85 yaşlı AYB və Ağsaqqal barədə...
Azərbaycan
Yazıçılar Birliyi bu il öz 85
illik yubileyinə hazırlaşır. AYB bizim ölkəmizdə
dövlət tərəfindən dəstəklənən bir
təşkilatdır və bu gün yazıçı təşkilatının
dövlət büdcəsindən maliyyələşdirilməsi
dünyada çox az təsadüf olunan
hadisədir. Kapitalist dünyası gəlir gətirməyən
sahəni maliyyələşdirməyi elə də məqsədəuyğun
hesab etmir, çünki rentabelli deyil. Amma
ümummilli lider Heydər Əliyev mənəvi sferanı dəyər,
qazanc hesab edərək Azərbaycanda belə bir ənənə
qoydu və Prezidentimiz canab İlham Əliyev bu ənənəni
davam etdirir. Mən xaricdə olanda dəfələrlə
bu məsələdən xəbərdar olan xarici
yazıçıların azərbaycanlı həmkarlarına
necə həsəd aparmasının şahidi olmuşam,
çünki onlar bu cür dövlət dəstəyindən
məhrumdurlar. Onlar deyir ki,
istehlakçı cəmiyyətdə sponsorlar və kommersiya
nəşriyyatları bədii əsərlərə istehsal
etdikləri mal kimi baxırlar, onları əsərin bədii
və mənəvi dəyəri yox, kütlənin onları
istehlak edə biləcəyi xüsusiyyətləri
maraqlandırır. Dövlət isə bu məsələlərdə
bitərəf mövqe tutur... Və nə yaxşı
ki, bizim ölkəmizin rəhbərləri bədii sənəti,
qələm adamlarını matah istehsal edən sənayedən
ayıra biliblər və mən inanıram ki, Azərbaycan rəhbərliyinin
bu müdrik addımı başqa ölkələr
üçün də örnək olacaq. Ciddi
ədəbiyyat, əsl sənət nümunələri
bütün tarix boyu sarayın dəstəyi ilə inkişaf
edib və sonda təmsil etdiyi xalqın, sonradan isə
bütün dünyanın mənəvi sərvətinə
çevrilib. Tarixdə buna yüzlərlə
misal var, Firdovsi, Nizami, Şekspir, Höte... davam eləsək
siyahı çox uzun olar. Böyük
istedadın həmişə köməyə ehtiyacı var,
istedadsızlar onsuz da özlərinə yol açırlar.
Ani bir zamanda bir sistemdən başqa bir sistemə
adlayan postsovet məkanında, o cümlədən Azərbaycanda
çoxları, xüsusən yazıçılar köməksiz
hala düşdülər. Kiçik də olsa, dövlət
tərəfindən Yazıçılar Birliyinə göstərilən
dəstək çox yazıçılara ayaq üstdə
durmaq və yaradıcılıqla məşğul olmaq
imkanı verdi. Müstəqillik
illərində Azərbaycanda bəzilərinin söylədiyi
kimi, ədəbiyyat ölmədi, əksinə, xüsusən
poeziyada təkrarsız sənət nümunələri
yarandı və onlar bu gün ədəbiyyatımızın
yeni sifətinin bariz nümunələridir. Bu illər ərzində ölkəmizdə
yalnız həyat səviyyəsinin, şəhərlərin
siması dəyişmədi, o cümlədən insanların
dünya duyumu, zövqü, estetikası dəyişdi. Azərbaycan Yazıçılar Birliyi də cəmiyyətin
mənəvi mərkəzlərindən biri kimi, bu proseslərdən
kənarda qalmadı. Uzun illər ərzində bu təşkilata
rəhbərlik etmiş, böyük çətinliklərə
baxmayaraq onun bütövlüyünü qoruya bilmiş Anar təlatümlü
bir dövrdən keçmiş, sistem dəyişikliyi
yaşamış AYB-ni bu günlərə zamanın
yaratdığı problemlərə sinə gərə-gərə,
amma rahat bir şəkildə gətirib çıxara bildi.
Əgər AYB-dən danışırsansa, Anardan bir az geniş danışmamaq mümkün deyil. Çünki Anar istər ədəbiyyatımız
tarixində, istərsə də AYB-nin tarixində
böyük bir epoxanı simvolizə edən bir şəxsiyyətdir.
Əlbəttə, bu illər ərzində Azərbaycan
Yazıçılar Birliyinin sıralarında çox
böyük və məşhur adamlar təmsil olunub, bu təşkilata
Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Mirzə
İbrahimov, İsmayıl Şıxlı kimi görkəmli
və işıqlı adamlar rəhbərlik ediblər. Anar müəllim də artıq uzun illərdir ki, mədəniyyət
tariximizdə dərin izlər qoymuş bu böyük
insanların ləyaqətli xələfi kimi
yazıçılar qurumuna ağsaqqallıq edir. Məncə, Azərbaycan mədəni-mənəvi
mühitinə göstərdiyi böyük müsbət təsirə
görə Anar yalnız AYB ilə assosiasiya
olunmamalıdır. Anar yalnız ədəbiyyatımızda
deyil, ümumən mədəniyyət tariximizdə
böyük bir mərhələdir. O, şübhəsiz
ki, böyük yazıçıdır, amma mədəniyyətin
digər sahələrində də böyük izlər qoyub.
Kino, dram, dil, rəssamlıq, tərcüməçilik,
tarix, esseistika, naşirlik... mədəniyyətin hansı sahəsinə
baş vursan, Anarın izinə rast gələcəksən.
Ölkədə onun əsərləri, filmləri
ilə böyüyən artıq üçüncü nəsil
yetişməkdədir. Atalarımız,
özümüz, uşaqlarımız, indi də nəvələr
böyüyür. "Dantenin yubileyi",
"Gürcü familiyası", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Ağ
liman" kimi əsərlər bir zamanlar mənim kimi əyalətdə
yaşayan gənclərin düşüncəsində şəhər
tablosu belə əsərlərin təsiri ilə yarandı. Şəxsən mənim şəhər
poeziyamın formalaşmasında Anar və Elçin nəsrinin,
Vaqif Səmədoğlu şeirinin böyük təsiri olub.
Şübhəsiz ki, bu təsir başqa sənət
adamlarımızdan da yan ötməyib. Həm
də bu əsərlər XX əsrin 60-70-ci illər
Bakısının canlı illüstrasiyasıdır. Bundan sonra biz köhnə Bakını yalnız
onların və digər yazıçılarımızın
əsərlərində, onların əsasında çəkilmiş
filmlərdə görə biləcəyik. Bu baxımdan Anarın əsərləri yaxın
tariximizin canlı tablolarıdır. Mən
"Dədə Qorqud dünyası" əsərini ilk dəfə
oxuyanda beynimdə, düşüncəmdə böyük dəyişimlər
oldu. Onda çox gənc idim və səhifədən-səhifəyə
keçdikcə özümü həmin dünyada, Oğuz
bahadırlarının arasında hiss eləməyə
başladım - xəyalən ox atdım, qımız
içdim, bozqırlarda at çapdım. Sovet
mühitində belə əsərlər bizim
üçün yeni bir mövzu idi, biz "Kitabi Dədəm
Qorqud"u oxusaq da, Anarın bu essesi qədim boyların
qavranılmasında bizə yeni impuls verdi.
Bir gün də Anar şəhər həyatından
ayrılıb Oğuz zamanlarına səfər edərək
bu mövzunu Azərbaycan ədəbiyyatının gündəminə
gətirdı və əsərin emosional təsiri elə
güclü oldu ki, bu mövzuda əsərlər
yazılmağa başladı. İndi bu əsərlərin
adını artıq hamı bilir. O dövrdə mən
də Dədə Qorqud süjetlərində şeirlər
yazmışdım və sonralar bu şeirlər "Savaş
ayələri" və "Türk əsrinin türküləri"
kimi şeir kitablarımın yaranmasında az rol oynamadılar.
Sonradan o bu əsərin əsasında kinossenari
yazdı və onun əsasında "Dədə Qorqud"
filmi çəkildi. İndi Azərbaycanda
kimsə həmin dövrdən yazanda və ya danışanda
hadisələri həmin filmdə gördüklərinin
prizmasından şərh edir. Ümumən
Anar Azərbaycan cəmiyyətində, Azərbaycan dövlətçiliyində
əlamətdar bir fiqurdur. İstər
genetik, istər yaradıcılıq, istərsə yaşam
baxımından o, Azərbaycana çox bağlıdır.
Genləri barədə: Ana babası Xudadat bəy Rəfibəyli
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün rəhbərlərindən
və şəhidlərindəndir. Atası Rəsul
Rza Hüseyn Caviddən sonrakı yeni poeziyada (klassik janrın
bitişindən sonra) yeni cığır açan iki
şairdən biridir. Rəsul Rza həm də
AYB-nin ilk dövrlərində, çox gənc
yaşlarında bu qurumun rəhbəri olub. Anar özü isə həm yaradıcılıq, həm
ideoloji, həm də təşkilati işlər
baxımından həmişə Azərbaycan dövlətinə,
xalqına bağlı olub. Onun barəsində çox
yazılıb, xüsusən bədii əsərləri barədə,
mən burada bir az onun fəaliyyətinin
ideoloji spektri barədə söz demək istəyirəm. Bu barədə mən "Ağ qoç, qara
qoç" əsəri haqda yazdığım yazıda
söz açmışam. Bir az da əlavə
etmək istəyirəm. Azərbaycançılıq
yeni ideologiyadır və ictimai şüurumuzda XIX əsrin
sonlarından oturuşmağa başlayıb. Bir ideya olaraq qələm və fikir adamları tərəfindən
ortaya qoyulub. Ədəbiyyatda bu ideyanın
sütunları Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov, Hüseyn Cavid hesab edilir. Anar heç də təsadüfən onların barəsində
yazılar yazıb, filmlərin çəkilişində
yaxından iştirak etməyib, çünki bu fəaliyyət
çoxsistemli bir şəkildədir. Onların
arasında Mirzə Cəlil yaradıcılığı Anara
xüsusən həmişə yaxın olub. O, hələ
gəncliyində bu mövzuda yazılar, əsərlər
yazıb. Mirzə Cəlil ruhən Azərbaycançıydı,
qlobal turançı Əli bəy Hüseynzadədən, Məhəmməd
Hadidən, Hüseyn Caviddən və başqalarından məhz
bu ruhi xüsusiyyətinə görə fərqlənirdi.
Yazılarının, buraxdığı
"Molla Nəsrəddin" jurnalının ruhu təfəkkürlərdə
Azərbaycan mövzusunu oluşdurmaqdaydı. Anar da ədəbiyyata gəldiyi gündən
addım-addım bu xətti inkişaf etdirdi. Mir Cəlal Paşayev yazırdı ki, "Azərbaycanı
şeirə Səməd Vurğun gətirdi". Onun "Azərbaycan" şeiri bu məfhumun milli
şüurda oturuşmasında misilsiz rol oynadı. Anar
isə bir az fərqli yol tutdu, asta-asta bu
ideyanın bədii əsaslarını yazdı, onların
ictimai şüurda oturuşmasında önəmli rol
oynadı. Əlbəttə, bu işdə başqaları da az rol oynamayıb, amma Anarın
yaradıcılığında və fəaliyyətində
bu, sistemli bir haldadır. Onun Nəsimi, Füzuli və Xətai
barədə möhtəşəm esseləri var. Onun "Dədə
Qorqud dünyası" var, Mirzə Fətəli Axundov, Cəlil
Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn
Cavid barədə filmləri var, "Azərbaycançılıq
barədə düşüncələr"i var.
Bugünkü Azərbaycan Respublikasının
ideologiyasının formalaşmasında bu əsərlər və
düşüncələr əhəmiyyətli rol
oynayır. Bu əsərlər yalnız
keçmişə deyil, həm də gələcəyə
baxışdır. Dövlətin və
millətin gələcəyinin
formalaşdırılmasında xeyli məsələlər
var ki, Anarın müdafiə etdiyi mənəvi formulalara
istinad edildiyi şübhəsizdir. Onun
"Ağ qoç, qara qoç" əsərində Birləşmiş
Azərbaycan Respublikasının Konstitusiyasından bəndlər
verilib. Əlbəttə, bu onun arzusudur,
amma gerçəkliklər həmişə arzulardan
doğulur. Mən əvvəllər də
yazmışam, Azərbaycan Cümhuriyyəti, onu doğuran
ideya qılıncların ucunda yox, fikir adamlarının qələmlərinin
ucunda yaranıb. Kim bilir, bəlkə də nə zamansa
Birləşmiş Azərbaycan olacaq, onun konstitusiyası
yazılacaq və Anarın "Ağ qoç, qara
qoç" əsərində təklif etdiyi maddələr,
bəlkə də həmin sənədə salınacaq...
Nə isə, qayıdaq AYB məsələsinə. Bu təşkilat
Sovetlər dönəmində yaransa da, bu gün də bir
yaradıcı qurum kimi əhəmiyyətini saxlayır.
Həm də Anarın rəhbərlik etdiyi AYB
postsovet məkanında parçalanmaya məruz qalmayan yeganə
yazıçı təşkilatıdır. Bu illər ərzində
o təşkilat Rəşad Məcid, Elçin Hüseynbəyli,
İlqar Fəhmi, Azər Turan, Səlim Babullaoğlu, Qulu
Ağsəs kimi yeni nəsildən olan idarəçilər
yetişdirə bildi, bu da təşkilatın gələcəyinə
nikbin baxmağa imkan verir. Bu sırada
özünəməxsus poetik üslubu və yüksək təşkilatçılıq
qabiliyyəti ilə seçilən Səlim Babullaoğlunu
xüsusilə qeyd eləmək istəyirəm. Onun
poetik istedadı və iş qabiliyyəti artıq ölkəmizdən
çox-çox uzaqlarda etiraf olunmağa başlayıb...
Bu il yubiley ilidir, sağ olsun Prezidentimiz, xeyli
yazıçımızın ürəyini sevindirdi, fəxri
adlar verdi, əlavə pul ayırdı. Bunlar onu göstərir
ki, Azərbaycan dövlətçiliyi milli ənənələrə
dayanan, sağlam təməllər üzərində durur.
Sağlam köklər üzərində dayanan dövləti
hər zaman rüzgarı laxlada bilməz.
Elxan Zal
Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.3.