Oqtay MİRQASIMOV: “Mən nə düşünürəmsə,

hamısı Azərbaycanla bağlıdır”

 

"Dördüncü divar" layihəsinin qonağı "Şeytan göz qabağında", "Ovsunçu", "Gümüşü furqon", "Günaydın, mələyim", "Qisas almadan ölmə, “Keçmişdən məktublar" kimi maraqlı filmlərin rejissoru, professor Oqtay Mirqasımovdur

 

- Sokurov deyirdi ki, filmə gedən yol mütləq şəkildə ədəbiyyatdan keçir. Razılaşmaq olar?

- Misal üçün, əgər Mikelancelo Antonionidən bu barədə soruşsaydılar, o, bu fikri təkzib edərdi. Özüm də daxil olmaqla, bəzi rejissorlar kinonun musiqi ilə də yaxınlığı olduğunu qeyd edirlər. Amma bu o demək deyil ki, musiqi və kino yaxın sənət növləridir. Xeyr. Hamısnın öz siması, öz yeri və təkrarolunmaz xüsusiyyətləri var. Hətta televiziya və kino belə, tamamilə ayrı dünyalar, ayrı planetlərdir.

Ədəbiyyat insanın təfəkkürünü formalaşdıran fərdi sənət növüdür. Əgər kinonu başqa sənət növü ilə müqayisə edirsinizsə, birinci növbədə onu nəzərə almaq lazımdır ki, kino fərdi yox, kollektiv sənətdir. Ədəbiyyatda qələm və yaxud da kompüter yazıçının istifadə etdiyi alətlərdi. Amma kinoda əlli nəfər canlı insan, böyük və mürəkkəb texnika rejissorun aləti hesab olunur. Bütün bunlara maliyyə vəsaitini də əlavə etsək, rejissor bunların hamısı ilə təkbaşına, fərdi olaraq bacara bilməz. Filmin çəkilişində iştirak edən hər bir canlı alətin, yəni insanın öz fikri, zövqü, peşəkarlıq səviyyəsi, kompleksləri, psixoloji xüsusiyyətləri var. Bütün bunları çox adam dərindən dərk etmir. Bir əsərin yazılmasında isə bir müəllif ola bilər. Bu mübahisə olunmayacaq bir faktdır.

- Bu gün kino ilə bağlı gedən proseslərdən razısınız?

- İndi ifadə edəcəyim fikirdə müəyyən bir paradoks olsa belə, çalışacam düşündüklərimi aydın çatdırım. Bəzilərini çıxmaq şərti ilə bu gün kinoda olan gənclər kinonu bir sosial fakt kimi Azərbaycanda yaşadırlar. Filmlər çəkilir, proses gedir. Proses olmasa müsbət cərəyan gözləmək də mümkün olmayacaq. Prosesin isə çox qəribə uğursuz, subyektiv tərəfləri var.

Otuz ildir ki, İncəsənət Universitetində dərs deyirəm. Müəlliməm. Yaşım da xeyli çoxdur. Bir çox məsələlərdə mən həssas olmalıyam. Əgər bir gənc məni öz filminin premyerasına dəvət edirsə, mən mütləq gedib filmin müəllifini təbrik edirəm. Çünki bütün hallarda həmin müəllif, rejissor mənim qardaşımdı. Ola bilər ki, hətta mən onun filmini zəif qiymətləndirim. Amma axı o, gəncdir və yəqin ki, inkişaf edib daha yaxşı işlər görəcək. Mən ağsaqqal olaraq onu təbrik etməsəm, fikir bildirməsəm, o, inciyə bilər. Bəlkə onun üçün maraqlıdır ki, Oqtay nə deyəcək. Mən də nəsə deməyə, fikir bildirməyə, salamlaşmağa, sağollaşmağa borcluyam. Çünki kino sahəsində fəaliyyət göstərən insanları ailə hesab etmək istəyirəm. Ümumiyyətlə, son zamanlar bir problemimiz, dərdimiz var. Biz unutmuşuq ki, millət böyümüş ailədir. Küçədə gedərkən cavan uşaq gözləyir ki, mən ona yol verim, o keçib getsin. O, bunu qəsdən də eləmir. Sadəcə, qaydalar belə olub. Biz bir-birimizə özgə olmuşuq. Yolda, avtomobildə olan zaman ürək ağrısı ilə müşahidə edirəm ki, hər kəs bir-birini sıxmağa, dalana qısnamağa çalışır. Kimsə qardaşlıq, yoldaşlıq nümayiş etdirmək həvəsində, istəyində olmur. Bu gedişat isə yaxşı nəticələr vəd etmir. 

- "Şeytan göz qabağında" filminiz lentə alındığı dövr üçün olduqca cəsarətli filmdir. Bu filmi çəkmək ideyası necə yaranmışdı?

- Bu filmə qədər mənim "Gecə söhbəti" adlı sənədli filmimi və "Mozalan" üçün hazırlanmış ssenarimi qadağan etmişdilər. Mənim xəbərim olmadan sənədli filmimin neqativini belə yumuşdular. Xəbərim olsaydı, heç olmasa bir nüsxəsini saxlayardım. "Şeytan göz qabağında" filmini çəkəndə isə o vaxtkı Mərkəzi Komitədən heç bir icazə alınmamışdı. Çünki o zaman artıq senzura işləmirdi. Qorbaçov çox dağıdıcı bir qüvvənin təmsilçisi olsa da, böyük siyasi effekt yaratmağa nail olmuşdu. Hamı ona inanmışdı. Amma inanmayanlar da vardı. Məndən on səkkiz yaş böyük olan qardaşım Fərid Mirqasımov Moskvada yaşayırdı. Bir dəfə mən Moskvada olanda onlara qonaq getdim. Onda Qorbaçov dövrü hələ təzəcə başlanırdı. Qardaşımla çox uzun bir söhbətimiz olmuşdu. Mən çox böyük inamla deyirdim ki, - artıq yaxşı dövr başlanacaq, hər şey gözəl olacaq. Qorbaçov əslən kazak nəslindən olduğu üçün azadlığı, müstəqilliyi sevən bir lider olacağına məni daha da inandırmışdı. Bugünkü kimi yadımdadır ki, qardaşım mənə baxıb demişdi: Bu sözlərimi yadında saxla! Qorbaçov çox böyük bəlalar gətirəcək. O, çox iblisanə bir personajdır. Mən sonralar onun dediklərinin həqiqət olduğunu gördüm.

- Sizi yanıldan nə olmuşdu?

- Şüarlar. Biz söz azadlığının, tənqid azadlığının olmasına inanırdıq və təbliğ edirdik. Allah rəhmət eləsin Heydər Əliyevə, bir çox şeyi əvvəlcədən görüb, hiss edirdi. Eldar Quliyevin çəkdiyi "Bir Cənub şəhərində" filmi o vaxtı Heydər Əliyevin gücü nəticəsində qəbul olunmuşdu. "İstintaq" filmi də çox mübahisəli film idi. Orda azadlığın və cəsarətin dərəcəsi hansısa xətti keçmişdi. Bu filmin çəkilməsi də məhz Heydər Əliyevin səyi nəticəsində baş tutmuşdu. Bundan başqa yadıma gəlir ki, biz "Mozalan" satirik jurnalı ilə nələr edirdik. Bütün bunların hamısına Heydər Əliyev çox böyük köməklik göstərir, şərait yaradırdı.

- Bədii filmdə sənədli film texnikasından bizdə çox az istifadə olunub. "Şeytan göz qabağında" filmində də sənədli film metodundan istifadə olunub. Bu ideya hardan gəlmişdi?

- Mən rejissorluq fəaliyyətinə sənədli filmlərlə başlamışdım. İlk filmim 1968-ci ildə Qara Qarayevə həsr olunmuş "Həqiqətin səsi" filmi idi. Əlli dəqiqəlik həmin filmdə bir diktor səsindən istifadə olunmayıb. İndi çəkilən sənədli filmlərə baxanda ürəyim sıxılır, heyifsilənirəm. İncəsənət xadimləri, yazıçılar, bəstəkarlar haqqında film çəkirlər və onlara deyirlər ki, pencəyi qolunuzun üstündə saxlayaraq dəniz kənarı ilə romantikcəsinə addımlayın. Fonda isə şeir və ya musiqi səslənir. Bu cür sənədli film çəkmək olmaz. Ayıbdır, rüsvayçılıqdır. Mən heç vaxt elə sənədli film çəkmərəm. Üstəlik, bizim dövrümüzdə indiki kimi hərtərəfli texniki təchizat yox idi. Amma mən çəkirdim və təbii çəkilişə üstünlük verirdim.

- Oqtay müəllim, Bakı sizin üçün nəyi ifadə edir?

- Bakı mənim planetimdir, Bakı mənim kosmosumdur. Mən hal-hazırda yaşadığım ünvanda doğulmuşam, başqa ünvanım olmayıb. Amma indiki vəziyyətdə, dövrdə hər bir azərbaycanlı özünü qarabağlı saymalıdır. Bu elə belə söz deyil. Hansısa hisslərimi əks etdirən formuladır. Biz heç vaxt atamın dilindən biz bakılılar beləyik, rayonlular isə başqa cür və yaxud da Bakı mərkəzdir, bütün rayonlardan hamı bura gəlir, burda təhsil alır  kimi sözləri eşitmədik. Azərbaycanın bir çox bölgələrindən mənim hörmət etdiyim, çox səmimi, qardaş dediyim dostlarım olub. Yazıçı Sabir Əhmədlinin sadəliyi, necə böyük kişi olması bu gün də mənim xatirimdədir. Mələk qədər təmiz, ziyalı, ləyaqətli insan Mübariz Tağıyev, rəhmətlik Həsən Məmmədov kimi yaxın dostlarım olubdur. Onların heç biri bakılı olmayıb. Bizim əslimiz də əslində, Bakıdan deyil. Lap dərinə getsək, biz əslən iraqlıyıq. Amma Bakı bizi birləşdirən, hamımızı bir-birimizə qardaş edən doğma şəhərdir. Biz hamımız Bakıya bağlı insanlarıq.

- "Qisas almadan ölmə. Keçmişdən məktublar" filminizdə fərqli coğrafiyaya, inanclara, dillərə malik olan insanları eyni emosiyalar, eyni insan ağrıları bir nöqtədə birləşdirir. Yetəri qədər həyat təcrübəsi olan insan, sənət adamı kimi, sizcə, nə etmək lazımdır ki, istənilən insan özünü dünyanın heç bir yerində yad, kimsəsiz hiss etməsin?

- Bəziləri hiss etmirlər. Bu, insanın özündən asılıdır. Misal üçün pişiyi yaşadığı yerdən uzaqlaşdırıb başqa yerə aparsan, yəqin ki, bir aydan sonra bir yol tapıb doğulduğu, yaşadığı yerə gələr. İnsanda da müəyyən nostalji instinktlər, hisslər var. Və bu insandan insana fərqli, dəyişkəndir. Adamlar var ki, yaxın qohumu, doğması, hətta ata-anası ağır xəstə olanda düşünürlər ki, onları ya xəstəxanaya, ya da qocalar evinə aparıb qoysunlar. Kimlər üçünsə bu normal haldır. Amma bizim üçün bu, yolverilməzdir. Mənim rus dayəm vardı. Hansı ki, məni beşikdən böyüdüb tərbiyə etmişdi. Bütün ömrü boyu bizim evimizdə yaşamışdı. O, yaşlanandan sonra özü ağlaya-ağlaya bizə yalvarırdı ki, biz onu qocalar evinə aparaq. Amma mənim həyat yoldaşım buna heç vaxt razı olmadı. Halbuki, vəziyyəti çox ağır idi. Çünki bizim ailədə elə qanun yoxdur. O, son nəfəsinə qədər bizimlə yaşadı. Biz özümüz onu dəfn etdik. Bu gün də hər Pasxa bayramında mən onun məzarını ziyarət edirəm. Bu, insanın insana olan bağlılığı vəfa, etibar borcudur. Adını qeyd etdiyiniz son filmdə və digər filmlərdə mən məhz bu hissləri göstərməyə çalışmışam.

Dünyanın bir çox ölkəsində olmuşam. Amma harda oluramsa-olum, orda bir həftədən artıq qala bilmirəm. Gəncliyimdə də belə olub. Moskvada VQİK-i bitirəndə "Ostankino" televiziya mərkəzi yeni yaranırdı. Bizim müəllimimiz məni və digər iki qabaqcıl tələbəsini Moskvada saxlamaq istəyirdi ki, rejissor kimi orda fəaliyyətə başlayaq. Həmin iki nəfər razılaşdı, amma mən yox. Ona dedim ki, Moskvada uzun müddətli qalmağı və işləməyi bacarmaram. Çünki mən nə düşünürəmsə, hamısı Azərbaycanla bağlıdır. Mən nə hazırlayırdımsa, düşüncələrimdə Xəzər dənizi, Kür çayı, vətənimdə olan mənzərələr idi.

- Bəlkə vətəndən kənarda olanda qəribçilik duyğusu sizi üstələyirdi?

- Meksikada mənim iki dostum var. Hətta qorxuram deyim ki, var, bəlkə də var idi deməliyəm... Amma onlardan biri Serxio Olxoviç dəqiq bilirəm ki, sağdır. Mən Meksikada olanda həmin dostlarımla bir evdə qonaq olduq. Orada çox yaxşı formada işlənmiş böyük bir qlobus vardı. Serxio onu fırladıb orda Meksikanı tapdı. Sonra mən dedim ki, indi mən də Bakını tapacam. Qlobusu bir az fırladandan sonra Bakını orda tapdım. Onda mən Yer kürəsini qucaqladım. Bax, o zaman keçirdiyim hissləri ifadə etmək mənim üçün çətindir. Çünki həmin məqam mənim həyatımda fenomenal, bütöv, əziz, şirin idi ki, bunu indi də xatırlayanda mənə zövq verir.

- Meksikada Bakını tapmışdınız...

- Elədir. O zaman mən hal-hazırda olduğum yeri də, vətənim olan Azərbaycanı, onun paytaxtını da görürdüm. Və orda mənimlə birgə olan insanlar mənim üçün, mən də onlar üçün çox əziz idim. Biz bir-birimizi o qədər yaxşı başa düşürdük ki, bunun üçün hansısa sözə, ifadəyə gərək yox idi. Çünki hamımız eyni adamlar idik. Aramızda heç bir xətt yox idi. Onların hamısı mənimlə eyni planetdə yaşayan adamlar idilər. Amma indi sizinlə söhbət etdiyimiz bu ev, bu ünvan mənim üçün əvəzolunmazdır. Mən burda doğulmuşam və son nəfəsimi də burada verəcəm.

- Sizi birləşdirən həm də sənət idi?

- İnsani hisslər idi. Sənət texniki məsələdir. Bəzi adamlar deyirlər ki, mən kinonu hər şeydən çox sevirəm, kino mənim üçün həyatda hər şeydən birincidir. Amma mənə bu cür suallar veriləndə inkar edirəm. Çünki kino mənim üçün hər şeydən üstün ola bilməz. Bu mümkünsüzdür. Hər şeydən üstün, hər şeydən şirin və daha vacib, böyük bir sərvət var. Bu da həyatın özüdür. Film mənim həyata və həyatda olan bəzi məqamlara münasibətimi, məhəbbətimi ifadə etməkdən ötrü bir vasitə, bir alətdir. Sənətlə məşğul olduğum bu illər ərzində mən bir neçə dəfə sifarişlə film çəkmişəm. Qalan nə çəkmişəmsə, hamısını ürəyimizin səsi və istəyi ilə etmişəm. Ona görə mənim filmlərim bir çox rejissorların filmlərindən azdır. Çünki bəzən elə təkliflər olurdu ki, imtina etmişəm.

- Sizin dövrünüzdə Bakının da qəribə bir atmosferi vardı. Bunu o dövrdə yazılan əsərlərdən, çəkilən filmlərdən də hiss etmək olur...

- O zaman doğmalıq, ailə əhval-ruhiyyəsi çox güclü idi. İndi isə bu kimi hisslər azalıb, insanlar bir-birindən soyuyub. İndi insanların adi salamlaşmaq, sağollaşmaq mədəniyyəti də sanki silinib. Düşürəm yaşadığım evin həyətinə, salam verirəm. Amma onlar təəccüblə üzümə baxırlar.

- Salam təəccüb doğurur...

- Bəli. İndi tək bizdə yox, bütün dünyada vəziyyət belədir. Amma azərbaycanlılardan, öz həmvətənlərimdən umuram. Uman yerdən küsür adam. Axı bizim insanlar istiqanlı, ünsiyyətdə bir-birləri ilə çox mehribandırlar.

- Qızınız Ayan Mirqasımova ilə iş prosesində doğmalıq sizə mane olur?

- Olur, olur. Bəzən kədərli, ağır anları ifa edəndə ona yazığım gəlir. Ayan çox səmimi və zəngin texnikaya malik aktrisadı. Mən onu ata kimi yox, rejossor kimi tərifləyirəm. "Ovsunçu" filminə qədər onu filmlərimə çəkmirdim. İlk dəfə bu filmdə onu çəkdim. Çünki mənə elə gəlirdi ki, qızımdır deyə, onun istedadı ilə bağlı fikirlərim məni aldada bilər. Amma onun müxtəlif mükafatlar qazanması, istedadını sübut etməsi məndə ona qarşı inam yaratdı. "Ovsunçu" filmində çox kövrək bir səhnə vardı. Ovsunçu rolunu ifa edən Bəxtiyar Xanızadə sevdiyi lal qıza üzük verir, onunla evlənmək istədiyini bildirir. Həmin səhnədə Ayan lal qız rolunu çox yüksək səviyyədə ifa etdi. Və heç bir kimyəvi damcıya ehtiyac olmadan həqiqi göz yaşları ilə ağladı. Həmin səhnə çox uzun bir çəkilişlə lentə alınırdı. Biz kamera ilə onların ətrafında dövrə vururduq. Həmin səhnə zamanı mən onun göz yaşlarını görəndə özümə və rejissorluq sənətinə nifrət etdim. Öz-özümə düşündüm ki, bu sənət vəhşilikdir. Gör, mən öz qızımı nə günə salmışam ki, uşaq ağlayır. Və onun göz yaşları mənim üçün böyük bir uğurdur. Tüklərim biz-biz olsa da, özümə nifrət etsəm də, stop demirdim. Çünki rejissor kimi mən bilirdim ki, həmin kadrlar almaz qədər qiymətlidir.

- Daxilinizdə hisslərlə peşənin müharibəsi gedirdi...

- Bəli, eyni ilə siz deyən kimi bütün daxili aləmim təlatümə gəlmişdi. Mən stop deyib çəkilişi bitirəndən sonra Ayan mənə dedi ki, ata, bir dubl da çəkəcəksən? Onda mən dəhşətə gəldim. Çünki elə bilirdim ki, o çəkilişdən sonra Ayan yerə yıxılıb hönkür-hönkür ağlayacaq. Atalıq hissləri mənim düşüncələrimi qarışdırsa da, Ayan övlad kimi məndən qüvvətli çıxmışdı. Amma, əslində, bütün bunlar ata üçün təbii hisslər idi. Rejissorluğun çox pis, çox alçaq xüsusiyyətləri də var. Elə həmin filmdə Murad adlı on dörd yaşlı oğlan Ovsunçunun oğlu rolunu ifa edirdi. Bolşeviklər onların evini yandıranda oğlan analığı ilə birgə ağlamalı idi. O isə ağlamırdı. Dəfələrlə çəkilişi saxlamalı, oğlana izah etməli oldum ki, həmin səhnədə onun ağlaması çox vacibdir. Amma ağlamadı. Onda onun çəkilişlərdə olan anasına dedim ki, siz icazə versəniz ekstremal vəziyyətdən istifadə edəcəm. O, icazə verdi. Çəkiliş başladı, mən Murada möhkəm bir sillə vurdum. Amma o, yenə də ağlamadı, heykəl kimi dayandı. Çox məğrur uşaq idi. O oğlanı çox sevdim. Həmin kadrı birtəhər Ayanın köməkliyi ilə çəkdik. Çəkilişdən sonra gördüm oğlan yoxdur. Onu axtarmağa başladım. Dedilər, o, anası ilə dəyirmanın arxasına getdi. Mən də onların ardınca getdim, çünki istəyirdim ki, silləyə görə həm ondan, həm də anasından üzr istəyim. Onları tapanda gördüm ki, uşaq hönkür-hönkür ağlayır. Onun içərisində ağlaya bilməməyin ağrısı qalmışdı. Mən onu qucaqlayıb öpdüm, üzr istədim.

- Yəqin ki, belə situasiyalarda daxilən çox əziyyət çəkirsiniz?

- Bilirsiniz, bu bizim işimizin normal gedişatıdır. Biz elə son filmimizi çəkəndə Gürcüstanın dağlarında səhər saat səkkizdən, axşam doqquza qədər dizə qədər qarın içində yeməyi, içməyi belə unudurduq. Bəzən qarı götürüb ondan su kimi istifadə edirdik. Çəkilişdən qayıdanda şam yeməyimizi belə, könülsüz yeyib yatırdıq.

- Sizin filmlərinizdən din də bir xətt kimi keçir. Dinlərə münasibətiniz də maraqlıdır...

- Bir neçə təriqət var. Onlara din kimi yanaşırlar. Amma onlar din deyil və mənə görə çox təhlükəli xarakter daşıyır. Amma dinlərə münasibətim çox gözəldir. Hansı ölkədə oluramsa, ordakı dini məbədlərə gedirəm. Və orada rahatlanıram. Bir dəfə axşam vaxtı İspaniyanın Sevilya şəhərindəki kafedralın yanından keçirdim. Kafedraldakı işıqların yanılı olduğunu görüb ora yaxınlaşdım. İçəridə hardasa otuz nəfər ibadət edir, orqan musiqisi səslənirdi. Orda bir müddət əyləşdim və çox rahatlaşdım. Bina olduqca köhnə və qədim idi. O binanın hər daşına neçə-neçə nəsillərin təmiz və xoş niyyətləri hopmuşdu. Mən həmin enerjini çox böyük zövqlə qəbul edirdim. Çıxana yaxın bildiyim bütün duaları oxuyub salavat çevirdim. Bir nəfər yaxınlaşıb ingiliscə dedi ki, - siz müsəlmansınız, bəs bura niyə gəlmisiniz? Mən ona cavab verdim ki, gəldim ona görə, bu məkan mənim üçün çox doğmadır. Burda İsa peyğəmbərin, Məryəm ananın rəsmləri var. Mən müsəlman olsam da, onlar mənim üçün doğmadır. Həmin adam ağladı. Onun üçün fenomenal və düşündürücü bir əhvalat baş vermişdi.

İsa peyğəmbər bir personaj kimi bəşəriyyətin mənəvi inkişafında çox rol oynayıb. Servantes "Don Kixot" obrazını, əslində, İsa peyğəmbərin simasından təsirlənərək yaradıb.

- Don Kixotluq özü də hardasa İsa peyğəmbərlikdir...

- Bəli, bəli. Sizinlə çox xoşdur söhbət etmək.

- Yaradıcılıqda da Don Kixotluq dövrü olur. Özünüzü Don Kixot hesab etdiyiniz dövrlər olub?

- Don Kixotluq mənim alın yazımdır. Ətrafımdakı insanlar həmişə mənə deyirlər ki, bəşəriyyətin bütün səhvlərinə görə sən cavab verməli deyilsən. Mən ən xırda hadisələrə belə, rahat yanaşa, biganə qala bilmirəm. Bəzən küçədə, həyətdə baş verən haqsızlığa, kobudluğa da reaksiya verirəm. Əslində, mənim xeyli yaşım və rütbəm var. Baş verənlərə qarşı dərhal reaksiya verməməliyəm. Amma həssas insanam. Etinasız qala bilmirəm.

- Oqtay müəllim, insan nə zaman öz xoşbəxtliyini itirir?

- Bir dəfə bizdə böyük bir məclis qurulmuşdu. Qohumlar, dostlar hamısı masa ətrafına yığışmışdıq. Məclisin idarəçisi isə mənim bibim oğlu, rəhmətlik Ağabəy Sultanov idi. Mən sağlıq deyəndə bildirdim ki, hal-hazırda sizin ətrafınızda özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Siz gedəndən sonra da mənim bu xoşbəxtliyim davam edəcək. Məclis dağılandan sonra Ağabəy mənə yaxınlaşıb dedi: "Bir də heç zaman özünü tam xoşbəxt insan adlandırma. İdeal xoşbəxtlik normal insan üçün mümkünsüzdür. Tibb elmində ideal xoşbəxtlik ancaq ruhi baxımdan sağlam olmayan insanlar üçün mövcuddur". Yəni onun sözünə qüvvət olaraq demək istəyirəm ki, daimi və ideal xoşbəxtlik mümkün deyil. Xoşbəxtlik nisbi məsələdir. Amma mənim özümü  zaman-zaman xoşbəxt  hiss etdiyim anlar çox olub. Eləcə də xoşbəxtliyimin azaldığını, itdiyini duyduğum məqamlar da baş verib. Saysız-hesabsız çətin anlarım, dərdli günlərim, yuxusuz gecələrim olub. Dərdin nə demək olduğunu mən çox gözəl bilirəm. Bəzən gecədən səhərə qədər yuxusuz və ağrılı saatlar keçirmişəm...

- Oqtay Mirqasımovu ən çox nə kədərləndirə bilər?

- Xəyanət. Mən xəyanətin mənşəyinin nə olduğunu bilmirəm. Və heç vaxt kiməsə xəyanət etməmişəm. Seçim qarşısında qalsam belə, heç vaxt xəyanəti seçməmişəm. Belə məqamlarda həmişə atamın adı yadıma düşüb. Onu on beş yaşımda itirmişəm. Amma atamın işıqlı, ağayana xatirəsi bu gün yetmiş beş yaşlı Oqtayın qəlbində, şüurunda, yaddaşında yenə də yaşayır. Atamın adını biabır etməkdən həmişə qorxmuşam. Və yaxud da rəhmətlik Rafiq Babayevlə biz çox yaxın dost olmuşuq. O, rəhmətə gedənə qədər mənim bütün filmlərimin bəstəkarı olub. Amma ondan sonra Rafiqin xatirəsi mənim nəzarətçimə çevrilib. Sənətlə və ya qeyri sənətlə bağlı seçim etmək məqamı gələndə düşünmüşəm ki, görəsən, Rafiq burda nə edərdi.

- Siz danışırsınız mən niyəsə İnqmar Berqmanın "Çiyələkli tala" filmini xatırlayıram...

- Atam vəfat edəndə onun yetmiş beş, mənim isə on beş yaşım vardı. Uşaq vaxtı etdiyim bir hərəkət o, rəhmətə gedəndən sonra xeyli vaxt məni rahatsız etdi. İndi də yadıma düşür və pis oluram. Məktəbli olanda atamla birgə Şüvəlandakı bağımıza getmişdik. O, yatmışdı. Məni isə həyətdə kəpənək tutmaq istəyirdim. Meynələrin üstü ilə qaçanda atam dedi ki, - Oqtay bir az yavaş, ehtiyatlı ol, meynələri əzmə. Amma mən ona qulaq asmadım. Bu dəfə atam yenə mənə xəbərdarlıq etdi. Onda mən geri qayıtdım, amma atama qarşı çox qəzəbli idim. Həmin gün gecə mən yuxudan oyanıb xeyli ağladım. Çünki atamın sözünə birinci yox, ikinci dəfədən qulaq asmışdım. Həyatda belə şeylər də olur. Məni ağladan xəcalət hissi, vicdan əzabı olmuşdu. İndi də uşaqlıq səhnəciklərini xatırlayanda məhz həmin səhnəni yenidən xatırlayıb kövrəlirəm.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.4-5.