayır. Sonra
tar ifası qoydum. Bu dəfə uşaqlar
ağlamadı. Mən onda
bildim ki, saz bizə daha
yaxındı. Bir
şeyə də fikir vermişəm, saz kişi
kimi ağlayır, tar
isə qadın kimi.
Aqil Abbasın bu sözlərindən sonra zala gülüşmə düşür və dalınca alqış səsi bürüyür ətrafı.
O, son söz kimi qeyd edir
ki, mən hər ay qəzetimizin birinci səhifəsində
Akif Səmədin
"Şuşa deyib bağır, bala" şeirini dərc edirəm.
Əmindi, dayındı,
bizik,
Qulaqları sağır, bala.
Hər səhər
evdən çıxanda,
Şuşa deyib bağır, bala!
Biz uduzduq
hansı zorda?
Ölsək, qoyma yataq gorda.
Eşitdin televizorda? -
Şuşaya da yağır, bala.
Tapşırma bizə
qoşunu,
Aldırma bizə huşunu.
Qoş Təbrizdən
tay-tuşunu,
Bir hay elə, çağır, bala!
Sonra yenə saz ifası...
Gəlib otururam Ulucayın yanında. Bir də baxıb
görürəm ki,
o, telefona zillənib.
Diqqətim telefona kəsilir.
Ulucay feysbukda kiminləsə yazışır.
Qiraətçi Ağalar Məmmədovun səsi eşidilir. O, Akif Səməddən başqa
hamıdan, ən çox da özündən
danışır. Və çıxışının
sonunda şeir demək üçün
"ordan bir kişi kimi tar ifası verin" deyib özündən qabaq çıxış
edən Aqil Abbasa cavab verir.
Tədbirin ən çox səslənən şeiri,
ifası Akif Səmədin "Mən Bakıya oxumağa gəlmişdim" şeiri
olur. Bilmirəm, nədəndirsə, hamı onun bu şeirini daha çox sevir.
Genişiydim səma
boyda, çöl boyda,
ürək verdim, diplom aldım əl boyda,
ürəyimdə yara açdı gül boyda -
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
Ən çox da türkiyəli
qonaq - Uluslararası Aktivist Sanatçılar Birliyinin başkanı Ümit Yaşarın çıxışı məni
heyran elədi. Çox həzin
səslə, çox
yumşaq danışıq
tərzilə Akif Səməd haqqında ağızdolusu danışdı.
Dedi ki, əgər Akif Səmədin anası yanımda olsaydı, onun önündə diz çöküb yalvarardım ki, məni də öz oğlu bilsin, Akif Səmədin
qardaşı bilsin. Mən söz verirəm ki, Türkiyəyə gedən kimi orada Akif Səmədin
heykəlinin qoyulması
üçün əlimdən
gələni edəcəm.
Mən tez-tez yer dəyişirəm,
gah lojaya qalxıram, gah səhnənin bir küncündən çıxış
edənlərin şəklini
çəkirəm. Akif Səmədlə
qiyabi tanışlığım
bu zaldaca əyaniləşir. Elə bil
şairin özü də burdadır və mən onu illərdir tanıyıram. Biz gənclər
sazdan bir az uzağıq,
amma mən buradaca sazla, ənənəvi şeirlə
doğmalaşdım Akif
Səmədin sayəsində.
Çıxış edənlərin sayı çox idi. Ön sırada
kimlər oturmuşdusa,
hamısı şair haqqında danışdılar.
Bütün deyilənlər "bircə qarış yol var imiş,
Adəmdən Akif Səmədə" misralarının
qanadlarında şairin
özünə çatıb.
Mən buna inanıram.
Bu sazlı-sözlü
tədbirdə diqqətim
şairin adı və yanında iri 60 rəqəmi yazılmış tabloya kəsilir. 44 yaşında
70 yaşlı adamı
xatırladan bu fotoya baxıb düşünürəm. Dərd yaşamağa həmişə
böyük ürəklər
axtarır. Balaca ürəklərin
dərd yükünü
daşımağa, gücü
olmur. Böyük ürəkdə dərd böyüyür,
artır, ürək yiyəsini torpağa gömənə qədər
şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı
ürəyin gözəlliyi
ilə birgə yeni ürəklərdə
yuva qurur… Akif Səmədin şeirlərindən
ürəyinin böyüklüyü,
onu sevənlərin bu zalda yığılması,
onun haqqında ağızdolusu danışması
isə onun ürəyinin ölmədiyinə,
onu sevənlərin ürəyində yuva qurduğuna işarədir.
Nəhayət, ən sonda şairin
oğlu Ulucaya söz verilir. Həmişəki özündənrazı yerişilə
səhnəyə çıxır.
Səsindən hiss olunur
ki, çox həyəcanlıdır. O, qonaqlara
gəldikləri üçün
təşəkkür edir
və sonda bir anlıq dayanır. Fasilə verir. Mən dəqiq
bilirdim ki, Ulucay, əslində, nəsə demək istəyir, amma özünü toplaya bilmir və çıxışını bitirir.
Sonra hamıya "Akif Səməd mükafatı"
təqdim olunur.
Yanımdakı dostuma pıçıldayıram. Diqqətlə izlə, sonra tədbiri aparan kişiyə də mükafat verəcəklər.
Elə də olur. Hamı mükafatını
alır. Elə
o kişi də.
Yavaş-yavaş tədbir sona çatır. Mən yavaş deyirəm, siz dörd saat
bilin... Yaxınlaşıram
Ulucaya.
- Atanın şeirlərinə bax, bir az şeir yazmağı öyrən, Ulucay!
- Əşşi,
mənim istedadım əvvəlcə atamda təzahür eləyib.
Sanki Akif Səməd səhnədəki
böyük şəklindən
zalı tərk edənlərə baxıb
deyirdi:
Gülə can verən
arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç
nədi, ayrılıq
Yamandı, ay gedən, əylən.
Eminquey
Ədəbiyyat
qəzeti.- 2019.- 27 iyul.- S.11.