...və Nəhayət!!!

 

Sona Vəliyevanın Əmir Teymur obrazına retrospektiv cizgilər

 

Əmir Teymur obrazı hələ keçən əsrin səksəninci illərində "Bədii ideal və tarixi həqiqət (Ədəbiyyat və tarix münasibətlərinin nəzəriyyəsinə dair)" adlı tədqiqat üzərində çalışarkən öz bədii-coğrafi miqyası ilə fəqir bəndənizi heyrətə gətirmişdi. Belə ki, qanadlı zəfər "at"ına qalxdıqdan sonra dünya tarixinin məğlubiyyət tanımayan üç məşhur cahangirindən (İsgəndər Zülqərneyn, Cingiz xan və Əmir Teymur) sonuncunun dünya ədəbiyyatındakı obrazı öz coğrafi hüdudları və bədii üfüqlərinə görə yalnız öz sələflərinin obrazı ilə müqayisə  oluna bilər. Şərqin çoxsaylı "Zəfərnamə" və "Teymurnamə"ləri bir tərəfə, son yeddi əsr ərzində Qərb nəsri, dramaturgiyası və poeziyasında (L.Q.Klavixo, P.Covio, P.Meksia, M.Monten, X.Marlo, P.Prato, F.Volter, İ.V.Höte, İ.Bunin və b.) Əmir Teymur şəxsiyyətindən və obrazından tamamilə yan keçən hər hansı adlı-sanlı ədəbiyyatı göstərmək çox çətindir.

Azərbaycan ədəbiyyatına gəlsək, sözügedən mövzuda dramaturgiyamız Hüseyn Cavidin böyük dramı ilə, nəsrimiz isə İsa Muğannanın və Yunus Oğuzun məşhur romanları ilə öz sözünü müəyyən mənada demişdi. Amma həmişə öz hazırcavablığı və birinciliyi ilə seçilən poeziya bu səfər, nədənsə, sirli və paradoksal bir sükut saxlayırdı. Yalnız müxtəlif ədəbi nəsillərə mənsub hər cür səviyyəli  şairlərin yaşantılarında ara-sıra bu və ya digər münasibətlə Əmir Teymur adının çəkilməsi hardasa yaxınlaşmaqda olan ciddi bir poetik hadisənin nəfəsini sezdirməklə müəyyən gözləntilərə əsas yaradırdı.

Və nəhayət, tanınmış şair Sona Vəliyevanın "Səmərqənd-"Gur  Əmir"də düşüncələr" poeması ilə ("Ədəbiyyat qəzeti", 2 fevral 2019-cu il) Azərbaycan şeirinin çoxdan bəri gözlənilən həmin püskürtüsü baş verdi. Nəinki baş verdi, eyni zamanda, bağrında möcüzə gəzdirən o uzunmüddətli sükutun əsas səbəbinə  aydınlıq gətirdi. Heç demə, bu intizarlıq  sözügedən püskürtünü kimin qəlbinə və qələminə həvalə etmək məsələsində poeziyanın  və onun ilahi hamisinin öz "götür-qoy"u və öz seçimi ilə bağlı imiş...

Burada, təbii olaraq, bir-birinin ardınca iki sual doğulur: - Niyə axı, şair yox, şairə və niyə axı, məhz Sona Vəliyeva?! Bu suallara doğru-düzgün cavab vermək məsuliyyəti istər-istəməz şairənin poetik tərcümeyi-halına yığcam bir retrospektiv baxışı zərurətə çevirir və ilk olaraq diqqəti fitri istedadın hələ orta məktəb illərindəki "Oğul gözləyir" adlı ilk mətbu şeirinin son misralarına yönəldir:

...O vaxtdan hələ də otuz ildir ki,

Ana yuxusunda bir qatar gəlir.

Təsadüfdü, deyirsən, özünü inandırmağa çalışırsan, amma inandıra bilmirsən. İçindəki inadkar bir şübhə getdikcə böyüyərək, öz məntiqli sualına öz inamlı cavabını səsləndirir. Bir şairənin İkinci Dünya müharibəsindəki Qələbənin 30 illiyində yazılmış o ilk mətbu şeiri ilə bu son mətbu əsərinin bu dərəcədə yaxından səsləşməsini, hər şey bir tərəfə, o şeirdəki oğul həsrətinin (1945-1975) bu poemadakı Qarabağ həsrəti (1988-2018) ilə, hətta illərinin sayına qədər bu cür üst-üstə düşməsini hansı təsadüfə yozmaq olar, axı?! Təsadüf-filan deyildir! Bu, ilahi sirləri və görünməz qanunları ilə "bizim elmimizin yuxusuna belə girməyən" (U.Şekspir) Əlahəzrət Zərurətin öz işidir. Bu poema o şeiri yazan qəlbin qisməti, həmin məktəbli qızın ana südü kimi halal haqqı imiş...

Bəli, poemanı təkrar-təkrar oxuduqca, onun sətirüstü və sətiraltı qatlarına yaxından bələd olduqca, onun yarımistik və yarımagik çalarlarına diqqət kəsildikcə inanmağa başlayırsan ki, yox, elə bu püskürtü el-yurd taleyinin sorağında "Əshabi-Kəhf" ziyarətindən ("Ey Daş pirim, Daş ərən, Mənim də dərdimə bir çarə göndər. Ya mənim muradımı ver, Ya məni daşa döndər!") ta Əmir Teymur ziyarətinə ("Ruhun qorunduğu, sözün bitdiyi, heyrətin sükuta yendiyi yerdir bura, Əmir Teymur!") qədər uzun bir yol getməli  olan və o yolun müxtəlif  dolaylarında, acılı-şirinli anlarında doğulub boya-başa çatdığı yerlərin həsrətini mehriban ana ("..Yanımda bir kimsə ana çağırsa, Burnumun ucunda bir kənd göynəyir...") və qayğıkeş ata ("...Yuxularımda  sərgərdanam, ata, Hər gecə yuxularımda Kəndə - evimizə uçuram...") xəyalı ilə birgə çəkən, dərdini-odunu öz ömürdaşı və məsləkdaşı ilə birgə bölüşən ("...Yarıya böldüyün papirosların Kül yeri, köz yeri ürəyimdədir..."), övlad sevincini ("Ay şirin çiçəyim, ay qız çiçəyim, Gəlişin evimə gətirib bahar. Hər ağac bir çiçək bitirməyibsə, Dünya məhvərindən  qopar, dağılar..."), oğul güvəncini ("...Sən düşmən çəpərim, Vətən sərhədim, Əlincə qalası - Vətən balası, Şamxal balam!") və ümidli gələcəyinin fərəhini ("Vətən Səttar qalasıdı, Adın tarixin yaddaşı... Bu gün körpəm, noğulumsan, Sabah ölkə vətəndaşım!")  yurdun məğrur qalaları ilə birgə paylaşan bir şairə ananın (və ana şairənin!) taleyinə yazılıbmış...

Və nəhayət, istedadının özəlliyi və miqyası haqda çoxsaylı etirafları yada saldıqca bir daha əmin olursan ki, bu haray, bir tərəfdən, məhz "Çəhrayı rəngli dünyam"ın (2007) sevincindən və "Arazbarı"nın (2011) qəm-qubarından uğurla keçərək, "Dünya Tanrı biçimdədir" (2017) əzmi ilə lirikanın zəfər zirvəsinə doğru inamla irəliləyən, "öz doğma mövzularını sonalaya-sonalaya axtarıb tapan" (Fikrət Sadıq), "bir-iki misrasının məna siqləti cild-cild əsərlərin leytmotivini təşkil edən" (Əflatun Amaşov) poeziyanın layiqli təmsilçisi olan, "səbrin möcüzə yaratdığı aləmdən - Əshabi-Kəhfdən gələn",  şeirləri və duyğuları ilə "törəmizə, əxlaqımıza müvafiq düşünən və yaşayan" (Azər Turan), "heç bir şeirində millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənarda" (Sabir Rüstəmxanlı)  qalmayan, "əsrin ilk onilliyinin əbədi qalacaq nümunələri sırasında bir çox şeiri ilə ayrıca yer tutan" (Cahangir Məmmədli), "hər hansı ictimai məsələni lirizm süzgəcindən keçirməmiş oxucuya təqdim etmək istəməyən" (Muxtar Kazımoğlu), "dərin fəlsəfəyə, erudisiyaya, zəngin təfəkkürə malik" (Elçin İsgəndərzadə), "sözü poeziya səviyyəsinə qaldıran hiss və həyəcanlarının, onların obrazlı ifadəsinin hədd və ölçülərini dəqiq müəyyənləşdirən" (Səfər Alışarlı), "ruh adamlarının, sözə könül verənlərin və bir də duyğusalların köməyinə həmişə poeziya çələnginin tər çiçəkləri ilə gələn" (Əbülfət Mədətoğlu), "eliylə-obasıyla, yurduyla-yuvasıyla, bütün Türk dünyası ilə qeyrət döyüşündən qəhrəman çıxmağa can atan" (Mahirə Abdulla), "heç bir halda vətənpərvərlik mövzusunun arxasında gizlənməyən, daha çox bu mövzunu ruhən, mənən yaşayan" (Gülayə),  "sarı yarpaq  tənhalığı və gücsüzlüyü ilə insan tənhalığı arasında  paralellik" (Vaqif Yusifli) kəşf edən, "qurğuşun ağırlıqlı misralarını" (Telli Pənahqızı) mübariz silaha çevirən, "poeziyasında Vətən sevgisi milli vətəndaşlıq mövqeyi ilə bir bütünlük təşkil edən" (Əsgər Rəsulov), "zərif və kövrək olduğu qədər də  məqamında sərt və döyüşkən qələm adamı" (Xanəli Kərimli) kimi tanınan, poetik yaşantıları ilə "təkcə  öz ruhunun yox, dərddaşlarının - oxucularının da ruhunun şəklini çəkən" (Flora Xəlilzadə), "açan çiçəyə sevinən, solan yarpağa ağlayan" (İbrahim Yusifoğlu), "xatirələrin sarı simi üstə qoyub gəldiyi uşaqlıq illərini" (İlham Əsgəroğlu) yaşadan, "torpaqlarımızın itirilməsində baş girləməyimizi, can qorumağımızı tüstülü kösöv kimi gözümüzün önünə tutan" (Dayandur Sevgin), "Min bir gecə"dəki Şəhrizad kimi sübhəcən çiçəklərə şeir söyləyən" (Aləmzər Sadıqqızı), "milli hisslərimizin, duyğularımızın, gələnək-görənəklərimizin, gündəlik yaşamımızda üz-üzə qaldığımız neçə (və neçə) olayların poetik yozumunu verən" (Əkbər Qoşalı), "şəxsi, fərdi qəzavü-qədərin ağrısından daha çox tamın, bütövün - ümumun yaşantısını önə çıxaran" (Sərvaz Hüseynoğlu), "ilk şeir dəftərindən gələn duyğuların səfini pozmadan, özünün şair "mən"ini təsdiqləyən" (Qəşəm Nəcəfzadə), "klassik mənəvi dəyərlərin daşıyıcısı olan Böyük Azərbaycan şairlərinin sırasında yeri görünən" (Əli Rza Xələfli), "Tanrının söz elçilərindən birinə çevrilən" (Xatirə Quliyeva) və s., digər tərəfdən, "azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından" (Nizami Cəfərov) sayılan, "Hüseyn Cavid sənətinin qüdrəti" (Bakı-2018) monoqrafiyası ilə "cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcı"nı (Kamran Əliyev) qoyan və ümumən "Azərbaycan romantizminin öyrənilməsində yeni mərhələ" (Yaşar Qasımbəyli) yaradan, "azərbaycançılıq kimi müqəddəs bir ideologiyanı yüksək səviyyədə" (Qərənfil Dünyaminqızı) araşdıran, "İşığa gedən yol" (2016) ilə "Azərbaycan ədəbiyyatı, milli bədii nəsr və tarixi ronançılığımızda bir sıra yeniliklərə imza atan" (Əsəd Cahangir) bir təfəkkürdən və qəlbdən qopmalı imiş...

Həcmən çox yığcam (hardasa yüz misra) olmasına baxmayaraq, kitablara sığmayan milli dərdlərimizin dərin poetik ifadəsi və tipik bədii əks-sədasından ibarət "Səmərqənd - "Gur Əmir"də düşüncələr" poemasını geniş kontekstual təhlildən və elmi-tənqidi süzgəcdən keçirmək, təəssüf ki, bir məqalənin imkanları xaricindədir. Ona görə də, bu miniatür poemanın çoxsaylı bədii uğurlarını və müəllifin yüksək poetik məharətinin özəlliklərini bir neçə önəmli mətləb ətrafında ümumiləşdirmək daha məqsədəuyğun görünür.

"Səmərqənd - "Gur Əmir"də düşüncələr" poeması, hər şeydən öncə, estetik idealın mükəmməl bədii ifadəsi ilə, yəni Əmir Teymurun gerçək və möhtəşəm obrazını bədii ideal və tarixi həqiqətin tələblərinə və vəhdətinə uyğun şəkildə canlandırması ilə diqqətəlayiqdir. Ən önəmlisi, poemanı əvvəldən axıra qədər müşayiət edən, hətta onun alt qatına və intonasiyasına  hopdurulmuş heyrət və əzəmət, milli qürur və mübarizlik əzmi təkcə Əmir Teymur şəxsiyyəti və obrazını deyil, türk ruhunun bütün daşıyıcılarını, o cümlədən yenilməz cahangirin ruhunu ziyarətə və onunla dərdləşməyə gələn lirik "mən" obrazını da səciyyələndirir və bütövlükdə əsərin aparıcı pafosunu təşkil edir. Bu baxımdan poema-monoloqun ilk və son misralarına dərindən diqqət kəsilmək kifayətdir:

 

Ruhun qorunduğu,

sözün bitdiyi, heyrətin

sükuta yendiyi

yerdir bura,

Əmir Teymur!..

 

...Qələbə günündə,

üçrəngli bayrağın

Ay üzünə kölgə saldığı zaman

türkün yeni zəfərində

görüşənədək,

Əmir Teymur!

 

Sizi deyə bilmərəm, amma şəxsən mən bu misraların alt qatından və polifonik axarından həm də Əlincənin  səsini eşidirəm (halbuki poemada Əlincənin adı ümumən çəkilmir), elə lirik qəhrəmanın özü də ezoterik qatda öz intonasiyası ilə həm də Əlincənin əzəmətini təmsil edir. O Əlincənin ki, Əmir Teymur qoşunları 15 il ərzində (1386-1401) və bir  neçə yürüşdə onun qalasının müqavimətini qıra bilməmişdi və məşhur cahangir dəfələrlə Əlincənin mübariz əzmi və möhtəşəmliyi önündə mərdi-mərdanə öz heyranlığını ifadə etmişdi. Əsərdə tarixin ibrətamiz fəlsəfi məğzini və "batini məzmunu"nu (G.İ.F.Hegel) üzə çıxaran belə məqamlar, eyni zamanda, müəllifin yüksək sənətkarlığını nümayiş etdirməsi ilə diqqəti çəkir.

"Səmərqənd - "Gur Əmir"də düşüncələr" poemasında (yenə də əvvəldən axıra qədər!) İlham pərisinin yazdırdıqları ilə Qan yaddaşının yazdırdıqları "atbaşı"  gedir. Əsərin bədii toxumasında yarımistik inanclarla ("Günəş Tanrının mərhəmət, səxavət üzü... Günəşin şüaları dəyişdirir qəbir daşının rəngini...") totemistik təsəvvürlərin ("Yuxumda gördüyüm kürsümdə yarı insan, yarı Qurd donunda, elə bir andaca, görünüb gözümə, yox oldun yenə...", "...Daş divarlarda Qurdun baxışı, öz baxışın, Əmir Teymur!") bir-birini əvəzləməsi və tamamlaması da məhz Yazdıranın yazdırdıqlarından qaynaqlanır. Fabulada və poetik  mündəricatda xüsusi məharətlə canlandırılmış Qurd obrazının yerini və rolunu ayrıca vurğulamaq lazımdır. Üstəlik, poetik tərənnümün müəllif tərəfindən böyük uğurla tapılmış "Deyirlər və dedilər" üsulu əsərdə folklor zəmini yaratmaqla onun müəyyən obrazlarını sırf tarixi reallıqdan tarixi-əfsanəvi müstəviyə köçürmüş və onların təbiiliyini təmin etməklə təsir gücünü artırmışdır.

Sona Vəliyevanın  "Səmərqənd - "Gur Əmir"də düşüncələr" poemasının başqa bir mühüm yeniliyi və özəlliyi onun milli kodlar, arxetiplər və rəmzlər üstündə köklənmiş olması və assosiativ anımlara hesablanmış olmasıdır. Belə ki, ondakı  bir çox rəmzlər və cizgilər "yaddaş gölməçəsinə atılmış daş kimi" (Canni Rodari) xatirədə və təhtəlşüurda bir-biri ilə bağlı və biri digərini doğuran müxtəlif təlatümlər və anımlar yaradır. Bu baxımdan əsər öz lakonik həcmi ilə  müqayisə olunmayacaq dərəcədə geniş məzmunu və böyük mətləbləri əhatə edir. Qısalıq naminə onlardan yalnız bəzilərini xatırlatmaq yerinə düşərdi. Məsələn, Əmir Teymur obrazının bir sıra önəmli cizgiləri həssas və səviyyəli oxucunun yadına istər-istəməz cahangirin mənsub olduğu soy ("bərlas") adının mənasını və etimologiyasını (börü+las=qurdürəkli), eləcə də, "Biz kim, məliki-Turan, əmiri-Türküstan, millətlərin ən ulusu olan türkün baş ulusuyuq!", "Güc - ədalətdədir!" ("Rasti- rusti!"), "Bu da keçib-gedər!" ("İn həm meqozərəd!" və s. kəlamlarını saldığı kimi, poemanın "Dedilər, "Əmir Qarabağa aşiq", "Dedilər, "Əmir Qarabağı gözələ bənzətmiş" misraları da cahangirin Qarabağa sevgisinin başqa bir səbəbini, onun ən sevimli nəvəsi və dünyanın ən böyük astronomlarından biri, bu günlərdə anadan olmasının 625 illiyi qeyd olunan Mirzə Uluğbəyin (1394-1449) babasının növbəti yürüşlərindən birində, 1394-cü ilin 22 martında Qarabağ yaxınlığında, yolda doğulduğunu və cahangirin əmri ilə Uluğbəyin nəinki qırxının Qarabağda çıxdığını, hətta erkən uşaqlığının Qarabağda keçdiyini xatırladır və s. və i. a.

Poemanın oxucu qəlbini təlatümə gətirən ən qiymətli məziyyəti onda müəllifin ciddi tədqiqatçısı olduğu və bu gün Müstəqil Azərbaycanın nəfəs aldığı azərbaycançılıq ideologiyasının yüksək bədii təcəssümü və onun tərkib hissələrinin heyrətamiz dərəcədə dərin poetik vəhdətidir. Bu baxımdan, xüsusən, həmin ideologiyanın ən parlaq ifadəsi olan və "Qələbə günündə Ay üzünə kölgə salacaq üçrəngli bayrağ"ın rəmzi-məcazi çalarlarından böyük məharətlə istifadə olunmuşdur. Zatən, o bayrağın təmsil etdiyi azərbaycançılıq -  əsrlər ərzində milyon-milyon könüllərdən Ay-ulduzlara doğru qanad gərən həmin xəyali-əfsanəvi İstiqlal quşudur ki, əgər müasirlik (qırmızı zolaq) onun çarpan ürəyi və düşünən beynidirsə, türklük ruhu (mavi zolaq) bir qanadı, islami vüsət (yaşıl zolaq) digər qanadıdır.   

Və nəhayət, Sona Vəliyevanın bu cavidanə ruhlu və yeni tipli lirik - romantik poeması bir daha sübuta yetirir ki, böyük poeziyanın yolu birmənalı olaraq millət dərdindən və Vətən taleyindən keçir. Bu həqiqətə göz yuma-yuma gözəl şeirlər yazmaq olar, hətta gözəl şair də olmaq olar. Amma böyük şair olmaq heç vaxt mümkün deyildir! Əli bəy Hüseynzadənin bütün türkdilli poeziyada ədəbi hərəkat yaradan "Yurd qayğısı"ndan tutmuş Məmməd Arazın "Ayağa dur, Azərbaycan!"ına qədər bu fikri təsdiq edən yüzlərlə parlaq misallar vardır. Hətta Orta əsrlərdə Vətən və millət anlayışları indikindən xeyli fərqli olmasına baxmayaraq, ən böyük klassiklərimiz belə, yeri düşən kimi "Vətən", "el", "yurd", "xalq" sözlərinin işığına sığınıblar. Bu baxımdan "Bir dəli sevgidir torpaq həsrətim!" harayı bütövlükdə Sona Vəliyeva lirikasından necə qırmızı xətlə keçirsə, "Bu gün Qarabağ qara sevdam, Əmir!" nidası da "Səmərqənd - "Gur Əmir"də düşüncələr" poemasında həmin bədii-estetik funksiyanı yerinə yetirir. Bir sözlə, ənənəvi poemaçılığın böhran keçirdiyi və "janrın sıradan çıxmaq reallığı ilə üz-üzə qaldığı" (Elnarə Akimova) bir dönəmdə çağdaş şeirimizi bir çox cəhətdən zənginləşdirən və poemaçılığımızda yeni mərhələ başladan bu möhtəşəm əsərə görə nəinki onun müəllifini - görkəmli şairəmizi, bütövlükdə Azərbaycan poeziyasını və onun oxucularını ürəkdən təbrik etməyə dəyər.

 

Akif Azalp

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.22-23.