Qaldın nə oldu ki,
getsən nə ola?
Əgər ayrılmağa meylin
vardısa...
Əgər
ayrılmağa meylin vardısa -
sıxılma, çəkinmə... gəl salım yola!
Get, səni
ömrümdən qəlbin alırsa,
qaldın
nə oldu ki, getsən nə ola?
Daha
ürəyimi çarmıxa çəkmə,
daha
qaş qaralır, yığış, gecikmə,
ölən pöhrələri tanıtma mənə,
soldun nə
oldu ki, bitsən nə ola?
Təkcə
mən deyiləm tapıb-itirən,
qismət
gətirdiyin-yanlış gətirən,
onsuz da
var-dövlət, sərvət sevmirəm;
tapdım
nə oldu ki, itsən nə ola?
Xatirə
qalmağın bəsimdir, yetər,
yanımda solmağın hicrandan betər
dönmərəm, lap izlə üfüqə qədər!
qısqandın nə oldu, güdsən nə ola?
Ərimiş
şam kimi yanmaram yenə,
bənzəsin sevgimiz uğursuz günə,
bir yol
etməyinlə nə oldu mənə,
yenidən bəxtəvər etsən nə ola...
26.04.2019
Öz evində
Biri-çəkən,
biri-geri qaytaran,
nə
cürədir hansı, necə biləsən?
Yollar
çoxdur ora-bura aparan,
qayıdanda - öz evinə gələsən.
Fərq
eləməz - uzun ola, ya qısa,
qırılmaya - dağlara da dolansa,
kövrələrək, "Can" - deyən də olmasa,
dərdlərini öz evində böləsən.
Dağılmaya
nə pəncərən, nə qapın,
evin bilə
- nə itirdin, nə tapdın?
öz
qaşığın, öz qazanın, öz qabın...
öz
evində ağlayasan, güləsən.
Səsləsə
də yad ellərin gülşəni,
atıb
- getmə doğma çölü, çəməni,
öz
mülkündə sındıraraq düşməni,
öz
evində əllərini siləsən.
Çox görmüşəm
"qovanlarla - qaçanı",
küyə gedib qanadlanıb uçanı,
vaxt
varikən dolaşasan cahanı,
köç edəndə - öz evində öləsən...
26.05.2019
Oluram
Hər dəftərdə
adım bu cür yazılır;
ya
birinci, ya sonuncu oluram.
Duyğularım
havalardan asılı -
ya
"dilənçi", ya "milyonçu" oluram.
Kotan kimi
ya gümüşü, ya paslı,
yetim
kimi hər an başı qapazlı,
duyğularım havalardan asılı,
ya
"milyonçu", ya "dilənçi" oluram.
Kimdir görən bu dünyanın yiyəsi?
cavablardan
min qat artır: "niy"əsi,
haqsızlığa iti qılınc tiyəsi,
xain
gözə nizə ucu oluram.
Bir
qüvvə var - daşı, dağı qum
edən,
əriməyən poladları mum edən,
ya kotana
bağlanaraq şum edən,
ya
bostançı, ya da suçu oluram.
Ümid
sınar, inam qopub qırılar,
aciz
insan yaşamaqdan yorular,
təkidimlə məhkəmələr qurular -
son qərarda
özüm suçlu oluram!
Yazıq sərçə, nə cılızmış
bədənin?
qarğa
çalar artıq çıxsa bir dənin,
bəzən, yadlar məclis quran Vətənin
qapısında "qarovulçu" oluram.
Bu bazarda
köhnədirsə məzənnə,
gidi
dünya, piştaxtında təzə nə?!
hamılıqla el səadət gəzəndə,
qoşularaq mən də yolçu oluram.
28.05.2019
Nə biləydim - dünya belə
dayazdı
Mən getməzdim, özü məndən yoruldu.
əməlimdə nə artıqmış, nə azdı?
Baş
vurmaqla - qayıtmağım bir oldu,
nə
biləydim - dünya belə dayazdı?
Günlərimin
gərəksizmiş bir çoxu,
yüz
min aca üstün gələr bir toxu!
kaş,
olaydı yaşantılar bir yuxu,
həyat-zəmi, ötən anlar - dəryazdı,
nə
biləydim - dünya belə dayazdı?
Kimisini
"yarıyaşda" sındırar,
teli-başda, gözü - yaşdı sındırar,
əyri
gedər, düz olana pəl vurar;
ya
vaxtı az, ya - sayqacı nasazdı!
Nə biləydim - dünya belə dayazdı?
Yaşatdıqca
- can boğaza dirənər,
yaratdığı - yaşamağa ərinər,
çətinində - məndən ağıl öyrənər,
çarəsini tapan kimi - yol azdı!
Nə biləydim - dünya belə dayazdı?
Canım çıxdı hər nəğməmi
yazınca.
şərik çıxdı pay verdiyi qazanca,
iştah
- böyük, bu "Heçnəli qazança!"
baş
açmadım - qismətimə nə yazdı,
nə
biləydim - dünya belə dayazdı...
05.05.2019
Sahildə nə işin, ay
qızıl balıq
Arılar
əl çəkmir çiçəklərindən,
baxır
heyran-heyran yasəmən sənə
O
çıxıb gedəndən qəmlisən nədən,
çəmən, nə söylədi o duman sənə?
Sahildə nə işin, a Qızıl balıq?
Dəniz
- qaçağına verməz halallıq,
mənə bax: gör nə cür olur azadlıq,
olmaya
dar gəldi o ümman sənə?
Üstündə
didərgin olanlar artır,
açanlar azalır, solanlar artır,
üzündə günbəgün yarğanlar artır,
Torpaq, nə söylədi bu dövran sənə?
Kotanlar
şumladı, səpənlər keçdi,
Zəmidə
buğdalı sünbüllər şişdi,
Acları
yaşatmaq şərəfli işdi,
Versə
bu imkanı dəyirman sənə!
Xəyalən
gəzərəm hər yanı ev-ev,
hərdən şən olaram, arabir bikef,
bir
yarımda matəm, bir yarımda kef,
Vətən,
bənzəyirəm nə yaman sənə...
14.05.2019
Soruşdum: "Nə cürdü nənəmiz
Həvva?.."
Dəyişib
bazarı, nırxı dünyanın,
satdığı meyvəsi, barı xarabdı.
Geriyə
fırlanır çarxı dünyanın -
yarı
salamatdı, yarı xarabdı.
Atıram,
sularda daş niyə batmır,
dolu-dibdə qalır, boş niyə batmır?
dövranın çaldığı ürəyə yatmır -
kamanı,
qavalı, tarı xarabdı.
Əl
tutdum namərdlə - əli yandırır,
suları
altından lilli yandırır,
çeşmə var - içində dili yandırır,
deyəsən dağların qarı xarabdı!
Buna
gücmü yetər, əfv elə, Tanrım,
nə
cürə bunları mən barışdırım?
eynini
açmaqçün nə qarışdırım?
qəlbi
pak eləyən duru xarabdı.
Bu, nə cür mənzildir, bu nə cür yuva?
minnətlə verilər havayı hava,
soruşdum: "Nə cürdür nənəmiz Həvva?",
Adəm
cavab verdi: "Qarı xarabdı!".
Bir zaman
çobanın çaldığı tütək,
yırtıcı qurdu da edərdi mələk,
ellər
var - şahları ağıldan gödək,
yerlər
var - başdakı çarı xarabdı!
Harda,
Vahid Əziz, o böyük xəbər,
nə
vaxt xoşbəxt olub Yurdun dirçələr?
yatmış da, oyaq da acdı sərçələr -
yuxuda
gördüyü darı xarabdı...
16.05.2019
Gözlərin
Sahibi
kimdirsə - nə bəxtiyardı!
salar
özgəsini oda gözlərin.
Keçdin
xəyalımdan, gözüm yaşardı,
az
qaldı gözümü tuta gözlərin.
Çəkib
sinələrə neçə dağları,
Əridib
qəlblərdə nə cür yağları!
Qaşlara
naz edər göz qapaqları,
Altında ləçəklər - buta gözlərin.
Ağlatma,
yaş düşər
o bir cüt gözə,
uzaqdan
olsa da arabir süzə,
demirəm dodağın toxuna üzə,
gözümün yanında yata gözlərin.
Ürək
parçalayan kirpiklərini
öyrət - səadətin desin yerini,
bir bazar
istərəm - qəmzələrini
canım
bahasına sata gözlərin.
Torpaq
daş-kəsəkdən insanı yığıb,
səni,
ay çiçəyim, nədən yoğurub?
Axşamlar
tək mənim Qərbimdə doğub,
səhərlər Şərqimdə bata gözlərin.
Çiçəyim,
görənnən gözlərinizi,
bir ovuc
bilmişəm çılğın dənizi,
nə
ola, aşiqi Vahid Əzizi sevə,
ya
biryolluq ata gözlərin...
16.05.2019
Lalələr yenə də
qönçə bağlayır
A
dağlar qoynunda yurd salan həmdəm,
eşitdim - lalələr qönçə bağlayır.
Mən bu
təbiəti gözəl bilirəm -
hər
nə bağlayırsa, incə bağlayır!
Orda
çiçəklərin hər biri inci,
birəbeş çoxalır qəlbin sevinci,
təbiət öyrədib - hərdən əkinçi,
torpağı qoyaraq dincə, bağlayır.
Göz
çəkə bilmirəm pəncərələrdən,
kim doya
bilər ki, o lalələrdən? -
qəmlər çırpa-çırpa ağladıb bəzən,
günahkar uşaqtək küncə bağlayır.
Quru candan başqa nə var mənimki?
açar
da, qapı da kor taleyinki;
açanda, deyərsən: "Buna nə var ki!",
bağlasa, gör hələ necə bağlayır?!
Məni
uzaqlara çəkdi xəbərin,
gölünə baş vurdum xatirələrin,
əsası budur ki, dağlı həmdəmim;
lalələr yenə də qönçə bağlayır...
15.05.2019
Doğulmuşam...
Bilmirəm
nə cürə sehrdi səndə,
nə səhər
çıxırsan yaddan, nə axşam.
Bircə
gün səsini eşitməyəndə,
elə
bil dünyaya kar doğulmuşam.
Min dəfə
ölümlə gəlib göz-gözə,
Vətən
ocağında dönmüşəm közə,
adım
çəkiləndə qızaran üzə
ismət
doğulmuşam, ar doğulmuşam.
Hər
rüzgar qəlbimi bir yana çəkir,
səsləyən həyatın çiçəkləridir,
bu dənlər
illərin ləçəkləridir,
düşünmə-saçları qar doğulmuşam.
Tanrı
hər taleyi bir cürə yazar,
hər
kəs bəd yuxunu bir cürə yozar.
saraylar
yanında bir kasıb ev var -
mən
ora şan-şöhrət, var doğulmuşam.
Gözəldir
yazdığım bu dəqiqələr,
yalanlar
qəm çəkər, gerçəklər gülər,
düşdüyüm könüldə alov kükrəyər
-
atəş doğulmuşam, qor doğulmuşam.
Bir
gün deyəcəklər: "Səndən olmayıf,
getdin,
Vahid Əziz, hayıf, min hayıf...",
ya gidi
dövranın gözləri mayıf,
ya mən
dövranıma kor doğulmuşam?..
Etibarsız yollar
Fələk
sındırarmı uzansa qollar,
o qolun əlləri
taparmı məni?
Görən
nə oldu ki, bu doğma yollar
bəxt
gedən tərəfə aparmır məni?
O qədər
keçmişəm keçə biləndə,
doğmadır hər daşı, hər döngəsi də,
yollar da
nəyinsə məngənəsində,
bir
cürdür hər kəsin düşüncəsində.
Kim dedi:
"Hər şeydən çıxış yolu var, -
doğru
yol canları qurtaran olur"
mən
elə bilirdim işıqlı yollar
hər
vaxt səadətə aparan olur.
Nə
ümid zülmətdə gedən qatara,
kimdir fənərləri
yollara düzən?
onlar
bir-birinə göz vura-vura
gedər-gəlməzlərə aparar bəzən.
İtirdim,
günlərdi, yollarda keçdi,
üstüylə dövranlar, karvanlar keçir,
yollar
etibarsız, yollar bivecdi!
bəxtə ləngiyəni yol gecikdirir.
Çıxmışam
həyatın çətin yoluna,
sonluğu səsləyib harasa dartır,
hasarlar
çəkilsin yol kənarına,
ağacgözlülərin sayları artır...
Baxanda yaşıma, bir də
başıma...
Ya mən
çox böyütmüşəm, ya o daralıb,
bu
dünya balaca gəldi şəstimə.
Onsuz da
insanlar səbrimi alıb,
sən
həyat sevgimə qəsd elətdirmə.
Onsuz da hər
şeyin öz zamanı var;
Açmalı-açacaq,
solan-solacaq,
Vaxtın
baharında coşan hökmdar,
Payız aylarında məhkum olacaq.
Güvənsəm
yaşıma bir də başıma,
Bəlkə
də sabaha qala bilmədim,
Yetər,
İlham pərim - daha çalışma,
Müşfiqdən
böyüyü ola bilmədim.
Nələrin
sirri var can azarında?
Vücud
cadulanmış gözəl kimidir,
Dəyişən
dünyanın beh-bazarında
Keçmiş
şah-şöhrətlər xəzəl kimidir!
Meyvəli
bağlardan, payızdan əvvəl,
yetişmiş barları qoparan olur,
günahsız - özünə qəsd eləyənlər -
onları
bu yola aparan olur.
Qəlbim
arzusuna çatarmı bir gün,
qarşıda fəlakət, yoxsa ki, uğur?
Həyat
sevgisini qazanmaq üçün
yaşamaq - ölümdən gərəkli olur...
Qəfəsdə
Ulduzlar
göylərdə, yerdə, dəryada,
şükür ki, bu dünyada nur var.
Qəfəsdə
bülbül də, tutuquşu da,
sonuncu -
insanı yamsılayanlar.
Qəfəs
yaranıb ki, yanan soyusun,
zülmə tabe olub desin ki, "bəsdi".
lap, o
"Tac-Mahal" sarayı olsun,
qızıldan olsa da, qəfəs-qəfəsdi.
Süngüyə
dönərək çılğın arzular,
könüllər oynayar göz giləsində,
qəfəsdə yaşayan bir bəxtəvər var,
o da ki,
ürəkdir döş qəfəsində.
Həyata
etibar, inam da seyrək,
hərdən əl çəkərəm eşq həvəsindən,
tutsalar,
iynədən keçən dəvətək,
çıxaram zindanlar pəncərəsindən.
Könüllər
oxşaram rəvan dilimlə,
bir
tanış tapmışdım - xürrəm, bəxtəvər,
məni
tanıyarlar nəğmələrimlə,
o
tutuquşunun dilində əzbər...
Yaxşı olar
Bəlkə nahaq qurban verdin illərini?
Başqa
bir yol tutub getsən yaxşı olar!
Barmaqlarım
yandırırsa əllərini,
közlər kimi atıb-getsən yaxşı olar.
Ola bilsin
bir-iki gün pərt olaram,
sonra qəlbim
daşa dönər, sərt olaram.
Mən
onsuz da daha quru bir səhrayam -
elə
məndə batıb getsən yaxşı olar.
Sən mənimçün
bir tükənməz çeşmə idin,
əl
ağacım, gözlərimdə çeşmək idin,
gülüm, əgər düşünürsən "heç nəyidin",
heç
nə kimi elə itsən yaxşı olar.
Gah
ağlında olacağam, gah yuxunda,
gah
saçında gəzəcəyəm, gah yaxanda, -
mənsiz
görüb səni qəddar dərd yaxanda -
sevdiyinlə kama yetsən yaxşı olar.
Ola bilsin - babal yudum; varmı, yoxmu?
amma səni
mənim qədər sevən çoxmu?
İtirdiyim!
sənli olan bir yuxumu,
qaça-qaça gerçək etsən yaxşı olar...
Ya qərib...
Harda, nə
cür qazılacaq məzarın,
qismət
səni niyə bura göndərib?
Günü
batmış, nə cür keçir güzarın,
söylə görüm, nə haldasan, ya qərib?!
Hara gəldin, bu yad diyar, göy nədir?
üzün gülür, dərd içini göynədir,
tale
üçün insan da bir meyvədir -
boş
buraxmır - ya çürüdüb, ya dərib.
Bu dar
Qürbət sənə gəlməz gen kimi,
hamı
ögey, hamı qalın - gön kimi!
qəribçilik, yad olanı çən kimi,
ara-sıra ya yağdırıb, ya sərib.
Köçüb gedən, bu dünyadan nə qandı?
Səndən sonra nə fərqi var - nə yandı?
Dünya
üçün - insan da bir kamandı,
ox atanda
- ya sındırıb, ya gərib.
Harda, nə
cür qazılacaq məzarın,
ilaclarla
dil taparmı azarın?
günü batmış, nə cür keçir güzarın?
söylə görüm, nə haldasan, ya qərib...
Xeyli şeirlərim - yozulmuş
yuxu...
Görən
hansı yolda tərk etdin məni,
istimi
çaşdırdı, yoxsa ki, leysan?
Bəlkə
unudulmuş bir nəğmə kimi,
tapıb
kəlmə-kəlmə xatırlayırsan?
Köhnə
etiraflar hələ yadımda -
arabir
yuxunu qarışdırardın,
üz-üzə gələndə adam yanında,
dilucu
olsa da danışdırardın.
Üzürəm
yarpaqtək payız selində,
arxamca nə
baxır, nə də qaçırsan,
bəlkə gecələrin sakitliyində
qəlbində mənimlə pıçıldaşırsan?
Göyərçin
qəlbimi hara uçurdum,
harda var
adımı yadına salan?
arxada
yaşanmış, öndə uçurum!
ümid
çoxdan bəri çıxılmaz dalan.
Bir daha
bar verməz solan arzular,
düşmədi sevginin isti-soyuğu,
çoxusu mənimlə əbədi qalar -
xeyli
şeirlərim yozulmuş yuxu.
Varmı ehtiyacı vaxtı - görməyə?
Nə bilsin qolunda saat dayanır?
Özümü,
özgəmi qoymur sönməyə -
korun da
evində işıqlar yanır...
İstədim özümə məzar
qazdıram...
Bilmirəm,
kim oldu iman yandıran?
Kaş
bilə kimləri Vətən itirdi!
İstədim
özümə məzar qazdıram,
yellər
uzaqlardan səbr gətirdi.
Hər kəs
ağıl verdi bir cürə mənə,
sonuncu
"Qopacaq qiyamət!" - dedi.
Heyran kəsilərək
Vətən sevgimə,
çiynini çəkərək "Ya qismət" - dedi.
İbadət
yolunda töküldü qanlar,
acizlik
sanmayın, hökm Allahınmı?!
Görəsən,
Məkkədə dəfn olunanlar
Tanrıya bizlərdən daha yaxınmı?
Xəbərdar
olmadı yıxıldığımdan -
ümid
özbaşına üzən gəmidi
həlbət suallardan qorunduğundan
qulağın özü də sual kimidi.
Çoxları
köç etdi dərd yazanların,
talelər ovuldu yad əllərində,
ovcundan,
göylərə qalxan əllərin
oxunar nələr
var əməllərində...
Mənim...
Sənsiz
gen dünyada səbrim daralır,
üfüqüm, göy üzüm, dənizim mənim,
sən
orda coşanda gözüm yaşarır -
içimdə qazılmış kəhrizim mənim.
Qismətim
nəzərə gətirdi, yəqin,
səni
özgə bağda bitirdi, yəqin,
amma ətrin
doğmam ətirdi, yəqin!
bənövşəm, reyhanım, nərgizim mənim.
Bilirəm,
ölürsən qəmnən, qəhərdən,
gözünü çəkmirsən pəncərələrdən,
çıxmaz mənli olan xatirələrdən
a mənim
üzülən mənsizim mənim.
Əzəllər
hicranı ötəri saydım,
Məcnunu
özümdən betəri saydım,
gərək fəlakəti görüb, duyaydım,
nə sən
mənimkisən, nə özüm mənim...
İlaclar içimdə təmir
aparır
Dünən
kar olurdum gurultusundan,
bu
gün həyəcanı bir qədər fağır.
O qədər
göynəmir sınmış qabırğam,
həyat
tumurcuğum gözdə qabarır,
ilaclar
içimdə təmir aparır.
Vaxtında
yetişdi "Təcili yardım",
toxundu
sinəmə şəfalı əllər,
geciksə, bəlkə də şikəst qalardım,
mənsiz
sızlayardı boş səhifələr,
hələ yaşamağa ümidim qalır.
Elə
gülərüzlü yardımçı qızlar -
dilində nəğmələr, zərif şeirlər.
bu
cür gözəllərə "Tibb bacıları",
oğlan
olanlara "Qardaş" deyirlər,
onlar
ümid verir, könlünü alır.
İlaclar
insana Tanrı bəxşişi,
bal kimi
həyatı yaşatmaq üçün,
təmiz
Dərmənçilər - layiqli kişi,
haram
qatanların - həyatı sönsün!
azalır
ağrılar, yaram sağalır,
ilaclar
içimdə təmir aparır...
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.18-19.