Ay işığı, dərviş duası...

 

Naxçıvan dəftərindən

 

Könlümüzün bağlı qapıları sənin üzünə açılmazmı, ey Sevgili! İşıq düşməzmi könlümüzün büllur baxışlarının üstünə, əks olunmazmı... Yayılmazmı gözlərimizdən yerə, göyə, kainata... Bir xəbər könlümüzün bağlı qapılarından çıxıb dartınmazmı bitməyən yolçuluğun gözəlliyinə...

Yolumuzu sən hopdurdun qəlbimizə, sən "Get!" - dedin, gedilməzmi...

Nə yol dostları arzuladıq, nə yol dostları aradıq, amma nə gördük, nə qovuşduq... Yolun sirrinin bir vərəqini çevirdik, "Yeganə yolçu sənsən" yazılmışdı...

Amin!

 

***

 

Bəzən mənə elə gəlir, yaşadığımdan yüz dəfə uzun bir ömürdən yorulub gəlmişəm buralara... Düşünməyə... düşünməyə... düşünməyə... düşünməyə və gülümsəməyə. Torpağı, göyləri, insanları, yoxluğu, varlığı, Tanrını hiss etməyə gəlmişəm...

Bu çılpaq qayalarda, bu açıq gözlərlə göylərə baxan torpaqlarda Günəş zərrəsi birbaşa dərinliyə hopur... Bu çöllər Haqq-dan gələn çağırışı birbaşa özünə çəkir... Bu genişlikdə ayaq səsləri duyuram, qəlbimə toxunmur, pıçıltılar duyuram, məni incitmir...

Nişanələrə gəlmişəm... Əlamətlərə gəlmişəm... Hər nədirsə, hər kimdirsə, qeybdən səsləyən çağırışa gəlmişəm...

"Tanrıyla arama girməyin" dediyim çox oldu...

Bu yerlərlə Tanrının arasında heç bir sədd yoxdur... Əlini uzatsan əlin çatır, yuxarı dartınsan ayaqların yerdən üzülür...

Gəlmişəm ki, bu dinclik məmləkətində Tanrıyla arama heç nə, heç kim girməsin...

Səndən gedən yol O-nda dayanır, O-nda nəfəsini dərir, O-ndan qayıdıb bir də sənə gəlir...

Yorulmuşam, Tanrı...

Yorulmuşam və bir gecəyarısı Ay işığında bardaş qurub oturub səni və özümü düşünürəm...

Yorulmuşam və əbədi dinclik üçün Sənə üz tutmuşam...

Tez-tez "Niyə?" deyə, "səbəb?" deyə soruşurlar...

"Sevgi" deyirəm...

 

Dostlarımızdan biri tez-tez mənə: "Tanrıya sual verin, Tanrıdan soruşun" deyərdi...

Gülümsəyərdim...

"Tanrı soruşulmuş suallara cavab vermir"...

Bir yerdən sonra ancaq cavablar qalır... Aydın, dinc, səssiz, ancaq etibar edərək duya bildiyimiz cavablar...

Bir zamanlar qollarımızı qanad kimi açıb özümüzü uçuruma buraxdıq... Bitsin deyə, ya uçaq, ya çaxılaq, ya ölək, ya qalaq deyə...

Öldükmü, qaldıqmı...

Nədir bu mövcudluğun adı, kimik, nəçiyik, kimçiyik...

Bəlkə bir insanda əks olunur cavab, bəlkə genişliyində quşlar uçuşan bir parça göy üzündə, bəlkə bir əlçim saralmış otda. Bəlkə ayağımıza toxunan daşda...

Bir dəfə kiçik bir oğlan uşağı əlini atasının əlindən qoparıb hardansa peyda olan mavi bir şarın arxasınca yüyürürdü. Külək şarı havaya qaldırdı, şar səmanın maviliyinə qarışıb görünməz oldu, uşaq meydanın ortasındaca gözü göyə dikili dəqiqələrcə dayandı. O bir damcı maviliyin nəhayətsiz maviliyə qovuşmasına, mən onun heyrətinə baxırdım...

Nə olursa-olsun - Cavab var...

 

***

 

QEYB-dən çıxıb MÜLK olan CAN əzaba düşərmi, düşməzmi... Bir gün MÜLK-ündən əl çəkərmi, çəkməzmi...

Gedərmi, getməzmi?

Yolçuluğun sonu heyrətdir... Ruh bağında ney səslənər... Duaların, qovuşmaların qəlb ortasında ayrılan NUR uzaqlara getməz, gedərsə də itməz, qayıdıb bu yerlərin, bu daşın-torpağın, bu təkkənin üstünə ələnər... Çillə hücrələrindən çıxıb bu yuxulu evlərin hər qapısında neçə cana yayılar...

 

***

 

Gözümü minilliklərin o tayından bu yana adlayan xəzinə qalasının - Əlincənin başı üstündən dolandırıb yuxuya, sakitliyə dalmış kəndlərin işıqlarına baxıram. Düşünürəm və köksümün dərinliyində bir "cızz" edən tel titrəyir... Yolunu Tanrıdan salan, Tanrıdan gəlib Tanrıya qayıdan ruhların hənirini hiss edə-edə yumulu gözlərimi Ay işığında əks edən Günəşə tuturam...

Hər şey nə qədər O-dur... Ancaq O!- Var olan! Var Olan və Var Edən... Nə qədər çox, nə qədər TƏK-sən, ey könlümün hakimi...

 

...- Sonra Eşqin sahibi gəldi.

- Eşqin sahibi olmur...

- Sözümü kəsmə. Hə, sonra Eşqin sahibi gəldi, qapını döydü, içəridən...

- Eşqin sahibi olmur...

- Dedim axı, sözümü kəsmə. Qapını döydü, içərindən kimsə qorxa-qorxa "kimdir" - deyə soruşdu.

- Niyə qorxa-qorxa?

- ...!

- Yaxşı, susdum, danış...

- "Mənəm" - dedi, Eşqin sahibi.

- ...

- Yaxşı, de, de, de!

- Eşqin sahibi olmur...

- Bəs nəyi olur, bax, imkan vermədin gül kimi hekayəni danışım, bir dinlə, gör nə olacaq?!

- Axı, heç nə olmayacaq...

- Niyə?

- ...

- Dillən, niyə, bax, niyə?

- Çünki... çünki Eşqin sahibi olmur...

 

***

 

...Çünki bu yerin qapısı həmişə açıqdır

- İçəri keçmək olarmı?

Xanəgaha baxan xanım başını tərpədir:

- Əlbəttə, buyurun, keçin, istirahətinizi edin...

Yerə xalçalar döşənib, neçə dəfə gəlib-getmişəm, ilk dəfədir içərini görürəm... "Deməli, belə məsləhətdir...". Kiçik pəncərələrdən birinin qabağında oturub baxışlarımı Əlincəyə çevirirəm... Sağ yanımda Nəiminin məzarı... İnamının-inancının onu aparıb getdiyi hər yerdən ayırıb ölümə sürüklədiyi qayıdışın son nöqtəsi burda qoyulub... Onun nəşinə bu torpaqlar sahib çıxıb... Qoymayıb dağılsın, qoymayıb. ÖZ-ününkü edib, ÖZ-ünə verib ruhunu, ovuclarına qoyub qapayıb, alınmış canının, incidilmiş bədəninin Tanrıya yolunu burdan açıb Haqq Aşiqləri...

Başımın üstündə bir Qadının sevgi və vəfa binasının günbəzi...

Tanrının evi olarmı? Olmaz... Tanrının YERİ olar, o da eşqə təslim olmuş könlümüzdür, ey Sevgili, harda olsaq bizimlə daşınır...

O gecə, o aylı payız gecə yarısında türbənin həyətində iri ağacın altında oturub uzaqda işıqları parıldayan evlərə baxa-baxa o evlərdəki insanları düşünürdüm... Bu yerlərin insanlarını... Torpağının hər qarışında, səmasının hər udumunda bir əli köksünə sıxılıb vəhdətə qovuşmuş, sınağından keçib yolçuluğa bürünmüş dərvişlərin ruhu dolaşan, bir gün üsyan içində mərkəzindən ayrılıb, toz kimi dağılan zərrələrə sahib çıxıb onları bir yerə toplayan dərviş könüllərin dönüb-dolaşıb o insanların qəlbində, gözlərinin dikildiyi, Tanrıya uzanan əllərinin ilişib qaldığı yerdə yenidən can tapdığına inanıram...

Bu torpaqların sehri o insanların içinə hopub, bunu bilirlərmi, bilmirlərmi... Görürlərmi, görmürlərmi... Görəsən, Ay işığında oturub gözünü gecənin içinə zilləmiş bu Müsafir barədə nə düşünərdilər?

Dəlimidir, deyərdilər, divanədirmi, deyərdilər...

 

***

 

..."İlahi. Bu nə dinclik, bu nə səssizlik?..".

Sonra... sonra bir anda illərdir axtardığım, dinşədiyim, gözümü yumub həsrətini çəkdiyim o sehrli səsləri eşidirəm... Məni dəfələrlə bu yerlərə çəkib gətirən səbəbin içindən bir asta pıçıltı dolur düşüncələrimə - külək pəncərənin taxta çərçivələrini tıqqıldadır... Bunun üçünmü gəlmişəm uzaq-uzaq yollardan keçib buraya, bilmirəm... Amma nə olursa-olsun, Haqqdan gəlir - başımı aşağı dikib pıçıldayıram:

"Minnətdaram...".

Baxıcı xanım gəlir, dönüb üzünə baxıram. Günortadır, bəlkə də artıq getməli olduğumu, qapını bağlamalı olduğunu deyəcək...

- Sizə soyuq olar, aşağıdan bir şey gətirim...

Gülümsəyirəm: "Minnətdaram!".

- Mən nahara gedəcəyəm...

- Getməyimmi lazımdır? - yerimdən qalxmaq istəyirəm. Əlini uzadır... əlini elə uzadır, sanki məni mənim görmədiyim bir ip üstündə görüb, tərpənsəm yıxılacağımdan qorxur...

- Yox - yox! Qapı açıqdır, nə qədər istəyirsiniz oturun...

Çıxıb gedir...

"Dincəl, Müsafir, dincəl" - deyir pəncərəni döyəcləyən barmaqların Sahibi... "QAPI açıqdır...".

 

***

 

Mən niyə burdayam?

Canını sənə qaytaranların çağırışına gəlmişəm... "Ol" deyənin, "Qal" deyənin, "Get" deyənin çağırışına...

İlahi əmanətini sevgiyə büküb, eşqə köçürüb, Zahirdən Batinə keçən yolçuluqda bir ilahi Ruh məni səsləyib, "Ey Məlaməti, Ordan keç qayıt" - deyib...

Göylərin pərdəsini aralayıb, Kitablar Anasını - Aynasını nişan verib... "Mənəm"- deyib, Ülvi Aləmdən gəlib gedən Yolçuların bir gün yolu bu torpaqlardan mütləq keçməlidir..

 

***

 

Bəs sən hardasan, ey Yolçu...

Hardasan?..

Nəyin varsa soyun, çıxar at üstündən qəzəbi, pisliyi, nəfsini, ucu-bucağı görünməyən istəklərini, ayağındakı zəncirləri aç, qollarındakı kəndirlərdən xilas ol...

Yol yük götürməz, yükündən arın gəl...

Xəzinə burda - Ruh Bağının səmavi yollarındadır...

 

***

 

Könlümüzü məbəd etdik, Sevgili Dost, içində gizlətdik nəyimiz vardısa. Divarını hördük, qapısını içəridən əridib yoxluğa çevirdik. Yol qaldı - bizdən taa bizəcən, get-gəlli dünyanın müsafir otağında sükutumuzu duaya bağışladıq: Tanrı, Günəşi qoru... və qoru anqappaq çiçək kimi Dost Könülləri...

 

***

 

Tanrı gülümsəyir...

Sən sadəcə o təbəssümü duy...

Gör hər yarpaq oyanışında, çiçək canlanmasında necə bir həyat çağlayır.

Əllərini köksünə sıx, Sevgili, gözlərini mavi səmanın ənginliklərinə, kainatın dərinliklərinə yum...

Eşqi düşün.

Döyüntüləri, dartılışı düşün.

Yolu düşün və yumulu gözlərlə sehrli kəlmələri pıçılda:

Mən Səni Sevirəm...

Amin!

 

Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.13.