Məqam
İllər keçəndən,
Ağır işdən, uzun
səfərlərdən sonra
Gəlib,
gəlib otağın
düz ortasında durursan,
Yarım
akralıq otaq,
Kvadrat
mil, ada, ölkə,
ən azından bura necə gəldiyini bilib
de ki, bunlar mənimdi,
elə həmin anda, ağaclar
yüngül, kövrəlib
sınıxmış budaqlarını
dörd tərəfinə
səpələyəndə sənin,
lal olmuş quşların birdən dili açılanda
dik qayalar çat verib yıxılanda,
içindəki hava səndən
dalğa kimi çıxıb gedəndə,
və sən nəfəs ala bilməyəndə...
Yox, onlar pıçıldaşır. Əlin bomboşdu,
yalın.
Bir tamaşaçı idin, gəldin, getdin,
Təpələrə çıxdın,
bayraq sancdın,
coşdun, daşdın,
Nitqlər söylədin, and içdin.
Biz heç zaman
səninki olmadıq.
Bizi heç
zaman tapmadın sən.
Həmişə başqa yol getdin...
Sevgi sözünün şəkilləri
Bu sözlə biz
Hər dəlmə-deşiyi tıxamaq
istəyirik, çünki
bu, nitqdəki ipisti boşluqları doldurmaq üçün
ən ideal bir ölçüdür.
Səhifədə misralar arasında
bir ovuc ürək, kül olmuş...
Atlas lentlə sarıyın,
satışa qoyun istəsəniz.
Onu anketlərdəki
boşluqlara sıxıb
doldurun.
Dünyada
nə qədər jurnal
onunla aşıb-daşır:
götür, bədənini
sil,
Yaxud şam hazırla özünə.
Sizcə,
bu
Bir parça cırıq kartonun altında
ilbizlərin
cütləşməsinə bənzəmirmi?
Alaq otları da tamahkar sifətlərini
bir-birinə dirəyib
Bu sözü qışqırıb
dururlar:
sevgi, sevgi! - deyə
Əsgərlər oxuyur,
Par-par yanan bıçaqlarını
havaya qaldıraraq.
Budur
Sən və mən. Bu söz
çox qısadır
bizimçün,
İkicə hecası var.
Deyən
kimi, qurtarır, havası çəkilib gedir
Ulduzlar arasındakı işıqda
batan
Bizi öz karlığında
boğan
yarğanları doldurmaq
üçün.
İçində itmək istədiyimiz
şey sevgi deyil,
qorxudu. Bu söz bəs eləmir,
Ancaq ondan başqası da yox.
Daş
kimi ağır sakitliyin içində
Bu ikicə saitdən biri səsləndimi
İntizarda qalırsan
Ağrının, iztirabın,
Nəfəs alıb verincə,
yəni barmağın
qayanın bir yerinə ilişib, qalıb,
Tuta, yaxud buraxa bilərsən.
Marqaret Ətvud
İngilis dilindən tərcümə
və təqdimat:
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.11.