"Mən" olmağımın tarixçəsi...
parçalar
Yazının əvvəli - Linkə
keçid edin:
http://edebiyyatqazeti.az/news/muzakire/4125-men-olmagimin-tarixcesi
60-cı illər. Bakı
Biz Bakıya 60-da o ümidlə
köçdük ki, atamız "sevgilisindən"
ayrılıb evinə qayıdar. Əslində, nənəm
olmasaydı, ürəyi yumşaq, fağır, tərbiyəli
anam bu "təpərli" addımı atmazdı. Atam isə "qızıxmışdı" (nənəmin
sözü), Elmirə xanımdan ayrılmaq planı yox idi,
ona görə də Bakıya gəlməyimizin xeyri
olmadı. Hərçənd gəlməsəydik,
bəlkə də bizdən tam uzaq düşərdi. Ancaq bizi atmamasında Partiyadan qorxmasının da
rolu olmuşdu.
Anam Universitetin fəlsəfə
fakültəsinin ilk buraxılışlarından idi,
60-cı illərin fəlsəfə üzrə bir çox
müəllimləri onu əlaçı və əsl azəri
qızı kimi tanıyıb hörmətini tuturdular. Atam bizi atsaydı, bu da onun
nüfuzuna ləkə gətirərdi, - yaxşı bir azərbaycanlı
qızını bədbəxt etmiş adam
kimi.
Arvadbaz bir gənc olan atam, kəbinsiz
seks hər cavana qismət olmadığı üçün,
18-19 yaşında ortaq ulu babanın soyundan olan Simuzər
xalanı almışdı. Sonra Aqil məni onunla, - anası ilə
tanış etdi. Simuzər
xalanın görünüşü adi idi, ancaq deyəsən,
gəncliyində qalın hörüyü ilə
seçilirdi. Bu isə kənddə
qızları çəkimli edən göstəricilərdən
imiş (bizim Ortaçağ ədəbiyyatında
zülfün küfrlə, kişiləri yoldan
çıxaran seksuallıqla anışmasını yada
salın). Yeri gəldi, bunu da deyim,
saç məsələsində anamın öyünməli
heç nəyi yoxdu, çünki saçı zəif idi və
40-50 yaşlarında o qədər töküldü ki,
başının dibi görünməyə başladı.
Atam uşaq-muşağı
vecinə almadan oğlu Aqili, arvadı Simuzəri kənddə
qoyub Ağdamda texnikumda oxumağa başladı və burada
anama vurularaq axırda evlənməyə razı saldı. Anam, demə,
ölümündən qabaq Aqildən xeyir-dua
almışdı ki, nəyə deyirsən, and içim,
Musanın evli olub boşanmasından xəbərim yox idi.
Atam eyni vecsizliklə anamla
davranmışdı. Bir nədəni şorgözlüyü
idisə, o birisi şəhər qarşısında kəndçi
kompleksi idi. Güman onun gözündə
Ağdam Sarcalıya baxanda sovet adamına Paris görünən
kimi görünmüşdü və ağdamlı qıza
evlənmək bu "Parisə" düşmək yolu olmuşdu,
Balzak romanlarında saçı pərişan Marius təkin gənclərin
əyalətdən Parisə gəlməsinin motivinin
oxşarı Azərbaycanda da vardı.
Atamın evlənməsində
bu motivdən başqa anamın yaraşığını,
xasiyyətini gözə alanda sevginin olmasını da
qırağa qoymuram. Hərçənd o çox arıq idi,
bu dərəcədə arıqlıqsa o çağkı
şorgözlərə, aşiqlərə incəlik kimi
görünürdümü? - bilmirəm.
O çağlar azərilərin üstünlük verdikləri
qadınlar Rubens qadınları idi. Mən
özüm bu seksual "prioritetdən" qırx
yaşından sonra qurtula bildim. 50 yaşımda isə
Azərbaycanda dolu qadınlara tamahı, iri alma-armuda
üstünlük verilməsini, içki məclislərində
dostlarımın və özümün küpünəcən
girməyimi (çox içməklə bağlı
qardaşım Aqildən eşitdiyim deyim) bu kulturoloji silloqizmlə
açıb anlatdım: bir nəsnə ləzzət verirsə,
onun iki qat böyüyü iki qat, üç qat
böyüyü üç qat ləzzət verəcək
inamı bizi çaşdıran yanlış silloqizmdən gəlir.
Axırıncı ilə ağıllanandan sonra özümə
komanda verdim: içəndə dəm olan kimi içkini
dayandır, çünki dəmsənsə, daha çox
içdikcə iki qat, üç qat ləzzət olmayacaq!
Normal qadın bədənindən
iki qat böyük olan qadın bədənindən iki qat ləzzət
almaq ümidində olan kişilər bu içki
aldanışının qurbanı olurlar.
Atam iliyinəcən ateist
idi. 175 sm-ə
yaxın boyu vardı, yaraşığı da az
deyildi. Ancaq köklüyə meyli 35
yaşında onu dikinə durmuş düzbucaqlı qutuya
çevirmişdi. Bakı Dövlət
Universitetində fəlsəfədən, elmi-ateizmdən dərs
deyirdi. Universitetdə heç kim onun
qədər kök deyildi. Belə kök ola-ola
arvadbaz da olasan?! - təəccüblü
məsələdir. O mənim əyin-baş məsələsində
vecsizliyimdən fərqli olaraq, geyiminə çox fikir verirdi.
Həmişə bahalı kostyum tikdirib geyərdi.
Əyninə böyük köynək tapa
bilmirdi, ona görə pencəyin altında qalan yerində
qoltuq altı tikişdə köynəyi başqa parça ilə
genəltdirərdi. Başında şlyapa olardı və
bu ona kostyumu ilə, köklüyü ilə birlikdə vəzifəli
adam imicini verərdi. Qayaüstü
rəsmlərdə qəbilənin başçısı yerdə
qalanlardan böyük çəkilərdi. Oxşar olaraq uzun sürə köklük də
insanın varlı, yeyib-içib yaşamasının göstəricisi
kimi qavranılırdı. Yaxşı kostyumlu,
şlyapalı kök adam azəri
qavrayışına qeştalt psixolojinin dediyi patterndə
"böyük adam" qəlibini verirdi.
Universitet müəllimlərinin
öz modası vardı. 80-ci illərdə birdən-birə onlar
şlyapanı Çe Qevara bereti ilə əvəz etdilər
- papaq məsələsində çox konservativ olan azərilər
zorla vəzifəli adamların şlyapasına
alışmışdılar ki, universitet müəllimlərinin
bir kəsimi beretə keçdi. Hardan gəlmişdi
bu dəb? - bilmirəm. Bəlkə də Moskvadan gəlmişdi. Hər halda Tiflisdən, ya bereti sevən basklardan gələ
bilməzdi. Moskva isə bereti Çe
Qevaradan götümüşdü, məncə. Korrupsioner Sovet rejiminin paytaxtında Latın
Amerikası partizanlarına, devrimçilərinə
anlaşmaz gənclik sevgisi vardı. Bu
sevgi Kastro-Xruşşov arasındakı dostluq sevgisi qədər
qəribə idi.
İlk dəfə bereti
professor Ağamusa Axundovun başında görməyim
yadımdadır, bəlkə də bu moda universitetdə ondan
başlamışdı və həməncə gəlib atama
çatmışdı. Şlyapalı Musa beretli Musa oldu.
Mən isə o
çağlar bu şlyapa məsələsindən elə
qıdıqlanırdım ki, hətta 50 yaşında
başıma nə qoyum? - sualı qarşısında duruxub
qalanda şlyapa ideyasını yaxına buraxmadım.
Atam, görünür, bizim
qarşımızda suç duyurdu, ona görə bizimlə
kobudluq etməzdi, heç o biri qardaşlarım Fərhadla,
Mehdi ilə də etməzdi. Bir dəfə
çiməndə biz Elçinlə çox səs-küylə
məzələnmişdik. "Bəsdirin!"
sözünü vecimizə almayanda gəlib yüngülcə
dalımızı şapalaqlamışdı. Bu bizim ömrümüzdə birinci və
axırıncı ata silləsi oldu. Mənə
elə gəlirdi ki, hamını evdə kötəkləyirlər,
ona görə gizli öygü duyurdum ki, bizi döymürlər.
Ancaq onu da deməzdim ki, atam bizimlə
bağlı heç nəyi vecinə almırdı. Düzdür, necə oxumağımızı vecinə
almırdı. Di gəl, nədənsə,
birdən-birə saçımızı necə
saxlamağımızı vecinə aldı. Mənim 9, ya 10-cu sinifdə bakenbard saxlamağım
onu çox qıcıqlandırırdı. Bir dəfə
hirsindən partlayaraq barmağı ilə bakenbardımın
yarısını cızıb demişdi, buradan kəsmək
lazımdır! 50 il keçib,
ömrümdə min maraqlı olay olub, hamısı da
yadımdan çıxıb. Bəs niyə bu
barmağın çəkdiyi cızıq huşumda qalıb?
- insan ruhunun, psixikasının sirləri
haqqında sorular belə nəsnələrdən gəlir.
İki ildən sonra
gördüm ki, atam özü də bakenbard saxlayır.
Onun bu qəribəlikləri
Elçinin "Nimrod" romanına düşüb. Orada Nuh
peyğəmbərin atam kimi sinik və ateist oğlu, - atam
kimi dəqiqədə bir "kəneşnə, kəneşnə"
deyən Xuş balasından (Nəmruddan) ala-bəzək
gödəkcəni alır ki, oğlan uşağı belə
şey geyməz. Zaman keçir Nəmrud
görür ki, atası həmin gödəkcəyə
özünü pərçimləyib alaçıqdan
çıxır. Elçin mənə dedi ki, onunla
atamız arasında gerçəkdən bu olay olmuşdu.
"Nimrod" romanı o
çağlardandır ki, Tanrının dünya səhnəsində
iştirakı dəqiqədə bir görünürdü,
Nuh isə peyğəmbər olduğundan Tanrını
hamıdan çox yaxından bilmişdi. Bu, yüz illər
sonra oldu ki, Tanrı, sanki dünyanı buraxıb ondan
uzaqlaşdı, daha adamlar arasından elçi seçmədi.
Ona görə Tanrının "dünən filankəsin
gördüyü Allah olduğu bir dünyada" Nuhun oğlu
Xuşun ateistliyi adamı mat qoyur - bu nə axmaq adam imiş?!
Mənim atamdan söylədiklərimdən
nəticə çıxarmayın ki, ona qarşı gizli nifrətim
var. Yox. Biz uşaqları onun simicliyindən, üç
arvadlılığından qəzəblənsək də
çoxdan bağışlamışıq və Elçini,
Aqili bilmirəm, mən onun üçün indi
darıxıram. Əslində, simicliyi də
müəllim maaşı ilə yaşamasından idi. Bakıda iki arvad, 6 uşaq, taksi xərcləri və
baş müəllim, sonra dosent maaşı - simiclik etməyəydi,
nə edəydi?! Xatirələrimi oxuduqca
atam haqqında yaxşı nəsnələri də görəcəksiniz.
Onun şəxsiyyətinə bu qədər yer
ayırmamsa Froyddan gələn "ata-bala konflikti və
sevgisi" probleminin Azərbaycan variantını düşünməkdir.
Bir də İsa peyğəmbər demişkən,
suçlama ki, suçlanmayasan. Bəs
balalarım mənim haqqında nə düşünürlər,
mən onlara, bilməzə, hansı travmaları vurmuşam?
Bəlkə sonralar bunu onlardan soruşub
araşdırdım.
İndi
düşünürəm ki, mənim psixolojim atamın bir
çox başqa xasiyyətlərinə protest olaraq
formalaşmışdı. Froydun bir tezisinı
öz üzərimdə dərindən duyuram. O deyirdi
ki, oğullar 30-35 yaşınacan atalarına etiraz əsasında
formalaşırlar. Sonra isə birdən
ayılıb görürlər ki, özləri ataları
kimidir. Dostum İlham (Səfərov,
İnternyusun direktoru) mənə demişdi ki, 35
yaşınacan atamın qədrini bilmirdim, nə
yaxşılıq edirdisə, düşünürdüm
borcudur. Yalnız yaşlananda onu əziz adam
kimi çox istəməyə başladım.
İndi mən də
atamın xəsisliyinə etiraz olaraq formalaşmışdım
və dayım kimi əliaçıq olmağa
çalışırdım. Hərçənd
pulum yox idi ki, bu xasiyyətimi geniş göstərim. Atam köklüyünə görə həmişə
taksi ilə gedərdi. Ona görə taksiyə
pulu qəpiyinəcən düz verərdi və buna görə
taksi sürənlərin nifrətini qazanmışdı.
Taksi məsələsini mən də bilirdim və
utanırdım. Hətta bir taksi şoferi
qəzəbindən onu maşından çıxmağa
qoymayıb qaba sözlərlə dükanları gəzdirmişdi
ki, qaytarmağa 3 qəpiyim yoxdur, gedək tapım verim. Sovetlər dağılandan sonra mən atamın bu
xasiyyətindən utandığımı yadımdan
çıxarıb özüm milli mədəniyyət naminə
pulda dəqiqliyin tərəfində durdum, hətta bunu əsaslandırmaq
üçün azərilərin pul psixolojisi ilə
bağlı yazılar da yazdım.
Başqalarından seçilməyin
ekzistensial önəmini qanan hər adam
öz görkünü, imicini hamıdan ayıran
davranışlar və düşüncələr
üstündə qurur. Atamın
başqalarından seçilmək istəyi onu bu istəyi
ağlına gətirməyən yığnaq adamlarından
ayırırdı. Pisi o idi ki, atamın
işi-gücü gözdə-qulaqda durub kiminsə
ağzından "inşallah", "Allah qoysa" sözlərini
gözləməsi idi. Elə ki, biri bunu
deyirdi, həməncə ateistik kinayə ilə onun Allaha
güvənməsini ələ salırdı. Qabaqlar düşünürdüm ki, atam Sovet
propaqandasından qorxub belə edir. Sovetlər
dağıldı, atamınsa ateizmi qaldı. Hətta yaşı 70-i keçəndə belə,
ölüm qarşısında hər ehtimala qarşı
Allaha inanmadı.
Sonradan soruşanda bildim ki,
anam da ateist imiş. Lap mat qaldım. Ancaq
o, atam kimi döyüşkən ateist deyildi. Görünür, anamı Allahla ilgili
uşaqlıqdan gəlmə quşqular yox, unievrsitetin fəlsəfə
fakültəsində keçdiyi marksizm-leninizm belə dəyişdirmişdi.
Hərçənd bir soru cavabsız qalır,
niyə həmin fakültəni bitirmiş o biri tələbələrin
çoxu üzdə ateist təkin danışsalar da, ürəklərində
Allah sevgisini və qorxusunu gəzdirirdilər, mənim kövrək,
zərif anamsa gəzdirmirdi? Ruhun qəribəliklərindən
sirr istəyirsinizsə, bu da bir psixoloji sirdir!
***
1960-cı ildə biz 199
saylı məktəbin yanındakı Tolstoy küçəsində
4 mərtəbəli evin yarımzirzəmisinə
köçmüşdük. Burada da "aankı
evimiz" kimi sirli otaq vardı. Bizə bərk-bərk
tapşırmışdılar ki, onun qapısını
açmayın, orada pişik boyda siçovullar var. Beləcə,
hər gün gözümün qabağında bir mistik
qapı dururdu. Bu qapını
nağıllardakı "40-cı qapını
açma!" tapşırığından gələn
duyğularla qavrayırdım. Bağlı,
içinə girmədiyin yerlərin mistikası uşaq
dünyası üçün ayrı şeydir.
Sarcalıdan çıxıb bir az
aralananda qarğıdalı tarlasının yanında bir arxa
çatırdın, su "Göz" adlanan mağara tipli
torpaq qabartısından çıxırdı. Qardaşım Aqil deyir ki, o, kəhrizdən axan su
idi. Biz ora girib dərinə gedə bilərdik,
di gəl girmirdik və onu sirli yer hənirtisində duyurduq.
Bakıda ilk
yaşadığımız mənzilin yiyəsi
hündür, Sovetski cayılı tipində
yaraşıqlı oğlan idi, hər ay gəlib kirayə
pulunu aparırdı. Anası gürcü idi. Onun mənə bir axmaq etgisi oldu, indi də zibilini
çəkirəm. Gələndə təndir
çörəyi, kolbasa ilə gəlirdi. Kağızı stolun üstünə sərib
yavaş-yavaş ləzzətlə yeyirdi. Bu zaman çörəkdən böyük tikə,
kolbasadan qırnıq dişləyib yeyirdi. Biz kasıbçılıq içində
yaşasaq da, aclıq çəkmirdik. Ancaq bu 30
yaşlı gədənin yemək üslubu məni elə
tutdu ki, başladım elə yeməyə - çox
çörək, az ət. Ağdamın
zavod çörəyi yaman dadlı idi, ancaq mən onu
uşaqlıqda adi qaydada yeyirdim. Bu oğlandan
sonra isə çox çörək yeyən oldum. Yalnız 55-60 yaşımda aşırı
köklükdən qurtulmaq üçün Demis Russosa
baxıb çörəyi tərgitdim. İndi
hərdən dadıram.
"Tolstoy"da ilk dəfə
mən Bakının öz iyini bildim. Zibil qutularına nəsə
dərman vururdular (orda-burda indi də vururlar) və onun qoxusu mənim
üçün Bakı iyi olaraq Bakını "iysiz"
Ağdamdan ayırdı.
"Tolstoy"da mən 60,
ya 61-cı ildə camaatı silkələyən çörək
qıtlığını gördüm. İndi Azərbaycanda, - daha
çox Bakıda, kökəlməmək üçün
xeyli adam çörək az yeyir, ona
görə də başqa yeməklər varsa, birdən
çörək qıtlığı olsa, bunu fəlakət
saymazlar. O çağlar isə yoxsulluqdanmı, adətdənmi,
nədənmi çörəyi çox yeyirdilər, ona
görə qıtlıq adamları bərk qorxutmuşdu. Çörək üçün uzanan böyük
növbələri indi də göz qabağına gətirə
bilirəm. Bakıda dükanlarda adamlar
Ağdamdakı kimi bir-birini "qırmırdılar",
uzun növbələrə düzülürdülər, hərçənd
hərdən itələşmələr olurdu.
"Azərilər və
çörək" ayrı bir konudur. Gəncliyimdə
oxumuşdum ki, yoxsul ölkələrdə çörəyi
çox yeyirlər (80-ci illərdə arıqlamaq
üçün çörəyi azalda bilməyən Ramiz
Rövşən mənə demişdi, gördün
çörəyi çox yeyib kökəlirəm, deməli,
kasıblamışam).
Moskvada oxuyanda
görürdüm ki, tələbə yeməkxanasında
ruslara 2-3 nazik dilim bəs edir. Biz isə 6-7 dilim
götürürdük. Sonradan Avropada və
Amerikada olanda anladım ki, oradakılara baxanda ruslar da
çörək çox yeyirlər. 1991-ci
ildə Amerikaya jurnalistlər qrupu ilə getmiş bizlər
tez-tez "çörək gətir" deməklə
ofisiantları bezdirmişdik. Bu zaman, sanki
çörəyə sevgimizdə amerikanlardan fərqlənməyimizlə
öyünürdük. İndi bunu yada
salanda özümüzə gülürəm. Fərqləri başqa nəsnələrdə
tapıb göstərməliydik, yoxsulluğun simvollarında
yox.
Deməli, belə. Ağdamda
zibil hara atılırdı huşumda qalmayıb, ancaq hər
halda zibilə vurulan dərman qoxusunu bilmirdim, çünki
orada belə nəsnələr yox idi. Bakıda
bildim. Ağdamda dükanların
qabağında qənd gələndə böyük
yığnaq, basabas, qışqırıq olardı.
İlk dəfə Bakıda gördüm ki, dükanlarda adam kimi növbəyə durmalısan, yoxsa
ayıbdır. Ağdamda biz "şəkər"i
"qənd"dən ayırırdıq. Bakıda mən dükanda şəkər istəyəndə
qənd verirdilər. Ağdamlıların
"şəkər" sözünün yerinə Bakıda
"qara camaat" (bəs təhsildən uzaq adamları necə
adlandırım?!) "pəsöy"
deyirdi. Biz qara camaatdan olmadığımız
üçün (hər halda müəllim ailəsi idik)
"pəsöyə" keçmədik, ona görə
indiyənəcən ağdamsayağı "şəkər"
sözünü işlətməyim məni cürbəcür
anlaşmazlığa salır ("şəkər tozu"
isə nəsə dilimə yatmır).
İndi ki fərqlərdən
danışdım, birini də deyim. Bakıya gəldiyimiz
ilk günlərdə ətin dadı mənə dəhşətli
pis gəldi. O çağ ət qıtlığı
daha böyük idi. Deyirdilər ki, dükanlara
müharibə üçün olan rezervdən ət
dağıdıblar. Mən bilmirəm,
bizim indi öyrəşdiyimiz donmuş ətə rezervdə
illərlə qalan "müharibə əti" deyirdilər,
yoxsa doğrudan da dükanlara müharibə rezervinin ətini
çıxarmışdılar. Ağdamda
biz həmişə bazardan alınma qoyun əti yeyirdik. Ağdamlıların gündəlik
bazarlığında bir-iki kilo ətin yeri vardı. Babat yaşayanlar hər gün təzə ət
bişirdikləri üçün bir həftəlik ət
almazdılar. Buna biz Bakıda öyrəşdik,
- bir dəfəyə 7-8 kilo ət almağa, özü də
mal əti almağa. Ağdamlılar isə,
əsasən, qoyun əti yeyirdilər. Ona
görə Bakıya gələndə birinci donmuş ət mənə
belə pis gəlmişdi. Onun dadına bir az sonra öyrəşdim.
Sarcalıda gündəlik
yemək daha çox "əppəklə" şor idi -
ağdamlılar əppək deməzdilər. Mənim kimi
uşaq-muşaq qonaq gələndə çolpa-filan kəsərdilər.
Şahbaz Xuduoğlu öz kəndləri
haqqında deyir ki, bizim də əsas yeməyimiz
şor-çörək idi. Sabir (Rüstəmxanlı)
dostları ilə qonaq gələndə atam heyvan kəsərdi,
ancaq öz heyvanını kəsməyə əli gəlməzdi,
dəyişdirib, ya alıb başqa heyvanı kəsərdi.
Belə çıxır ki, 10 illər keçsə də, kəndlərdə
yemək məsələsində xeyli nəsnələr dəyişmədən
qalmışdı - kənddə bir az
yaşlı və qoca arvadların güllü-çiçəkli
don geymələri kimi.
Onu da deyim ki, Sarcalıda
şor-çörək məsələsini danışanda
Aqil mənimlə qətiyyən razılaşmadı ki, bizdə
çolpa əti yemək adi hal idi. Alternativ
düşüncəni göstərmək üçün
bunu yazdım.
Froyda görə, insanın
qutuna, içinə (Altay türkləri insanın ruhuna
iççi deyirlər) düşən nə varsa, itsə
də, içdən çıxıb getmir, yəni tamam yox
olmur. İndi məni şaşırdan soru odur ki, niyə
Ağdam, Bakı uşaqlığımdan xeyli nəsnələr
huşumda deyil, di gəl, xeyli önəmsiz nəsnələr
də var ki, yadımdadır. Ağdam,
Sarcalı "zaxod"ları dəhşətli
murdarlıqda idi, ancaq yadımda qalmayıblar. "Tolstoy"da binanın həyətində olan
ikigözlü təmiz tualet isə azca yadımdadır - ona
görə ki, Elçin içəridə olanda gözləyirdim
və soruşurdum neçə kuplet qalıb. Bu "kuplet" metaforası mənim tapıntım
idi və iki qardaş arasında tualetlə bağlı leksik
vahid idi. Metafora o qədər güclüdür ki, bu
olayı Totoya danışandan 20-25 il sonra
da kuplet məsələsi yadında qalıb.
***
Ağdamdan Bakıya anam və
üçümüz necə köçmüşdük,
avtobusla gəlmişik, yoxsa Yevlaxdan qatarla? - yadımda
deyil - hərçənd səfər pal-paltar yükünə
görə əziyyətli olmalıydı. Ağdamda,
elə Bakının özündə də biz necə
çimirdik ki, istidə iy verməyək? - yadımda deyil. Evlərdə
vanna otağı yox idi, hamamamı gedirdik, ya nə? Həftədə neçə dəfə gedirdik?
Yadımda deyil. Xatırlayıram
ki, o çağlar Ağdamda qadınlar içindən
boğça qabaran vedrələrlə həftədə bir
dəfə dörd-dörd, beş-beş
qaqqıldaya-qaqqıldaya hamama gedərdilər. Yayda hər gün çimməyən adamlardan pis tər
iyi gəlməliydi - ancaq yadımda deyil ki,
ağdamlıların, sarcalıların pis tər iyi olsun.
Hərçənd çox-çox sonralar
Sarcalıya avtobusda gedəndə gördüm ki, adamlardan bədən
iyi gəlir, di gəl ikrah oyatmır. Neyçünsə
Bakı avtobuslarında belə deyildi - bəlkə
Bakının nəmişliyindən tər iyi pis olurdu?!
***
Psixolojimizin sirlərinə
aid bir nəsnə. Sonralar elmlə məşğul olanda məndə
bir adət yarandı. Hansısa məqaləni
başlayanda, problemlə ilgili yeni ideya axtarışına
çıxanda ilişən kimi problemi içimin qaranlıq
dərinliklərinə atıb başqa işlərlə məşğul
olurdum və bilirdim ki, üç-dörd günə oradan
suyun altından pırtlayıb çıxan top kimi nəsə
yeni ideya peyda olacaq. Adətən, olurdu da. İndi xatirələrimdə də bəzən nələrsə
belə pırtlayıb çıxır.
***
"Tolstoyda" yaşayanda
dükana gedəndə qonşunun yarıaçıq
qapısından (ya bəlkə pəncərəsindən) ilk
dəfə bir qarış boyda olan televizor ekranını
görmüşdüm. Deyəsən, Zeynəb Xanlarovanı
göstərirdilər.
***
"Tolstoyda" 199 saylı
məktəb bir addımlığımızda idi. Orada bir ingilis
dili müəllimi vardı, elə dərs deyirdi ki,
hamımız üçün bayram olurdu. Heyif ki,
adı yadımda deyil, üzü isə dumanlı huşuma gəlir
- balaca, şəhərli görünüşündə,
enerjili, şən danışıqlı kişi.
Belələri milli sərvətdirlər, mənimsə
adı yadımda qalmayıb ki, yazıma salım, İnternetə
düşsün. İnanmıram indi
sağ olsun. Kədər, min kədər! Sinif
rəhbərimiz isə Lamiyə müəllimə idi. Ağdamlı olduğundan anamla yerli kimi
mehribanlıqları vardı - bu, elə indicə yadıma
düşdü.
Sinifdə mən diqqətçəkən
uşaq deyildim. Hər tənəffüsdə bir çəlimsiz,
di gəl dilli-dilavər, qıvrımsaç oğlanın
başına yığışırdıq və o, nəsə
Xruşşovun qarasına durmadan danışırdı.
Bu balaca uşaq hər tənəffüsdə o
qədər anti-Xruşşov söhbətini haradan
çıxarırdı? Bəlkə də
evdə eşitdiklərini bizə deyirdi, biz də
ağzımızı açıb qulaq asırdıq və
Xruşşova balaca ağlımızla nifrət edirdik. Bunu qorxudan gizlətmirdiksə, deməli,
özümüz də qanmadan Nikita Sergeyeviçin gətirdiyi
ilımlanmış SSRİ-dən bəhrələnirdik.
Yoxsa Stalin sağ olsaydı, ağzımız nə
idi?! Xruşşovun Stalini mavzoleydən
çıxarmasına, şəxsiyyətə pərəstişi
tənqid etməsinə 199 saylı məktəbin 3
"a" sinfindəki biz, balaca stalinpərəstlər belə
reaksiya vermişdik. İndi o
qıvrımsaç oğlan haradadır? Keçmişdən
"patsan"ın qardaşı Eldarın adı yadımda
qalıbsa, onun adı niyə qalmayıb? Bizə
liderlik edən o oğlana heç yerdə rast gəlmədim.
Nə universitetdə, nə Xalq Cəbhəsinin
mitinqlərində, nə bazarda...kənddə-kəsəkdə.
199-dan gedəndən sonra mənim
üçün bu lider "passionarlığında" olan
balacanın yaşam ssenarisi qırıldı,
düşdü.
Atamın evdəki söhbətlərindən
görürdüm ki, Xruşşovpərəstdir - o, həmişə
bütün partiya başçılarının pərəstişkarı
olurdu, güman gəncliyində Stalinpərəst də
olmuşdu. Xruşşovu həmişə tərifləyirdi,
hakimiyyət dəyişəndə isə elə o cür
Brejnevi tərifləməyə başladı. Onun anadan
olduğu ildən 18-19 il qabaq Cümhuriyyət
qurulmuşdu, bir az da qabaq Əli bəy Hüseynzadə,
Ağaoğlu, Məhəmməd Əmin bizim ulusda
özgürlük sevgisini ağıllandırmaq, şiddətləndirmək
üçün əlləşmişdilər. Ancaq nə atamda, nə onun nəslindən olan
ziyalılarda bu parlaq adamların xatirəsini eşitməmişdim
ki, xəbərim olsun. Sanki Azərbaycan
Sovet Azərbaycanından başlamışdı.
Atamın Xruşşova
simpatiyasından heç bir dramatik əzab keçirmədən
Brejnev simpatiyasına keçməsi balaca ağlımla nəsə
mənim xoşuma gəlmirdi. Bunu yazanda birdən
düşündüm: bəlkə məndə müxalifətçi
psixolojiyə meyil atamın "dövlətçi" xasiyyətinin
acığına cücərmişdi?! Hərçənd
bu müxalifçi psixolojim siyasi deyildi, nəsə
marginallığa meyil idi - Ağdamda muğamı sevməmək,
Bakıda Bitlzları sevməyə transformasiya etmişdi və
bu da növbəti transformasiyasını universitetdə
marksist-leninçilərin oturub-durub söydükləri
strukturalizmi sevməyə çevrilmişdi. Beləcə, mənim hələ intuitivlik pilləsində
duran ideallarımda Şərqin acığına Qərbə
sevgi vardı, guya ki, Şərqi yaxşı bilib ondan eymənmişdim.
Mən axı heç Azərbaycanı da
yaxşı bilmirdim ki, ondan narazı qalıb Avropapərəst
olum. Bəs nədən Əli bəy
Hüseynzadədən gələn türkləşmə,
islamlaşma, avropalaşma düsturu mənim mentalitetimdə
yalnız avropalaşma şəklini almışdı? Türkləşməni mən heç
qanmırdım nədir, məktəbin axırıncı
siniflərində isə "gəliyorum-gediyorum-peki-işte"
deyən türklər mənə gülməli danışan
adamlar kimi görünürdü. İslamlaşmanı
bilirdim, ancaq fərqinə vamırdım. Daha doğrusu,
Ağdam meçidində (məscidində) aşurada
basa-basdan, meçidin içindəki kəsilmiş baş
şəkillərindən, şaxsey-vaxseydən bilirdim və
bildiklərimdə narazılıq yox, bir az
ürək qısılması vardı.
Mənim uşaqlıq illərimdə
Azərbaycanda xruşşovpərəst, brejnevpərəst olan
mühitdə İsimxan Rəhimov kimi qəribə adamlar
vardı, ancaq Facebook olmayan bu dünyada onlardan azərilərin
çoxunın xəbəri ola bilməzdi.
Bir düşünün, belələri
dissidentlik edirdilər, ruslaşmaya qarşı
çıxırdılar - bilə-bilə ki, etdikləri
heç bir dalğa yaratmayacaq, yalnız dedi-qodularda,
pıçapıçlarda yaşayacaq. Bu fonda İsimxan müəllimin dostları ilə
etdiklərində mənə bu balacaboy adamın ucaman,
möhtəşəm mənəviyyatı
açılır.
Bax, mənim
uşaqlığım keçən dünyada bu Azərbaycan
da vardı. Ondan nə atamın xəbəri vardı, nə mənim.
***
199 saylı məktəbdə
oxuyanda Bakı dəhşətli bir dedi-qoduya yoluxdu. Hər yerdə
danışdılar ki, yəhudilər uşaqları
oğurlayıb asırlar ki, bədənlərini deşəndə
qanları ritual üçün hazırlanan xəmirə
damsın. Xeyli yaşlananda bildim ki, yəhudilərlə
bağlı bu böhtan Antik dönəmdən gəlir.
Böhtanın yaramazlığı onda idi ki,
İudaizm öldürüləndə qanı
çıxmamış heyvanı yemək üçün
koşer, yəni halal saymırdı və bu, İslama da
keçmişdi. Güman anlamı o idi ki,
ruhu yemək olmaz - qan, axı, qutla bağladılırdı.
Dünya tarixində ilk dəfə İudaizm
insanın qurban verilməsini heyvanın qurban verilməsi ilə
əvəz etmişdi. Yəhudilərə
qarşı böhtan, yəni onların oğurlanmış
xristian uşaqlarını dini törəndə kəsib
qanından istifadə etməsi şayiə halında Çar
Rusiyasında geniş yayılmışdı. 60-cı illər Bakısında antisemitizm yox idi,
bunu hamı bilir. Bəs Çar dönəmində
yəhudilərlə bağlı yaylmış böhtan
haradan gəlib bura çıxmışdı? Çıxan kimi də niyə sovrulub yox olmuşdu?
Başım çıxmır.
***
Biz bir il sonra
Tolstoy küçəsindən Ostrovski küçəsinə
köçdük. Daha dəqiq desəm, indiki Nərimanov
heykəlinin yerində tramvay fırlanırdı və dairəyə
girən dəmir yolunun üstündə köhnə bir məhəllə
vardı. Orada bir otaq kirasına
götürmüşdük, bəlkə də 6-7 kvadratmetr
olardı. Evin yiyəsi Törə xala idi
- bu qarı çarşabla gəzərdi və
vaxtlı-vaxtında namaz qılardı. Oğlunun
birinin adı Cəfər idi, sarışın
gözlüklü axsaq oğlan. Sonralar onu
yada salanda Cəfər Cabbarlının şəkli ilə
anışmalarda gözümə gəlirdi. Onlar deyəsən, dağlı idilər.
Bu məhlədə mən
daha tez bakılılaşdım, çünki çoxlu
tay-tuşum vardı, onlarla oynayırdım. Güman
"gələjəm/gedəjəm" deməyi burada tərgitdim,
bəlkə də tay-tuşlarım ləhcəmi
doladıqları üçün, ancaq tərgitmə prosesi
huşumun dərinliklərinə düşüb itib.
Elçinin hamını cinləndirən
cır səsi vardı, danışanda üstünə
qışqırırdılar ki, kəs səsini! Bu, Elçinin, güman, balacalıqda əsas
travması olmuşdu. 9-10-cu sinifdə o,
cır səsini tərgitmək üçün
özünü qalın səslə danışmağa
zorunladı. Ancaq bu səs qondarma olduğu
üçün çox iyrənc idi, daha çox əsəbiləşdirirdi.
Bəlkə də bir ildən sonra Elçində təzə
səs oturuşdu və adam səsi oldu.
Məhlədə 5-6
yaşlı Elçini Xruşşovla qorxuzurdular. "Xruşşov
gəlir" deyən kimi o, vəlvələyə
düşüb qaçırdı. Bəlkə
də bu travmanın yaratdığı əskiklik kompleksi onu
gəlcəkdə dəli igidlik eyləmlərinə, riskli
addımlara itələdi. Elçin, sanki
özünə sübut etmək istədi ki, qorxaq deyil, ciyərlidir.
Ancaq görünür, Xruşşov travmasında,
Xruşşovdan mənasız qorxuda özünü göstərmiş
bu "dızqahlıq" onda çox dərində
özünə yer etmişdi, çünki 20-23
yaşında aylarla xəstəliyin qorxusu ilə zəhləmizi
tökürdü.
Anam bacımı
hamımızdan çox istəyirdi, adət etdiyindən mənim
canıma and içsə də. Bir ara əlacsızlıqdan
onu gecə-gündüz bağçasına qoymuşdu. Bir dəfə ona dəyib ayrılanda dəhşətli
ağlamasından, bizimlə getmək istəməsindən
hamımız pis olduq. Ona görə anam
tezliklə bacımı bağçadan götürdü ki,
həmişə yanımızda olsun.
İndi də anlamıram bir müəllim
maaşı ilə anam necə ev kirəsi
verirdi, bizi saxlayırdı? Aclıq keçirdiyimiz
yadımda deyil. Bəlkə nənəm
kömək edirdi? - bilmirəm. Hərçənd əyin-başımız
çox miskin idi. Yadımdadır ki, mən
ilk normal, balağı dar şalvarı 8-9-cu sinifdə
geyinmişdim, o da dayımın geyinib-atdığı, nəsə
damaları olan "stilyaqa" şalvarı idi. Elə bu illərdə ayağımda ən ucuz
ayaqqabı gəzirdim. Sinifdə heç
bir oğlanda belə ayaqqabı yox idi. Kifir
oğlanlar güzgüyə baxmağı sevmədikləri
kimi, yeriyəndə mən də ayağıma
baxmırdım. Ona görə də ilk
normal ayaqqabımdan sonra çox vaxt
başıaşağı yeriyirdim, çünki yeridikcə
qabağa çıxan-geri çəkilən
ayaqqabılarıma tamaşa edirdim. Özü
də tamaşa etməkdən doymurdum. Sonralar
məhlədə ucu şiş ayaqqabılarına baxaraq yeriyən
ikinci adamı gördüm. O məndən 10 yaş
böyük olan, əla futbol oynaması ilə mif kimi gəzən
dağlı balası Tofiq idi. Mən, deyəsən,
belə yeriməyi universitetdə oxuyanda tərgitdim. Qız tələbələrimdən eşitmişəm
ki, qəşəng ayaqqabıları olanda onlar da gəzə-gəzə
ayaqqabılarına baxmağı sevirlər - əyinlərinə
güzgüsüz baxa bilsəydilər ondan da gözlərini
ayırmazdılar.
***
Atam "Ostrovskidə" də
hər gün vaxt tapıb bizə dəyirdi.
Bir az onun
karyerasından danışım. Elmira
xanımın atasının sayəsindəmi, ya öz
bacarığına görə onu "Araz" kinoteatrına
müdir qoymuşdular. Tutulmaqdan çox
qorxduğu üçün qanunsuz qazanca girişmirdi. Nə özü girişirdi, nə işçiləri
qoyurdu. Onun üçün də
universitetə müəllim gedəndə qazanmaq istəyən
kinoteatr işçıləri toy-bayram etdilər.
Atamın şlyapalı, kostyumlu
görünüşü hamıda "solidni" adam təsəvvürü yaradırdı. 35
yaşlı boylu-buxunlu, ağbəniz, qarasaçlı, dolu bədənli,
bir az ziyalı danışıqlı atam
hansı idarəyə girirdisə, yuxarıdan və ya ciddi
yerdən gələn adam kimi qavranılırdı. Hətta universitet müəllimi kimi gələndə
də təsiri ilə o birilərindən ayrılırdı.
Ona görə də dövlət idarələrində
effektli görünüşündən istifadə edərək
bir az Ostav Benderlik edirdi. Bu
effektinə görə 1962-ci ildə bizə Yasamalda 158
saylı məktəbin düz yanında 2 otaqlı mənzil
aldı. İndi də yadımda qalıb: biz
köçəcəyimiz mənzilə dəyib 2-ci mərtəbədən
düşüb gedəndə anam qolumdan çəkib
artırmamızı göstərdi və mutlu
pıçıltı ilə dedi: bax, bizim evimizə!
Yasamalda atamın gəlişi belə
tezlik aldı: hər gün gündüz bizdə olurdu,
yeyirdi, yatırdı, axşamüstü o biri ailəsinə
gedirdi. Sonradan bildim ki, anamı
qılıqlayıb kağızda boşanmağa razı
salmışdı. Arqumenti bu idi ki, o biri
oğlanlarımın atası kimi özümü rəsmiləşdirə
bilim. Anamın başını bişirmək
asan idi və lap asan idi ona mənzil alandan sonra. 5-6 ildən
sonra atam qardaşlarımı, - Fərhadı, Mehdini bizə
gətirdi. Bəlkə də 10 il sonra
anamı Elmira xanımla tanış etdi, rəfiqə
olmadılar, ancaq görüşəndə normal
danışırdılar. Bizə isə Elmira
xanım çox mehriban olduğu üçün xətrini
istəyirdik.
Atamın ikinci ailəsi
rusdilli idi.
Özü nə qədər Bakıda yaşasa da, rus dilini
yaxşı öyrənə bilməmişdi, lap kəndçi
kimi danışırdı. Danışanda öz aləmində
aristokratik görünmək üçün "əlbəttə"nin yerinə "kəneşnə" deyərdi
- dedim ki, Elçinin "Nimrod" romanına o bu "kəneşnə"si
ilə düşmüşdü.
İnsafən, atam istedadlı adam idi, şeir yazırdı, məzmunu orijinal
olmasa da, yaxşı qafiyələri və ritmi olurdu. Bəyəm, Səməd Vurğun poeziyası elə
deyildi?! Bu sözlərlə ünlü
şairə mız qoymaq istəmirəm, ən azı ona
görə ki, poeziyaya uzun çəkməyən sevgim ondan
başlayır. Xalqın
danışdığı dili axıcı, ritmik tekstə
çevirib ərəb-fars söz və izafətlərinin
klassik gözəlliyi fonunda reablitə etməkdə onun
böyük xidməti olmuşdu. Azərilərin
şeir üçün "axıcılıq" göstəricilərini
önə çəkməsi poeziyaya sevginin infantil dönəmində
formalaşmış ölçüdür. Hətta
"Kitabi-Dədə Qorqud"un sevimli
sintaktik (və morfoloji?!) paralelizmləri də
axıcılığa qulluq etdiyindən oğuzlar
üçün sevimli olmuşdu: bədii tekst boyu ritmdə,
paralelizmdə, qafiyələrdə özünü göstərən
təkrarlar (təkrirlər) öncəkini təzədən
söyləməklə yeni gələnlərin sayını
azaldır, çünki yenilər çox gələndə
narahatlıq yaradır, yenini həzm etmək duruxub
dayanmağa məcbur edir - bu mənada. Elə bu
mənada da ilkində mən Səməd Vurğunu
sevmişdim. Sonra isə (bəlkə də
universitetdə) axıcı şeir daha məni çəkmədi.
Yalnız sonralar sürrealizmin yaradıcılarından
olan Anri Bretondan oxudum ki, əski poeziya səslərin
(axıcı səslərin?!) poeziyası idi. Çağdaş poeziya isə şəkillərin
poeziyasıdır. Düşünürəm
ki, Anri Breton şəkillər deyəndə modernist şəkilləri
söyləyirdi, yəni gerçəkliyi Pikassosayağı,
Modilyanisayağı, Dalisayağı deformasiya edən şəkilləri.
Rəsul Rzanın, Ramiz Rövşənin poeziyası elə
idi. Ancaq onlardan qabaq Nizamidə də, Füzulidə
də ekspressiv şəkillərin ünsürləri
vardı, Bütün bunları mən sonralar bildim. Məktəb çağında isə atamın
şeirlərinin axıcılığını duysam da, bu
duyğum heyranlığa və ləzzətə keçmədi.
Mən uzun sürə axıcı şeir
dünyasına biganə qaldım.
Atam nələrsə haqqında
uzun-uzun düşüncələr yürüdərdi və
hamısı da açmaq, anlatmaq iddiasında olduğu
üçün "sizinlə ağıllı adam danışır" etgisi
doğurmalıydı. Onun bu xasiyyəti Aqilə
də keçib. O da atam kimi xəstəliyi, insan adətkərdəliklərini
mexanikanın deterministik ilişgilərində yozur. Sözsüz, ağırlıqdan əzilmək,
bıçaq kəsəndə ağrımaq, bədən
yüngülləşəndə yaxşı tullanmaq kimi
mexaniki qanunauyğunluqlar insan davranışlarında,
sağlamlığında özünü gen-bol göstərir.
Ancaq psixi hallarla bağlı mexanikanın
qanunları əsasında izah heç də həmişə
işləmir, bunu yoqlardan, Froydun nevroz öyrətisindən
görmək olar. Atam isə vulqar
materialist üslubunda mənəvi halları mexanikanın
prinsiplərində uzun-uzadı anlada bilərdi. Bu uzunçuluğun sübut sırasında kəndlərində
olan əcayib adamların gic-gicə, gülünc sözlərindən,
hərəkətlərindən çoxlu örnəklər
olardı. Sonralar danışıqlarını belə
örnəklərlə bəzəyən çox adam gördüm, onlar Bakı dünyasına
ya Naxçıvandan, ya Qarabağdan, ya Şəkidən
cürbəcür baməzə, şortu, duzlu olaylar gətirmişdilər
ki, söhbətlərinin ifadə gücünü
artırsınlar.
Deyəsən, uzunçuluq mənim
də qanımda var, ancaq atama oxşamaq istəmədiyim
üçün uzunçuluğu bir az tərgitdim
- nələrisə açmaq, anlatmaq şakəri isə
qaldı və bu, "110 nəsnə" kitabımdakı
bir çox məqalələrdən görünür. Hərçənd, deyəsən, bəzən bərk
içəndə uzunçu oluram. Ancaq kim
olmur ki?!
Daha aydın xatirələrim
bizim Yasamalda yaşadığımız illərlə, yəni
mən 158 saylı məktəbdə oxuduğum çağla
bağlıdır. Burada əsl bakılılar kimi
söyüş söyməyə, "alə" deyərək
danışmağa başladım. Hərçənd
"ala" və onun "alə" variantını işlətməyi
sevirdim, söyüş söyməyi isə sevmirdim. Yalnız 20 yaşından sonra bəzi yağlı
söyüşləri yerində işlətməyə
başladım, əvəzində heç vədə o
çağki uşaqlar və gənclər arasında
yayılmış ana-bacı söyüşlərinə
keçmədim. İndi Bakıda uşaqlarda, gənclərdə
"alə" sözünü az
eşidirəm. Öncələr 60-cı illərdə
isə bol eşitmək olardı. O, deyəsən,
"ayə, ə, vayə" sözlərinə
qarşı düzələrək
"rayonlu/bakılı" binar qarşıdurumuna xidmət
edirdi. Məni təəccübləndirən bu
idi ki, uzun sürə "alə" və qədeş imicinə
Azərbaycan ədəbiyyatı qapalı idi, sanki gerçəklikdə
belə adamlar yox idi. Yalnız 80-ci illərdə
yazar Elçin ədəbiyyatın qapısını onlara
açdı.
Bu söylədiyimin kontekstində "az/ayzə" cütlüyünü də götürmək olar. "Az" rayonluların dilində idi, "ayzə"ni isə Bakı qızları işlədirdi - oğlanları yox, qızları (dildə genderin təzahürü). Oğlan "ayzə" desəydi, onu qızbibi sayardılar. İndi mən bakılı qızlardan "ayzə"ni eşitmirəm, bəzi komik verilişlərdə kişi qadına "az" deyəndə bu söz kəndçi heyvərəliyindən tutmuş, türkün məzəli ərkinəcən min çalardan birini bildirir. Məsələn, Toto bir dəfə yanımda xalası qızına, xalası gəlininə "az" deyəndə məni güldürmüşdü, məqsədi də o idi. Gərək prob üçün bir dəfə özüm tələbəmə "az" deyim, görüm nə effekt verəcək.
"Alə" ilə maraqlı şəkildə "ara" səsləşir. Axırıncını ermənilər və rusdillilər işlədirdi (gürcülərdə "ara" "yox" demək olduğundan bizim rusdillilərə keçə bilməzdi). Sonra hansısa dilçimiz "ara" ilə Dədə Qorquddakı "mərə" arasında paralel apararaq yazdı ki, "mərə" "ər" sözündən yaranıb, deməli, "ara" "mərə"nin sonrakı variantıdır.
Niyazi Mehdi
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.16-18.