Nəyəsəklə Urğo Naçisin
əhvalatı
nağıl
1
Başında dəri papaq, əynində dəri palto, əli əlcəksiz, ayağı ayaqqabısız Nəyəsək avtobusdan düşən kimi qaçıb girdi bazarın gur yerinə. Bir yandan qar, bir yandan soyuq, bir yandan da aclıq - yazığın dişi-dişinə dəyirdi. Birdən külək səmtini dəyişib, kababxananın bacasından çıxan tüstünü Nəyəsəkə tərəf burdu. Bayaq Nəyəsək dik atıldı - burnunu göyə tutub, yağlı, bozumtul havanı ciyərlərinə çəkdi:
- Oxxxayy... sənin ətini yeyim!- Birdən ağlı başına gəldi. - Niyə?! - Əlini cibinə salıb, bir 50 dollarlıq, bir də 50 manatlıq çıxarıb tutdu gözlərinə. - 25 manatın başına daş salmağa nə var. - Fikrə getdi. - Bəs arvad?! - Çox da fikirləşmədi. - Evə çatanda qaş-qabağımı sallayıb, bir-iki ağız da ah çəkərəm...
- Nə olub, ay kişi?!
- Soruşmasan yaxşıdır!
- Sevimli arvadından gizləyirsən?!
- Cibimə giriblər...
- Nəəə?!. - Bir az özünü cırıb-tökəndən sonra inanacaq.
Aclıq Nəyəsəki necə gic eləmişdisə, beş addımlıqda dayanıb, gözlərini onun pullarına zilləyən köhnə qonşusu cibgir Urğo Naçisi görməmişdi. Nəyəsəkin ona fikir vermədiyini bilən kimi, dalı-dalı çəkilib girdi kababxanaya. Bir qədər pəncərədən çölə, qar altında dayanmış dostuna baxdı. Sonra başını eşiyə çıxartdı - əlini ağzına qoyub bağırdı:
- Nəyəsəəəəəək!
Nəyəsək dik atıldı - ayaqları yerə dəyən kimi o yan-bu yana baxdı:
- Bu kimdi, görəsən?!
- Adə, bəri bax - kababxanaya!
Səs gələn səmtə çevriləndə Nəyəsəkin sevincdən qulaqları dik durdu:
- Urğooo! Xoş gördük! Xoş gördük! Neylirsən orda?!
- Nəyəsək, nə axmaq sual verirsən?!
- Sualın da axmağı olur?!
- Kababxanada neyləyərlər?!
- Deyirəm, yəni pulun var?
- Mənim cibimdə yoxdu, səninkində olsun!
- Yox-yox! - Nəyəsək büzüşdü, - nə danışırsan, mənim cibimdə heç qarışqa da şıllaq atmır.
- Ay Nəyəsək, siçanların Allahı məni haçan pulsuz qoyub ki?! Bəri gəl, boğazımızı yaşlayaq.
Nəyəsəkə də bu lazım idi - bayaq atılıb girdi kababxanaya:
- Oxqay! Nə yaxşı istidi! - İki dost qucaqlaşdı.
- Bu nə ətirdi vurmusan?! - Urğo onun çiyinlərindən tutub, özündən bir qədər araladı, sonra yenidən qucağına çəkdi. - Tapdım. Tapdım - pul iyi gəlir səndən!
- Yox-yox, pul nə gəzir məndə?! - Nəyəsək onu kənara itələdi. Nə özüm işləyirəm, nə arvadım. Bir yığın da havayı yeyən...
- Onlar kimdi?
- Uşaqları deyirəm.
- Sağlığına qulağım dincdi.
- Evlənməməkdə kişi işi görmüsən!
- Nə yeyəcəyik, Nəyəsək?
- Mə-ən?! Mən heç nə!
- Bayaq
axmaq sual vermişdin, indi də axmaq cavab verdin.
- Niyə?
- Bəs kababxanaya
oynamağa girmisən?
- Pulum nə
gəzir?!
- Səni
bura mən çağırmışam, pul mənlikdi!
-
Çox sağ ol. Nələri
var, görəsən?
Keçib
stolun dalında əyləşən kimi Nəyəsək
burnunu havaya tutub iylədi və əlini əlinə
sürtdü:
- Ləzzət!
- Adə!
- Urğo xörəkpaylayanı çağırdı. Oğlan qaçaraq gəldi. - Nə verəcəksən
bizə?
-
Yaxşı atmilçəyi basdırması var, keçməli
deyil.
- Elə
bu?!
- Çəyirtkə
kababı, tarakan xaşı, soxulcan borşu, qarışqa
yumurtası da gəlib, istəsəniz, tut qurusuyla qayğanaq
verərəm sizə. Barmağınızın
beşini də yalayarsınız.
- Adə,
bizim yumurta yeyən vaxtımızdı?!
- Bəy,
borcumdu sizə xörəklərimiz haqqında məlumat
verim!
Urğo Nəyəsəkə
tərəf çevrildi:
- Əziz
dost, ürəyin nə istəyir?
- Mənə
iki şiş çəyirtkə kababı - antrikot olsun.
- İki şiş çəyirtkə kababı -
antrikot. -
Xörəkpaylayan dəftərçəyə yazdı. - Bəs
sizə? - Üzünü Urğoya tutdu.
- İki şiş də mənə antrikot, yarım
kasa da soxulcan borşu. Nəyəsək, duru yeməyəcəksən?
- Mənimki
kababdı.
-
Göy-göyərti, pendir, çörək də öz
qaydasıyla.
- Bəs
içməyə?
-
Mineralnı var?
- Təzə "Badamlı" gətirmişik.
- İki şüşə bəsimizdi. Amma sərin
olsun.
- Yox, mənim
badamcıqlarım otaq temperaturundan kənar heç nəyə
dözmür. - Nəyəsək əlini boğazına
sürtdü.
-
"Badamlı"nın birini isit.
- Spirtli nə
istəyirsiniz?
Urğo
yenidən Nəyəsəkə baxdı:
- Əziz
dost?
- İçki? Ruslar qədim Türk torpağı
Krımı Ukraynanın əlindən alandan sonra, öz
işğalçılığı şərəfinə
araq buraxıb. Dayan-dayan, görüm,
adını yadıma sala bilirəmmi?! - Nəyəsək
xörəkpaylayanı köməyə çağırdı.
- Bəlkə sən deyəsən?
- Nə?
- Ruslar təzə
araq buraxıb ey, Krımı işğal eləyəndən
sonra.
-
"Dovşan sidiyi"ni deyirsiniz?
- Hə,
hə!
- Bizdə
çəkilən olmasın, ha! - Urğo xəbərdarlıq
elədi.
- Birbaşa Moskvadan alırıq.
-
Bacıoğlu, qəlyanaltını tez gətir. Acından
qarnımız adam kimi fit çalır. -
Urğo xörəkpaylayana göstəriş verib, əlini
qoydu Nəyəsəkin çiyninə. - Maşallah, pis
qalmamısan! Görünür, bəxtinə
yaxşı arvad çıxıb.
-
Arvadın yaxşısı olmaz!
- Bəs
cavan görünməyinin sirri nədi?
-
Özümə baxıram.
- O da
böyük şeydi! - Urğo Naçis ah
çəkdi. - Amma mən yazığın nə
baxanım var, nə də özüm-özümə baxa
bilirəm!
Xörəkpaylayan cəld yaxınlaşıb əlindəki
məcməyini ortalığa qoydu.
- Adə,
bu nədi? - Urğo hirsləndi. - Kərə yağı nəyimə
lazımdı günün günorta çağı?! Hələ
süzmə də gətirib!
- Bəy,
nə istəyirsiniz, götürün, qalanını aparacam!
- Bir dənə
kələm tutması, pendir, bir də göy-göyərti
qalsın.
- İki
diş də
sarımsaq. - Nəyəsək dilləndi.
Xörəkpaylayan
məcməyini götürdü:
- Nuş
olsun!
Urğo əlini
çörəyə uzatdı:
-
Bismillah!
-
Bismillah! - Nəyəsək də bir dilim çörək
götürüb iylədi, o üz-bu üzünə
çevirdi. - Yaxşı bişiriblər.
- Buyurun,
- xörəkpaylayan yenidən qayıdıb, ortalığa
dovşanın dal ayaqları üstə dayanmış vəziyyətini
əks etdirən bir şüşə araq qoydu.
Urğo
Naçis arağı əlinə alıb, başladı
etiketini oxumağa:
- Birinci dəfədi
görürəm! - Sonra hərəyə yüz-yüz
süzdü. - Götür, görək. - Nəyəsək
ağzındakı tikəni tələsik udub badəni
qaldırdı. - Kimin sağlığına içək?
-
Özümüzün desəm, bu, düzgün olmaz. - Nəyəsək
dilləndi. - Çünki hələ nəfəsimiz gedib-gəlir,
deməli sağıq. Bunu içək dünyada nə ki ac
var, susuz var, onların sağlığına!
- Allaha
and olsun, başın işləyir, Nəyəsək! -
Urğo badəni boyu bərabəri qaldırdı.
Xörəkpaylayan
kababları da gətirdi:
- Ayrı
bir qulluq?
- Tez-tez gəlib
başımızın üstünü kəsdirmə, qoy
yediyimiz canımıza çıxsın. - Urğo onu
acıladı.
Nəyəsək
bir antrikot götürüb əvvəlcə iylədi, sonra
da dişinə çəkdi:
- Həm əti
təzədi, həm də həll bişib.
- Bura "Qəbələ" restoranlarından sonra
birincidi.
Başladılar iştahla yeməyə.
- Nəyəsək.
- Hmmm...
- Deyirəm,
bu dünyada varlılardan yazığı yoxdu!
Nəyəsək
əlindəki tikəni boşqaba qoyub gözlərini zillədi
Urğoya:
-
Soruşmaq ayıb olmasın, bəs onda biz kimik?!
- Biz
varlılardan xoşbəxtik!
Nəyəsək
lap çaşıb qaldı:
- Ac
adamın özünə təsəlli verməsindən
hünər iş tanımıram!
- Mən
deyim, sən eşit.
- De.
Urğo əlindəki
tikəni qoydu boşqaba:
-
Götürək özümüzü. Bax, elə bil bir
cüt ac canavarıq, düşmüşük kababın
üstünə!
- Hmmm...
- Səbəbini
deyə bilərsən bu vəhşiliyimizin?
- Sənin
bu haqsız iddialarına mat qalmışam! Haçandan
acıb iştahla yemək vəhşilik hesab olunur?!
- Bax, atan
oldu rəhmətlik, konkret dedin - acıb. Mən
də onu deyirəm də, Nəyəsək. Yəni biz kasıblar acırıq. Bu yazıq
varlılar aca bilmir axı! Ona görə də
yemək xatirinə yeyirlər. Yəni candərdi.
O yemək də təzə qana dönmək əvəzinə,
dönüb olur qan təzyiqi, köklük azarı, şəkər
xəstəliyi. Sən bilirsən şəkər
xəstəliyi nədi?
- Mən
bir "şəkər" tanıyıram, onunla da çay
içirəm.
- Bu sənin
xoşbəxtliyindi!
-
Urğo, sən belə deyirsən, doğrudan da görürəm,
dünyada varlılardan bədbəxti yoxdu! Gəl biz də
kişilik eləyək!
- Necə?
- İçək onların sağlığına.
-
Sözündən belə anlayıram ki, istəyirsən
varlılar bir az da varlı olsun!
- Hələ
bir yapış badədən. - Nəyəsək
başını dik tutub, şax-şax ona baxdı. - Urğo!
- Can!
- İçək bu badələri aclığın nə
olduğunu bilməyən varlıların
sağlığına. Allah onları acdırsın!
Urğo
sol əlini başı bərabəri qaldırdı:
- Tam səninlə
razılaşa bilmərəm!
- Nəyi
düz demədim?!
- Qulaq as,
mən deyim, sən eşit - içək bu badələri
varlılarn sağlığına...
- Mən
erməninin xaçına söyürdüm?!
Urğo sol əlini açıb dikinə tutdu Nəyəsəkə
tərəf, yəni "sakit ol". Nəyəsək də sol əlini
üfüqi şəkildə açıb irəli uzatdı,
yəni "buyur!".
- Nəyəsək,
içək bu badələri varlıların sağlığına. Allah
onlara ayda bir-iki dəfə də olmuş olsa aclıq qismət
eləsin!
- Amin!
2
Nəyəsəklə
Urğo Naçis, yəni Kəsəyənlə Oğru
Siçan gecə yarıyacan yeyib-içdilər. Axırda hərəsi başını öz tərəfinə
qoyub başladılar xoruldamağa. Xörəkpaylayan
ha çağırdı, ha bağırdı, ha tutub
onları silkələdi, ayılmadılar. Müdirin
yanına qaçdı:
- Bəs
bunların yeyib-içdiyinin xərcini kimdən alacam?!
- Gedək
görək hansının cibində nə var.
Əvvəlcə Uğro Naçisin cibini eşələdilər
- bir dənə çolaq qarışqa tapdılar.
- Bunun
xasiyyəti onun-bunun hesabına yeyib-içmək olar. Pul nə gəzir bunda?!
Xörəkpaylayan Nəyəsəkin yan cibindən əlli
manatı tapıb çıxardı.
-
Çatar?! - Müdir soruşdu.
-
Çatmağına çatar, bəs mənim hörmətim?!
- Xörəkpaylayan narazılıq elədi.
- O biri
ciblərinə də bax.
Yan cibindən isə uzun bir siyahı çıxdı. Xörəkpaylayan diqqətlə
höccələməyə başladı:
- 23 iyul
2015-ci il. Bazarlıq
siyahısı. Almalıyam - 7 dənə tarakan, 7 dənə
arpa, 3 soxulcan, 1 ədəd çəyirtkə...
- Dayan, dayan, hesab dərsi keçmə bizə.
Döş cibinə bax!
Xörəkpaylayan
50 dolları
çıxardıb uzatdı müdirə.
- Mənə
niyə?! Xırdala, 2 manat zəhmət
haqqını götür, qalanını da qoy yerinə.
- Bunlar elə
burda da qalsın? - Xörəkpaylayan soruşdu.
- Yox, Nəyəsəki
aparaq ataq zirzəmiyə, Urğo davakarın biridi, ayılanda
özünü burda görməsə, bizimlə savaşar.
Müdir başından, xörəkpaylayan
ayağından yapışıb Nəyəsəki
götürdü.
- Pah
atonnan! Arıq tarakana oxşayır, amma
ağırlığına bax! - Müdir dilləndi.
- Səhərdən
daşıyıb tökürəm bunların qarnına - 2 dənə
"Dovşan sidiyi", 12 andrikot, 4 "Badamlı", 4
atmilçəyi basdırması...
-
Yaxşı ki, partlamayıblar! - Müdir xörəkpaylayanı
qoymadı sonacan fikrini desin.
3
Kababxana müdiriylə xörəkpaylayan yenidən
salona qayıtdılar.
- Mən
getdim, - Müdir paltosunu əyninə geydi. - Sən də
otaqları sil-süpür, stol-stulu səliqəyə sal, get bu gecə evində dincəl!
- Burda
qalmayım?
- Mətbəxin,
bufetin ağzını yaxşı-yaxşı bağla, get. Gecən xeyrə qalsın! - Müdir
qapıdan çıxdı.
- Xeyrə
qarşı!
Xörəkpaylayan verilən tapşırıqları
yerinə yetirib gödəkçəsini əyninə
taxdı. Kababxananın qapısını daldan bağlayıb
düşdü zirzəmiyə.
- Nəyəsək,
yazığım gəlir sənə, gecə soyuq dəyər,
xəstələnərsən, gəl min qucağıma! - Bayaq Nəyəsəki qollarının arasına
aldı - sürüyə-sürüyə salona
qaldırıb aparıb qoydu Urğo Naçislə
üz-üzə. - Qoy görüm pulların yerindədi?
- Yavaşca əlini saldı Nəyəsəkin döş
cibinə, pulları çıxarıb başladı yenidən
saymağa. - Dostum, yuxudan ayılıb, axtarıb
pullarını tapmasan, Urğodan yapışarsan. Amma bundan
sonra yaxşı-yaxşı yadında saxla - yeyib-içəndə
yoldaşını tanı! Mən yazıq bir
xörəkpaylayanam. Əlimdən dua eləməkdən
başqa bir şey gəlmir - Gecən xeyrə qalsın, yuxun
şirin olsun, Nəyəsək! - Xörəkpaylayan
kababxananın qapısını bağlayıb, fitləyə-fitləyə
avtobus dayanacağına tərəf getdi.
4
Yarım saat sonra kababxana müdiri qayıdıb gəldi. Qapını
açıb ayağını içəri qoyan kimi tələsə-tələsə
gedib girdi zirzəmiyə. Nəyəsəki yerində
tapmayanda gözləri bərələ qaldı:
-
Ayılıb gedib bu?! - Tez atılıb yuxarı qalxdı. -
Bıy! - O yan-bu yana baxıb, yavaşca
yaxınlaşıb əlini saldı Nəyəsəkin
döş cibinə. - Qoy görüm pulların yerindədi?!
- Baho!... cibin boşdu ki?! -
Müdir Nəyəsəkin ayaqqabısını belə
soyundurub içinə baxdı. - Həəə... quldur oğlu, quldur! - Xörəkpaylayanın
ünvanına bir-iki də pis söz deyib kababxanadan
çıxdı! - Sabah səni işdən qovmaq mənə
borc olsun! Bir ay
deyil gəldiyi üçüncü dəfədir
müştərini soyur.
5
Dünyanın bicliyini bilən Nəyəsək bir
şeyi başa düşmədi ki, varlıların
sağlığına içmək hələm-hələm
kasıba xeyir gətirməz.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.8-9.