Qoqolun çəkmələri-

Vaqif Səmədoğlu üçün

 

(bir şeirin yozumu üstündə etüd)

 

Vaqif Səmədoğlu şeirinin "əşya lüğətin"də ayaqqabı o qədər görümlü yer tutur ki, istər-istəməz avtoportretinin detalı kimi yadda qalır.

 

Əynimdə sarımtıl plaş,

Ayaqlarımda bir cüt macar çəkməsi

Göy qübbəsini qoyub başıma,

dayanmışam

yer üzünün sakit bir küçəsində...

bir yana getmək,

evə dönmək istəyirəm.

Yoruldummu

yolum yarı olmamış?

 

"Yaşıl eynəkli adam" pyesinin remarkasında səhnəyə öncə "ayaqqabı çıxır": "Qaranlıq, tamamilə kimsəsiz küçələrlə, ağır ayaqqabıları ilə, səkilərdən əcaib əks-səda çıxara-çıxara bir adam addımlayır".

Vaqif Səmədoğlu şeirində istənilən nəsnə, predmet-əşya metafizik, mistik mənalar çevrəsinə daxil olur. Təsadüfi deyil ki, ayaqqabı ilə bağlı inanclar, mifoloji təsəvvürlər mövcuddur. Yuxuda ayaqqabı görmək həmişə darlıqdır. Bir başqa inanca görə, bəylə gəlini bədnəzərdən qorumaq üçün başına köhnə ayaqqabıları tökürlər. Uzaq səfərə çıxan adamın dalınca ayaqqabı atmaq adəti olub.

Evlə eşiyin, "o dünya" ilə "bu dünya"nın sərhədində ayaqqabımızı çıxardırıq... Ayaqqabı "o dünya"nın işarəsi kimi qavranılır. Öləndə insandan şəkillər, bir ayaqqabılar qalır, onu da qapının ağzına qoyurlar.

Ayaqqabının mistik statusu Vaqif Səmədoğlunun bu şeirində təqdim edilir. Səhv etmirəmsə, şeir 1963-cü ildə yazılıb.

 

Məzarıma

başdaşı qoyun,

heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağı yalın

geyib getsin...

 

Məti Osmanoğlu yazır ki, "Vaqifin bir şeiri filoloji ictimaiyyətin bir hissəsində ironik zərb-məsələ, atmacalı jarqona çevrilmişdi. "Sən öl" andının qarşılığı olaraq "Özün öl, ayaqqabıları da başdaşın olsun" deyənlər vardı".

Ölüm nəfəsli bu şeir, əslində, vəsiyyətdir. Vəsiyyət nitq janrı nitq aktı kimi, dilçilik termini ilə desək, həmişə performativdir, yəni söz əmələ bərabərdir. Şairin bu arzusu ölümündən sonra yerinə yetir - tanınmış heykəltəraş Mir Teymur onun məzarının sinədaşı üstə bir cüt daş ayaqqabı da yapdı.

"Ayaqqabı - məzar" motivi universitet professorumuzun Qoqolla bağlı bir söhbətini mənə  xatırlatdı. Professor danışırdı ki, 30-cu illərdə Sovet Rusiyasında, bəyaz kilsələrin yıxıldığı, keşişlərin kütləvi güllələndiyi dövrdə üç nəfər komsomol fəalı, ateist cavan Qoqolun qəbrini açmaq fikrinə düşür. Hamı bilirdi ki, Qoqol paltarlı-çəkməli məzara gömülüb. Hər biri Qoqoldan xatirə olaraq nəsə götürür. Arakçeyev soyadlı biri - qəbiristanlığın müdiri, keçmiş komsomol işçisi daha fərasətli tərpənir: o, Qoqolun  çəkmələrini çırpışdırır. Evdə şkafın üstünə qoyub hər gün çəkmələrə tamaşa edir. İnsafən çəkmələr yaxşı qalmışdı. Başqası pencəyindən nəsə kəsib qoparır.

Kabus həmin gündən başlayır. Qoqolun çəkmələri hər gecə Arakçeyevin yuxusuna girir, inkir-minkirlər onu boğur. Hər gecə soyuq tər içində, dəli kimi yuxudan qalxır zəng edib bu gecə kabuslarını dostuna danışır. O da məsləhət görür ki, həmin çəkmələri təcili aparıb Qoqolun qəbrinin yanında basdırsın...

Nəhayət, Arakçeyev ağır, ölümcül xəstəliyə tutulur az sonra dünyasını dəyişir. Onu harda basdırıblar - bu gün bilən yox...

Deyilənlərə görə, Qoqol ayaqqabı xiridarı dəhşət çəkmə həvəskarı olub. İstənilən çəkmənin, başmağın kəm-kəsirini çəkməçidən yaxşı bilirdi... Çəkmələrə o qədər aludə idi ki, çəkməçiyə tez-tez sifarişlər verirdi. Mənzilində çəkmələrinin sayı-hesabı bilinmirdi. Çox vaxt bu çəkmələri heç geymirdi !

Qoqolun qəribəlikləri bununla bitmir. Bir səfərə çıxanda da özü ilə çamadanda iki-üç cüt təptəzə çəkmə götürürdü.

Qoqol əsərlərində kimi təsvir edirsə, mütləq onun çəkmələrini, başmaqlarını xatırlayır. Başmaq, çəkmə Qoqolun qəhrəmanları üçün ən vacib həyat hadisəsidir, əsas geyim atributudur. Başmağın yoxdursa, sən heç kimsən.

Ayaqqabı bədii detal kimi onun personajlarının portretini tamamlayır. "Neva prospekti" povestində ayaqqabıya həsr olunmuş mahnı da var. Təsvir mütləq ayaqqabıdan başlayır. Məsələn: "Onun mənzilinin sahibi olan qarı qapının qəribə bir sürətlə döyüldüyünü eşidib yatağından sıçramış bir ayağında başmaq, tələsik qapını açmağa yüyürüb..." ("Şinel").

Qoqolun zəngin portret qalereyası əslində həm ayaqqabı türlərinin sərgisidir. Ayaqqabı dahi yazıçının ən vacib müşahidə obyektidir. "Dikanka yaxınlığında xutorda axşamlar" povestində əsas baxış obyekti qızın yaşıl koftası qırmızı çəkmələridir. Qızın yalın ayaqları təzə palçıqla elə yapılmışdı ki, onu çəkmə kimi qəbul etmək olur. Yaxud "Şinel"də: "O, maraqla bir maqazinin pəncərəsi önündə durub, içəridəki şəkilə tamaşa etməyə başladı, bu şəkildə çəkməsini çıxaran gözəl bir qadın başdan-başa çılpaq, qəşəng ayağını açıb göstərirdi".

"Dəhşətli intiqam" povestində deyilir ki, qonaqlar Katerina xanımın "gümüşü nallı uzunboğaz çəkməsinə heyrətlə baxırdılar".

"Çekevik" adlı başmaqlar xanımların yüksək statusunu bildirir. Dəmirçi Vakula sevgilisi Oksananın bütün istəklərini yerinə yetirməyə çalışır. Ondan padşah arvadının başmaqlarını - "çekevik" almasını istəyir: "Dəmirçi, padşah arvadının başmaqlarını mənim üçün alsan, sənə gedərəm. - Dəmirçinin bütün bədəni cuşa gəldi, indi o ancaq Oksananı düşünürdü" ("Milad bayramı gecəsi").

Beləcə, "məzarda ayaqqabı" motivi həm Nikolay Qoqolun, həm Vaqif Səmədoğlunun ölümünü mifolojiləşdirir, onların bioqrafik kontekstini məna miqyasını dəyişdirir.

Yuxarıda Qoqolun çəkmələri ilə bağlı mistik əhvalatı niyə danışdım? Bilmirəm. Onu bilirəm ki, Vaqif Səmədoğlunun məzarı üstündəki ayaqqabılar nəyəsə işarə edir...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.12.