Qusar Dövlət Ləzgi Dram
Teatrının
“Vəsiyyət”i: Azərbaycanın
multikultural
mədəniyyətinin
uğurlu təqdimatı
Mayın
26-da yığcam heyətlə bir qrup jurnalist və teatrsevər
paytaxtdan Qusar rayonuna yola düşəndə səhərin
gözü təzəcə açılmışdı.
Bakının bürküsü bizi yaxalamağa macal
tapmamış bir də gördük ki, uzaqdan şəhadət
barmağı kimi göyə ucalan “Beşbarmaq” pirinin yanından keçirik. Yolun ondan sonrakı
yaşıl mənzərələrlə əhatə olunan
hissəsinə bürkünün də gücü
çatmadı...
Qusar
Dövlət Ləzgi Dram Teatrının və rayonun vətənpərvər
ziyalısı, el ağsaqqalı Mayıl Bağırovun birgə
dəvəti ilə baş tutan səfərimizdə məqsəd
bölgə teatrının fəaliyyəti ilə yaxından
tanış olmaq və getmişkən yaradıcı
kollektivin tanınmış
yazıçı Hüseynbala Mirələmovun “Vəsiyyət”
əsəri əsasında hazırladığı
tamaşanın premyerasını izləmək idi.
27 illik teatrın "Ezop"la
başlanan yolu...
Premyeraya keçid almazdan öncə Qusar Dövlət Ləzgi
Dram Teatrının yaranma tarixçəsinə qısa ekskurs
etsək, yerinə düşər. Teatr Azərbaycan Nazirlər
Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli
qərarına və Mədəniyyət Nazirliyinin 26 iyul
1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən
yaradılıb. Hazırda Qusar rayon Mədəniyyət Mərkəzinin
binasında yerləşən teatrın rəsmi
açılışı 1993-cü il
aprelin 3-də A.Figeyredonun "Ezop" tamaşası ilə
baş tutub.
2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin
edilib. O, Azərbaycanın
tanınmış ədiblərindən Ə.Haqverdiyevin,
C.Cabbarlının, İ.Əfəndiyevin, S.Rəhmanın,
Elçinin,
F.Mustafanın, İ.Məlikzadənin, Ə.Əmirlinin əsərlərini
ləzgi dilinə tərcümə edib, teatrın
repertuarında olan bir çox tamaşalara quruluş verib və
aktyor kimi də çıxış edib.
Teatr
kollektivi indiyədək N.B.Vəzirovun “Ağa Kərim xan
Ərdəbili”, S.S.Axundovun “Tamahkar” (dövlət sifarişi
2007), S.Rəhmanın “Yalan”, İ.Əfəndiyevin “Büllur
sarayda”, “Bizim qəribə taleyimiz”, “Atayevlər ailəsi”,
Elçinin “Qatil”, “Mənim ərim dəlidir”, Hidayətin “Məni
qınamayın”, Ə.Əmirlinin “Onun iki
qabırğası”, “Varlı qadın”, Ə.Səmədlinin
“İmam Şamil”, M.Əlizadənin “Dağ çiçəyi”,
A.Məmmədovun “Həmyerlilər”, N.B.Vəzirovun “Yeyərsən
qaz ətini, görərsən ləzzətini”, H. Mirələmovun
“Xəcalət” kimi əsərləri əsasında
çoxsaylı səhnə əsəri hazırlayaraq həm
Azərbaycan, həm də ləzgi dilində
tamaşaçılara təqdim edib.
Teatr kollektivi dəfələrlə ölkəmizin
müxtəlif bölgələrində, eləcə də
xaricdə qastrol səfərlərində olub və
böyük uğurla çıxış edib. Ümumilikdə
60 –dan artıq yaradıcı və texniki işçi heyəti
olan teatra hazırda əməkdar mədəniyyət
işçisi Faiq Qardaşov rəhbərlik edir.
Mənəvi-əxlaqi deqradasiyadan
qurtulmağın uğurlu səhnə həlli
“Vəsiyyət” Hüseynbala Mirələmovun 2014-cü
ildə ilkin variantda “Axirətdən gələn zəng”
adı ilə qələmə aldığı ikipərdəli
qara komediyadır. Olaylar milyonçu Dövranın və
onun qohum-əqrəbasının ətrafında baş verir.
Dövran –bu sözün bütün mənalarında elə
bir Dövran idi ki, ondakı varidatın gücüylə nəinki
qan qohumları, yadlar da onun başına pərvanə kimi
dolanmağa hazır idi... Səmimi və təmənnasız
sevgidən bixəbər olan bu insanlar pul naminə
bütün mənəvi dəyərlərə, ruhani həqiqətlərə
tüpürməyə çoxdan hazırdırlar. Hadisələrin düyünü Dövranın
doğum günü münasibətilə keçirdiyi banketdə
vurulur. Həmin gün Dövran bir vəsiyyət
yazdığını açıqlayır. Vəsiyyətdə qohumlarına, özündən
xeyli gənc olan həyat yoldaşına və dostlarına
çatacaq böyük məbləğlər yer alıb.
Hər kəs özünə çatan məbləği
elə oradaca istədiyini deyir, amma Dövranın şərti
var; yalnız o öldükdən sonra hər kəs
özünə çatacaq mirası ala bilər. Taleyin
ironiyasından Dövranı elə doğum günündə
elektrik cərəyanı vurur. Onu ölmüş bilib dəfn
edirlər, lakin az sonra Dövran qəbirdə
özünə gəlir, birtəhər oradan qurtula bilir. Dövran qəbirdə ölüm-qalım
mübarizəsindəykən, elə həmin vaxt onun vəsiyyəti
əsasında milyonlar miras almış qohum-əqrəbası,
gənc arvadı və dostları məzarlıqdan aralanıb
evə gələr-gəlməz məbləğin
azlığı-çoxluğu üstündə bir-birilərini
didməkdədirlər. Bu zaman gələn
qəfil zəng hamını çaşdırır. Sən
demə, basdırılandan və bədənindəki elektrik
cərəyanı torpağa hopduqdan sonra özünə gələn
Dövran dəfn zamanı təsadüfən məzarda sinəsinin
üstünə düşmüş telefonun köməkliyi
ilə zəng edib yardım istəyirmiş... Lakin miras hərisliyi
gözünü tutmuş qohumlar və dostlar bu zəngi
qulaqardına vurub Dövranın aralarına
qayıtmasını istəmirlər... Sadəcə
Dövranı ürəkdən sevən və onun
övladını böyüdən qulluqçu Delisayın
sevgisi onu xilas edir. Bununla da əsərdə
əsl sevginin hər cür maddi varidatdan üstün olduğu
ön plana çıxarılıb. Sonda Dövranın əynindəki
simvolik kəfənlə gəlib vəsiyyət üstündə
didişən kütlənin gözü qarşısında vəsiyyəti
cırıb yox etməsi və həmin pula həris
qaragüruhun əzablı nidaları komediya başa
çatır...
Tamaşanın
quruluşçu rejissoru Əməkdar mədəniyyət
işçisi, Dağıstanın Əməkdar artisti Laləzər
Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova,
musiqi tərtibatçısı Şaik
Qardaşovdur. Səhnə əsərində rolları fəxri mədəniyyət
işçisi Bağır Əhmədov (Dövran), Sədaqət
Əlimuradova (Ceyran), Aysel Qiyasova (Röya), fəxri mədəniyyət
işçisi Həsrət Nəsrullayev (Pirim), Elnur
Hacıyev (Timur), Tacir Şahbazov (Bayram), Rəhilə Hacıbəyova
(Zəhra), Namik Mustafayev (Elman), Tofik Mustafayev (Samir), Arzu Məmmədrzayeva
(Delisay) canlandırıblar.
Məhdud şəraitə və müəyyən
çətinliklərə baxmayaraq yaradıcı kollektivdəki
hər kəsin öz rolunu böyük şövqlə və
peşəkarlıqla ifa etməsi nəticə olaraq gözəl
səhnə performansı ilə tamaşanın uğurunu təmin
edib. Azərbaycan
dilində təqdim edilən tamaşada ləzgi dilinə xas
şirin intonasiya və üslubun qorunması ilə
yanaşı, ləzgi xalqının milli rəqsi “Ləzgihəngi”nin
də səhnədə səslənməsi və
şıdırğı rəqslər yüzillər boyu zəngin
dəyər və ənənələri yaşadan Azərbaycanın
multikultural mədəni müxtəlifliyinin əyani tablosu
idi. İnamla demək olar ki, teatr kollektivi həm
güldürən, həm də düşündürən
yüksək səviyyəli tamaşa
hazırlamışdılar.
Tamaşanın rejissurasına nəzər salsaq, əsərdəki
obrazların xarakterinə və zahiri görkəminə
uyğun aktyor seçimi də səhnə əsərinin
uğurunda böyük rol oynayırdı. Beləliklə, Qusar
Dövlət Ləzgi Dram Teatrı yaddaqalan bir “Vəsiyyət”
ortaya qoymağı bacarmışdı…
Azərbaycanın multikultural
mədəniyyətinin layiqli təmsilçiləri
Yeri gəlmişkən qeyd edək ki, “Vəsiyyət”
uzun illər Qusarda məsul dövlət vəzifələrində
çalışmış Mayıl Bağırovun təşəbbüsü
və təklifi ilə səhnələşdirilib. Tamaşadan sonra
yaradıcı kollektivlə görüş zamanı
çıxış edən Mayıl Bağırov “Vəsiyyət”in
bədii məziyyətlərindən danışıb və
cəmiyyəti düşündürən mühüm mənəviyyat
və əxlaq məsələlərinin, onların həlli
yollarının yazıçının təxəyyülündən
keçərək əsərdə parlaq şəkildə
öz əksini tapdığını vurğulayıb: “Cəmiyyətdə
gedən mənəvi deqradasiya prosesi və bundan
çıxış yolu “Vəsiyyət”in əsas
fabulasını təşkil edir. Məhz bu məziyyətlərinə
görə əsərin səhnələşdirilməsi təklifi
ilə teatra müraciət etdim. Teatrın
rəhbərliyinə və yaradıcı kollektivə minnətdaram
ki, müraciətimi müsbət qarşıladılar. Bu gün hamımız bu səhnədə yüksək
səviyyədə təqdim edilən bir tamaşa izlədik.
Ümidvaram ki, bu tamaşa teatrın
repertuarının ən sevilən və ən çox
baxılan tamaşalarından olacaq”.
Hüseynbala Mirələmov yaradıcı heyətə əsərini
peşəkarlıqla səhnələşdirdikləri
üçün dərin minnətdarlığını
bildirib, bölgə teatrında belə yüksək səviyyədə
ərsəyə gətirilən tamaşa nümayişinin
sevindirici və qürurverici olduğunu qeyd edib. Quruluşçu
rejissor Laləzər Hüseynova əsərin mövzusunun
aktuallığını qeyd edərək “Vəsiyyət”in
repertuarda daimi yer alacağına, xeyli tamaşaçı
auditoriyası toplayacağına ümidvar olduğunu deyib.
Teatrın baş rejissoru həmçinin
xatırladıb ki, yaradıcı heyət 2016-cı ildə
Hüseynbala Mirələmovun “Xəcalət” əsərini də
səhnələşdirib tamaşaçılara təqdim
edib. Teatrın direktoru, əməkdar mədəniyyət
işçisi Faiq Qardaşov əsərin müəllifinə
premyerada iştirakına görə təşəkkür
edib, teatrın 27 illik uğurlu fəaliyyətindən söz
açıb. Direktor vaxtaşırı həm
ölkə daxilində, həm də xarici qastrol səfərlərində
Azərbaycan mədəniyyətini uğurla təmsil etdiklərini
bildirib. Faiq Qardaşov teatrı daim diqqətdə
saxladığına görə Mədəniyyət Nazirliyinə
və şəxsən mədəniyyət naziri Əbülfəs
Qarayevə minnətdarlığını bildirib.
Direktor çıxışında həmçinin teatrın
başlıca problemini - ayrıca bina ilə təmin edilməsinin
vacibliyini dilə gətirərək yaxın zamanlarda bunun
öz müsbət həllini tapacağına ümidvar
olduğunu diqqətə çatdırıb: “Qusar
Dövlət Ləzgi Dram Teatrının fəaliyyətinin
daha da səmərəli və çoxşaxəli olması
üçün teatrın özünün ayrıca
binasının olması vacibdir. Bizim yaradıcı
kollektivimiz çox böyük həvəslə
çalışır, hazırladığımız
tamaşaları rayon Mədəniyyət Mərkəzinin səhnəsində
tamaşaçılara təqdim edirik. Qusarın
təbiəti gözəl olduğu qədər, əhalisi də
mehriban, vətənpərvər və mədəni dəyərlərə
böyük önəm verən insanlardır.
Teatrımız üçün ayrıca bina ayrılsa, teatr
üçün təyinatlandırılmış və
müxtəlif avadanlıqlarla təchiz olunmuş öz səhnəmiz
və iş otaqlarımız olsa, teatr heyəti
yaradıcı potensialını reallaşdıracaq şəraitdə
daha da səmərəli fəaliyyət göstərərik,
Vətənimizin mədəniyyətinin inkişafına daha
böyük töhfələr verə bilərik. Biz xaricdəki qastrol səfərlərində
doğma Azərbaycanımızı və onun zəngin mədəniyyətini
layiqincə təbliğ və təmsil etmək
üçün əlimizdən gələni əsirgəmirik.
Çox ümid edirik ki, dövlətimiz tərəfindən
bu məsələ yaxın gələcəkdə öz həllini
tapacaq və Qusar Dövlət Ləzgi Dram Teatrı bundan sonra
da multikultural Azərbaycanımızın mədəniyyətinin
təbliği istiqamətində fəaliyyətini daha da
yüksək səviyyədə davam etdirəcək”.
***
Misilsiz təbiətə malik Qusar təkcə sağlam
və təbii istirahətin mərkəzlərindən biri
olmaqla qalmır, həm də böyük sənət
şövqü ilə fəaliyyət göstərən
dövlət teatrı ilə buraya gələn turistlərin,
qonaqların və yerli əhalinin zövqünü
oxşayır.
Vaxtın necə keçdiyini hiss etmədiyimiz istiqanlı
insanları olan sərin təbiətli yaşıllıqlar
diyarı Qusardan dilimizdə vird etdiyimiz “Bura Vətəndir…” kəlməsi
və zəngin təəssüratlarla ayrıldıq. Amma birdəfəlik
deyil, yenidən dönmək ümidilə…
Aydan Şərif
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.21.