Elçin ŞIXLI: İndi məni İsmayıl Şıxlının oğlu kimi təqdim etmələrini daha çox istəyirəm...

 

"Kürsü" layihəsinin qonağı xalq yazıçısı İsmayıl Şıxlının oğlu, - tanınmış jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlıdır

 

- Elçin müəllim, bu gün İsmayıl Şıxlının yaradıcılığına ədəbiyyatşünaslıq nöqteyi-nəzərdən münasibət necədir?

- Desəm ki, İsmayıl Şıxlı yaddan çıxıb, onun yaradıcılığına münasibət yoxdur, yalan olar. Çünki son beş il ərzində İsmayıl müəllimin yaradıcılığı haqqında beş-altı kitab çap olunub. Müəlliflər də əsasən filoloqlardı. Amma hamının dərdi tək bir adam ola bilməz. Bu il atamın yüz illiyidir, kifayət qədər də diqqət var. İsmayıl Şıxlının adı, kölgəsi mənim üzərimdədir. Mən də həmişə, necə deyərlər, çiynimi onun adının altına qoymağa çalışıram.

- İsmayıl müəllimin kölgəsi, adı sizin üzərinizdədir, ya çiyniniz onun adının altındadır?

- Yox, onun kölgəsi mənim üzərimdədir. Cavan olanda, məni hardasa kiməsə təqdim edəndə əvvəlcə atamın adını deyirdilər, sonra öz adımı. Bu bir az mənə birtəhər gəlirdi. Öz-özümə düşünürdüm ki, əşi, nə qədər İsmayıl Şıxlının oğludur deyərlər. Sözün düzü, indi başa düşürəm ki, çox mənasız düşüncələrmiş. Reaksiyam təxminən belə idi ki, mən özüm də bir adamam, öz adım, peşəm var.

- Yəni müəyyən mənada kompleksiniz olurdu?

- Həm kompleks olurdu, həm də adamların mənə münasibətinin özümə görə yox, atama görə olması qəribə gəlirdi. Yəni müəyyən mənada mənə münasibətdə ya nəyisə şişirdirdilər, ya da sinəmdən vurub geri itələyirdilər. Belə məqamlar da bir xeyli olub. Çünki bəzən elə məsələlər olurdu ki, deyirdilər, İsmayıl Şıxlının oğludur, onun da vəzifəsi var. Oğlunun olmasa da olar. Hərçənd, İsmayıl Şıxlının bir vəzifəsi vardı. Yazıçılar İttifaqının sədri idi. Yaxud da mənə özümə görə yox, atama görə hörmət olunurdu. Ancaq indi bütün bunlar mənə təbii təsir bağışlayır. İndi məni İsmayıl Şıxlının oğlu kimi təqdim etmələrini daha çox istəyirəm.

- Bu arzu nə ilə bağlıdır?

- Artıq yaşlanmışam, dünyagörüşüm də bir az artıb. Həm də insanlar yanımızda olanda biz onlara qiymət verməyi bacarmırıq. Bu tək mənə, ya atama aid deyil. Sadəcə, insan təbiəti belədir. Tez-tez düşünürəm ki, atam yanımda olsaydı nəsə lazım olanda ondan soruşardım, məsləhət alardım. Yəni yenə deyirəm, vaxtında insanlara qiymət vermirik, onları dəyərləndirmirik. Sonradan "niyə belə oldu" deyib dizimizə döyürük. Amma indi istənilən halda onun kölgəsi mənim üstümdədir və bu mənim üçün heç bir kompleks yaratmır. Çiynimi onun adının altına verməyim isə daha çox onun unudulmamasına xidmət edir. Bilmirəm, bəlkə də bu mənə belə gəlir.

- Amma bizim nəsil sizi Elçin Şıxlı kimi tanıdı...

- Bu da normaldır. Bəlkə də müəyyən şeylər o zaman məndə ona görə kompleks yaradırdı ki, onda hələ heç nə eləməmişdim, amma indi nə isə eləmişəm. Ona görə də dediyiniz kimi məni tanıyırsınız.

- Bayaq müəyyən vaxtlarda atanıza ehtiyac duyduğunuzdan bəhs etdiniz. İndi müdrik bir yaş dövründəsiniz, bu yaşda ataya ehtiyac bir az kədərli, həm də qəribə səslənir...

- Bilirsiniz, onun adı olmasa, mən bəlkə də başqa cür hərəkət edərdim. Həmişə son məqamda düşünürəm ki, atam mənim hərəkətimə baxıb mənə nə deyərdi. Yaxşı əməl deyilsə, yəqin ki, deyərdi, heç gözləməzdim, bu nə işdir edirsən? O, rəhmətə gedəndə çox adam məndən atamın son sözünün, vəsiyyətinin nə olduğunu soruşdu. Atam konkret nə mənə, nə də qardaşıma bir şey vəsiyyət etməmişdi. Amma həmişə deyirdi ki, çalışın, adam olun, kişi kimi yaşayın. Bu baxımdan o olmayandan sonra hansısa ciddi qərar qəbul edəndə, xoşagəlməz nəsə hiss edəndə bəyənməzdi deyib özümü yığışdırıram.

İstənilən övlad valideynini ən güclü, ən yaxşı kimi qavrayır və istəsə də, istəməsə də həyatda onu təkrar edir. Cavan olanda bunu başa düşmürük, amma sonradan valideynin tərbiyəsi mütləq özünü büruzə verir. Mən də İsmayıl Şıxlının tərbiyəsini görmüşəm, damarlarımda da onun qanı axır. Bir də görürsünüz, heç özüm hiss etmədən kənardan kimsə deyir ki, torpağı sanı yaşayasan lap atan kimi elədin, lap atana oxşadın. Yəni müəyyən hərəkətlər var ki, bizdən asılı olmadan bizi valideynlərimizə bənzədir. Biz onlara oxşayırıq. Yəni həm də onların davamıyıq.

- XX əsr yazıçılarının, eləcə də İsmayıl Şıxlının əsərlərini oxuyanda mətnlərin koloritli olması, bədii təsvir baxımından zənginliyi, axıcılığı hiss olunur. Bəzi istisnaları nəzərə alsaq indiki dövrdə yazılan mətnlər, o dövrdə yazılanlara bu baxımdan çox uduzur. Sizcə, bunun səbəbi nələrdir?

- Bizim vaxtımızda məktəbi bitirəndə uşaqlar, əsasən də qızlar "Xatirə" dəftəri yazırdılar. Uşaqlardan kimsə o vaxt Xatirə dəftərini mənə vermişdi. Sonra necə oldusa, o dəftər məndə qaldı. Bir dəfə nəsə axtaranda həmin dəftəri tapdım. Bilirsiniz, orda necə bədii cümlələr, gözəl ifadəli sözlər yazılmışdı? Onların heç biri ədəbiyyatçı deyildi. Biz sadəcə 190 saylı məktəbin şagirdləriydik. Bir inşa yazmaqdan ötrü xeyli ədəbi mətnlər oxuyurduq. Bizi buna məcbur eləyirdilər. Bəzən tapşırılan mətnlər Azərbaycan dilində olmayanda, o mətnləri rus diində tapıb oxuyurduq. Müəllimlərdən çox şey asılı idi. Evdəkilər də bizim dərslərimizlə maraqlanırdılar. Sovet sistemində müəyyən naqisliklər ola bilərdi, amma müəyyən üstünlükləri də vardı. Ən azından, o vaxtın şagirdlərinin cümlə qurmaq, fikri ifadə edə bilmək baxımından heç bir problemi olmurdu. Biz indiki yazıçıların bir çoxundan daha savadlı yazırdıq. Bilirsiniz, indi dövr də dəyişib, insanlar tələsir və nəsə yeni informasiya almağa çalışır. Bəlkə də kimisə əsərin dili, təsvirləri bir o qədər də maraqlandırmır, əsərin axırını bilməyə daha çox can atırlar. Amma belə olmamalıdı. Bu yaxınlarda Balzakın "Şaqren dərisi" əsərini yenidən oxudum. Hər cümlədə nə qədər məna var.

Bizim dövrün uşaqları ədəbiyyat oxuyurdu. Misal üçün, mənim oxuduğum ilk irihəcmli əsər Jül Verinin "Kapitan Qrantın uşaqları" romanı idi. Hər gün həmin əsərdən oxumasaydım, atam məni həyətə buraxmazdı. Deyirdi, oxu, sonra get.

O vaxt SSR-də yazıçılar üçün yaradıcılıq evləri vardı. Biz ölkədən kənara çıxanda digər ölkələrin uşaqları ilə də görüşürdük. Görürdük ki, onların mütaliəsi bizdən artıqdır. Biz də az oxumurduq, amma onların bir başqa səviyyələri də vardı. Biz onlarla ünsiyyətdə olandan sonra tez onların adlarını çəkdikləri kitabları tapıb oxuyurduq.

- O vaxtlar məktublaşma ənənəsi də vardı.

- Bəli, biz uzaq yerlərdə olan dostlarla, doğmalarla məktublaşırdıq. Məktubları yazanda cümlələrə, xəttimizə fikir verirdik. Çalışırdıq ki, hərf səhvi olmasın. Hətta səhv olsa belə, bilirdik ki, qarşı tərəf məktubu oxuyandan sonra bizə cavab yazanda həmin səhvi mütləq qeyd edəcək. Amma indi hər şey telefonlarla necə gəldi yazılır. Hamısı da başdan-ayağa səhvlərlə dolu olur. Bugünkü jurnalistlərin dili biabırçılıqdır.

- Almaniyada hərbi xidmətdə olmusunuz. Bir ildən sonra  evə gəlmisiniz. Bu günkü sürət əsrindən həmin bir il indi sizə necə görünür? Sizcə, bu gün bir saata, bir günə dözməyən insan bir il necə dözürdü?

- Biz məktubdan məktuba yaşayırdıq. Hərbi xidmətdə olarkən yazdığımız məktublara cavab iki həftədən tez gələ bilməzdi. Təsəvvür edin ki, hər dəfə məktub gələndə nə qədər sevinc hissi keçirirdik, məktubu alandan sonra çəkilib bir kənara onu oxumağın ləzzətini yaşayırdıq. Ordakı mühit adamı boğurdu. Almaniyada şəhər mərkəzində yerləşən kazarmada tərcüməçi kimi xidmət edirdim. Hərdənbir şəhərə çıxmaq imkanımız olurdu. Amma bütün hallarda hər şey adamı boğurdu. Məsələn, mən hər yaz aylarında sərçələrin civiltisindən belə həzz almağa öyrəşmişdim. Belə məqamlarda insan həssaslaşır, hisslər üzdə olur. Əsgərlikdə olanda çörəyin üzərində kərə yağı bizim üçün ən dadlı yemək idi. Amma evə qayıdandan üç gün sonra yağ-çörəyin dadı öz ləzzətini itirdi, çünki artıq anamın yeməklərinə qayıtmışdım.

- Həyatın indiki qədər sürətli olmaması, məktubun, gözləməyin gətirdiyi həyəcanlar, yəqin ki, insan xarakterinin yaxşı formalaşmasına kömək edirdi?

- Təbii ki, emosional hər şey yaddaşa hopurdu, insanda həsrət hissi əmələ gəlirdi. Bir ildən sonra ezamiyyətə gələndə bulvarda mən yaşda cavanların sərbəstliyini, azadlığını görəndə öz-özümə düşünürdüm ki, bunlara hərbi forma geyindirib kazarmaya salsalar belə sərbəst gəzib-dolana bilməzlər. Amma sonra düşünürdüm ki, bəlkə də artıq onlar öz paylarına düşən xidməti çəkib gəliblər, ya da çəkəcəklər. Yəni hətta belə əsəbilik də vardı.

- İsmayıl Şıxlını bir az feodal adam kimi təqdim edirdilər. Sizcə, o, necə ata idi?

- İsmayıl Şıxlı feodal adam deyildi. Sadəcə olaraq ağır kişi idi. Biz heç vaxt onu evdə köynəksiz görməzdik. Yəni müəyyən qaydalar vardı ki, pərdə ilə bunlara əməl edirdi. Amma istənilən məqamda gəlib onunla öz fikirlərimizi bölüşə bilərdik. Hərdən deyirdi ki, a bala, camaat məndən məsləhət alır, amma siz məndən qaçırsınız. Yəni müəyyən xırda şeyləri anamıza deyirdik, onu narahat etmək istəmirdik.

Atam çox hövsələli idi. Bəzən bizim evə adamlar gəlirdi, oturub düz bir saat, saat yarım danışırdılar. Atam onları səbrlə dinləyirdi. Onlar nəyisə yalan deyəndə də sözlərini kəsmirdi. Bir dəfə bir nəfər gəlib atama dedi ki, 30-cu ildə çörək növbəsində dayananda məni tutmaq istəyirdilər. İsmayıl, sənin adını verəndən sonra məni buraxdılar. Bu söhbəti dinləyəndən bir saat sonra deyirdi ki, o vaxt mənim on yaşım olub, necə mənim adıma görə səni buraxa bilərdilər? Yəni o qədər hövsələli və dinləmək mədəniyyəti olan adam idi. Başqası olsa deyərdi, dur yığışdır şələ-şüləni də, çıx get, yalan danışma. Amma prinsipal məqamlarda onun əmin olduğu, inandığı məsələlərdə fikrini dəyişmək mümkün deyildi.

- İsmayıl Şıxlının əsərlərində bəşəri motivlər çoxluq təşkil edir. Ata, ailə başçısı kimi nə qədər azərbaycanlı olsa da, yazıçı kimi dünyəvi insan olub.

- Atam Qərb ədəbiyyatı mütəxəssisi idi. Onun ən çox xoşladığı yazıçılardan biri  Viktor Hüqo, ən sevdiyi ədəbi qəhrəman isə Jan Valjan idi. Yəni o, antik ədəbiyyatdan tutmuş, öz müasirlərinə qədər hər şeyi oxuyurdu, bilirdi. O, bəşəri yazmaya, düşünməyə bilməzdi. Amma, eyni zamanda da azərbaycanlı, türk idi.

- Bizim ədəbiyyatda bioqrafik romanlar azlıq təşkil edir. "Dəli Kür" romanı dövrü əks etdirmək baxımından, həm də prototiplərə görə İsmayıl müəllimin həyatına yaxın əsər hesab olunur. Hərçənd ki, "Ölən dünyam" romanında bu elementlər daha qabarıq nəzərə çarpır.

- Müəllifə yaxınlıq nöqteyi-nəzərdən siz deyən kimidir. Atam özü deyirdi ki, mən ancaq gördüyüm və bildiyim şeylər haqqında yazıram. Hərçənd "Ölən dünyam" əsərində bir az alleqoriya var. Əsərdəki itin törəməsi Həsən ağanı tanıyır. Sürgün olunan Güllü xanımın dadına da yenə it çatır. Bununla yazıçı demək istəyirdi ki, ay insanlar, hətta itin belə, qan yaddaşı olur. Siz də qan yaddaşınızı unutmayın.

- Əsərlərdə prototiplərdən istifadə bir az təhlükəli olur. İsmayıl müəllim də qəhrəman kimi yaxınlarından, qohumlarından istifadə edib. Ondan inciyən prototiplər olurdu?

-  Bizdə bir az bədii əsərlə gerçəkliyi qarışdırırlar. Əsərdə daha çox qohumlarından, dayılarından bəhs edib. Onlar haqqında da pis heç nə yazmayıb. Daha doğrusu, olanları yazıb. Həm də atamın qohumlarının çox, sürgün olunublar. Qohumlarından birinin nəvəsi bir dəfə gəlib müsahibə verərkən avtobioqrafik məqamlara keçmişdi. Cahandar ağa haqqında xoş olmayan sözlər demişdi. Sonra mən ona yazdım ki, Cahandar ağa sənin babanın babası deyil, digər tərəfdən, elə bir obrazı sən mal oğrusu səviyyəsinə endirə bilməzsən. Bundan sonra mənimlə razılaşdı. Bilirsiniz, Cahandar ağa o vaxt üçün bir nümunə idi. Bəlkə də ideallaşdırılmış bir kişi obrazıydı. Bu obraza xətər gətirən şeylər yazmaq, açıqlamaq doğru deyil.

Atam özü Cahandar ağanı görməyib. O deyirdi ki, obrazı anamın nəql etdikləri əsasında təsvir edib yazmışam. Amma yazarkən Kosalar kəndində Qara Nəbi adlı kişini gözlərim önünə gətirmişəm. Zahirən Cahandar ağanı o kişiylə müqayisə edib yazmışam. Şamxal atamın xalası oğlu olub. "Ölən dünyam" romanındakı Şəmiddin bəy obrazı isə atamın dayısı olub. Onu güllələyiblər. On  dörd yaşlı qızını isə Sibirə sürgün eləmişdilər.

- Yazıçının genetik ağrıları mətnlərində hiss olunur...

- Doğrudur. "Ölən dünyam" əsərində rus əsrgərlərinin 1927-28-ci illərdə kəndə gəlib camaatı güllələməsini atam öz gözləri ilə görmüşdü. Deyirdi, atamın əlindən tutub dayanmışdım. Əsgərlər isə adamları üç-üç sayaraq güllələyirdilər.

- İlk şeiri mətbuatda çap olunandan sonra bir də şeir yazmayacağı üçün kədərləndiyini dilə gətirib. Poeziyaya qarşı kəskin və kədərli öncəgörümü olub.

- Görünür, atam başa düşüb ki, böyük şair olmayacaq, ona görə də elə deyib. Atamın bir sözü vardı. O, deyidi ki, əgər Osman Sarıvəlli Səməd Vurğunla eyni yaşda olmasaydı və eyni mühitdə yaşamasaydı, bəlkə də Səməd Vurğundan daha çox tanınardı. Çünki güclü şair idi. Amma Səməd Vurğunun şeirlərinin və xarizmasının yanında o itirdi.

Atam isə çox yazmırdı. Hətta tələbələrindən biri ondan "Dəli Kür"dən sonra niyə yeni əsər yazmadığını soruşub. Atam cavab verib ki, qorxuram. "Ölən dünyam" romanı tamam başqa mövzu idi. Onu mütləq yazmalıydı. Onun birinci fəslini yazandan sonra atamın gözləri tutulur. Ona görə ardını diktə edib, anam yazıb. Hərdən anam yorulanda bizə deyirdi ki, gəlin, bir az da siz yazın. Atam həmin romanı öz əli ilə axıra qədər yazsaydı, cümlələr, ifadələr bəlkə də bir az başqa cür olardı. Çünki yazıçının öz əsərini özünün yazması başqadır. Əsər üzərində gəzişmək, ona yenidən qayıtmaq kimi məqamlar var. Amma diktə elədir ki, hafizə daha çox rol oynayır. Romanı bitəndən sonra atam özü onu bir dəfə redaktə etdi. Ondan sonra dedi ki, indi rahat ölə bilərəm.

- Ədəbi mühitdəki gənclərə kömək edirdi?

- Həmişə edib. Atam həm də pedaqoq olduğu üçün tələbələri də çox olub. Xəlil Rza atamın tələbəsi olmuşdu. Yazıçılar Birliyində Gənclər dərnəyi olub. Atam yazı-pozu istedadı olan tələbə görən kimi dərnəyə cəlb edirmiş. Tələbələri, o dövrün adamları ona çox hörmət edirdi. 2003-cü ildə Qazaxda olanda mənə atamla bağlı bir əhvalat nəql etdilər. O bu barədə bizə danışmamışdı. 91-ci il Qarabağ müharibəsinin ən kəskin dövrlərində Qazaxda panika yayırmışlar ki, ay camaat, erməni gəldi, qaçın. Tək atam yox, bir çox ziyalılar da bu panikanın qarşısını almaq üçün maşınların qarşısına keçib camaatı sakitləşdirməyə çalışırmışlar. Atam isə icra hakimiyyətinin qarşısına bir kətil qoyub çay içməyə başlayıb. Adamlar onun arxayınlığını görüb geri qayıtmışdılar. Bunu bizə yerli camaat danışmışdı. Feodal insan belə olmur (gülür).

- Yazıçı üçün ən dəhşətli məsələ onun gözlərinin görməməsidir. Mütaliə edə bilməməsini, yazmaq bacarığından məhrum olmasını İsmayıl müəllim təkminlə qəbul edirdi, ya sarsıntı ilə?

- Atamın gözləri şəkər xəstəliyindən sonra tutuldu. Mən sizə deyim ki, "Ölən dünyam" əsərini yazmaq ideyası olmasaydı, o, bəlkə də doxsan beşinci ildə yox, daha tez ölə bilərdi. O, qarşısına məqsəd qoymuşdu ki, əsəri yazıb bitirsin. Və sizi inandırıram ki, əgər romanı yazmaq üçün atama beş-altı ay da əlavə vaxt lazım olsaydı, o, yaşayardı. Doxsan beşinci ilin mart ayının 10-da bitirib redaktə elədi. Dedi ki, artıq rahat ölə bilərəm. İyul ayında da dünyasını dəyişdi. Anam onun yanında olmasaydı, yəqin ki, çətin olardı. İtki ağırdır. Qəfil ölüm də ağırdır, amma uzun müddət bir insanın gözlərinin önündə sönüb getməsi daha ağırdır.

- Elçin müəllim, sizcə, insan nə zaman öz xoşbəxtliyini itirir?

- Bir az çətin sual oldu. Əgər insan öz-özü ilə daban-dabana ziddiyyətdə, konfliktdə deyilsə, o, xoşbəxtdir. Birtəhər çıxmasın, indi ətrafdakı yüz adamdan səksənini görmək istəmirəm. Bəlkə heç onlar da məni görmək istəmirlər. Amma görmək istədiyim iyirmi adamın arasındayamsa və bir-birimizi müəyyən mənada anlayırıqsa, dinləyə biliriksə hesab edin ki, xoşbəxtliyimizi itirməmişik. Xoşbəxtik.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.12-13.