Kimsəsiz qalıbdı öz sahillərim. Öz susqunluğumu alqışlayıram!

 

 

Kebiç (Voytuleviç) Lyudmila Antonovna Qrodnoda yaşayır, müəllim ailəsində doğulub. Belarus Yazıçılar İttifaqının Qrodno vilayəti üzrə sədridir. O, həm də Rusiya-Belarus İttifaq Dövləti Yazıçılar Birliyinin üzvüdür. Yanka Kupala adına Qrodno Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Françisko Skorina" medalına layiq görülüb. Onun şeirləri rus, Ukraynapolyak dillərinə tərcümə edilib, müxtəlif almanaxkitablarda nəşr olunub. Sözlərinə bəstələnmiş çoxlu mahnı var, beynəlxalq festival və müsabiqələrdə dəfələrlə mükafatlar alıb. " çayın sahilində", "Göyün açarı", "Tənhalıq üçün Cənnət", "Yasəmən rəngli ev", "Taleyin üstünlükləri", "Qrodno-krallar şəhəri", "Alesya barmaqlarını necə sayır", "Valyuşka üçün oyuncaqlar" və s. şeir və nəsr kitablarının müəllifidir. Lyudmila Kebiç həm də tərcüməçidir, polyak yazıçısı Aleksandr Navroçkinin "Mələyin kölgəsi" povest və hekayələr kitabını polyak dilindən Belarus dilinə tərcümə edib.

 

Söz

 

Dünyanı basıb boz sözlər,

meydan sulayır onlar!

Hardasız, harda, şairlər?

Hanı Liranız, hanı nəğməniz?

Qırmızı-qırmızı,

Ya da elə

qızıl kimi sözünüzlə

Qara qorxuların ağzını yumun!

 

Qara, boz sözlər -

çirkabdan, günahdan

törəyib-tökülüblər,

azıb-azdırıblar...

Hardasız, ay peyğəmbərlər?

Sizə noolub, müqəddəs pirlər?

Yaz nəfəsli sözləriniz

qoy zəhmli haray kimi

Qəlbi parçalasın

qumbara qəlpələri kimi.

Əbədi mürgüdən oyansın ürəklər,

ruhlar.

Qoy sısqa sinələrin altında

gizlənməsinlər,

Vurun onları, insanlar,

eşidirsinizmi, insanlar?

Köməyə çağırın isti sözləri,

Şəfa şərbətindən bir damcı tökün,

İçirdin qullara, yoxsul kəslərə,

isti sözlərlə sağala bilsinlər!

İsti sözlər, qızıl sözlər!

Yenə nəğməli həyat güləcək

ömrümüzə sözlə,

O gün uzaq deyil,

inanıram mən, gözlə!

Yenə dünya oyanacaq

Müqəddəs sözlə sağalacaq!

 

Kəndə qaçıram

 

Şəhərdə görünmür, görünmür Vətən!

Qaçıram kəndə ki, ilham alım mən.

Yaşıl çəmənlərə qonan şeh kimi

Bağrıma basıram səmimiyyəti.

 

Şəhərdə yazdığım şeirlərim var,

Güldana qoyulan buket kimidi -

sakitcə solurlar. Kənddə misralar

su kimi təmizdi, safdı, mavidi.

 

Necə genişdi, sonsuzdu səma!

İdrak da, ürək yetməyir ona!

Nəhəng meşələr belini büküb

Uzanıb çöllərdə günəş altında.

 

Əlvan biçənəklər həyat yaşayır,

Ətirdi, işıqdı, büsatdı, toydu.

Hündür "ulduzlar"ın üstünə qonan

Nadinc böcəklər səsli-küylüdü.

 

Meşədə gəzməyi sevirəm mən ,

Göbələk axtarır, ya da yarğanda

oturub baxıram gözəlliklərə.

Əlvan yarpaqların dənizində

Boğulur gözlərim. Ayaqlarımı

İpisti qumlar da hey sığallayır.

 

Kəndin saf havası! Həzz alıram mən!

Burda qanadlanıb uçuram quştək!

Şəhərdə görünmür, görünmür Vətən,

Ora yorulmaqçün gedəsən gərək!

 

 

Mənim virtual sevimlim

 

Mənim virtual sevimlim,

Hələ sən

mənimçün heç kimsən.

Necə oldusa,

bir gün sən

mənə payızın söz buketini göndərdin -

çay sularıyla.

 

Lakin o sözlər

boğulmadı çayda,

itmədi suda.

O sözlər

kədərimi qaytardılar mənə

Gecə yırtıb göy üzünün pərdəsini.

 

Bəlkə qüdrətli Allah

bizə öz portalında

bir şans verdi.

Bəlkə elə sənin sözünlə

Mənim qorxulu işimi

o biri dünyaya aparmaqdan çəkindirdi?

Sevgiyə, həyata,

Uğura, səadətə

zəmanətli bilet yoxdu,

Mən sənin qızıl buketli sözlərini

Dünyəvi ehtiraslara dəyişmərəm.

mənim içimdə

Gecə duaları

yeni bir güclə səslənəndə,

ucub gələcəm yanına -

bizim ulduzlara,

mənim hələ ki virtual sevimlim!

 

Yollardan biri

 

Bütün yollarımdan mütləq birisi,

Çəkib məni evimizə aparır.

Mənim atam oturmağı sevərdi

qapımızda. Soyuq kandar darıxır.

 

Bütün yollarımdan mütləq birisi

Çəkib hər gün öz evimə aparır.

Əlvan donlu anamın da gözləri

Yol çəkərdi moruqluğun yanında.

 

Həyat yollarımdan mütləq birisi

Çəkib dartır ocağıma, yurduma.

O evdə səbəbsiz, sorğu-sualsız

Nəğmə oxuyardım qardaşlarıma.

 

Bütün yollarımdan mütləq birisi

Məni öz evimə dartıb aparır.

Ölüm-itim bilməz idik orada

Qəlbən varlı idik, bəxtəvər idik

Şəkillərin, şeirlərin arasında.

 

Çörəyimiz kökəmizdən dadlıydı,

Hər günümüz bayram idi, ay aman!

Buna görə yollarımdan birisi

Evimizə çəkir məni hər zaman.

 

Lyudmila Kebiç

(Belarus)

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.27.