Xəzinədən incilər
"Qırx qəzəl
- Qırx şərh" kitabından...
Saib Təbrizinin qəzəlinin
şərhi
Çıxardi xətt, mənəm
zülf mübtəlası hənuz,
Dügün saqaldıvu
başımdadır qarası hənuz.
Xətin ğübari quyaşi əgərçi
yaşurdi,
Gözümi xirə
qılur yüziyin səfası hənuz.
Bahar yetdi də qanlar ki, tökdi
gözlərdən,
Xəzan olanda nələr
eyləsün cəfası hənuz.
Suvardılar qılıncıla məgər
gülüstanı,
Ki, bir-birinə qovuşmaz
gülün yarası hənuz.
Həyat suyuna bir dağ qoydu rəşki-ləbin,
Ki, keçdi ömri-əbəd,
tüşmədi qarası hənuz.
Mühiti-eşq ara
mən ol hübabi-bibakəm,
Ki, getdi başımu
başımdadır həvası hənuz.
Vüsal ümidinə ömrün
keçirdi küyində,
Yetişməz işlərinə
Saibin duası hənuz.
Qəzəlin
şərhi
1) Çıxardi xətt, mənəm
zülf mübtəlası hənuz,
Dügün saqaldıvu
başımdadır qarası hənuz.
Üzünə xırda
tüklər çıxıb, hələ də saclarına
vurğun qalan mənəm. Vurduğu yaraların
tikişləri sağalıb, qarası (közü) isə hələ
də başımdadır.
Şərh: İnsan saçla
dünyaya gəlir, üzünə tük isə yeniyetmə
yaşlarında çıxır. "Xətt"
klassik ədəbiyyatda üzdə çətin görünən
sarı narın tüklərə və ya təzə
çıxan bığa, saqqala deyilir, heyva və ya
şaftalının üstündə olan tüklərlə
müqayisə edilir. Şair,
yarının bir çöx gözəllikləri varkən və
gözəlləşməyə hələ də davam edirkən
ilk heyran olduğu nöqtədə qaldığıni, o
heyranlığın hələ də keçmədiyini
deyir. Aşiqlər yarın çöhrəsində
yeni gözəlliklər kəşf edir, şair isə hələ
də vurğun olmağına səbəb olan ilk
gördüyü gözəllikdədir.
Yaralar çoxdan bitişsə
də, tikişlərin yeri sağalsa da, közlər hələ
də qopmayıb və o yaraların yeri hələ də
görünməkdədir. "Başımdadır
qarası" ifadəsi həm də saçın
qaralığına işarədir. Yəni
hələ saçım ilkin halındadır, dəyişməyib,
həyatın saç ağardan məşəqqətləri,
çətinlikləri məni haqq yoldan
çıxartmayıb. Bu yolda gənclər
kimi qüvvəli, həyəcanlı və inadkaram.
İrfan: "Xətt" kəsrəti,
çoxlugu ifadə edir. "Zülf" isə
irfani termin kimi həqiqətə gedən yol, həqiqətin
mahiyyəti, məğzi, zatı anlamını
daşıyır. Yaradanın zatı
"vəhdət"in və "tövhid"in
özüdür. Bütün dünyəvi
fəlsəfələr azdan çoxa, kiçikdən
böyüyə inkişaf edərkən "vəhdət"
böyükdən kiçiyə, çoxdan təkə dogru
hərəkəti özündə ehtiva edir. "Allahdan gəlmişik və Allaha
qayıdacağıq" ifadəsi "tək-çox-tək"
düsturu ilə hərəkəti bildirir. Bu mənada
şair hələ də ilkin "tək" halında
qaldığını "kəsrət"ə
uğramadığını, "öz"ünü tapmaq
üçün bir nöqtənin, bir yolun, bir mənanın
ona yetdiyini vurğulayır.
Hikmət: İnsanın dünyada
çox şeyə həvəs etməsi onu
yarımçıq edər. Bildiyi uzun yoldan getmək
insanı hədəfə bilmədiyi qısa yoldan daha tez
çatdırar.
2) Xətin ğübari quyaşi əgərçi
yaşurdi,
Gözümi xirə
qılur yüziyin səfası hənuz.
Üzündəki nöqtə
kimi tüklərin günəşi gizlətdiyinə
baxmayaraq, üzünün səfası hələ də
gözlərimi qamaşdırır.
Şərh: Günəşə
yalın gözlə baxdıqda göz qıyılır və
qamaşır.
Toz kimi nöqtə-nöqtə
tüklər sənin günəş kimi parlaq
üzünü örtsə də, hələ də
üzünün gur işığı gözlərimi
qamaşdırır.
İrfan: Bəzi həqiqətə
oxşayan yalanlar əsl həqiqəti gizlətsələr də,
aşiq məşuqundan özgə heç nəyi görmədiyi
üçün bu yalanlara uymaz və "tək" bildiyini
"çox"lara dəyişməz.
Hikmət: Həyatı şirin edən
və insanı rahatladan yalanlar həqiqəti unutdurmağa
hesablanmış tələlərdir. Bu tora
düşənlər ömrünü yalan və riya ilə
heç edər.
3) Bahar yetdi də qanlar ki, tökdi
gözlərdən,
Xəzan olanda nələr
eyləsün cəfası hənuz.
Baharın gözlərdən
tökdüyü qanlar bəs etdi, payız nə edə bilər
ki, cəfası təsirli olsun?
Şərh: Bahar fəsli çəmənləri
qırmızı güllərə qərq etdi. Eşq əhli həsrətlə ağlayarkən
güllərin al rəngi onların göz yaşlarında əks
etdi. Sevgilini anıb bu gözəlliklərə
qan ağladılar. Baharın onlara verdiyi kədər
elə çox və şiddətli oldu ki, payızın qəmi
daha onları qorxuda bilməz. Təbiətə
ölüm gətirən payız, dirilik bəxş edən
bahar qədər təsirli olmadı.
İrfan: Aşiqi ölüm qorxuda
bilməz, çünki məşuqdan ayrı yaşanan həyat
onun üçün ölümdən daha betərdir. Bu mənada naz-nemətin içində yaşanan həyat,
məhdudiyyətlər içində yaşanan həyatdan
heç nə ilə fərqlənməz. Daha pisi, bu qədər gözəllik varkən və
sənə xidmət edirkən qəmlər içində
qalmaq özü də bir qəmdir.
Hikmət: İnsan mənəvi əzablarını
maddi gözəlliklərlə aradan qaldırmağa cəhd
etdikcə daha çox əzaba düçar olur.
4) Suvardılar qılınc ilə məgər
gülüstanı,
Ki, bir-birinə qovuşmaz
gülün yarası hənuz.
Məgər
gülüstanı qılıncla suvardılar ki, gülün
yarası hələ də bitişməyib?
Şərh: Qəzəl janrında hər
beyt müstəqil ola bilir və ümumi mətndən
və ya mövzudan kənara çıxa bilir. Dəqiq
ipucu olmadığına görə bu beytin bir neçə mənaya
yozulması mümkündür. Burada
müharibə səbəbindən iki ayrı dövlətdə
yaşamağa məhkum xalqdan da söhbət gedə bilər,
Peyğəmbər övladlarının Kərbəla
çölündə qətlə yetirilməsinə də
işarə oluna bilər.
Gülün qönçə
halı onun dünyadan xəbərsizliyini bildirir. Qönçə
hələ maddi aləmin amansızlığını
dadmayıb. Açılıb gülə
çevrilincə bütün bəlalardan xəbərdar olur.
Dəyərini bilməyənlərin, gözəlliyinə
biganə olanların əlinə düşür, layiqi
olmayana hədiyyə edilir. Bir-birindən
aralanmış ləçəkləri həyatdan
aldığı yaralardır.
İrfan: Eşq yolunun yolçusu
dünyəvi bəlaları daddıqca ürəyi
parçalanar və heç vaxt dünya ilə
barışmaz, ona tabe olmaz.
Hikmət: Gülüstan -
dünyanın içindəki ruhaniyyətin rəmzidir. Haqqı söyləyən bir ruhlu, eyni əqidəli
insanların birləşmələrinə imkan verilməz və
onlar həmişə təqib olunarlar.
5) Həyat suyuna bir dağ qoydu rəşki-ləbin,
Ki, keçdi ömri-əbəd,
tüşmədi qarası hənuz.
Sənin dodaqlarına olan
qısqanclığı dirilik suyunun ürəyinə elə
dağ basdı ki, əbədi ömründə o
dağın közü düşmədi.
Şərh: Dirilik suyu onu dadanın
ömrünü əbədi edir. Ölüm həmin
şəxsdən uzaqdır.
Ləb, klassik ədəbiyyatda
irfani istilah kimi Yaradanın sözünə və onun mənasına
işarədir. "Ol" kəlməsini iradə etməklə
Allah yoxdan var etmişdir və bütün məxluqlara həyat
vermışdir.
"Dirilik suyu"nun "ləb"ə
olan həsədi, qısqanclığı həm Onun kimi
yoxdan var edə bilməməsi, həm də özünün
bir məxluq olduğunu qəbul etməməsidir. Burada
"dirilik suyu" insanı anladan obrazdır. Çünki insan dünyəvi vəzifə və
imkanlara sahib olduqca kibr və şəhvətin əsirinə
çevrilər. Hər kəsə yuxarıdan baxar, ona
möhtac olanları incidər və nəticə etibarilə
Allaha asi olar. Hər belə
təkəbbür sahibinin sonda uğradığı əzab
və utancdan nəticə çıxarmayan insan əbədiyyətə
qədər haqqın nahaqqa vurduğu yaranın
daşıyıcısıdır.
İrfan: Sevgilinin dodaqlarından qopan
həqiqətlər dünyəvi sevdaların
puçluğunu üzə çıxartdı,
dünyanın eşq əhlini ram edə bilməyəcəyini
üzünə vurdu və dünyanın qəlbinə
dağ çəkdi.
Hikmət: Allah həyatı xəlq
edən dəmdən həyat bu qüdrətə həsəd
apardı. İnsanlar öz Yaradanlarına şəkk
etdilər, ona şərik qoşdular. Bəzən
də öz mənfur niyyətlərinə Yaradanı alət
etməyə çalışdılar. Ömrü əbədiyyət
qədər uzun olan bu müddətdə dünya əsl həqiqəti
görə bilmədi, içindəki təkəbbürdən
azad ola bilmədi.
6) Mühiti-eşq ara
mən ol hübabi-bibakəm,
Ki, getdi başımu
başımdadır həvası hənuz.
Eşq okeanında mən o
qorxusuz qabarcığam ki, başım getsə də, eşq
havası hələ də başımdadır.
Şərh: Havalı insan və ya
başıhavalı insan dedikdə isə müəyyən
psixoloji qüsuru olan insan nəzərdə tutulur. Əqidəsinə,
sevgisinə, işinə normal olandan daha böyük şiddətlə
bağlı olan insanlara cəmiyyət içində
"havalı", "dəli" kimi adlar qoyulur və
onlara daim bu prizmadan baxılır.
Qabarcıq suyun köpüklənməsindən,
təlatümdən, suyun hərəkətindən yaranır.
Eşq okeanında mən
qorxusuz qabarcığam. Bu okean elə təlatümlü, elə
dalğalıdır ki, mən məhv olsam da, minlərlə dəfə
yenə yaranacağam. Bu okeanda olmaq, eşq
dalğaları arasında üzmək havası
qabarcığın içindəki hava kimi deyil. Qabarcığın başı getsə də,
eşq mənim başımdan getməz.
İrfan: Əcəl aşiqdən
heç nə əskiltməz. Əksinə, ona
vüsala yetişməkdə yardımçı olar. Eşq aşiqin ruhundadır, cismində deyil. Ancaq cismə gücü çatan ölüm
eşq əhli üçün qorxulu deyil.
Hikmət: İnsanların cismani
ömrü zamana tabedir, ruhani ömrü isə
zamansızdır. Həqiqət uğrunda mübarizədə
varsansa, sən öləndən sonra yolunu davam edənlər
də elə "sən"dir, necə ki, sən bu
mübarizəyə qoşularkən səndən öncəkilərin
yolunu davam etdirən "onlar" idin.
7) Vüsal ümidinə ömrün
keçirdi küyində,
Yetişməz işlərinə
Saibin duası hənuz.
Saib vüsalına yetmək
ümidi ilə ömrünü sənin qapında
keçirdi, hələ də dualari işinə əncam etməyib.
Şərh: Saib sənin qapında
ömrünü dualarla keçirdi. Sənə
qovuşmaq ümidi ilə yaşadı. Amma
hələ də istəyinə çatmayıb.
İrfan: Aşiq harda olursa-olsun, qəribdir.
Hər harda can verərsə, ora yarın astanası,
qapısıdır. Vüsala yetmək istəyi ən ali nöqtəyə çatanda bu qapı onun
üzünə açılar.
Hikmət: İnsan, adətən, zəhmətinin
çox, qazancının azlığından şikayət edər.
Lakin mənəvi məsələlərdə hər
zaman qazanc zəhmətdən qat-qat çox olar. Bu qazancın
insana təslimi həmin anda və ya az sonra olmaya bilər. Ola bilsin ki, illər sonra mükafatını
alsın, amma məsələ qazanmaq deyil, bu ruhani halı və
zövqü yaşayan insan qazancdan çox, zəhmət
çəkməkdən zövq alır. Çünki maddi zəhmət
çəkənləri nəticə, yəni qazanc, mənəvi
zəhmət çəkənləri prosesin özü
sevindirər.
Arif BUZOVNALI
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.19.