Sirlərin sərgüzəşti
Romandan parçalar
"Qış" fəsli
Dördümüncü sirr
Hacı
Mir Həsən ağa Səyyah yazırdı:
Novruzəligilin hasar bir qonşuları var idi. Külfətin
sahibi Həzrətqulu adında bir molla idi. Molla Həzrətqulu
(ona hərdən Allahqulu da deyirdilər) öz böyük ailəsini
dolandırmaq üçün kiminin yasını yola verir,
kiminə məktub, ya ərizə yazır, kiminə uzaq yerdən
gələn məktubu oxuyub məğzini danışır,
kiminə də "Quran" oxumaq öyrədirdi. Mollanın bir qızı var idi, adı Güllü
idi, özü də bu qız on altı yaşına təzəcə
girmişdi. Novruzəlinin gözü
qonşuluqda yaşayan bu qıza düşmüşdü.
Hələ xəlvətə salıb hasarın
bir tərəfində bu, o biri tərəfində
Güllü bir xeyli söhbət də eləmişdilər.
Novruzəli Güllüyə evlənib onu da
özü ilə Çərxi-fələk ölkəsinə
aparmaq istəyirdi. Güllü dinləyib-dinləyib
sonra ona bircə sual vermişdi:
- Mən
qızlarla bağçada "qaçdı-tutdu" oynayanda
başım gicəllənir. Bə mən orada
fırlananda necə olacam?!
Novruzəli gülmüşdü. Qıza təskinlik verdi:
- Hamı
fırlanmır ki. Yolunu doğru-düzgün
getməyənlər yalnız fırlana-fırlana qalırlar. Sənin bundan qorxun
olmasın.
Güllü
sakitləşmişdi:
- Atam necə
deyər, elə də olar. Məni ondan istə,
versə, mən də sənə gələrəm. Çərxi-fələyə də bir yerdə gedərik.
- Bunu deyib qız hasarın o tərəfində bərkdən
gülmüş və qaçıb evlərinə
getmişdi.
Novruzəli hələ bir müddət öz həyətləri
tərəfdə hasarın altında durub qızdan bir səs-səmir
gözləmişdi. Güllü isə bayaq burda idi, indi
artıq evdə idi. Oturub atası molla
Allahqulunun dərsini nə zaman bitirəcəyini gözləyirdi.
İstədi ki, ondan Çərxi-fələk
ölkəsi barədə soruşacaqlarını soruşsun.
Atasını gözləyə-gözləyə Güllü
dodaqaltı özü-özü üçün yavaşdan
hardansa gəlib beyninə girmiş bu misraları nəğmə
kimi oxuyurdu:
Miz
üstündə yumurta
Oğlan, məni unutma.
Əgər
məni unutsan
Məktubumu unutma.
Bunu dodaqaltı bir neçə dəfə oxuyandan sonra
Güllü belə bir fikrə gəldi ki, Novruzəliyə məktub
yazsın. Atası ilə edəcəyi söhbəti ona bu məktub
vasitəsilə çatdırsın.
Ertəsi
gün Novruzəli sabah tezdən hasarın
altında eyni yerdə durub o tərəfdən
Güllünün gəlməsini gözləyən zaman
hasarın o biri üzündən Novruzəlinin ayağı
altına bir daş gəlib düşdü. Daş
bir kağız parçasına bükülmüşdü.
Bu kağız parçası adi kağız
deyildi, onun üstündə uşaq xəttilə yazılar
yazılmışdı. Bu, bir məktub
idi. Güllü öz məktubunu belə başlayırdı:
"Nuri-didə Novruzəli, mən dünən axşam
dədəmdən soruşdum ki, Çərxi-fələk
deyilən bir məmləkət var, o hardadı,
yaxındadı, ya uzaqdadı? Dədəm mənə hirsləndi:
- Qız,
sənin Çərxi-fələklə nə işin? Ora gedənlər bir də dönüb geri
qayıtmır. Elə oradaca fırlana-fırlana
qalırlar. Niyə soruşdun?
-
Heç... Gülsənəm (xalasının qızı idi,
molla Allahqulu ona "Quran" oxumaq öyrədirdi) dedi ki, o
ölkədə səyyah Sindbad yaşayır. Sən
mənə onun nağılını
danışmışdın, yadında?
-
Yadımda, yadımda. Ay key Balaxanım, (Molla Allahqulu
qızına hirslənəndə onu belə
çağırardı) indiyə Sindbad qalar? O, çoxdan
Allahın rəhmətinə gedibdir.
- Gülsənəm
dedi ki, o ölkədəki zamanla bizim ölkədəki zaman
bir-birinə uyğun gəlmir. O ölkədə zaman
yavaşıyır. Bəlkə yaşayır?
- Ay bədbəxtin
qızı, Gülsənəm də qələt (səhv) eləyir,
sən də. Zaman bütün ölkələr,
məmləkətlər üçün eynidir. Sindbad çoxdan ölüb gedib. Bir də bu cürənə boş söhbətlərlə
mənim başımı dəng eləmə. Sindbad, yox
bir... Əflatun...
Mən gördüm ki, dədəmin bu söhbətdən
heç xoşu gəlmədi. Amma Çərxi-fələk
ölkəsinə mənim marağım nəinki azaldı, hətta
bir xeyli artdı. Məni sən dədəmdən
istə. Verər, verər, verməsə,
mən sənə qoşulub Çərxi-fələyə
qaçmağa həmişə hazıram. Amma bundan donra Çərxi-fələk barədə
heç kimə bir kəlmə demə. Bu
qoy bizim sirrimiz olsun.
Məktubumun sonunda isə deyirəm ki, oralar deyilənlərə
görə, çox soyuq yerlərdi. Sənin isti paltar tədarük
etmən gərəkir. Novruzəli, bunu da
biləsən. Səninlə gedib o Çərxi-fələyi
elə görmək istərəm...".
Güllünün
məktubu belə bitirdi:
"Miz
üstündə yumurta
Oğlan, məni unutma.
Əgər
məni unutsan
Məktubumu unutma".
Həsən
müəllimin bu dəfə də məktəbin son ili (bu il faciəli il oldu) yadına
düşdü. Daha Həsən və
Gülzar bir-birindən ayrı dura bilmirdilər. Hər kəs onları məktəbdə bir-birindən
ayrı görəndə təəccüb edirdi. Bu ikisi bir-birilə nəfəs alırdı. Bir-birini bircə gün görməyəndə
dünya-aləm dəyirdi bir-birinə. Axır vaxtlar
Gülzar lap dəliyə dönmüşdü. İllah da ki, Həsənin şəhərə
oxumağa gedəcəyini biləndən sonra həyatı əsl
zillət olmuşdu. Çünki o
özü şəhərə gedə bilmirdi, kənddə
qalacaqdı. Atalığı Nakam və
onun bir sözündən çıxa bilməyən anası
Sünbül Gülzarı şəhərə buraxmaq istəmədilər.
Bir dəfə evdə ona çay gətirən
Gülzarın arxasınca göz qoyan Nakam qəfildən
ürəyinin şiddətlə vurmasından özü də
qorxuya düşdü və gecə yerinə uzanıb
fikirli-fikirli Sünbülə belə dedi:
- Qız
daha böyüyüb. Saxlamaq çətin
olacaq. Ərə vermək lazımdı.
...Həsən
artıq birinci kursda oxuyurdu. Qış təzəcə
girmişdi. Qonşu kənddə
yaşayan əmisi oğlu Həmid axşam yataqxanada gəlib
onu tapdı. Həmidin qalmağa yeri yox
idi. Həsən onu qaldığı otaqda
yerləşdirdi. Özüaçılan
yatağı üç çarpayının arasına birtəhər
yerləşdirdilər. Yoldaşları da
(otaqda üç yoldaş idilər) narazılıq etmədi.
Həmid şəhərə meyvə satmağa gəlmişdi. Bazardakı dəllallara
meyvəni uyğun qiymətə təhvil verib Həsənin
yanına da əliboş gəlməmişdi. İki şüşə araq, soyutma toyuq, kolbasa, təndir
çörəyi, pendir və turşu alıb gətirmişdi.
Otaqda xudmani bir məclis düzəltdilər.
Həsənlə bir fakültədə oxuyan o
biri iki yoldaşı həvəslə əl-ayaq edib stolun
üstünü düzəltməklə məsğul oldular.
Həsənlə Həmid pəncərəni
açıb siqaret çəkə-çəkə söhbətə
başladılar. Həmid kənddən təzə
xəbərlər gətirmişdi. Xeyli
ordan-burdan danışdı. Həsənə
artıq bunlar o qədər də maraqlı deyildi. Fikri başqa yerdə idi. Ayın
axırına qədər Həmiddən borc pul almaq istəyirdi.
Ayaqqabısı su buraxırdı. Daha təmir də kömək eləmirdi.
Beynində fırladırdı ki, bunu Həmidə necə
desin. Həmid həmişə olduğu kimi
böyük-böyük, ərklə ondan soruşanda "əmoğlu,
nə lazımındı, korluğun yoxdur ki?" o zaman deyəcəkdi:
- Atangil
yaxşıdılar. Anan xəstələnmişdi,
şükür, sağaldı. Gəlməmiş
gedib görüşdüm. Səməd
evlənməyə hazırlaşır qız tapa bilmir,
hi-hi-hi-... Həyətinizin mer-meyvəsini
çor vurmuşdu, o boyda həyətdən bir quru ərik də
çıxmadı. Nə isə...
Deməli,
bu ay da, ola bilər, gələn ay da kənddən
pul gəlməyəcəkdi. Həsən dilxor
oldu. Yenə hər gecə vağzala,
yük boşaltmağa gedəcəkdi.
- Sizin kənddə
bir qız vardı, özünü evlərinin töyləsində
asıb öldürdü. Dayan görüm adı nə idi...
hə, Güllü.. Eşitməmisən?
Həsənin ürəyi sancdı. Amma
qızın adını eşidib bir balaca toxdadı. Hələ bu Güllü kimdi?
- Yox,
Güllü deyildi qızın adı, Gülzar idi,
Gülzar...
Həmid siqaretdən dərin qüllab vurdu,
üzünü tutdu pəncərədən o tərəfə. Daha sonra o nə dedi, nə
demədisə Həsən eşitmədi. Qulağında
uğultu yaranmışdı. Həsən
bir onu bildi ki, dizləri titrəyir, yıxılmamaq
üçün birtəhər yanındakı
çarpayının üstünə oturdu. Gözlərini duman örtdü. Səsi
güclə çıxdı:
- Niyə?
- Heç kim bilmədi. - Həmid fikirli-fikirli cavab verdi.
***
Molla
Allahqulu onun qabağına Hindistan otunun suyunu (çay) qoyan
artıq boya-başa çatmış qızı
Güllünün arxasınca göz qoya-qoya aralarında sabah baş verən
söhbəti xatırladı. Çərxi-fələk
yadına düşdü. Molla Allahqulu fikrə getdi və
öz-özünə dodaqaltı belə dedi: "Qız daha
böyüyüb, vermək lazımdı getsin... Çərxi-fələyi də unutsun".
Novruzəli Güllünün məktubunu ürəyinin
başında gəzdirir, hər boş dəqiqəsində
hamıdan aralanıb dönə-dönə oxuyurdu. Artıq Novruzəli, demək
olar ki, məktubu əzbərləmişdi. Ürəyində
sözbəsöz, cümlə-cümlə o da qıza məktub
yazmağında idi. Onun məktubu Güllünün məktubu
bitən yerdən, bir-iki xırda düzəlişdən sonra
belə başlayırdı:
Miz
üstündə yumurta
Ay
qız, məni unutma.
Əgər
məni unutsan
Məktubumu
unutma
Novruzəli yazırdı ki, artıq yavaş-yavaş
qış tədarükünə başlayıbdır. Özünə
və Güllüyə rus diyarından gələn iki xəz
üstlük alıb. İsti corablar,
ayaqqabıları da tezliklə alacaq. Ən
əsası isə bu idi ki, böyük qardaşına deyəcəkdi,
atası ilə danışsın və qonşu ailələr
bu evlənmək məsələsinə başlasınlar.
Novruzəli
yazırdı ki, dünyada onun qədər xoşbəxt
ikiminci bir şəxs tapmaq mümkün deyil, çünki əvvəla,
bir könüldən min könülə vurulduğu
Güllünün də qəlbinə girə bildiyi
üçün, ikiminci, ən vacib arzusuna - Çərxi-fələk
məmləkətinə getmək arzusuna - qızın, yəni
Güllünün də şərik olduğu
üçün. Qalan başqa heç nə
Novruzəlinin vecinə deyildi. Qız məktubu
oxuyub xoşbəxt olmuşdu.
Günlərin bir günü Novruzəli qəlbindəki
sirri açıb qardaşı Nəzərəliyə
danışır və ondan təvəqqe edir ki, atasına
onun arzusunu çatdırsın və atası gedib molla
Allahquludan qızı istəsin.
Nəzərəli qardaşına söz verir. Bunun
üstündən bir müddət keçir. Nəzərəli
məqam gözləyir və günlərin bir günü
atasına belə deyir:
- Əziz ata, mən çox şübhəliyəm. Novruzəli
heç gözümə yaxşı dəymir.
- Yenə
nədi? - Tacir Məhəmmədəli dilxor
oldu və ürəyi səksəkəli halda soruşdu.
- Hər
nədisə, artıq olubdu.
Tacir Məhəmmədəlinin ürəyinə nə
damdı, nə dammadısa, əhvalı dəyişdi. Axır vaxtlar
o, səksəkəli idi - hər dəqiqə gözləyirdi
ki, Novruzəli barəsində nə isə bir bəd xəbər
eşitsin, bunu da Nəzərəlinin sayəsində indicə
eşitdi. Eşitcək, elə bil, bir az
da qəmə, dərdə batmaq əvəzinə, əksinə,
asudə oldu. Hansısa yükdən
canını qurtardı. Bu yük oğlu
Novruzəliyə bəslədiyi məhəbbət və sevgi
yükü idi. Tacir Məhəmmədəli
Nəzərəlini dinlədikcə qəlbindəki bu
yükün onu artıq tərk etdiyini anladı.
Heç bir ağrı-fılan da hiss etmədi. Hər şey asan başa gəldi. Nəzərəli
deyirdi:
- Ata, bu
gör hələ bir indi nə söyləyir?!
Tacir Məhəmmədəli
xeyli laübali bir halda soruşdu:
- İndi nə söyləyir? İstədiyi nədir?
- Ata, bu mənə
deyir ki, mən
(yəni Novruzəli) bilirəm, atamız malını-dövlətini
harda gizlədib. Bu yer bizim arxa bağçada
bir ağacın dibindədi. Bihudə deyil
ki, onun yataq otağındakı pəncərə də o
bağçaya baxır. Özü də
tez-tez gecələr bağçaya gəzməyə
çıxır, görünür, pul-para
basdırdığı yerə bir o qədər etibarı
yoxdur. Oğrudan-quldurdan, əlbət,
ehtiyat edir. Gəl, biz ikimiz gecə
vaxtı onu güdək, qızılların yerini dəqiq
öyrənək. Gecəyə ümid
yoxdu, gündüzlər o, bazarda olarkən biz işimizi
görək, pulları, qızılları götürüb
aramızda bölək. Sonra mən çıxıb
Çərxi-fələyə, sən özün bilərsən...
Ata, Novruzəli mənə bunları dedi.
Tacir Məhəmmədəlinin
üzündəki qırışların biri belə tərpənmədi. Elə bil, söhbət onun sevimli oğlunun xəyanətindən
getmirdi. Çünki Novruzəli barədə
fikri qətiləşmiş, ürəyində onu
özünə bağlayan son xətti də kəsib
atmışdı.
- Deməli,
belə... - Handan hana bir xeyli susduqdan sonra tacir Məhəmmədəli,
nəhayət, dilləndi. - Sən ona de ki, onunla razısan. Bu
gün keçdi, gəl sabah bu işi
görək de.
Bu sözləri deyəndən sonra tacir Məhəmmədəlinin
üzünün qırışları, elə bil, dərin
yuxudan ayılıb tərpənən kimi oldu, sonra yenidən
sərtləşdi, qaşları çatıldı və o,
bərk fikrə getdi.
Nəzərəli
elə haman axşam evdə
qardaşını bir tərəfə çəkib atası
ilə olan söhbəti, amma tamam başqa şəkildə
ona çatdırdı. Nəzərəli belə dedi:
- Gəl
biz sabah gecə atamızı izləyək.
- Nə
üçün? - Novruzəli sidq-ürəkdən təəccüb
etdi. Çünki Novruzəlinin onun dilindən
atasına dediklərindən xəbəri yoxdu.
-
Çünki o hər gecə bağçada gəzir,
ağacların arası ilə ora-bura gedir. Qaçaq-quldur,
oğru-azğın olar, gəlib buna xətər yetirər.
- Hə...
- Biz onu
izləyək ki, arxasınca düşən olsa dadına
çataq.
-
Doğru deyirsən. Bu işi görək.
O axı bizim sevimli atamızdır. Özünə
deyək?
- Yox, deməyək.
Qoy əsəbnak olmasın.
Nəzərəli
məsələni kökündən həll eləmək istədi:
- Amma gəl,
bu işə bu gecə yox, sabah gecə
başlayaq.
- Bə
belə niyə?
- Tədarükümüzü
görək ki, quldurlarla qarşı-qarşıya gəlsək,
cavablarını verə bilək.
- Yenə
də doğru deyirsən. Tədarükümüzü
görək.
Qardaşlar şərtləşdilər. Nəzərəli gəlib
atasına dedi:
- Ata,
Novruzəlinin fikri sabah gecə silah-sursat
götürüb səni izləmək və sənin arxanca
bağçada gəzib basdırdığın dəfinənin
yerini öyrənməkdir.
- Gəlsin, gəlsin. Deməli,
silah götürəcək, eləmi?! Deməli, sabah gecə... Noolar?! Mən ona dəfinə nədir, göstərrəm.
O mənim arxamca gəldiyi zaman sən də onun arxasınca gəl.
Bağçada armud ağacının
altında iki boğaz öskürərsən. Elə öskür ki, mən eşidim.
Özün də öskürəndən sonra qaç get evə,
daha bağçada görünmə.
Qardaşları ilə Həlimənin arasına son
zamanlar sanki bir soyuqluq düşmüşdü. Üzdə, dildə əvvəlki
kimi idilər - mehriban, gülərüz... Amma
ürəklərində, ürəklərinin dərinində
qarşısıalınmaz narazılıqlar yaranmaqda idi.
Bunun əsl səbəbini heç biri dilinə
gətirmirdi. Amma bu iki qardaş və bir
bacı bu narazılığın əsl səbəbini
bilirdi. Səbəb ataları ilə, onun
indiki xəstə vəziyyəti ilə bağlı idi.
Həftələrlə ata yanına gəlməyən
qardaşlar (hər birinin öz evi, ailəsi var idi) yenidən
ata evinə ayaq açmağa başlamışdılar.
Əvvəl-əvvəl Həlimə bunu ancaq
atasının xəstəliyi ilə bağladı. Sonra aralarında baş verən söhbətlərin
məcrası get-gedə dəyişməyə
başladı. Bu söhbətlərə
yeni mövzular, yeni çalarlar daxil edilməyə
başladı - əvvəlcə ehtiyatla, eyhamla, sonra isə
açıq-aşkar şəkildə qardaşların məqsədi
üzə çıxdı, dəruni istəkləri bilindi.
Məqsəd
və istəkləri isə bundan ibarət idi:
atalarının evini satıb pulunu bölmək. Bu məsələni indi, ataları dünyadan
köçmədən etmək istəyirdilər. Qardaşlar bu barədə çox asanlıqla, adi
bir məsələdən danışırmışlar kimi
danışırdılar. Düşünürdülər
ki, ataları onsuz da harda yaşadığını
xatırlamır, bilmir, onunçün yaşadığı
yerin nə fərqi var?! Beşotaqlı mənzil
olmasın, bir otaqlı, uzaqbaşı ikiotaqlı mənzil
olsun. Ya da lap elə bağ evinə
köçmək olar. Balaca təmirdən
sonra oralar əla olar. Həlimə ilk dəfə bu
söhbəti eşidəndə diksinmişdi:
- Mənə
bu evlə bağlı heç nə lazım deyil. Amma axı
ayıbdı, qonum-qonşu var... Qohum var. Bu məsələni
qaldırmağın vallah, vaxtı deyil axı...
Həsən müəllimin beşotaqlı mənzili
Sahil bağına yaxın bir yerdə idi. Bu uzun
binanın böyük həyəti var idi. Bu həyətdə maşın saxlamaq problem olmasa da,
bununla belə, həyətin bir bucağında bir-birinin
yanında inkubator cücələri kimi qurulmuş dörd dəmir
qarajdan biri Həsən müəllimə məxsus idi və o
köhnə zamanların yadigarı olan öz "Volqa"
maşınını bu dəmir qarajda saxlayırdı.
Bu "Volqa" sapsağlam maşın idi, az
sürülmüşdü - Bəyimin
sağlığında bazar günü, həftədə bir
dəfə - bağa. Vəssəlam. Həsən müəllimi rəhbərlik etdiyi
institutun xidməti maşını aparıb gətirirdi.
Bəyimin ölümündən və Həsən müəllim
xəstəlik tapandan sonra "Volqa"nı uzun zaman sürən
olmamışdı. Həsən müəllimin
son dəfə evdən nə zaman çıxmağı nəinki
özünün, heç kimin yadında deyildi. "Volqa" da o zamandan bəri qaraja pərçim
olub qalmışdı.
Söhbəti
üçü bir yerdə olan zaman Həsən müəllimin
böyük oğlu Əliqismət açdı:
-
Bilirsiniz, vəziyyət ki, bu cürdü, mən heç
inanmıram, bu kişi sağala. Nə edəcəyik? - Əliqismət
ehtiyatla soruşdu.
Zaurun
cavabı ləngimədi:
- Biz bu məsələni
əvvəl-axır həll eləməliyik. Nə
qədər tez olsa, o qədər yaxşıdı. Evlər qiymətdən get-gedə düşür.
- Qardaşlar öz aralarında məsələni artıq
götür-qoy eləmişdilər. Bir qalmışdı
"pəncşənbənin" nöqtələrini
düzmək, yəni "necə satmaq", "necə
bölmək", "kimin payına nə düşəcək?"
kimi suallara cavab tapmaq. Bəlkə də (hər
halda Həliməyə belə gəldi) onlar bacılarının
ağzını arayırdılar.
Həlimə
üz-gözünü turşudub dedi:
- Mənim
gözüm heç nədə yoxdu. Amma mən
istəyirəm ki, atam ömrünün axırınadək
bu evdə yaşasın. Noolsun, heç nə
yadında deyil. Dəxli yoxdu. Bu evdə!.. - Həlimə doluxsundu. - Sonra nə edərsiz,
etməzsiz, özünüz bilərsiz.
- Mən
deyirəm, amma sən qulaq asmaq istəmirsən. Ay qız, evlər
gün-gündən qiymətdən düşür, bu proses nə
zaman bitəcək - bilinmir. Görürsən,
şəhərdə nə qədər ucamərtəbəli
evlər tikilir?! Görürsən...
- Yox, yox,
yox. Mən sözümü dedim. - Həlimə öz fikrində
qəti idi.
Zaur Əliqismətin üzünə mənalı-mənalı
baxdı.
Əliqismət bir az düşünüb
üzünü Həliməyə tutdu:
- Bəlkə
sənin ərini də çağıraq, məsələni
onunla bir yerdə müzakirə edək?..
- Axı
bu adam (atasını nəzərdə
tuturdu) heç özü də bilmir ki, hansı evdə
yaşayır, kiminlə yaşayır, eh... - Zaur əlini yellədi.
- Onunçün fərqi var?!
- Hə,
bu da doğrudur... - Əliqismət yenə də fikirli-fikirli
dilləndi.
- Olsun. Heç kimi çağırmaq lazım deyil. Biz bu məsələni, hər necə olsa da, indi
heç cür həll edə bilməyəcəyik. -
Tanıdı, tanımadı. Mən deyirəm: olmaz! - Birdən Həlimə dözmədi,
hönkürtü vurub ağladı. - Göz
yaşları içində bu sözləri dedi. - Siz
heç bilirsiz neynirsiz? Sizə ayıb deyil?!
Sağ bir adamın özü də kimin - doğma
atanızın malını bölüşürsüz. Bunu Allah götürər?
Həlimə susdu və üzünü əlləri
arasına alıb bərk-bərk örtdü, heç kimi
daha görmək istəmədi. Əliqismət onun
titrəyən çiyinlərini qucaqlayıb üzündən
(əslində, üzünü örtən əllərindən)
öpə-öpə sakitləşdirməyə
çalışdı. Gözünü Zaura ağardaraq
(yəni "sən danışma, sonra... sonra") - dedi:
-
Yaxşi, qızım, sakit ol. Biz indi nə dedik
ki? Bu saat nə ev satan var, nə də
ev alan. Qalsın... qalsın münasib vaxta,..
yəni başqa vaxta. Sakit ol, bax belə...
sakit ol...
Həlimə hikkə ilə ayağa qalxdı və daha
heç bir söz demədən çıxıb getdi
anasının otağına, qapını da arxasınca
bağladı.
Bəyim artıq yatırdı.
Bir azdan Həlimə bayır qapının
şaqqıltı ilə örtülməsindən bildi ki,
qardaşları çıxıb getdilər.
Yan otaqdan Həsən müəllimin xorultusu gəlirdi. Bu amansız
xorultunun səsinə ancaq anası Bəyim dözə bilərdi,
necə ki, illər boyu (daha doğrusu, gecələr boyu)
dözmüşdü. O, qızının yanına
uzandı. Həlimənin üzünü
ilıq bir təbəssüm bürüdü.
Qardaşlar üçüncü mərtəbədən
pilləkənlərlə üzüaşağı dinməzcə
endilər və blokdan çıxıb həyətin soyuq
havasını ləzzətlə ciyərlərinə çəkdilər. Əliqismət dedi:
- Belə-belə
işlər, mən sənə dedim axı, çətin
olacaq.
- Hə...
bunun əri ilə danışmaq
lazımdır. Özü deməklə deyil.
O bundan ağıllı olar. Buna qulaq asmayaq.
Ərini də söhbətə
çağırmaq lazımdı.
- Əvvəlcə sən yeznə ilə ayrıca
danış, sonra çağır. Yaxşı?! Di, xudahafiz.
- Sağ
ol.
Onlar əl-ələ vermədən ayrılıb həyətin
müxtəlif tərəflərinə doğru getdilər. Həyətdə
biri bu başda, biri də o biri başa aparan iki
çıxışı vardı, hər biri
başqa-başqa küçələrə
çıxırdı.
Sonra, gecənin
bir yarısı yuxudan ayılan Həsən müəllim
yaxşı başa düşə bilmədi ki, yuxusunda
aydın şəkildə gördüyü vaqeə nə deməkdir,
bu bəzən qarmaqarışıq, bəzən son dərəcə
aydın yuxu parçaları necə olur ki, bir-birinə
qovuşub mənalı və məntiqli bütöv əmələ
gətirirlər. Əlbəttə, bu da bir sirr
idi. Amma Həsən müəllimə o da
aydın olmadı ki, bu növbəti sirri o öz yuxusunda
görmüşdü, yoxsa bu da digər sirlər kimi onun
yazı masasındakı kağızlarda üzə
çıxdı. Bir şeyə
şübhə yox idi, bu sirri də Səyyah göndərmişdi.
Hacı Mir Həsən ağa Səyyah öz növbəti
göndərişini bu dəfə belə
başlayırdı:
Mən səyahətlərimin birində gəlib
böyük dəryanın ortasında yerləşən
Şra Sinda adlı adaya çatdım. Bu ada
çox böyük bir ada idi, hətta bir ucu quru ilə gedib
Hindistana qədər çatırdı. Bu adanın il boyu təbiəti
çox mülayim olur və adamlar demək olar ki,
yarıçılpaq gəzirlər. Əhali gəlmələrə
hörmətlə yanaşır. Böyüyə
ehtiram, yaşlı adamlara nəzakətli davranış var.
Onlar bizim ölkəmiz barədə məlumata malik deyillər.
Amma onların Çərxi-fələk barədə xəbərlərinin
olması məni təəccübləndirdi. Mən onlara
Görükməz Təpə, Sehrbazlar dərəsi barədə
danışdım. Mənə elə gəldi ki, onlar mənə
inanmadılar. Onlar elə bilirlər ki, sehrbazlar, cadugər
yalnız Şra Sinda məmləkətində ola bilər. Bu
münasibətlə, adamlar mənə öz
nağıllarını, rəvayətlərini
danışdı, onlardan bəzilərini mən
özümçün yazdım. Şra Sinda rəvayətlərindən
biri belə idi. Olduğu kimi danışıram. Sirr bu rəvayətin
hər cümləsindən boylanir,
açılışı isə o biri cümləsində
yenidən gizlənir...
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.16-17.