Gil ovsun
hekayə
Adam tozlu dikdiri aşaraq çayın sahilinə endi. Susuzluqdan dili
ağzında quruyub qaxaca dönmüş, dodaqları
cadar-cadar olmuşdu. Çayın
bulanıq suyundan ovuclayıb içərək bir qədər
özünə gəldi.
Göydən
od ələnirdi.
Bir xeyli dayanıb şırıltı ilə axan suyun səsini
dinlədi. Çayın kənarı boyunca uzanan gölməçədə
xırdaca balıqlar gözə dəyirdi. Etinasız baxışlarla suda qaynaşan
canlıları süzdü - balığın nə
olduğunu bilmirdi.
Çayın yaşıllıqlarla örtülü
qarşı sahili sirli bir ehtirasla onu özünə çəkdiyindən
baxışlarını o səmtdən
yığammırdı. Ancaq qarşı sahilə nə sayaq
keçəcəyini kəsdirə bilmədiyindən
çarəsizcəsinə aşağı-yuxarı gəzib-dolaşırdı.
Sonra nə fikirləşdisə özünü suya
vurdu. Suyun sərinliyinin vücuduna yaydığı həzz
bir anlığa harda olduğunu unutdurdu. Özünə
dönüncə çayın içərisilə xeyli irəlilədiyini
duydu.
Sahildən aralandıqca axının müqaviməti
güclənir, müvazinətini saxlamaqda çətinlik
çəkirdi. Bir yandan da suyun vahiməsi onu
basırdı. Ancaq su sinəsinə qalxana
qədər irəlilədi. Ancaq çay
get-gedə dərinləşdiyindən suyun onu alıb
aparacağından qorxub dayandı - üzməyi bilmirdi.
Çayın bərq vuran ləpələri gözlərini
qamaşdırır, dünya başdan-başa su şəklində
görünürdü. Qarşı sahilə keçə bilməyəcəyini
anlayaraq suyu yara-yara geri döndü.
Quruya
çıxınca bərk yorulduğunu hiss etdi. İsti tozun üzərində uzanıb bir qədər
dincini aldı; sonra yulğun pöhrələrinin arasından
keçib dikdirin üstünə qalxaraq yenidən
çayın o biri sahilini seyr etməyə başladı.
Qarşı sahil uzaqdan o qədər sirli-sehrli
görünürdü ki, çayı adlamaqdan savayı
heç nə barədə düşünə bilmirdi.
Xeyli fikirləşəndən sonra o biri sahilə
keçmək üçün münasib yer tapmaq ümidilə
çayın mənbəyinə sarı getməyə
başladı.
Yol rahat deyildi, bəzən çayın sahilini
örtən kol-kosun arasıyla addımlamalı, bəzənsə
daşların, qayaların üstündən adlayıb
keçməli olurdu.
Günlərlə yol gedəndən sonra, nəhayət,
çayın nazilib axdığı yerə yetişdi. Burda çay
dayaz olduğundan suyun dibi görünürdü, o biri sahilə
keçməyin elə bir çətinliyi yoxdu. Suya girib qarşı sahilə keçdi və bu dəfə
çayın axarı istiqamətində getməyə
başladı.
Adam neçə gündən bəri yol gəldiyindən
yorulub əldən düşmüşdü. Ancaq buna
baxmayaraq dayanıb bir azca yorğunluğunu almaq deyil, heç
nəfəsini dərmək belə istəmirdi.
Nə zamandan bəri tərs bir inadla onu özünə
çəkən qarşı sahil indi o qədər də
cazibədar görünmürdü. Bu yerlərin keçib gəldiyi
sahildən elə bir fərqinin olmadığını hiss
edincə yenidən hər şey nəzərlərində
adiləşməyə başladı. Bəlkə
zənnində yanıldığını düşünərək
çayın qarşı sahili boyunca xeyli yürüdü.
Ancaq fərqi yox idi; uzaqdan ona sirli-sehrli
görünən bu yerlərdə qəribə heç bir
şey gözə dəymirdi.
Nə edəcəyini kəsdirmək üçün
bir anlığa dayanıb durdu.
Qürubla birgə yer üzünə yayılan
dözülməz bürküdən nəfəs almaq
mümkün deyildi. Hərdən anidən havalanan və dərhal
da öləziyən isti yel hardansa uzaqlardan qəribə bir
qoxunu çəkib gətirirdi. O, burnunu
qıcıqlandıran qoxunu hiss etsə də, əhəmiyyət
vermədi - qoxunun nə olduğunu bilmirdi.
Adam çayın sahilindən uzaqlaşdı.
Qarşıda zirvəsi buludlara millənən sıra
dağlar uzanıb gedirdi. Nə zamandan bəriydi
ki, uzaqdan-uzağa seyr etdiyi bu dağların qapalı, əlçatmaz
bir dünyaya açıldığını
düşünürdü. O, dağların arxasında
hər şeyin bambaşqa olduğunu xəyal edir, qəlbinin
dərinliyində o yerlərə varmaq arzusu
çağlayırdı. Ancaq yolun
uzunluğumu, dağın ucalığımı, ya hansı
bir səbəbsə qarşısını kəsir, niyyətini
gerçəkləşdirməyə imkan vermirdi.
İndi
birdən-birə nə fikirləşdisə, qəti qərarını
verdi və dağın zirvəsinə
doğru yürüməyə başladı. Yol
daşlı-kəsəkliydi, bəzən dərin
yarğanların, uçurumların içərisindən, bəzənsə
sıldırım qayalardan keçməli olurdu. Buna baxmayaraq, inadla tutduğu səmtə doğru irəliləyirdi.
Zirvəyə
doğru getdikcə gedir, yol bitmək-tükənmək
bilmirdi, sanki dağa yaxınlaşmaq əvəzinə bir az da uzaqlaşırdı.
Arada dayanıb geriyə boylanır, keçib gəldiyi
məsafəni xəyalən ölçür, sonra yenidən
yoluna davam edirdi.
Hərdən ona elə gəlirdi ki, heç vədə
dağın zirvəsinə yetişə bilməyəcək. Ancaq geri
dönmək niyyətində də deyildi, arxada onu həyata
bağlayacaq bir şey qalmamışdı.
Beləcə, neçə günün
yolçuluğundan sonra, nəhayət, dağın zirvəsinə
qalxa bildi və taqətsiz halda bir daşın üstünə
çökdü.
Bir azdan
günəş qüruba enincə düz-dünya
qaranlığa büründü, başının
üstündəki geniş səma Ayla, ulduzla bəzəndi...
Gecənin, qaranlığın sirrinə bürünərək
dərin yuxuya getdi.
Yuxudan oyananda uzun yolun yorğunluğu canından
çıxmış, zehni, düşüncəsi dupduru
durulmuşdu.
Dağın zirvəsindən yer üzü ovuc içi
kimi apaydın görünürdü.
Adam ilk dəfə görürmüş kimi
dünyanı seyr etməyə başladı.
Günəşin doğuşu ilə torpaqla səmanın
qovuşduğu uzaq üfüqlər qızılı rəngə
boyanmışdı. Göy üzünə səpələnən sərgərdan
buludlar başının üstündən axıb-keçir,
bir az aşağıda qartallar səssiz-səssiz
dövrə vururdu.
Yer üzünü bunca yüksəklikdən seyr etməmişdi. Sanki
dağın zirvəsinə deyil, dünyanın üstünə
çıxmışdı.
Bu möhtəşəm heyranlıq uzun sürmədi. İndi də
göz işlədikcə uzanıb gedən yerlə
göyün birləşdiyi sirli üfüqlər onu cəkirdi.
Dağın zirvəsinə aparan uzun yolçuluğun səngitdiyi,
unutdurduğu əski duyğuları yenidən oyanmağa,
ruhunu sarmağa başlamışdı. Dünyanı
yüksəklikdən seyr etdikcə gözləri
qarşısında açılan sonsuzluq onu heyrətləndirməklə
yanaşı, qorxudurdu. Sonsuzluğun nə olduğunu
anlamadığından qarşısında açılan bu
hüdudsuz mənzərəni yayğın nəzərlərlə
süzür, süzürdü...
Üfüqlərə
sarı baş aldı...
Qumlu səhralardan, yovşanlı, yulğunlu
çöllərdən, bozkırlardan, yaşıl ormanlardan
keçərək günlərlə yürüsə də,
yolun sonuna vara bilmədi. Qürubun
yaxınlaşdırdığı üfüqlər dan
yerinin söküşü ilə təkrar uzaqlaşır, hər
şey yenidən başlayırdı. Bu
sonsuz yolçuluqda əriyən zamanın xofu ruhunu sinsidirdi.
Adamın içində özünə də bəlli
olmayan qəribə bir duyğu çağlayırdı. Bu duyğu nəydisə,
köksündə yuva salandan bəri bir yerdə qərarlaşa
bilmir, dincliyinin, asudəliyinin büsbütün yox
olduğunu anlayırdı. Bir-birini əvəzləyən
gecəylə gündüzün təkrar
dönüşünün yer üzünə gətirdiyi yeknəsəqlik
onu yorur, halsızlaşdırır, düşüncələrinə
nəyisə, nələrisə yükləyirdi. Sanki ayaqlarının altındakı torpaqla
başının üstündəki göy qübbəsi
arasında sıxılır, bu sıxıntıdan qopmaq,
qurtulmaq üçün nə etmək lazım olduğunu
bilmirdi.
Olub bitən hər şey yuxuyla oyaqlıq arasında
baş verirmiş kimi görünürdü. Ancaq
bunların sərhədi qarışdığından
aralarındakı fərqi qavramaqda çətinlik çəkirdi.
Bəzən özünü, varlığını,
içini çalxalandıran həyəcanlarını
unudur, həyatın dönülməz, qaçılmaz
axarına buraxıldığını
düşünürdü. Qarşısında
dərin uçurum kimi açılan tənhalıq onu
darıxdırır, bu hüdudsuz genişlikdə özünə
yer tapa bilmirdi.
Qəfildən bir hənirti duydu.
...Başını
qaldırınca qarşısında özü kimi bir
adamın dayandığını gördü. İxtiyarsız
olaraq ayaq saxladı. Ancaq qarşısındakı
adamın vücudunda bir az fərqliliklər
sezilirdi - qadın idi.
Təəccüblə bir özünü, bir
qadını gözdən keçirdi. İndiyədək
qadın görməmişdi - qadının nə olduğunu
bilmirdi. Adam özü də duymadan
qarşısındakı gözəlliyin əsirinə
çevrilmişdi.
Qarşıdan
əsən külək qadının mum rənginə
çalan pırtlaşıq saçlarını kürəyinə
sovurur, vücudunda sevgi və ehtiras çağlayırdı.
Baxışları qarşılaşınca
qadının üzündə ürkək bir təbəssüm
gəzdi və bir andaca dünya gözlərində özgə
bir rəngə büründü.
Adam ayaqları qıfıllanıbmış kimi yerindəcə
quruyub qalmış, ona ilğım kimi görünən bu
gözəlliyin qəfil yoxa çıxacağından
ehtiyatlanırdı.
Sonra qadının incə dodaqlarından bir söz qopdu. Adam heç nə
anlamadı - sözün nə olduğunu bilmirdi. Bir şey anlamasa da, səsin zərifliyi ruhuna işlədi,
ağlını başından alıb apardı.
Adam içinin bilinməzliyində qərib, məhrəm
duyğuya bənzər nələrinsə cücərib qalxdığını
hiss edirdi.
Sanki ovsunlanmışdı.
Qadının sayrışan vücudu, azğın bir
ehtirasla onu özünə çəkdikcə həyatın
öyrətdikləri hər şey dəyərini itirir, onu qəfəs
kimi sıxan dünyanın nəhəng genişliyindən
sıyrılıb çıxmaq istəyirdi.
Daşkənd-Səmərqənd-Bakı
10-14 oktyabr 2018
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.9.