Uşaq
dünyası-İşıq dünyası
Atımızın yalmanı
Yəhərsiz də minirəm,
Atımızı çox zaman.
Sərt
enişdə-yoxuşda,
Tuturam yalmanından.
Keçirəm dağ-dərəni,
Dolanıram hər yanı.
Qoymur yıxılam məni,
Atımızın yalmanı...
Zoğal ağacı
Havalar sınır daha,
El-obadan köçür
qış.
Tez çiçək açmaq
üzrə,
Bağda
başlanır yarış...
Yazın
hənri vurduqca,
Tumurcuqlar oyanır.
Bağda
zoğal ağacı,
Birincilik qazanır.
Torpaq toru
Mən deyirəm:
- Ay baba,
Torpaq bəzən sürüşür!
Dayanmır öz yerində,
Bir-birindən gen düşür...
O deyir:
- Çox ağac ək,
Kökü getsin dərinə.
Balıqçı toru kimi
Hörülsün bir-birinə...
Bil ki, salmış olarsan,
Onda torpağı
tora.
Ha can atsa da belə,
Sürüşməz ora-bura...
Arıquşu
Qaradır qol-qanadı,
Sinəsi sapsarıdır.
Çox
itidir dimdiyi,
Əsas
yemi arıdır...
Arını havada cəld,
Haqlayar arıquşu.
İmkan
tapa bilməz heç,
Sancmağa arı quşu!..
Ağac yıxılacaq...
Bağda
alça ağacına,
Dırmaşmışdı neçə uşaq...
Turqut dedi:
- Düşün yerə,
Yoxsa ağac yıxılacaq!
Ələsgər ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2019.-
1 iyun.- S.7.