Sənsiz

 

Elə ilk gecədən anladım ki, bu ayrılıq mənim üçün deyil. Yəni mən bunu həzm edə bilməyəcəkdim. Mənim xəbərim yox, kəndə xəbər yayılıbmış ki, Məryəmin vəziyyəti pisdir. Məryəm mənim anam idi. Yadımdadır, atamın onu əlil arabasında maşına mindirib xəstəxanaya aparması. Gedərkən də nəsə mənə elə gəldi ki, anam təkcə mənim üzümə baxıb ağlayır, zarafat deyildi üç uşağını ellərə, başqa əllərə tapşırıb gedirdi. O gündən düz üç ay biz nə anamızın, nə də atamızın üzünü görmədik. Bacım məndən daha təmkinli idi, mən onu hec ağlayan görmədim. Mən isə elə həminki Sürəyyayam, gözümün yaşı ovcumun içindədi.

Aylar bir-birini qovduqca uzaqdan şad xəbər gəldi, anamgil geri qayıdırdı, sevincimizin həddi-hüdudu yox idi, sanki hamıya acıq vermək istəyirdim, esitdiyim xəbərdən sevinib dayanmadan güldüyüm, sonra ağlayıb həyətə qaçdığım yaxşı yadımdadı. Deməli, hər şey bitirdi. Nifrət etdiyim üç ay geridə qalmışdı, anamı görəcəkdim.

İnsan öz yerindən başqa hər yerdə narahatdır, görəsən fərqi nə idi, nə vardı yatağın başqa məkanda, başqa rəngdə olmasının? Bəlkə özünəməxsusluq, mənim olmanın rahatlığı? Bilmirəm. Bir onu bilirdim ki, cox rahatam. Xeyli vaxt gözlərimi gah tavana, gah da qapıya dikdim. Nəsə gozləyirdim. Birdən "qara qızım" pıçıltısını esitdim, çevriləndə onu gördüm, qoxusunu hiss elədim. Ürəyimin səsini eşidirdim, gup, gup, guppp. Anam da ağlayırdı. Nələrisə soruşdu məndən yadımda deyil. Saçlarımı sığallayırdı sohbət etdikcə. Saçlarımı niyə kəsdiyini soruşdum ondan. Dedi ki, qorxurmuş məni çimizdırəndə əziyyət çəkərlər və çirkli saxlayarlar.

Anam ailənin ilk övladı olmuşdu və ondan sonra doqquz uşaq dünyaya gətirmişdi anası. Uşaqların ikisi hələ körpə ikən dünyasını dəyişmişdi. Rəhmətlik anası ovladlarına qarşı qayğısız idi, elə bəlkə buna görə də bütün balaları əvəzsiz valideynlər oldu. Biz bir dəfə də olsun anamızın dilindən şikayət eşitmədik, ondan ancaq sevgi, mərhəmət, qayğı, nəvaziş, məhəbbət gördük, həyatımızın hər anında bizə dayaq oldu.

Həyat əvvəlki kimi oz axarı ilə gedirdi, sanki təbiətdən nümunə götürmüşdü insan ömrü. Üç ilin içərisində bacım da, mən də ailə qurduq. Yadımdadı təzə ailə qurmuşduq, ilk dəfə anam bizə gələndə qapını mən açdım. Onun üzünün necə ifadə almasını hec vaxt unutmaram. İki ay ərzində mən o qədər arıqlamışdım ki. Səbəbini mən bilirdim, darıxırdım onun üçün. Həyat yerə göyə sığmayan Sürəyyanı sevdiyi insandan ayrı salmışdı. O sevgi ki, ömrü boyu onu əvəz edən olmayacaqdı, nə qarşı cinsin nümayəndələrinə, nə yaxınlarına, nə də canından can verdiyi övladlarına qarşı. Bu iki aya dözə bilməyən bəs ömürlük ayrılığa necə dözəcəkdi? Onun məni daha çox sevdiyini bilirdim, amma ana narahatlığını ilk o vaxt hiss etdim sanki. Bəlkə də mən böyümüşdüm. Söhbət etdikcə iri gözlərini üzümdən çəkmir, mən ona baxdıqda isə baxışlarını yayındırmağa çalışırdı. Bərk-bərk qucaqlayıb doyunca ağladım. Deyirlər ki, qadın ana olduqdan sonra sevgisini övladlarına verir, yəni dünya bir yana, övlad bir yana. Məndə isə belə olmadı, sevgimin bir ünvanı oldu. Analıq hissi adi məişət qayğıları kimi görünürdü mənə. Sanki hər ilin hesabatını verməli, öhdəmə götürdüyüm planı vicdanla yerinə yetirməli idim. Sürəyyanı bu cür dünyaya gətirib onun sevgi mələyi. Hərdən mənə elə gəlir ki, doğulan tək alnıma həyatım boyu tək bir insanı sevəcəyimi yazmışlar, başqa birisinə azacıq da olsa yer saxlamamışlar. Nə yaxşı Tanrı mənə məhz bu sevgini verib, bəlkə də başqa bir sevgidən qırılıb sınmışdı hər şeyi öz dərdi bilən ürəyim. Bir dəfə də olsun peşman olmadı onu sevən ürəyim, əksinə illər keçdikcə daha da gur tonqal kimi alışıb yanmağa davam etdi.     Başqaları məni maraqlandırmırdı, təkcə o heç kəsi sevməsin, bu mənə kifayət idi.

Xeyli vaxt idi ki, üzünə donuq bir ifadə qonmuşdu, iştahası da həminki kimi deyildi. Verilən suallara gec cavab verir, fikri sanki başqa yerdəymiş kimi gözləri uzun-uzadı yol çəkirdi. Bu qəribəlik uzun müddət sürmədi. Həmin gün işdə idim, telefonumun işığını görüb gözümün ucu ilə yazıya baxdım. Zəng edən qardaşım idi. Bilirdi axı dərsdəyəm, niyə zəng edirdi. Telefonu açdım, səsi yaxşı idi, bir az sakitləşdim. Hal-əhval tutub "Sürəyya qorxma, ana bir az xəstələnib həkimə aparmışam, amma həkim deyir ki, analizləri şəhərə göndərsən pis olmaz". Damarımdakı qanın buz kimi olduğunu hiss elədim, özümdə deyildim. Pəncərədən həyətə baxdım, yanvar ayının son günləri olmasına baxmayaraq hava mülayim keçirdi. Ürəyimdən keçdi ki, nə ola hələ bu cür keçə havalar. Amma kiçik çillə mütləq özünü göstərəcəkdi. Təki salamatlıq olsun, havanın istisinə də, soyuğuna da dözmək olardı.

Həkimin qəbulunda adam çox olduğu üçün növbə tutdum. Nəhayət ki, növbəm çatdi, içəri keçib həkimin stoluna yaxınlaşdım. Əllərim əsə-əsə vərəqi ona uzatdım, göz yaşlarım dayanmaq bilmirdi, dilimsə lal olmuşdu sanki. Həkim vərəqlərə baxandan sonra yerindən qalxıb mənə yaxınlaşdı, "İmkan varsa elə bu gün əməliyyata salın", - dedi.

Kiçik çillə çoxdan girmişdi. Əməliyyata girdiyi gün çarpayıya qoyub onu aparırdılar, özümü heç cür ələ ala bilmirdm. Liftin qapısına yaxınlaşanda fürsətdən istifadə edib əlimdən tutdu. Əlləri bumbuz idi, əyilib o soyuq əlləri oxşayıb öpdüm, məni özünə tərəf çəkdiyini hiss etdim, sözü vardı mənə, ona tərəf əyildim. "Onu sənə tapşırıram", - gözləri ilə qardaşıma işarə etdi. Göz yaşlarıma gülüş qarışdı. "Bəlkə məni ona ", - deyib zarafat etmək istədim. Üzü daha da boğuldu, əlimi sıxdı, deyəsən, işin necə ciddi olduğunu bir daha mənə anlatmağa çalışırdı. Qapı bağlananda ağladığını gördüm. Amma bizim yanımızda olanda yaş yox idi gözlərində. Deməli, özü də bilirmiş, sonrakı üç ayda da mən bunun dəfələrlə şahidi oldum. Əməliyyatdan sonra həkim bizə heç bir ümidverici söz demədi, sadəcə "cox gecikib" deməklə kifayətləndi. Gözümün önünə bir-iki il bundan qabaqkı vaxtlar gəlirdi, özümü çox günahkar bilirdim. Bir gün fələyin onu məndən alacağına, çıxılmaz bir boşluğa atacağına inanmaq istəmirdim. Xəstəxanadan çıxdıqdan sonra evinə buraxmadım, çarəsiz qalsa da mənim sözümü yerə salmadı. Artıq Novruz bayramı gəlmişdi. Bu müddət ərzində ev dolub boşalırdı, kim eşidirdisə gəlib baş çəkirdi, bilirdim ki, evdə qonaq olanda darıxmır. Hiss edirdim evi üçün darıxdığını, amma dilinə heç gətirmirdi. Hələ ağrıları... bir qadın nə qədər möhkəm iradəyə malik olmalı idi ki, bu qədər ağrı-acıya tab gətirə bilsin?

Yaz gəlmişdi, açıq yaşıl rəngli yarpaqlar agacların budaqlarını örtmüşdü, səhərlər quşların səsinə oyanırdıq. Səhərlərin birində evinə getmək istədiyini, darıxdığını dedi. Elə həmin gün rayona, qardaşıma zəng elədi.

Rayonda daha da zəifləmişdi. Hər çərşənbə işdən çıxıb onun yanına gedir bazar günü geri qayıdırdım. Artıq taqətdən düşmüş, çəkisi xeyli azalmışdı. Sonuncu həftə ev dolu idi, ağrıları çox olduğu üçün daha heç kimi görmək istəmirdi. Bacım da yanına heç kimi buraxmırdı. Yuxarı çıxan kimi otağna qaçdım. İnsan üç günün içərisində necə dəyişərmiş, sanki yatağa yapışmışdı. Gözləri yumulu idi, yavaşca yaxınlaşıb alnından öpdüm, gözlərini açmadan "Sürəyya yenə gəlmisən?" dedi.

"Gəlmişəm mənim gözəlim, mənim mələyim" dedim. Daha özümü saxlaya bilmirdim, bu neçə vaxtı onun yanında doyunca ağlaya da bilməmişdim. Güclə dili söz tutmasa da "yaxşıyam, niyə ağlayırsan?", - deyə bildi. Şənbədən bazara keçən gecə səhəri gözlərimizlə açdıq, bütün gecəni qardaşıma: "Bəxtiyar o quşu qov ordan" dedi. Diqqətlə qulaq asanda həqiqətən də bir quşun oxuduğunun şahidi olduq. Tez bacımla bayıra çıxıb səs gələn tərəfə baxdıq. Ağacdan iki göz düz bizə baxırdı, bayquş idi. O gecə nə qədər çalışdıqsada onu ordan uçura bilmədik. Sanki bizə baxıb nə isə deyirdi. İçəri keçəndə isə quşu qovduğumuzu dedik. "Ordadı" deyə pıçıldadı, dərindən "ah" çəkib anasını çağırdı, deyəsən daha ağrılara dözə bilmirdi. Ona yaxınlaşıb alnından öpdüm, gözlərini açdı. Dedim ki, üçüncü gün gələcəm, amma sən istəyirsənsə qalım. "Yox, yox sağ-salamat gedin" dedi.

Həmin gün telefonumun otağı bürüyən səsinə oyandım. Qardaşım idi, ağlayırdı. Nə dediyini anlamırdım, evdən səslər gəlirdi. Bir onu bilirəm ki, "qayıdın, qayıdın" sözünü ömrüm boyu unutmayacağam.

 

Əsmər HÜSEYNOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.31.