Gənc alimi öldürən fəlsəfə...

 

Dəyərli dostlarım Kənan Hacının Ayaz İmranoğlunun məsləhəti ilə Süleyman Abdullanın "Fəlsəfə müəlliminin ölümü" romanını oxudum. Yaradıcı enerjiyə sahib hər kəs bu romanı oxumalıdır. Romanda bəzi hallarda cəmiyyətin gözündə ziyalı mövqeyinin, ziyalı sözünün dəyərsizləşdiyini, nüfuzdan düşdüyünü görürük. Ən dəhşətli məqamsa budur ki, min bir fırıldaqla uşaqları universitetlərə qəbul etdirən, onlardan pul yığan Əli müəllimi atası Arifə sağlam nümunə kimi göstərir. Oğlunu riyaziyyat müəllimi olmağa məcbur edir. Arifsə fəlsəfəni sevir, gecə-gündüz fəlsəfi kitablar oxuyur. Eynəkli, çəlimsiz gəncə kənddə heç kəs hörmət etmir, hər kəs ona lağ edir.

Arifin həyatını oxuduqca öz yaşantılarımı bir daha xatırladım. Atasının Arifi əsgərliyə yola salarkən yaşadığı hissləri, vidalaşan zaman göz yaşlarını saxlaya bilməməsi mənə çox təsir etdi. Arif qatarda qarışıqlığa düşəndə eynəyinin şüşələri sınır. Gözləri görmür, vidalaşma anında atasının üzündəki ifadələri, göz yaşlarını görmür. Görsəydi, bəlkə ürəyi yumşalar, atasının istəyini yerinə yetirər, riyaziyyat müəllimi olardı. Atası Arifin cibinə pul qoyur ki, imkan düşən kimi özünə eynək al. Bu məqamda Qasım kişini ağlamaq tutur. Hərbi xidmət zamanımı xatırladım. Mənim eynəyim qırılmışdı.

Arif romantik, həyat hadisələrinə olduqca sentimental münasibət bəsləyən saf bir gəncdir, həyatın müsibətlərindən, insanların acgözlüyündən xəbərsizdir. Arif inanır ki, insanlar mədənidirlər mübahisələri mədəni qaydada danışaraq, dərdləşərək həll edə bilərlər. Ancaq əsgərlikdə olanda bu fikirləri alt-üst olur. Bu məqamlarda Arif böyük ümidsizlik yaşayır, insanlara bəslədiyi inamı itirir. Qəlbinin dərinliyindəsə ona pislik edənləri bağışlayır. Onlara ürəyində qarğış etmir, söymür. Qisasçılıq fikri ilə yaşamır. Əslində, hər birimizin həyatında Arifin yaşadığı saflığa, səmimiyyətə rəğbət bəsləmək,  bəzənsə inamın itməsi, həyatdan küsmək, axtarışda olmaq, özünü tapa bilməmək kimi məqamlar olur. Arif ürəyində daim özüylə danışır. Hadisələrə sağlam məntiqlə yanaşmağa çalışır. Bir məqamdasa anlayır ki, məntiq insanı istəklərindən məhrum edir. Anlayır ki, həyatının məhz bu məqamında qətiyyətli olmalı, iradəsini göstərməli, qərar verməlidir. Arif riyaziyyatçı olmaq istəmir, öz istəyinin, fəlsəfənin ardınca gedir. Arifin yeganə təsəllisi Zina olur. Zinanın hərbi pilot olan əri uçuş zamanı qəza keçirmiş, vəfat etmişdi. Arifin tərbiyəsi, digər əsgərlər kimi başıboş olmaması Zinanın diqqətini cəlb edir. Arif azadlığın, zövqün olduğunu başa düşür. Ancaq Zina ilə görüşə getmək üçün hərbi hissəni özbaşına tərk etdiyinə görə onu qaupvaxta salırlar. Arifə həbsdə zülm edənlər elə rus əsgərləri olur. Ancaq həmyerlisi qaupvaxtda ona kömək edir. Arifi döyənləri döyüb cəzalandırır. Ümumiyyətlə, əminliklə demək olar ki, romanda milli birlik milli kimlik hissləri təsvir olunub. Müəllif oxucusunu məhz milli birliyə milli kimliyini tanımağa çağırır.

Arif fəlsəfə müəllimi olur, elmlər namizədi adını alır. Amma zaman keçdikcə xoşbəxt olmadığını anlayır. Atası onun fəlsəfə müəllimi olduğunu eşidərkən oğlunu söyür, Arifi evdən qovur. Növbəti gün oğlunun televizor kanalında alim kimi təqdim olunduğunu görəndəsə sevinir. Qasım kişi həmin anda televizora Əli müəllimlə birgə baxır. Qasım kişinin məqsədi Əli müəllimə acıq verməkdir. Çaxır içmək adıyla Əli müəllimi aldadıb evinə qonaq çağırır. Əli müəllim Arifi TV- görəndə qısqanclıqdan dəli olsa da bunu büruzə verməməyə çalışır. Əksinə sevindiyini, Arif kimi bir alimin müəllimi olduğu üçün fəxr etdiyini deyir.

Romanın əsas qayəsi budur ki, Arif xoşbəxt deyil. Romanda SSRİ-nin dağıldığı və yeni müstəqil dövlətin qurulduğu zamanlardakı maddi vəziyyətdən, alimlərin, müəllimlərin çətinliyindən və fırıldaqçı müəllimlərin müxtəlif dələduz yollara əl atıb var-dövlət, şan-şöhrət sahibi olmalarından bəhs olunur. Romanı oxuyarkən biz Ariflərin faciələrini, bu faciələrin səbəblərini və nəticələrini görürük. Romanda, həmçinin maddi dünya və mənəvi dünya anlayışlarının fərqini görürük. Tələbə yoldaşı savadsız Cəfərlə alim Arifin münasibətlərində biz bu dilemmanın təsirlərini, nəticəsini görürük. Cəfərin Arifə münasibəti alverçi zehniyyətin sənətə, intellektə bəslədiyi münasibətin nümunəsidir.

 

Nicat Həşimzadə

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.15.