Mənim günüm-güzəranım...
Qavin Bell 1979-cu ildə Şotlandiyada, Qlazqo şəhərində
anadan olub. Gənc yaşlarından
hekayələr yazır.
O, Stirlinq Universitetində
təhsil alıb. Bell kriminal janrında
olan hekayələri ilə məşhurdur.
O, həm də sirli, möcüzəli hadisələrdən bəhs
edən kinossenari və romanların müəllifidir. Son illər Mason Cross təxəllüsü
ilə çap olunur. Aşağıda təqdim etdiyimiz
"A living" hekayəsi müxtəlif mükafatlara
layiq görülmüş
ən məşhur hekayələrindən biridir.
Sakitcə vannanın kənarında
oturmuşdum. Siqaret çəkə-çəkə
əlüzyuyanın üstündəki
ülgücə baxırdım.
Fikirləşirdim ki, XXI əsrdi,
amma otellərdə hələ də üz qırxmaq üçün bu qədim alətdən istifadə edirlər.
Mənim atamın da belə iti ülgücü
vardı. O, hər gün üzünü ülgüclə qırxardı,
hər gün, ehtiyatla və səbrlə qırxardı
üzünü, əhvalının
necə olmasından asılı olmayaraq...
Mənim yadımdadı, atam ömrü boyu bircə dəfə bu adətini pozmuşdu. O vaxt atam işini itirmişdi, üç gün dalbadal, eyni vaxtda və
eyni paltarda evdən çıxıb,
viskidən doyunca vurub sərxoş halda avara-avara gəzmişdi. Bir sözlə, üz
qırxmaq da yaddan çıxmışdı.
Yadımdadır ki, atam həmişə dədə-babadan qalmış
iti ülgücünü
Jilettdən üstün
tutardu...
Nə isə,
atam yaxşı kişi idi.
Yaxşı yox ee, lap belə əla kişi
idi. Mən ona oxşamadım, heyif ki...
"Sənin
başında ağıldan
başqa hər şey var!" - deyərdi mənə.
Mən ondan fərqli olaraq, adətim üzrə üzü tüklü gəzirəm həmişə...
Axırıncı qullabı vurdum və siqaretin kötüyünü tualetə
atıb suyu çəkdim.
İlk dəfə on dörd yaşımda siqareti dadmışam. Bir partiyə getmişdim,
orda bir qızı gözüm tutmuşdu. O qəşəng
qız mənə bir dənə
"Marlboro" uzatdı. Fikirləşdim ki, indi bunu
çəksəm öskürək
tutacaq məni, qızın yanında biabır olacam. Uşaqlar deyirdi ki, ilk dəfə siqaret çəkəndə adamı
gic öskürək tutur. Yoox, mən öskürmədim,
amma sinəmdə qəribə bir ağırlıq qaldı.
Ucuz kofe içəndən sonra qalan bir hiss kimi... O cür...
O qızla heç bir şey alınmadı, amma həmin gecə həyatım boyu mənə ən yaxın olan bir dost qazandım.
Əgər siqaretə
dost demək mümkünsə.
Atamın bir sözü vardı, deyirdi: "Elə dostu olana heç
düşmən lazım
deyil".
On altı yaşım vardı, Abiqal adlı bir qızla tanış olmuşdum. Böyük bir rəsm sərgisində görüşməli
idik. Elə əvvəldən hər şey tərs gəldi. Mən pulqabımı itirdim, sonra o, bilmədən kolanı üstümə
dağıtdı. Mən onu
avtobus dayanacağına
qədər ötürdüm.
Gecə idi. İkimiz də bu gecənin bitməsini istəmirdik. Qəribədir,
hələ də yediyimiz o yanmış hamburgerin iyi burnumda, o diringi musiqi isə qulaqlarımda ilişib qalmışdı... Dayanacaqda skamyada
oturub uzun-uzadı öpüşdük.
Mən onu bir daha
görmədim. Mən onu heç
unutmadım da. Amma o isti, sevgili hisslər
hələ də yadımdadır. Nə
isə...
Saata baxdım. 11.47 idi.
Az qaldı.
Mən hamama göz gəzdirdim. Par-par parıldayan
o iti ülgücü
nəzərə almasaq,
bu otaq dünyanın
hər yanında olan dörd ulduz otellərdəki adi hamam otağından
heç nə ilə fərqlənmirdi.
Ağ pilətəli döşəmə.
Ağappaq keramik vanna,
əlüzyuyan və
tualet. Xromlu asılqandan sallanan
dəsmallar. Divardan asılmış
axmaq şəkillər.
Sulu boya ilə çəkilmiş bir şəkildə çılpaq
qadın arxası mənə tərəf oturub mavi səma
altında işıldayan
gölə baxırdı...
Məncə, pis şəkil deyildi. Vaxtilə, yeniyetmə vaxtlarımda
mən də qəşəng şəkillər
çəkərdim. Ekspressionizmlə maraqlanırdım. Şəkillərimlə əhval-ruhiyyəmi, nə
fikirləşdiyimi göstərmək
istəyirdim. Rəsm müəllimim
deyirdi ki, çəkməyini davam elətdir, tənbəllik
eləmə.
Amma marağım ölmüşdü. Daha böyümüşdüm.
Məni daha çox iş-güc, pul-para, qızlar, maşınlar maraqlandırırdı. Yəqin, hamıda
belə olur.
Amma o şəkillər bu gün də məni maraqlandırır. Hərdən uğursuz şəkillər
görəndə mənim
mənasız həyatımın
o dövrü yadıma
düşürdü və
mən birdən-birə
dilxor olurdum.
Nə bilim, əşşi...
Deyəsən, vaxtdır. Ayağa qalxdım, üst-başımı
düzəltdim. Güzgüyə tərəf getdim, barmaqlarımla saçıma,
saqqalıma sığal
verdim. Hərdən
üzümü qırxmaq
istəyirəm, amma ülgüclə yox... çox təhlükəlidir...
Bir azdan mən otağın qapısının
açarla açıldığını
eşitdim. Tez vanna otağının
işığını söndürdüm.
Vanna otağının qapısını
azca aralı qoydum ki, baxa
bilim. Otağın qapısı açıldı
və işıq yandı. Otağa kostyumlu bir kişi daxil oldu. O, çox yorğun görünürdü.
Kostyumu çox bahalı idi, həm də
ona əla yaraşırdı.
Mən tapançamı qoburundan çıxardım və
səsboğanı lülənin
ucuna taxdım. Vannanın qapısını
açdım.
Kişi məəttəl-məəttəl mənə baxırdı. Mən üç
dəfə onun sinəsindən, bir dəfə də başından vurdum.
Kişi tappıltı ilə yerə yıxıldı.
Üzündə heyrətqarışıq bir təəccüb ifadəsi vardı.
Səsboğanı aça-aça kişiyə
baxdım. Qan ləkələri xalçanı pis günə salmışdı.
Mən heç bilmirdim ki, bu kişini
hansı günahına
görə ölümə
məhkum eləmişdilər? Onun kim olduğunu,
nəçi olduğunu
da bilmirdim. Arvad-uşağı vardı, ya
yox? Atası-anası kimdir?
Bilmirdim ki, ilk məhəbbəti kim olub? Yadındaydı, ya yadında
deyildi?
Təkcə onu dəqiq bilirdim ki, sabah
səhər alaqaranlıqda
pulla dolu sarı bir konverti
çöl qapımın
altından içəri
atacaqlar. Bunu lap dəqiq bilirdim...
Bu da mənim günüm-saatım!..
Mən nifrət
edirəm belə həyata!..
Neyləyim ee, bu da mənim
həyatımdır da...
Günahlara bulaşa-bulaşa yaşayıram
özümçün.
Əşşi, ee, tüpürüm belə günə-güzərana...
İngilis dilindən çevirəni: Rauf
Qaraişıq
Qavin Bell
Ədəbiyyat qəzeti. - 2019.- 27 iyul.-
S.13.