Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Yohann Volfqanq Hötenin
"Faust" əsəri əsasında çəkilmiş
filmləri təqdim edirik
Əsərin
süjeti: Şər qüvvə Mefistofel Tanrı ilə
Faustun ruhunun ondan xilas edib edə bilməməsi ilə
bağlı mərc kəsir. Mefistofel Faustun istəyinin
həyatdan zövq almaq olduğuna və onu öz yolundan
çıxaracağına əmindir. Tanrı isə Faustun
yaxşı ruhunun buna imkan verməyəcəyinə, yolundan
dönsə belə, bir gün yenə doğru yolu
tapacağına əmindir.
Professor Faust insanlara yaxşılıq edir,
xeyirxahlığı ilə tanınır. Amma o, illər
boyu qazandığı biliklərlə kifayətlənmir.
O, dərk edir ki, kainatın elə sirləri var ki, insan
ağlı ona yetə bilməz. Bu isə onu məyus
edir, ruhdan salır.
Şagirdi Vaqnerlə küçədə veyillənəndə
itlə rastlaşırlar. Sonra itin insan cildinə
girən Mefistofel olduğu bəlli olur. O, Faustu
inandırmağa çalışır ki, ona yenidən sevinc
bəxş edə, həyatın gözəlliklərini
aça bilər. Və Faust "ey an, dayan, sən
gözəlsən" deyən kimi həyatına son qoyulacaq
və Mefistofel onun ruhuna sahib olacaq. Müqaviləni
təsdiq edəndən sonra Faust və Mefistofel əyləncə
axtarışında Leypsiqi gəzirlər.
Mefistofel Faustla sadə qız Marqaritanın
yaxınlaşması üçün şərait
yaradır.
Faust Marqarita ilə gecəni keçirmək üçün
onu dilə tutur ki, anasına yuxu dərmanı versin. Anası dərmandan ölür. Marqarita
isə hamilə qalır. Qardaşı
Valentin Faustla döyüşür və bu döyüşdə
ölür.
Valentini öldürəndən sonra Faust və Mefistofel
şəhəri tərk edir. Faust Marqaritanın
kabusu ilə qarşılaşanda onu xatırlayır. Öyrənir ki, Marqarita ondan olan
övladını öldürdüyü üçün onu
edam gözləyir.
Faust Marqaritaya köməyə tələsir, ona zindandan
qaçmağı təklif edir. Marqarita isə
qalmağı və günahını yumağı
üstün tutur. Mefistofelin gözləntilərinin
əksinə olaraq, Tanrı qızı cəhənnəm əzabından
xilas edir.
İkinci hissə Antik dövrdə baş veir. Faust gözəl
Yelena qarşısında yaraşıqlı, igid
döyüşçü kimi peyda olur. Onlar evlənir və nikahdan
Evforion doğulur. Valideynlərini tərk edən
gənc döyüşlərdə hünər göstərir
və həlak olur. İtkiyə dözməyən
Yelenanın cismi yoxa çıxır. Qocalmış
Faustu isə var-dövlət maraqlandırmır. Onun indi
bir arzusu var: bataqlığı
qurutmaqla, bənd tikməklə insanlara fayda vermək.
Bellərin səsini eşidən Fausta elə gəlir
ki, onun arzusu yerinə yetirilir. Amma əslində,
Mefistofel onun üçün qəbir qazdırır. O,
Mefistofellə müqaviləni xatırlayaraq, həyatını
burda dayandırır. Müqaviləyə əsasən,
onun ruhu cəhənnəmə getməliydi. Amma Tanrı Faustu ömrünün sonunda insanlara
xeyirxahlıq etdiyu üçün xilas edir və o, cənnətə
gedir.
Hötenin
1774-1831-ci illərdə yazdığı "Faust" alman ədəbiyyatının
"İncil"i
sayılır.
Əsərin
əsasında
1480-1540-cı illərdə yaşamış, qara
magiya ilə məşğul olmuş kimyagər Georq Yohann
Faustun fəaliyyəti dayanır.
Deyilənə görə, Faust növbəti
təcrübələrini aparanda partlayış zamanı həlak
olub.
Hötenin əsəri bütün dövrlər
üçün aktual olan mübahisə ilə
başlayır. Əsərin əvvəlində teatrın direktoru,
şair və komik aktyor bədii yaradıcılıq məsələlərini
müzakirə edirlər: sənət əyləncə istəyən
kütləyə xidmət etməlidir, yoxsa özünün
yüksək təyinatına sadiq qalmalıdır? Həqiqi poeziya və uğuru necə birləşdirməli?
Direktor şairdən xahiş edir ki, əyləncəli əsər
yazsın, hamıya maraqlı gəlsin və teatra adamlar
axışsın. Şair isə hesab edir ki, əyləncəli əsərlərin
ömrü bir gündür, əsl sənət, həqiqət isə
həmişəyaşardır. Direktor ona məsləhət
görür ki, öz fikrindən daşınsın və
işə başlasın: "Enin göy üzündən iti
uçuşla, Keçin yer qatında düz cəhənnəmə!".
Paralel
proloqda Tanrı ilə İblisin mübahisəsi baş
verir...
"Faust" insanın zəif və güclü tərəflərini,
iradəsinin, nəfsinin, ağlının sınağa
çəkilməsi, onun içindəki şərlə
xeyirin mübarizəsi haqdadır. Hötenin yozumunda səhvlərinə rəğmən
Faustun xeyirxah başlanğıcı qalib gəlir.
İlk olaraq alman kinorejissoru Fridrix Murnaunun 1926-cı ildə
çəkdiyi ekran versiyasını təqdim edirik.
Öncəliklə, səssiz kinonun və alman
kinoekspressionizminin parlaq simalarından biri olan Murnau haqda bilgi
verməyi zəruri sayıram. Onun filmləri
novatorluğu, inqilabiliyi ilə seçilib. Rejissorun irland romançısı Brem Stokerin
"Drakula" əsərinin əsasında
ekranlaşdırdığı "Nosferatu. Qorxunun
simfoniyası"
(1921) filmi horror janrının inkişafında
mühüm rol oynayıb. O, filmdə ikili ekspozisiya vasitəsilə
predmetlərin başqa şəkil almasına nail olub. Məsələn,
bəzi epizodlarda arxa fon neqativdə təsvir
edilsə də, ön plandakı predmet öz rəngində
qalır. Və bununla da rejissor irreal atmosfer
yaradır. Vampirin günəşin
doğuşu zamanı ölməsini də kinoya ilk dəfə
Murnau gətirib.
Kinoda zirvə
sayılan "Sonuncu adam" (1924) işdən
çıxarıldığına görə psixoloji
böhran yaşayan qapıçıdan bəhs edən kamera
dramıdır. Rejissor subyektiv kameradan istifadə
edir və seyrçi sərxoş adamın gözləri ilə
təhrif olunmuş təsvirləri görür. Murnau bu filmdə daha bir yeniliyə əl
atır: o, titrlərdən imtina edir. O zaman titrsiz film səssiz
kino üçün xarakterik deyildi.
"Günəşin doğuşu"nda (1927)
ayrı-ayrı epizodlar həm müstəqil film, həm də
ayrılmaz hissə kimi görünür.
"Faust"u işləyərkən
müəllif Hötenin və
XVI əsrdə yaşamış ingilis şairi, dramaturqu
Kristofer Marlonun "Doktor Faust" pyesinin motivlərindən
istifadə edib. Müəllif hər iki əsərin
motivləri üzərində variasiya edir və öz müstəqil
"Faust"unu yaradır.
Zəruri bir qeydi edim ki, əsərin ikinci hissəsi bir
qayda olaraq, Almaniyanın məktəb proqramlarına
salınmır. Və nadir hallarda tamaşaya qoyulur. "Faust" əsasında çəkilmiş
üç filmdə də yalnız birinci hissə
ekranlaşdırılıb.
Murnaunun yozumunda Tanrıya yaxın olan mələklərdən
biri Mikayıl (Verner Fueterer) ilə İblis-Mefistofel (Emil
Yanninqs) arasında mərc kəsilir. İblis israr edir ki, o,
istənilən insanı yoldan çıxara bilər. Mərcin
predmeti doktor Faust
(Gest Ekman) seçilir və İblis onun
yaşadığı şəhərə taun göndərir.
Faust insanlara kömək edə bilmədiyi
üçün məyus olur və kitab səhifələrindən
birində İblisi çağıran ovsun görür.
Beləcə o, Mefistofellə əməkdaşlığa
gedir. Və xəstəlikdən
ölmüş adamlardan birini dirildir. Amma əlində
xaç tutmuş qızı diriltməyə gücü
çatmayanda əhali onu qovur.
Onda Mefistofel ona əbədi gənclik təklif
edir.
Murnau
xeyir və şər arasında metafizik mübarizəni arxa
plana atır, əsərin
mərkəzinə sevgini gətirir və alman kinotənqidçilərinin
təbirincə desək, Faustu seçimində azad iradə
nümayiş etdirən sivil insan kimi təsvir edir. Final epizodunda Faust əbədi gənclikdən imtina
edərək Marqarita (Kamilla Horn) ilə tonqalda
yandırılmağı seçir. İblis
Mikayılı mərcdə udduğunu desə də, o, bir
sözün onun uduzdurduğunu deyir. Və
bu söz sevgidir.
Digər filmlərində olduğu kimi, Murnau burda da
kinematoqrafik axtarışlar edir, kameradan sərbəst istifadə
edir, kinonun ifadə, vizual sərhədlərini genişləndirməyə
çalışır. Rejissor qaranlıq və işığın, onların
çalarlarının kəskin kontrastı və
toqquşması,
dar məkanda kütləvi təsvirləri,
naturadakı səliqəsiz və dağınıqlıqla
xaotik atmosfer yaradır. Bir epizodda isə Murnau
maraqlı fənd işlədir. Taundan xilas olmaq
üçün inanca çağırışı dinləyən
kütlənin içinə şənlənən adamlar
girir və karnaval estetikası ilə dini mərasim
estetikasının qəribə sintezi əmələ gəlir.
Adamlar şənlənməklə, rəqs və
sevgiləriylə tauna - ölümə meydan oxuyur. Rejissor obrazları
mübaliğəli işləyib. Örnəyi,
Mefistofel həddən artıq idbar, Mikayıl isə mükəmməl
məsumluqla təsvir olunur.
Film ilk dəfə ekranlara çıxanda alman kinotənqidçiləri
Murnaunu Hötenin əsərinin fəlsəfi dərinliyini
anlamamaqda qınamışdılar. Amma bu əsər
Hötenin əsərinin olduğu kimi ekrana daşımır,
yuxarıda qeyd etdiyim kimi, rejissor öz düşüncəsinin
məhsulunu, müstəqil "Faust"unu yaradır.
Fransa kinosunun əhəmiyyətli simalarından
sayılan Rene Kler "İblisin gözəlliyi" filmini
1950-ci ildə lentə alıb. Fransa və
İtaliyanın müştərək istehsalı olan filmdə
Kler "Faust"u tamamən yeniləyib, onu fentezi
janrının elementləri, yumor qatında işləyib.
Hadisələrin harda, hansı zamanda baş verməsi
aydın deyil.
Professor Faust (Mişel Simon)
ölümsüzlüyü necə tapmalı sualına cavab
axtarır. Axtarışları isə nəticə
vermir. Məyus olan Fausta Mefistofel gənc
olmağı təklif edir.
Mefistofel (bu
obrazı da Mişel Simon oynayır, Faustun gəncliyini isə Jerar Filipp
ifa edir) obrazı səfeh, kələkbaz, yüngül xasiyyətli
kimi təqdim olunub. O, Faustu gəncləşdirəndən
sonra, özü onun qocalıq cildinə girir. Əsl
Faustu malikanəsindən qovur, onun var-dövlətinə sahiblənir,
nüfuzundan istifadə edir. Əsl Faust isə
yoxsulluq içində yaşayır və heç kəsi
onun Faust olduğuna inandıra bilmir.
Mefistofelin Faustun laboratoriyasında qızıl düzəltmək
cəhdi alınmır. O, Faustu dilə tutaraq, onu şan-şöhrətli edəcəyini,
şahzadə (Simona Valer) ilə görüşdürəcəyini
vəd edir. Faust isə əvəzində ona
ruhunu satacaq.
Mefistofel Fausta güzgüdə onun gələcəyini
- şahzadəni ələ keçirmək üçün
qətl törədəcəyini, qəddar biri oldğunu
göstərəndə o, imtina edir. Və qaraçı
qız Marqarita (Nikol Besnard) ilə qalır. Mefistofeli isə şəhər sakinləri
öldürür.
Rejissor nəql texnikasında, vizual həllərdə
yeni nəsə təklif etmir. O, sadəcə, dəyişdirdiyi əhvalatın
səthi təsvirləri ilə kifayətlənir.
Rus
rejissoru Aleksandr Sokurovun Venesiyada "Qızıl şir" alan "Faust"u
2011-ci ildə çəkilib və Almaniya, Fransa, İtaliya,
Yaponiya, Böyük Britaniyanın birgə istehsalıdır.
Bu onun tetralogiyasının dördüncü işidir:
"Molox", "Buğa", "Günəş" və
"Faust".
Sokurovun filminin ilk epziodları horror janrına xas tərzdə
başlayır. Faust (Yohanes Çayler) meyitləri
parçalayıb saf-çürük edərək ruhun bədəndə
olduğuna inanır. O, düşünür ki, elmi, dini
biliklər insanın mövcudluğu sualına cavab verə
bilmir. Əgər ruh varsa, ona
toxunmaq, hiss etmək mümkündür. Lakin
onun axtarışları nəticə vermir.
Nüfuzlu
olsa da, Faustun məişət problemləri var. Ona yemək
tapmaqda sələmçi Mefistofel (Anton Adasinski) yardım edir. Mefistofelə onu Marqarita ilə (İzolda Dyuşauk)
yaxınlaşdırmağı xahiş edir. Mefistofel əvəzində onun ruhunu istəyir.
Faust Marqarita
ilə intim münasibətə girir və sonra onu tərk
edir. Vicdanı Faustu narahat edir və sonda
Mefistofeli daşlayır. Və səmadan Marqaritanın səsi
eşidilir: "İndi sən hara gedəcəksən?".
Süjeti
fəlsəfi dram kimi işləyən Sokurov onu özünə
xas kino dilində çəkib: sürreal qarışıq
impressionist atmosfer, uzun planlar, vizual estetikləşdirmə,
dünyadan qopmuş məkan və zamansızlıq. Bəzi epizodlarda təhrif
olunmuş görüntülər çox güman ki, müəllifin
bədii mətnlə sərbəst davranmasında, onun yeni
oxunuşda təqdimatı ilə bağlıdır. Sokurov bu haqda deyir: "Bizim filmdə
bu sualları vermək vacib idi: Faust necə insan idi? Onun ruhu necə görünür? Kim bunu bilir?".
Müəllif əsasən solğun qəhvəyi,
sarı çalarlardan istifadə edib və bu, hadisələrin
baş verdiyi məkanın izolyasiyası təəssüratını
verir. Onun yozumunda Tanrıyla sözləşmə yoxdur.
O, İblisi yox, onunla sövdələşməyə gedən
Faustu tək günahkar çıxardır. Və
bütün məsuliyyəti insanın üzərinə
atır. Murnau sevgini əsas güc kimi
göstərirsə, Sokurovun traktovkasında sevgi Faustun
xilası, istinadı deyil.
Bundan
başqa, Mefistofeli sələmçi statusuna endirir, onu
qüdrətli, zəhmli biri kimi yox, çirkin, miskin təsvir
edir, təlxək cizgiləri ilə yozumlayır.
Fasiləsiz dialoqlarda isə hakimiyyət, ruh, həyat,
qadın-kişi haqda müzakirələr yer alır.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.30-31.