Yunus Oğuz
Özbəkistanın “Turan”
Akademiyasının akademiki seçilib
Azərbaycan yazıçısı, türkoloq
alim, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanın “Turan”
Akademiyasının akademiki
seçilib.
Bu haqda qərar akademiyanın Elmi Şurasının iclasında
qəbul edilib.
İclasda bildirilib ki, Yunus Oğuz Özbəkistanda elə
ilk kitabı -“Əmir
Teymur” romanı ilə məşhurlaşıb. O, özbək
tarixi ilə bağlı elə bir kitab ortaya
qoyub ki, onu sevməmək mümkün deyil.
Sonra Daşkənddə “Şah
arvadı və cadugər”, “Sultan Alp Arslan”,
“Atabəy Eldəniz” romanları çap olunub və populyarlıq qazanıb. Müəllifin “Ovçu” romanı
isə bu günlərdə işıq
üzü görəcək.
Bildirilib
ki, bu romanların
işıq üzü
görməsində və
yayılmasında Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
də rolu böyükdür.
Deyilib ki, indiyədək yazıçının
dünyanın 22 ölkəsində
45-dən çox kitabı
çap olunub. Yunus Oğuz “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun
tədqiqatlarında”, “Türkün
tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri”
və digər kitabları ilə tanınır.
Onu da deyək ki, AMM ilə Daşkənddəki
“Turan” Akademiyası ilə əməkdaşlıq
çərçivəsində yeni layihələrə
start verilib.
AMM-nin layihəsi ilə Azərbaycan ədəbiyyatını tədqiq
edən bir sıra tanınmış
özbək şair və yazıçılara
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəxri diplomlarına layiq görülüb, o cümlədən
Özbəkistanda da Azərbaycan ədəbiyyatını
təbliğ edən yazıçı və araşdırmaçılara Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin
Fəxri diplomları təqdim edilib. /Azərtac/
Ədəbiyyat qəzeti.- 2019.-
1 iyun.- S.32.