Eka Kurnivan və onun “Gözəllik başa bəladır”
əsəri...
Əsərləri dünyanın
bir çox dilinə tərcümə olunan indoneziyalı
yazıçı Eka Kurnivan 1975-ci ildə Qərbi Yava
bölgəsində Tasikmalya şəhərində dünyaya
gəlib. O,
Cakartada Hadjah Mada Universitetinin fəlsəfə fakültəsində
təhsil almasına baxmayaraq, daim ədəbiyyatla
maraqlanıb. Ədəbiyyata olan sevgisinə
görə "Pramudeya Ananta Tur və sosrealizm ədəbiyyat"
adlı dissertasiya işi müdafiə edib (P.A.Tur İndoneziya
ədəbiyyatının ən görkəmli
yazıçısıdır). E.Kurnivanın
yaradıcılığına böyük təsir göstərən
İndoneziyanın canlı əfsanəsi adlandırılan
P.A.Tur haqqında yazdığı dissertasiya 1999-cu ildə
monoqrafiya şəklində nəşr olunub.
E.Kurnivan özünəməxsus
yazı tərzi ilə müasir İndoneziya nəsrinin
inkişafına böyük töhfə vermişdir. Onun ən məşhur
romanları: "Pələng insan" (2004), "Qisas və
ehtiras" (2014), "O" (2016) əsərləridir. Yazıçını məşhurlaşdıran
debüt əsəri 2002-ci ildə qələmə
aldığı "Gözəllik başa bəladır"
romanıdır. Əsərin adı
müxtəlif şəkildə tərcümə edilib,
müəllif orijinalda "Gözəllik yaralar
yaradır" ("Cantik itu luka") kimi qeyd etmişdir,
ingilis versiyasında "Gözəllik bir yaradır"
şəklində tərcümə edilmişdir. Türkiyə türkcəsinə də eynilə bu
şəkildə tərcümə edilib. Rus
dilinə isə "Krosota nanosit ranı" şəklində
çevrilib. Otuzdan çox dünya dilinə
tərcümə edilmiş bu əsər Azərbaycan oxucularına
çatdırılmayıb. Əsər
dilimizdə "Gözəllik başa bəladır"
şəklində daha yaxşı səslənir.
Ədəbiyyat üzrə hələ də Nobel
mükafatı ala bilməyən Cənub-Şərqi
Asiyanın ən real namizədi kimi Eka Kurnivanın adı
çəkilir. Onun
yaradıcılığına təsir göstərən amillər
arasında iki böyük yazıçı qeyd olunur. Onun yaradıcılığı realizmə və
üslub xüsusiyyətlərinə görə P.A.Turun əsərlərilə
səsləşir. E.Kurnivan P.A.Turun əsərlərindən
sitatlar gətirir, hətta onunla polemikaya girməkdən belə
çəkinmir. "Gözəllik
başa bəladır" əsərində kolumbiyalı
yazıçı Q.Q.Markesin təsiri aydın
görünür. "Yüz ilin tənhalığı"
əsəri ilə "Gözəllik başa bəladır"
romanları arasında bir çox paralellər mövcuddur.
E.Kurnivan romanda latın amerikalı
yazıçının süjet və obrazlar aləmindən
bəhrələnmişdir. Bəzən bilərək
və ya bilməyərək Markes personajlarının bəzilərini
təkrar etmişdir. Lakin bu obrazlar nə qədər
bənzəsə də, öz milli koloritləri ilə
seçilir. Qisas, lənətlənmiş
nəsil, yenidən diriliş, qadağan olunmuş məhəbbət,
dostluq və rəqabət, xalqın acınacaqlı tarixinin
yumorla təqdim olunması əsərləri bir-birinə
bağlayan ortaq cəhətlərdir.
Romanın bədii xüsusiyyətləri
hibridlidir; bir sıra tənqidçilər bu romanı tarixi
roman kimi səciyyələndirsələr də, beş nəsildən bəhs edən əsərdə
dəhşətli məqamlar, detektiv ünsurlər, folklor
materialları - ruhlarla qarşılaşma, insanların
müxtəlif varlıqlara çevrilməsi və s. süjet
xəttinin çoxşaxəli olmasına gətirib
çıxarmışdır. Reallıq və
fantastikanın qovuşduğu əsərdə müəllif
həm real, dəhşətli hadisələri (yapon həbsxanalarındakı
vəziyyət, kommunistlərin kütləvi şəkildə
güllələnməsi və s.), həm də irreal (ölülərin
qəbirdən xortlaması, öldürülmüş
qabanların insana çevrilməsi, insanın itlə evlənməsi
və s.) hadisələri ustalıqla canlandıra bilmişdir.
Əsər ilk cümləsindən
oxucunun diqqətini özünə cəlb edir. "Mart ayında bir həftəsonu
günbatanda Devi Ayu ölümündən 21 il sonra məzarından
qalxdı" sözləri ilə başlanan əsərdə
"Yüz ilin tənhalığı" romanında olduğu kimi, bütün
hadisələr qadağan olunmuş eşqdən
başlanır. "Yüz ilin tənhalığı"
romanında Buendia nəsli qadağan olunmuş yaxın
qohumluluq evliliyindən başlandığı
üçün lənətlənmişdi. Eka Kurnivan isə
öz romanında məsələləri bir az
daha qəliz şəkildə təqdim edir. Hadisələr
1940-1990-cı illərdə Yavada xəyali Halimunda şəhərində
baş verir. Halimunda yapon işğalı ərəfəsində
Avstraliyaya qaçış üçün yeganə vasitə
kimi təsvir edilmişdir. Bir-birini dəli
kimi sevən iki indoneziyalı gəncin sevgisi holland zadəgan
Ted Stammlerin gənc qızı özünə arvad etmək
istəməsi ilə yarımçıq qalır. Bu hissədə müəllif üç əsr
hollandların işğalı altında yaşayan
indoneziyalıların hüquqsuzluğuna diqqət çəkir.
Əsərdən aydın olur ki, əgər
holland zadəganlar bir şey istəyirdilərsə,
indoneziyalıların ona etiraz etmək haqqı yoxdur. Ma Qedik və Ma İyenqin sentimental sevgisi 1920-30-cu illərdə
İndoneziyada yazılan bir çox romanın əsas
mövzusu idi. Hüquqsuz qadınların vəziyyəti,
yerli kasıb qızların əşya kimi alınıb
satılması bütün çılpaqlığı ilə
təsvir edilir. Eka Kurnivan xalqın təbii
sərvəti ilə yanaşı, insanların da
istismarını təsirli bir şəkildə oxucuya
çatdırır. Sonrakı hadisələrdən
məlum olur ki, hollandiyalı zadəgan Ted Stammlerin avropalı
xanımından olan oğlu və indoneziyalı Mai İyenqdən
olan qızı bir-birlərinə aşiq olur və bu
qadağan olunmuş eşqdən lənətlənmiş Devu
Ayu və onun nəsli yaranmış olur.
Geniş
canlandırılmamasına baxmayaraq, Ma Qedik ən qəliz
obrazdır.
O, əvvəlcə dəli kimi sevən gənc, sonra
ağlını itirmiş qoca, sonda isə qəddar ruh kimi təsvir
edilmişdir. Ma Qedik bütün düyünlərin
səbəbkarı kimi təqdim olunur. Ted Stammlerə və
onun ailəsinə lənətlər yağdıran Ma Qedik
obrazını Eka Kurnivan magizmin tələblərinə
uyğun olaraq sadə insanı ətrafa mənfiliklər, bədbəxtliklər
gətirən bir ruha çevirir. Əsərin
müxtəlif hissələrində digər obrazların
başqası tərəfindən əmr edilirmiş kimi,
pisliklər törətdiyini bir növ iblisləşdiyini
görürük və əsərin sonunda bütün
bunların səbəbkarının Ma Qedik olduğu ortaya
çıxır.
Yaponların
İndoneziyanı işğal etdiyi ərəfədə əsərin
baş qəhrəmanı Devu Ayunun digər hollandlarla birgə
Halimundanı tərk etmək istəməməsi ilə hadisələr
gərginləşməyə başlayır. Devu Ayu və
digər qaça bilməyən hollandlar müxtəlif
işgəncələrə məruz qalır. Əzablar qarşısında mərd dayanan Devu Ayu
yaponlar tərəfindən əxlaqsız həyat
yaşamağa məcbur edilir. Xarici gözəlliyi
həmişə başına bəla olan bu qadın
ataları bəlli olmayan üç qız övladı
dünyaya gətirir. Bu qızlar da öz
gözəllikləri ilə hər kəsi valeh edir.
İllər sonra Devu Ayu həddindən artıq çirkin bir
qız dünyaya gətirir, o qızını görmədən
ölür, yalnız iyirmi bir il sonra qəbirdən
çıxdıqdan sonra qızı ilə
qarşılaşır. Lənətlənmiş nəslin
nümayəndəsi olan bu qızlar da həyatda xoşbəxt
ola bilmirlər.
Q.Q.Markes "Yüz ilin tənhalığı"
əsərində ölkədə baş verən siyasi hadisələri,
vətəndaş müharibələrini, amerikalılar tərəfindən
banan plantasiyalarının necə zorla ələ
keçirildiyini Buendia nəslinin nümayəndələrinin
həyat və fəaliyyəti çərçivəsində
təsvir etmişdir. Markesdə olduğu kimi, Eka Kurnivan da ailə
münasibətləri fonunda XX əsr İndoneziya tarixini ətraflı
şəkildə canlandıra bilmişdir. Romanın ən təsirli hissələrindən biri
bacılarn üç müxtəlif zümrəni təmsil
edən ərlərinin üz-üzə dayanmasıdır.
Böyük qızın - Alamandanın əri
Şodanko 1945-ci ildə müstəqillik uğrunda gedən
vuruşmalarda yaxından iştirak etmişdir. Müəllif Şodankonun xatirələrini yada
salmaqla həmin dövr və şərait haqqında oxucuda aydın
təsəvvür yaratmışdır. Alamandaya
aşiq olan, ancaq Şodankonun hiylələri nəticəsində
qovuşa bilməyən Kliven atası kimi kommunist olmaq qərarına
gəlir və böyük bacıya aşiq olmasına rəğmən,
ortancıl bacı - Adinda ilə evlənir. Az yaşlı Maya Devi isə quldurların, yolkəsənlərin
başçısı Maman Gedenq ilə evləndirilir. İndoneziyalı ədib bu üç obrazın
simasında İndoneziya həyatını o qədər təsirli
və detallı işləmişdir ki, İndoneziya tarixi
oxucunun gözləri qarşısında canlanır. XX əsr İndoneziya tarixinin ən faciəvi hadisələrindən
biri 30 sentyabr 1965-ci ildə baş vermiş Vətəndaş
müharibəsidir. Yeni müstəqillik əldə
etmiş ölkədə müxtəlif problemlər mövcud
idi. 1960-cı illərdə ölkənin iqtisadi vəziyyəti
getdikcə pisləşməyə doğru getmiş, inkişaf
proqramlarının həyata keçirilməsi
prosesi pozulmuş, maddi ehtiyatlar, ilk növbədə alınan
xarici kreditlər amansızcasına
dağıdılmışdı. Pul vahidi
rupinin dəyəri get-gedə tamam aşağı
düşmüşdü. Bütün
bunlar xalqın hökumətdən
narazılığını artırmış, onun
yürütdüyü kursa inamı azalmışdı.
1965-ci ildə gənc zabitlər tərəfindən
hərbi çevrilişə cəhd edildi. Çevrilişin təşkilatçıları və
iştirakçılarına, xüsusilə də
İndoneziya Kommunist Partiyası və onun müttəfiqləri
olan həmkarlar və digər ictimai təşkilatların
liderləri və üzvlərinə qarşı cəza tədbirləri
başlandı. Onlardan çoxu həbsə
alındı və öldürüldü. 1966-ci ilin martında isə hakimiyyət orqanları
İKP-nin buraxıldığını və ümumiyyətlə
kommunist ideyalarının təbliğ edilməsinin qadağan
olunduğunu elan etdilər. Bu çətin
və acılı günləri Eka Kurnivan yoldaş Kliven
obrazının simasında dolğun şəkildə
canlandıra bilmişdir.
Romanda kommunizmin
İndoneziyaya Çindən yayılması, kommunist
partiyasının yaranması və kommunistlərin
amansızcasına məhv edilməsi realist şəkildə
öz əksini tapmışdır. Müəllif tarixi
hadisələrlə yanaşı, magik ünsürlərə
də geniş yer ayırmışdır. Şodankonun əmri ilə bir gecədə
bütün kommunistlər güllələnir, Şodankonun
faciəli günləri də bundan sonra başlanır. Kommunist ruhlar hər yerdə onu izləməyə
başlayır, hətta onunla evində birgə yatırlar.
Şodankodan fərqli olaraq, Alamanda ruhlardan
qorxmur, onların yaralarından axan qanları təmizləyir,
onlara yemək verir. İndoneziyalı
yazıçının yaratdığı qadının
ruhdan qorxmaması, hətta ona qulluq etməsi səhnəsi
Markesdə Xose Buendianın istəmədən
öldürdüyü adamın ruhunun onların evlərinə
gəlməsi və Ursulanın ona su verib söhbət etməsi
səhnəsi ilə çox yaxından səsləşir.
Eka Kurnivan məsələyə daha dərindən
yanaşaraq İndoneziyada hərbi rejim devrildikdən sonra
öz həmyerlilərinin qatilinə çevrilmiş hərbçilərin
peşmançılığını, həmin hadisələri
xatırlayanda dəli olmaq səviyyəsinə gələ biləcəklərini
ustalıqla Şodanko obrazında cəmləmişdir.
Həm Q.Q.Markes, həm də
E.Kurnivanın toxunduğu ortaq mövzulardan biri də
kiçik yaşlı qızların evləndirilməsi idi. Markes azyaşlı qızların tez ərə
verilməsinin fəsadlarının nə qədər faciəvi
olduğunu Remedios obrazı vasitəsilə
çatdırır. Polkovnik Aurelion ilə
evləndirildikdən sonra 12-13 yaşındakı qızın
ana olmağa hazırlaşarkən ölməsi erkən
evliliklərin nəticəsi idi. Eka Kurnivan
Maya Devinin hələ nağıllar dinləyəcək
yaşda ərə verildiyini dövrünün ən
böyük bəlalarından biri kimi verir. Maman Qedenq obrazını yaratmaqla 1940-50-ci illərdə
ölkədəki səfilliyi, aclığı, 10 rupi
üçün insanların bir-birini öldürdüklərini,
dövrün nə qədər ağır iqtisadi-siyasi
böhran içində olduğunu göstərə
bilmişdir.
Romanda İndoneziya folklorundan
əfsanə və nağıllar verməklə onu daha mistik,
sehrli etmişdir. Malay arxepelaqında yaşayan xalqlar öz
ərazilərinin yaranması, əcdadları haqqında müxtəlif
əfsanələr bilirlər. İndoneziya folklorunda isə gözəl
Rennqanislə bağlı əfsanədə qeyd edilir ki,
Rennqanis atası tərəfindən lənətlənmişdir,
heç bir kişi onu qucaqlaya bilməz. Digər
şəhərin şahzadəsi Pandji Rennqanisə aşiq
olur. Onlar bir-birlərini sevirlər,
qucaqlaşmaq istəyərkən lənətlənmiş
şahzadə buluda, dumana çevrilir, sevənlərə
yazığı gələn allahlar Pandjini də dağa
çevirirlər. Beləliklə, dağ
və bulud hər səhər bir-birlərinə qovuşurlar.
Eka Kurnivan bu əfsanələrdə
keçən müqəddəs heyvan və quşların əksinə
olaraq, Halimunda şəhərinin sakinlərinin kirli itdən
törədilməsi əfsanəsini lənətlənmiş
nəslin son nümayəndələri ilə ustalıqla
bağlayır. Əsərdə qeyd edilən əfsanəyə
görə, gözəlliyi ilə dillərdə dastan olan
Rennqanis atasının qoyduğu qadağalara görə
özünə söz verir ki, qarşısına
çıxan ilk canlı ilə ailə həyatı quracaq,
amma onun qarşısına it çıxır və o, verdiyi
sözün üzərində dayanıb itlə evlənir.
Beləliklə, əsərdə it bədbəxtlik
simvoluna çevrilir. Devu Ayunun xoşbəxt ola biməyən üç qızının
hərəsinin bir övladı olur və lənətlənmiş
nəslin növbəti qurbanları da onlar olurlar. Üç nəvə - Gözəl Rennqanis, Nurul
Ayn və Krisan məhəbbət
üçbucağını təşkil edirlər.
Heç nədən xəbərsiz Nurul Ayn 17 yaşında
ölür, Gözəl Rennqanis 16 yaşında olsa da, 6
yaşındakı uşaq qədər ağlı yox idi. Eka
Kurnivanın yaratdığı bu obraz demək olar ki,
Q.Q.Markesin Gözəl Remidos obrazı ilə eynilik təşkil
edir, hətta hər ikisinin adının əvvəlində
"gözəl" sözündən istifadə edilmiş,
hər iki obraz əqli cəhətdən tam inkişaf etməmişdir,
hər ikisi gözəllik yarışmasının qalibi
olmuşdur. Hərəkət və nitqlərində
də yaxınlıq olan bu obrazlardan Gözəl Rennqanisin aqibəti
daha faciəvi olur. O, hər kəsə it tərəfindən
zorlandığını deyir, ancaq əsərin sonlarına
doğru Krisan tərəfindən öldürülən Gözəl
Rennqanisin məhz onun tərəfindən zorlandığı
aydın olur. Qəbirqazanın oğlu Kinkin Gözəl
Rennqanisə aşiq idi, o, olanlardan xəbərdar olandan sonra
Krisanı öldürdü, həbsdən
çıxdıqdan sonra onun qəbir daşındakı
adını dəyişdirərək "Andjinq
(1966-1997)", yəni "köpək" qeyd etdi və
qarşısına çıxan itləri öldürməyə
başladı.
"Yüz ilin tənhalığı"
romanında Buendia nəslinin sonunu Aurelionun bibisi Ursula Amarantaya
olan məhəbbəti, ehtirası gətirir. Qadağan
olunmuş məhəbbətlə başlayan lənət
qadağan olunmuş münasibətlərlə də bitir,
Buendia nəslinin ürəyində yalnızlıq
daşıyan sonuncu nümayəndələri də vəfat
edir. "Gözəllik başa bəladır"
romanının sonunda da biz qadağan olan münasibətləri
görürük, lakin Eka Kurnivan bu hissəni daha sehrli,
ağlasığmaz şəkildə sonlandırır. Devu Ayunun qurbağadan da çirkin qızı öz
bacısı oğlu Krisanın ruhu ilə eşq
yaşayır, hər gecə onunla görüşür.
Devu Ayu nəslindəki bu lənəti, bədbəxtliyi aradan
qaldırmaq üçün metamorfoz yaşayır və
iyirmi bir il sonra qəbirdən
çıxaraq əsas səbəbkarla - Ma Qediklə üzləşir,
ailəsinin üzərindəki yüzillik lənəti
qaldırmağı bacarır.
Eka Kurnivan Latın
Amerikası nəsrinin bir çox özəlliyini, magik
realizmin əsas ünsürlərini əsərinə daxil etsə
də, o, İndoneziya ədəbiyyatının,
mifologiyasının elementlərini əlavə etməklə
tam yeni və orijinal bir roman yaratmışdır. Özünəməxsus
yazı tərzi olan müəllif əvvəlcə əsas
hadisəni verir, daha sonra hadisənin yaranma
səbəbləri və ya şəraiti oxucu
üçün açmağa çalışır.
Ümumiyyətlə, "Gözəllik başa bəladır" romanı Yava adasının canlı
mifologiyası, XX əsr İndoneziya tarixinin yaşayan
kitabıdır, desək yanılmarıq...
Leyla Ramazanlı
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.30-31.