Uşaq ədəbiyyatı - məfkurə qaynağımız
Ədəbiyyatın
ən iddiasız, saf, təmənnasız sahəsidir uşaq ədəbiyyatı.
Yalnız ona görə yox ki, məsum, təmiz uşaq mənəviyyatına
xidmətlə məşğuldur, həm də ona görə
ki, bu yöndə qələm çalanlar heç bir dəyərləndirmə,
təltif, mükafat, tənqidin nəzərlərindən təhlil
filan ummadan, yorulmadan tutduqları yolda irəliləməkdədirlər.
Bu yaxınlarda "Qızıl kəlmə"
mükafatının təqdimetməsi zamanı Rafiq
Yusifoğlunun bir fikri diqqətimi çəkdi: "Mən həmişə
başımı aşağı salıb işlərimi
görmüşəm, qaldıranda görmüşəm kimsə
qiymət verib, dəyərləndirib". Məncə,
uşaq ədəbiyyatı ilə məşğul olan əksər
yazarların qismətinə onları qəfil yaxalayan "təltif"
anı yazılır. Təbii, onun da qazananı, qazanmayanı
olur.
Uşaq ədəbiyyatının
keçdiyi yol, inkişaf qanunauyğunluğu, mövzu və
problem dairəsi haqda çox bəhs edilib. Bəs bu gün
çağdaş uşaq ədəbiyyatının problemləri,
mövzu dairəsi nədir, hansılardır? Sovet
dövrü materiallarına nəzər yetirəndə daha
çox vətən, yurd sevgisinin, məktəbə həvəs
oyadan şeirlərin qabarıqlığı, eləcə də
təbiət təsvirlərinin inci boyalarla təcəssümü
nəzərdən qaçmır. Teymur Elçin, Zeynal
Cabbarzadə, Xanımana Əlibəyli, İlyas Tapdıq, Hikmət
Ziya, Fikrət Sadıq, Məstan Günər və
başqalarının şeir, poema, hekayə, pyes və təmsillərində
əsas mövzu bu sadaladıqlarımdır.
Müstəqillik
dövrü ədəbiyyatı başqa imzaları önə
çəkir. Zahid Xəlil, Rafiq Yusifoğlu, Məmməd
Namaz, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Qəşəm
İsabəyli, Qəşəm Nəcəfzadə, Reyhan
Yusifqızı, Mina Rəşid, Ələsgər Əlioğlu,
İnqilab İsaq, İbrahim Yusifoğlu və b. Onlardan bir
qisminin yaradıcılığı sovet dövrünə
düşsə də, müstəqillik zamanında da
prioritetləri dəyişməyib. İllərdir uşaq ədəbiyyatı
bu müəlliflərin yaradıcı ruhunda qorunur,
yaşanır, ədəbi estafeti ləyaqətlə
zamanın sonrakı axarına daxil edir.
Müstəqillik
dövrü uşaq ədəbiyyatının mövzu dairəsi
əvvəlki onilliklərdən fərqlənmir. Bu, bəlkə
də, uşaq ədəbiyyatının ideolojinin tələblərinə
uymamaq, daha saf başlanğıcdan çıxış etmək
əzminə bağlıdır. Hərçənd sovet
dövrü ədəbiyyatında belə bir rakursun olması
danılmazdır. Rəhbərə, zamana vurğu salan,
dövrün yüksəlişini ifadə edən
misraların olduğu şeirlər az çıxmır
qarşımıza. Bu mənada, uşaq ədəbiyyatının
yeni dil, yeni estetika, yeni baxış və ifadə qatına
adlama prosesi müstəqillik dönəminin payına
düşür. Bu dövr həm də azərbaycançılıq
ideologiyasının bütün sahə və istiqamətlərdə
önə keçdiyi zaman vahidi kimi səciyyəvidir.
Uşaqlarımızda milli müəyyənlik, milli
düşüncə formalaşdırmaq istəyi,
üçrəngli bayrağımız, himnimizlə
öyünmək, vətən, hürr, azadlıq duyğulu mətnlərin
daha çox üstünlük təşkil etməsi
çağdaş uşaq ədəbiyyatının
aparıcı istiqamətləridir. Digər mövzu və
obrazlar da oldu: Qarabağ faciəsi, işğal olunmuş yurd
yerlərimizin, şəhid olan oğullarımızın
obrazı, onların vəsfi, tərənnümü. Bir də
dünyanı bürüyən texnoloji sivilizasiyanın
uşaq baxışlarından dərki. Diqqət eləsək,
bu, elə bizim müstəqillik dövrü Azərbaycan ədəbiyyatını
qapsayan mövzulardır. Xalqın və millətin taleyində
elə taleyüklü məqamların ifadə, vəsf, tərənnüm
anı gəlir ki, bütün ədəbiyyatın ruhu,
ovqatı eyni amala, eyni mərama qulluq etmiş olur.
Texnoloji
sivilizasiya, informasiya partlayışı kimi məsələlər
üzərində düşünərkən istər-istəməz
bir neçə əsr öncələrə qayıdıram.
Didaktikadan, öyüd-nəsihətdən maarifçiliyə
yol alan uşaq ədəbiyyatının indi
çağdaş dünyanın tələblərinə
adaptasiya olunmaq cəhdləri məni XIX əsrin
sonlarının maarifçi dalğasına aparır, hələ
millət kimi formalaşmayan toplumun şüur
oyaqlığı məsələsini qaldıran milli münəvvərlərimizin
bu yöndə əvəzsiz xidmətlərini yada salır.
"Ədəbiyyat qəzeti"nin ötən sayında (25
may 2019) Qan Turalının "Cümhuriyyətin qəmli
hekayələri" yazısında maraqlı bir fikir yer
almışdı: "İnsanları nə birləşdirir?
Ordular? Yoxsa altunlar? Bəlkə bayraqlar? İnsanları hekayələri
birləşdirir. Yer üzündə hekayədən
güclü heç nə yoxdur. Onun qarşısını
heç nə ala bilməz. Heç bir düşmən ona
qalib gələ bilməz". Bəli, bütün
böyük əməllərin əsasında azad,
böyük fikirlər dayanır. O fikirləri
reallaşdırmaq əzmi, həyata keçirmək yolunda
hekayə yaradacaq müqavimət hissi dayanır. Uşaq ədəbiyyatı
da belə bir müqavimətin bəhrəsidir. XIX əsrin
sonu, XX əsrin əvvəllərində maarifçilik
dalğasının formalaşmasında xidməti (hekayəti!)
olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov,
H.Qaradağski, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə,
M.T.Sidqi, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Ə.Sabir və
digərlərinin qüdrəti sayəsində
uşaqlarımıza "Vətən dili"ndə xitab
olundu. Dilçi alimimiz Tofiq Hacıyev yazır ki, "bizim bu
gün işlətdiyimiz ədəbi dil norması "Vətən
dili"nin və onun yolunu gedən XX əsrin əvvəllərindəki
dərsliklərin dil normasının üstündə
durur". Qürurverici faktdır. Bu şərəfli tarix
bizim uşaq ədəbiyyatımızın layiqli
simalarının zamanında sərgiləmiş olduğu
milli ruh və idrak təəssübkeşliyinə
bağlıdır. Həmin illərdə milli aydınlar
maarifi, oxumağın faydasını, elmlə ucalmağın
zərurətini israrla ifadə edən mətnlərlə
çıxış etmiş, bunu konseptual olaraq
yaradıcılıqlarının amalına çevirmişlər:
"Elmin izzəti payidar olur,/Cəhlin nikbəti canşikar
olur,/Hər kəs elm oxur, bəxtiyar olur,/Millət elmlə, bərqərar
olur" (M.Ə.Sabir).
Bu gün
Azərbaycan dövlətçiliyinin əsasında azərbaycançılıq
məfkurəsinin dayandığı məlumdur. Uşaq ədəbiyyatında
azərbaycançılıq amilinin intişar dövrü də
ötən iki əsrə sirayət edir. XIX əsrin sonu, XX əsrin
əvvəllərində meydana çıxan nümunələr
bunun ilk cəhdi, nümunəsi kimi maraqlıdır. O zaman Səid
Ünsizadə, S.Ə.Şirvani, F.Köçərli
uşaqların yaş və bilik səviyyəsinə, maraq
dünyalarına uyğun əsərlər yaratmağı
mühüm vəzifə kimi irəli sürməklə bahəm
bir məsələnin də vacibliyini
vurğulayırdılar: Uşaqlar üçün yazılan
bədii əsərlər ana dillərində qələmə
alınmalı, azyaşlı və yeniyetmə oxucuların
yaş səviyyələri, milli xüsusiyyətləri və
anlama qabiliyyətləri nəzərdə tutulmalıdır.
Uşaqlar üçün yazılmış əsərlərin
süjeti sadə, dili aydın və xəlqi olmalıdır
ki, bağça və məktəb yaşlı
uşaqların nitqlərinin, bədii zövqlərinin və
dünyagörüşlərinin inkişafına kömək
etsin. O zaman meydanda olan klassik əsərlərimizin - Ə.Xaqani,
N.Gəncəvi, S.Şirazi kimi sənətkarların əsərləri,
yaxud "Gülüstan", "Bustan", "Leyli və Məcnun"
və s. kitabların heç biri Azərbaycan dilində
deyildi. Bu əsərlərdə uşaq dünyası,
onların yaş psixologiyası nəzərə
alınmamışdı. Bu mənada, ziyalıların
narahatlığı səbəbsiz deyildi. Məktəbin,
maarifin faydasını anlatmaq, uşaqları oxumağa vərdiş
etdirmək, mövhumat zəncirini elmin açarı ilə
qırmaq əzminə inam hissi önə keçmişdir.
XIX əsrin ortaları idi. Hələ meydanda milli
şüurdan, milli tərəqqidən, milli düşüncədən
söhbət belə getmirdi, amma əvəzində buna aparan
ağır yolun yolçuluğu başlanmışdı.
Mirzə
Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə
ünvanladığı məktublarının birində belə
fikirlər yer alırdı: "Əgər külli şəhər
xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer
tapılmaz. Deyəcəksən ki, şəhərlərdə
məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə
məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə
başladıq. Aya, ünas və kənd əhalimiz necə
etsinlər? Kəndlərdə də məktəbxanalar
açaq və müəllim gətirək, ya yox?.. Əgər
deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər
xalqı elm öyrənsin, onda sənin muradın əmələ
gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər
xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya
nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki,
kafeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi
ünasən və zükurən elmindən bəhrəyab
ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta
çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq
bilələr və ünas tayfamız da oxumaq bilə".
Elə
bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və
məktəb şəbəkəsinin genişləndirilməsinin,
xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər
və hər kəs əlində qələm bu yolda milli
mücadiləyə atılmışdı.
XX əsrin
əvvəllərində maarifpərvər ziyalıları -
müəllim və yazıçıları uşaq mətnləri
yazmağa təhrik edən səbəblərdən biri də
məktəblərdə şagirdlərin mütaliəsi
üçün qiraət kitablarının yoxluğu idi. Ona
görə maarifpərvər yazıçılar ana dilində
yalnız dərsliklər deyil, sinifdənxaric oxu
üçün kitabların yazılması
qayğısına da qalırdılar. Bu ziyalıları
uşaq ədəbiyyatının bütün əhatə və
çalarlığında inkişafı
düşündürürdü. Yəni necə yazmaqla
yanaşı, həm də nə yazmaq, hansı janrda mətn
meydana qoymaq barədə narahatlıqlarını izhar edirdilər.
Yalnız uşaq şeirləri, təmsillər,
nağıllar deyil, həm də güclü hekayələrin
yazılması onları düşündürən səbəblər
idi. S.M.Qənizadə M.T.Sidqiyə yazırdı: "Hekayəsiz,
nəsrsiz yeni ədəbiyyatı irəli aparmaq mümkün
deyildir. Təəssüf ki, bəzi cavan şairlərimiz bu mətləbi
düşünmür, hekayənəvisliyi şəni-şairliyə
layiq görməyib baş qaçırdırlar".
XX əsrin
əvvəllərində bu sahədə azərbaycançılıq
amilini gücləndirən amillərdən biri də uşaq
mətbuatının yaranması olmuşdur. Bu yöndə
atılan bütün addımlar nəticəsiz qalsa da, nəhayət,
"Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907)
kimi jurnalların nəşrə başlaması prosesi baş
tutdu. Yaradıcı fəaliyyəti qısa zamanda qapanan bu
jurnallardan sonra isə 1911-ci ildə təşkil olunan
"pedaqoji kurs"un iştirakçıları uşaqlar
üçün "Məktəb" adlı jurnal təsis
etməyə qərar verib, bu işi həyata keçirmək
üçün icazə aldılar. "Hər üç
jurnal Azərbaycan uşaq ədəbiyyatının
yaranmasında mühüm rol oynamışdır... Əsl
uşaq əsərləri 1905-ci ilə qədər yox dərəcəsində
idi. Yeni-yeni məktəblər açan, qiymətli dərsliklər
hazırlayan M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov,
S.M. Qənizadə və başqa yazıçı, şair və
maarif xadimləri uşaq ədəbiyyatının gözəl
və rəngarəng nümunələrini Azərbaycan
uşaq jurnallarının nəşrindən sonra
yaratmışlar" (Ə.Məmmədov).
Yeni tipli
məktəblərin meydana çıxması, ana dilində dərslik
və dərs vəsaitlərinin yaranması, maarifçilik
dalğasının geniş intişarı, mətbuat şəbəkəsinin
genişlənməsi, xüsusilə uşaqlar
üçün jurnalların nəşrə başlaması
- bütün bunlar uşaq ədəbiyyatının
inkişafına təkan verən amillər idi. Bütöv
bir ziyalı zümrəsinin milli təəssübkeşliyi
sayəsində yaradılan uşaq ədəbiyyatı məhz,
sağlam və təməlli başlanğıcdan nəşət
tapdığı üçün bu gün də yaşama və
var olma gücündədir.
Ona
görə bu gün həm də Onların bayramıdır!
İstiqlala gedən yolda usanmayıb bir də uşaq ədəbiyyatının
Var olması istiqamətində qələm çalanların,
gələcəyi quracaq cümhuriyyətçi bir nəsil
yetişdirənlərin! Uşaq ədəbiyyatından Vətən
yaradanların yəni. Əlindən tutduğumuz,
bayramını xoş keçirməyə, gününü
maraqlı etməyə çalışdığımız
uşaqlarımızın təbəssümündə həmin
aydınların müqavimət, dirəniş və qazanc
payı olduğunu unutmamalıyıq.
Mübarizəniz
mübarək, əziz sələflərimiz!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.6.