Məmməd Cəfərin bədii
yaradıcılığı və kreativ
yaddaş
Akademik Məmməd Cəfərin ədəbi-tənqidi
görüşləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığının
təkrar-təkrar üz tutduğu önəmli
qaynaqlardandır. Görkəmli alimin yaratdığı ədəbi-nəzəri
məktəb milli ədəbiyyatşünaslığın
aparıcı xətlərindən birini təşkil edir.
"Füzuli düşünür", "Füzuli
sevir", "M.F.Axundov", "Hüseyn Cavid", "Azərbaycan
ədəbiyyatında romantizm", "Cəlil Məmmədquluzadə"
ədəbiyyata fərqli, yeni yanaşması ilə həmişə
seçilmişdir. Azərbaycan ədəbiyyatşünaslığının
filosof tənqidçisi kimi M.Cəfər mədəniyyətimizi
və ədəbiyyatımızı milli kimliyi ilə
bütövlükdə öyrənir və tədqiq edirdi.
Görkəmli alimin bu yanaşmasını onun
bədii yaradıcılığına da şamil edə bilərik.
"Get dolangilən, xainsən hələ" tragikomediyası
və "Molla Nəsrəddin guşəsi", "Bəhlul
və Nəsrəddinin söhbəti" başlıqları
adı altında verilən hekayələri müəllifin
kreativ yaddaşa (yaradıcı yaddaşa) münasibəti və
dəyərləndirməsidir.
"Get dolangilən, xainsən hələ"
tragikomediyasında bizi maraqlandıran məsələ mətn
yaddaşı ilə bağlıdır. Problemin həllində
bir necə istiqamət özünü göstərir;
yaddaş nədir, ədəbiyyatın yaddaşı nədir,
M.Cəfər üçün yaddaş nə anlama gəlir və
əsərdə mətn yaddaşı necə işlənmişdir.
Yaddaş hər şeydən öncə fizioloji hadisə
olub, idrak prosesi ilə bağlıdır. İnformasiyanın
qorunması, ötürülməsi və dəyərləndirməsi
bilavasitə yaddaşla əlaqəlidir. Bizim
üçün burada əsas olan bədii mətinin əsasında
dayanan yaradıcı yaddaşa istiqamət verən uzunmüddətli
yaddaşdır.
Akademik D.Lixaçov yazırdı ki, yaddaş
yaradıcı prosesdir, vicdanla, mənəviyyatla
bağlıdır və ənənəyə söykənir. Məhz bu
dayaqlardır onu zamana qarşı qoya bilir. M.Cəfərin də həm elmi, həm bədii
yaradıcılığı, bəlli olur ki, vicdanla, mənəviyyatla
bağlıdır və ənənəyə istiqamətlənmişdir.
Akademik
İsa Həbibbəyli M.Cəfərin bədii
yaradıcılığını belə dəyərləndirir:
"Bədii yaradıcılıq sahəsində onun
"Əntiqə adamlar" kitabına daxil olan satirik hekayələri
mollanəsrəddinçilik ənənələrinin
yaradıcı şəkildə davam etdirilməsindən
yoğrulmuş ciddi, maraqlı və təsirli ədəbi
örnəklərdəndir". Kitabdakı
"Qayanın dibində" hekayəsi müəllifin mollanəsrəddinçilik
ənənələrinə bağlılığını,
mənsub olduğu xalqın minillik tarixini yaşadan etnoqrafik
detalları önə çıxarması, "qayanın
üstündə oturanlarla skamyada oturanlar"
arasındakı mübahisə zəminində yaddaşlarda
donub qalan milli geyimləri, xalq rəqslərini, adət-ənənələri
vizual şəkildə oxucuya çatdırır. Müəllif
incə bir şəkildə, həm də təkdə yox, cəm
olanların diliylə deyir: " Dedilər
ki, papaq başla əlaqədar olduğu üçün onu fərqləndirmək
olar. ...heç olmasa çal papağı saxlayaq".
M.Cəfərin
mədəniyyətimizi və ədəbiyyatımızı
milli kimliyi ilə bütövlükdə öyrənməsi
adı çəkilən hekayədə özünü bu
cümlələrlə biruzə verir: "əzizlərim, o ənənədən
danışın və o ənənəni müdafiə edin
ki, onların barlı ağaclara və təzəcə
açılmış çiçəklərə xətəri
toxunmasın!". Bu fikirlər
həm vətənpərvər alimin vətəndaş
mövqeyi, həm də gənclərə nəsihəti kimi
səslənir. Çünki müəllifin
yaşadığı cəmiyyətin ortaya atdığı
mühüm bir sual onu daima düşündürürdü:
"...ata-babalarımız hansı havalara oynayıblarsa, biz də
eyni havalarla oynayaq, yoxsa təzə havalara oynayaq?...".
Əslində "Əntiqə adamlar"ı
M.C.Cəfərovun partiyalı ədəbiyyat və ədəbiyyatşünaslıq
məngənəsindən qoruduğu duyğularını
Molla Nəsrəddin, Bəhlul Danəndə diliylə təqdimi
idi. Xalq yazıçısı Elçin M.C.Cəfərovun
zamanında eyhamla çatdırmağa
çalışdığı mətləblərdən belə
söz edir: "Məmməd Cəfər müəllimi
yaxından tanıyan bir şəxs kimi deyirəm ki, o
bütün canı ilə, qanı ilə sovet partiyasına nifrət
edən bir insan idi və mənim üçün çox
xoşdur ki, o, Azərbaycanın üçrəngli
bayrağının qaldırılmasını, Azərbaycanın
himninin çalınmasını eşitdi və gözləri
ilə gördü".
Ədəbiyyatın və mədəniyyətin
yaradıcı yaddaşında ən yeni ən qiymətli
deyil. Ədəbiyyatın yaddaşı yaradıcı
mexanizmdir. M.Cəfər həm ədəbi-tənqidi,
həm bədii yaradıcılığında ədəbiyyatın
və mədəniyyətin yaddaşını yeni mərhələyə
daşıya bilmişdir. Bu baxımdan onun "Səni kim unudar"ı həm Hadinin şəxsiyyəti
və yaradıcılığının əsas qayəsinin
açılmasında, həm də eyni totalitar cəmiyyətin
siyasi məngənəsində məhv edilən
Müşfiqin "Oxu tar" şerini
daşıdığı məna yükü ilə
müasirlərinə xatırladır. Ümumiyyətlə,
M.Cəfərin istər elmi, istər bədii
yaradıcılığında hər zaman öndə olan əsas,
aparıcı xətt xəlqilik idi. "Səni kim unudar" məqaləsində
yazdığı "Gələcək üçün
yaşayıb çırpınan Hadi, gələcək nəsil
üçün də yazmağı çox sevirdi. Bu şeri də o bizim üçün
yazmışdır" fikrini elə müəllifin
özünə də aid edə bilərik. Çünki bir ziyalı kimi M.Cəfərin gələcəklə
bağlı düşüncələri informasiya
ötürücülüyü ilə seçilir, Cavid, Hadi,
Müsfiq kimi sənətkarların milli idealla bağlı
strategiyalarını həm müasiri olduğu dövrə, həm
də bugünümüzə və sabahımıza
işıq tuturdu. Y.Qarayev "Tənqidçinin şəxsiyyəti"
məqaləsində yazır: "Ədəbi etika və əxlaq,
yazıçı məsuliyyəti, ictimai vətəndaşlıq
və şəxsiyyət problemləri kimi məsələlərin
fəlsəfi-publisist qoyuluşu və həlli
baxımından M.Cəfərin məqalələri bizim ədəbi
tənqidin tarixində xüsusi yer tutur".
Müasir ədəbiyyatşünaslıqda postmodernist
yaradıcılıqla bağlı tədqiqatlarda tez-tez təkrarlanan
intertekstuallıq, reminissensiya, allüziya kimi anlayışlar
var ki, M.Cəfərin "Get dolangilən, xainsən hələ"
tragikomediyasında mətn yaddaşı məsələsinin
həllində aparıcı rol oynayır.
İntertekstuallıq bədii mətnin strukturunu zənginləşdirir,
onun çoxsəsliliyini və çoxqatlığını
təmin edir.
Y.Lotmanın fikrincə, mətn sərbəst şəkildə
mövcud ola bilməz, mütləq hər
hansı bir kontekst içərisində verilməlidir. "Get dolangilən, xainsən hələ"də
əsərin elə adıyla bağlı həm
paratekstuallıqdan (əsərin adı və məzmun
yaxınlığı), həm hipertekstuallıqdan (başqa
bir mətni parodiya etmək), həm də arxitekstuallıqdan
(mətnlərarası janr əlaqəsi) söz açmaq
olar. Mövcud mətndə var olan misra və
ifadənin yeni bir əsərin adı kimi verilməsi mətnlərarası
modelləşmənin ilkin vizual əlamətidir. M.Cəfərin
tragikomediyasının da adına həm Nəbatinin
Get
dolanginən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf
ilə həmzəban olub,
Dövrə
qalxmağa balü pər gərək
çarpasında, həm Sabirin "Hə, de görüm, nə oldu bəs?"
satirasında bu şəkildə rastlaşırıq:
"Get, hələ xamsan, dolan, mən deyən oldu,
olmadı?".
Məsələ ondadır ki, "Get dolangilən, xainsən
hələ" tragikomediyasının məzmun və
ideyası ilə həm Nəbatinin çarpası, həm
Sabirin satirası arasında üzvü bağlılıq
vardır. Nəbati ilə M.Cəfəri birləsdirən ruh
halı idisə, Sabirlə bağlayan yaşadığı
dövrün nizamı ilə barışmaz üsyanı idi.
Müəllif yaddaşı fərqli mədəni
çağı bir araya gətirir; həm mətnlər, həm
yazarlar arasında görünməz bağlar müşahidə
edilir. M.Baxtinin təbirincə desək,
burada çoxsəslilik bir-biri ilə dialoqda verilir. Bir sözlə, tragikomediyada baş verəcək
hadisələrin ilkin sorağını əsərin adı və
müqəddimə bəyan etmis olur. Müəllif
Ə.Haqverdiyevin "Mirzə Səfər" hekayəsinin qəhrəmanlarını
və "Həsən ağanın qohumu" kimi qəlibləşmiş
deyimi "Həsən ağanın qaynı"na transformasiya
edir, C.Məmmədquluzadənin məkan kimi təqdim etdiyi
fiquru obraza çevirir. İkinci pərdədə Əbilovun
dilindən Həsən ağanın qaynı haqda məlumat
alırıq, Sabirin "Bizdə övrətlərin əmri
alınarmı nəzərə, - Canı çıxsın,
o da getsin yenə bir başqa ərə" sözlərini əsərdə
Fikrətin dilindən eşidirik. Bu səhnədə
Fikrətin Sabirin divardan asılı şəklinə işarə
edərək acı-acı gülməsi assosiativ ehyamdır.
Üçüncü pərdədə
"indi insanların taleyini "yerində danışmaq"
həll etmir, xalq, camaat, kütlə həll edir" fikri də
müəllifin müasiri olduğu zamanla müttəfiq
olmamasına işarədir.
Sadalanan misallarda müəllif ideyasının
çatdırılmasına xidmət edən elementlər
allüziya kimi xarakterizə olunur. Allüziya müəllifin
hadisələrə və qəhrəmanlara münasibətini
açıqlayır. Bu üsul vasitəsilə
yazar yalnızca məlum mətnə işarə etmir, həmçinin
konkret tarixi dönəmə, insana və mif süjetinə
yön alır. Bu üslub mətndə
birbaşa və ya dolayı yollarla işlənə bilir.
M.Cəfər də tragikomediyanın alt
qatında düşünən, həm də
yaşadığı zamanın gerçəklikləri ilə
barışmayan ziyalı obrazının, müasir mirzə səfərlərin
təsvirini verir.
"Get dolangilən, xainsən hələ"
tragikomediyasında ədəbiyyat və mədəniyyət
tariximizin tanınmış simalarının əsərlərindən
konkret obrazlara və ya mətnlərə müraciət edilir. Bu
yanaşmanın təsadüfi xarakter daşımaması və
məhz müəllif ideyasının
çatdırılmasındakı aparıcı mövqeyini
M.Cəfər aydın şəkildə də ifadə edir.
Əsərdə müəllif mövqeyini "böyük dərddir,
bir vətənin ikiyə parçalanması... Bacının
qardaşa, qardaşın bacıya həsrət qalması əlbəttə
böyük dərddir..." ifadələrində, Təbrizin,
Urmiyanın gözəlliklərindən bəhs edəndə
də izləmək olur. Bu isə tarixi
yaddaşın ədəbiyyata proyeksiyasıdır və milli
yaddaş üçün elektroşok effektidir. Belə məqamda dövrana qarşı xam olmaq elə
xain olmaq kimidir.
Əsərdə maraqlı detallardan biri də M.Cəfərin
yaratdığı mistifikasiya ilə bağlıdır. "Onlar bir
neçə nəfər idi" romanı və aspiranturaya qəbul
imtahanı verən Hörmüzün bu romanla bağlı
fikirləri müəllifin yaşadığı cəmiyyətin
reallıqları ilə barışmayan görüşlərinin
ifadəsiydi. Tragikomediyada mistifikasiyadan
istifadə təsadüfi xarakter daşımır. Bu, ədəbiyyat tarixinin bütün mərhələlərində
istifadə edilən priyomlardan biridir. Bədii
mistifıkasiyada ya müəllif əsərini başqa
(uydurma) bir müəllifin adından verir (bu situasiyada yeni bir
müəllif obrazı da yaranır, onun üslubu
formalaşdırılır, bioqrafiyası belə
düzülüb qoşulur), ya da yeni yaradılan mətn xalq
yaradıcılığı nümunəsi kimi təqdim
olunur. İlk mistifikasiya nümunələri kimi
"İliada" və "Odisseya"nın
adı çəkilir. Avropa ədəbiyyatında
mistifıkasiya orta əsrlərdə, böyük tərcümə
mərkəzləri ərsəyə gəldikdən sonra fəallaşmağa
başlayır. Bədii
mistifıkasiyanın yaranma səbəbi müxtəlifdir;
proses bilərəkdən oxucunu oyun içərisinə aid
etmək, populyarlıq qazanmaq və ya müəllifin
özünütəqdim, özünütəsdiq və ya
realizə etmə, siyasi, ideoloji təqiblərdən qorunmaq
kimi səbəblərdən də qaynaqlana bilər.
Son illərdə ədəbiyyatşünaslığın
sərhədlərini genişləndirməsi, yəni koqnitiv
yanaşmanın, fənlərarası əlaqələrin daha
çox gündəmə gəlməsi ədəbiyyatda
mistifıkasiya problemlərinin də öyrənilməsində
yeni üfüqlər açır ki, M.Cəfərin "Get
dolangilən, xainsən hələ" tragikomediyası bu
aspektdən də tədqiqatçıların diqqətini
çəkə bilər. M.Cəfər bu
tragikomediyası ilə oxucuları və tədqiqatçıları
məlum, klassik mətnlərə yenidən, bir başqa
prizmadan baxmağı təklif edir.
Pərvanə BƏKİRQIZI
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.-
S.14.