Belaruslar kitab oxuyurlar...

 

Təxminən üç min əhalisi olan, Litva və Polşa ilə bir neçə kilometrlik sərhəd zonasında yerləşən  Poreçye qəsəbəsi başdan-başa şam meşələri ilə əhatə olunub. Meşəliyin tən ortasında belarusların çox sevdiyi və "Mirvari gölü" adlandırdıqları Moloçnoye gölünə günün istənilən vaxtında baxmaqdan doymursan - gözlərin sevinir, ruhun dincəlir. Mənim dincəldiyim istirahət mərkəzi də gölün qırağındaydı. Burdan iki yüz metr aralıda ölkənin ən qədim dəmiryolu vağzalı yerləşir - 155 il bundan öncə Belarusda məhz bu vağzaldan ilk qatar yola salınıb. Qəsəbədə yeganə valyutadəyişmə məntəqəsi də vağzaldadır. Klassik fransız üslubunu qoruyub saxlamış vağzalın gözləmə otağında oturub gah yanımdakı xoşsimalı nənəyə, gah rəngli kitabını vərəqləyən oğlan uşağına, gah da şüşələri par-par parıldayan iri pəncərələrdən bayıra - müharibələr görmüş qoşa palıd ağaclarının kölgəsində sərinlənən düşərgə uşaqlarına baxıram. Kassanın açılmasını gözləyirəm. Zala daha iki qadın daxil olur, onlardan biri salam verib dərhal soruşur:

- Axırıncı kimdir?

- Mənəm, - deyə yanımdakı nurani qadın cavab verir. - bu cavan oğlandan sonrayam, - məni işarə verir. Düzü, mənimlə təxminən eyni yaşda olan qadının mənə "cavan oğlan" deməsindən tutuluram. Amma özümü o yerə qoymuram, gülə-gülə soruşuram:

- Siz də valyuta dəyişməyə gəlibsiz?

Görünür, qadın nabələd adam olduğumu dərhal sezmişdi, çünki zala girər-girməz o da eynilə "Axırıncı kimdir?" sualını verdi, susduğumu gördü; məndən əvvəl zalda olan qoca kişi ona məni işarə elədi. Qadın heç nə deməyib yanındakı oğlan uşağına nəzakətlə:

- Denis, gəl burda otur, bax o cavan oğlanın yanında,- dedi. - Al, kitaba da bax, hələ vaxta on beş dəqiqə var, - çantasından üz qabığında rəngli şəkillər olan kitabı çıxarıb oğlana uzatdı.

Düzü, sakit və hay-küysüz vağzalın geniş və hündürtavanlı zalında oturub nahar fasiləsinə çıxmış kassiri on beş dəqiqə gözləyəcəyimi bilirdim, səbrim tükənmişdi. Düşündüm ki, yəqin, valyuta dəyişmək istəyən təkcə mən deyiləm, adamlar yavaş-yavaş çoxalırdı...

- Yox, mən pensiyamı alacam... - qadın yenə gülümsəyir. - Siz, yəqin, turistsiniz, istirahətə gəlmisiz?

- Bəli... (anladım ki, vağzaldakı yeganə kassa təkcə mənim kimi turistlər üçün deyil, yerli əhali bura gəlir, kommunal xərclərini ödəyir, pensiyasını alır və s.). Danışmağa da həvəsim  yox idi, amma necə oldusa, aradakı xoşüzlü sükut və içəri girənlərin işıq saçan siması ovqatımı çöldəki təmiz hava kimi durultdu, qadınla söhbətə girişdim.

- Yəqin, nəvənizdir? - uşağa işarə edirəm.

- Elədir. Qızımın oğludur. Özü Amerikaya gedib, əriylə... Üç aylıq gediblər, hələlik. Xahiş ediblər ki, uşağa mən baxım...

- Denis, neçə yaşın var - soruşuram.

Uşaq təəccüblənir, elə nənəsi də ondan geri qalmır. Görəsən, uşağın adını hardan bilir? Deyəsən, bayaq içəri girəndə nəvəsini adıyla çağırmağını unutmuşdu.

- On... Üçüncü sinfi bitirmişəm, gələn il dörddə oxuyacam. - Denisin dili bir qədər topuq vururdu,  əlindəki rəngli kitabın vərəqlərini o yan-bu yana çevirə-çevirə bildirir.

- Nə oxuyursan belə?

- Şeirlərdi...

- Olar mən də baxım?

- Olar, olar... - nənəsi nəvənin yerinə cavab verir. - Denis, ver əmiyə kitabı, baxsın...

Denis könülsüz-könülsüz kitabı mənə uzadır. Baxıram, Belarus dilindədir. "Valyuşka üçün oyuncaqlar". Müəllifi də Lyudmila Kebiç. Müəllif mənə tanış gəlir. Birdən yadıma düşür - hə, hə, bu odur, dünən mənə Qrodnodan zəng vuran qadın, Lyudmila... Nə xoş təsadüf!

- Şeirlər xoşuna gəlir?

- Hə... - Denis qısa cavab verir.

- Bu kitabı mən almışam onunçün, - nənə əlavə edir. - Bayram hədiyyəsidir. Mənə söz verib ki, tətil bitənədək onu oxusun, şeir əzbərləsin. Nitqi pisdir, nə qədər çox şeir bilsə, o qədər də yaxşı danışar... İndikilər az oxuyurlar...

Bu dəfə mən təəccüblənirəm...

...Belaruslar bayramları böyük təntənə ilə keçirirlər. Evdə, işdə, küçədə, vağzallarda... hər yerdə, bayram əhval-ruhiyyəsini hiss edirsən. Xüsusilə uşaqlar daha çox sevinirlər. Əvvəla, bilirlər ki, valideynləri onları mütləq hədiyyə ilə sevindirəcək. Bu bir ənənədir. İkincisi, əyləncə və oyuncaqlarından doyunca həzz alacaq, bayram günlərində məktəbə getməyəcək, rahatca gəzəcək, təbiətdən, dadlı-ləzzətli yeməklərdən həzz alacaqlar.

Bayram şənlikləri ərəfəsində bütün meydan və xiyabanlar xüsusi zövqlə bəzədilir, mağaza və marketlər, ərzaq və oyuncaq dükanları, kafe, bar və restoranlar, səyyar xidmət obyektləri... bir sözlə, hər şey öz gözəlliyi və bolluğu ilə göz qamaşdırır, yerli əhali də, qonaqlar da, turistlər də öz arzu və ehtiyaclarını asanlıqla qarşılaya bilir, sözün əsl mənasında bayram ovqatı yaşayırlar. Bəlkə də burada təəccüblü heç nə yoxdur, dünyanın hər yerində belə bir təntənəylə qarşılaşmaq olar. Burda məni heyrətləndirən tamam başqa mənzərə oldu: Belarusun faşizm işğalından azad olunmasının 75-ci ildönümü ərəfəsində düzənlənən bayram tədbirləri arasında KİTABla bağlı tədbirlər, sərgilər, yarmarkalar, səyyar kitabxanalar və mağazaların olması. Bəli, belaruslar kitabı sevirlər, burda uşağa da kitab hədiyyə eləsən sevinəcək. Demək olar ki, hər yerdə - metroda, trolleybusda, avtobusda, parkda, kafedə, dayanacaqlarda, qatarlarda... uşaq, böyük, cavan, yaşlı (sosial statusundan və durumundan asılı olmayaraq) hamı kitab oxuyur. Nə oxuyur və necə oxuyurlar?

Öncə, qısa arayış: təkcə ötən il ərzində Belarusda 2 milyon 647 min nüsxə kitab nəşr edilib,  1323 adda kitab və broşür Belarus dilindədir. Bu statistikanı mənə İnformasiya Nazirliyindən veriblər və əlavə edim ki, oxu səviyyəsinə görə də belaruslar MDB ölkələri arasında öndə gedirlər. Burda "şəhər və kənd oxucusu" bölgüsü yoxdur, şəhər kitabxanaları da kənd və qəsəbə kitabxanaları kimi daim gur olur, oxucu zallarında yer tapmaq müşkül məsələdir. Bir maraqlı və önəmli cəhət də budur ki, bütün kitabxanalarda demək olar ki, il ərzində daim yazıçı və şairlərlə görüşlər keçirilir, yaradıcılıq gecələri, kitab müzakirələri olur.

Belarusda qadınların 57 faizindən çoxu, kişilərin isə 42 faizindən çoxu kitab oxuyur. Bu rəqəmi beynəlxalq sorğu mərkəzləri çıxarıb. Əlbəttə, rəqəmlər hələ hər şeyi demir, göz gördüyünə inanar. Mənim müşahidəmə görə, ölkədə kitaba və yazıçıya xüsusi hörmət və ehtiram qorunub saxlanıb. Səbəblərdən biri ailə ənənəsidir - elə bir ailə tapmazsan ki, kitabxanası olmasın. Elə bir ailə tapmazsan ki, orada uşaqlara kitab hədiyyə verməsinlər. Bu, bir adət halını alıb, bəlkə də buna görədir ki, uşaq məktəbi bitirəndə nəinki yerli, həm də dünya ədəbiyyatından məlumatlı olur. Burada Belarus İnformasiya Nazirliyinin və dövlət kitabxanalarının da xüsusi rolunu qeyd etməliyik. Bəs hansı kitablara üstünlük verilir? Əsasən mənəvi-psixoloji və vətənpərvərlik mövzusunda yazılmış kitablara. Oxunan kitabların arasında dünya ədəbiyyatının - MDB ölkələri, Çin, Afrika və Asiya ölkələri ədəbiyyatının nümunələrini görmək olar...

...Çoxşaxəli ictimai və ədəbi fəaliyyətinə görə adı Ginnesin Rekordlar Kitabına düşmüş dünya şöhrətli yazıçı Nikolay Çerqineçin başçılıq etdiyi Belarus Yazıçılar İttifaqının 600-dən bir qədər çox üzvü var. Belarus yazıçıları son iyirmi-otuz ildə dünyanın ən mötəbər müsabiqələrində iştirak ediblər, ölkəyə xeyli nüfuzlu mükafatlar gətiriblər. Onlardan biri də Nobel mükafatçısı Svetlana Aleksiyeviçdir. Nobel alandan dərhal sonra mən Svetlana Aleksandrovna ilə əlaqə saxlamışdım, onu təbrik etmişdim, iki həftə keçmədi ki, onun razılığı ilə "U voynı ne jenskoe liüo" əsərini tərcümə elədim, Nərmin Kamalın köməyi ilə bizim elektron mediada çap etdirdim. Bundan başqa Nikolay Çerqineçin "Sınovğə" romanını da tərcümə edib kitab halında çap etdirmişəm. Hər iki əsər qiymətlidir, öz müəlliflərinə böyük şöhrət gətirib.

Mənə Nikolay İvanoviçin müavini, tanınmış yazıçı Anatoli Matviyenko zəng vurub demişdi ki, Qrodno vilayəti üzrə Yazıçılar İttifaqının sədri Lyudmila Kebiç sizinlə əlaqə saxlayacaq. Lyudmila Antonovna doğrudan da mənimlə əlaqə saxladı, bildirdi ki, onlar Poreçye qəsəbəsinə gələcəklər və burda mənimlə yaradıcılıq görüşü keçirmək niyyətindədirlər. Belə də oldu. Vilayətin mərkəzindən qəsəbəyə Lyudmila Kebiç başda olmaqla bir qrup yazıçı və şair gəldi: Bronislav Yermaşkeviç, Nikolay İvanovski, Lyudmila Şevçenko, Anatoli Apanaseviç və Dmitriy Rodionçik. Onlar üçün, elə mənim üçün də beynəlxalq əhəmiyyət daşıyan bu tədbir çox dolğun və maraqlı keçdi, əsl Nəsimi gecəsi, Azərbaycan-Belarus gecəsi yaşandı. Təfərrüatlar barədə həm Belarus, həm də bizim mətbuatda məlumatlar gedib...

Yazımı burdaca bitirib Belarusun iki tanınmış şairini - Lyudmila Kebiç və Dmitriy Rodionçiki "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

 

Kamran Nəzirli

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.26.