Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Migel de Servantesin
"Don Kixot" əsəri haqda çəkilmiş filmləri
təqdim edirik
Süjet:
La Mançada yaşayan, artıq gənc olmayan zadəgan
Alonso Kixano cəngavərlik haqda romanlara aludə olur. Və bu romanlardan ilhamlanan, özünə Don Kixot
adını seçən Kixano səyahət etmək, qəhrəmanlıqlar
göstərmək qərarına gəlir. O,
yaraqlanıb Rosinant adlı qoca atına minərək səfərə
yollanır. Sanço Pansa adlı kəndlini isə
özünə köməkçi götürür.
Don Kixota ürəyinə hakim olacaq gözəl bir
xanım da gərəkir ki, onun şərəfinə hünərlər
göstərsin. Bunun üçün o, kənd
qızı Aldonsanı seçir və onu Dulsineya
adlandırır.
Dünyada ədaləti bərqərar, xeyirxahlıq etməyə
çalışan Don Kixotun hərəkətləri çox
zaman başqalarına ziyan gətirir və o, lağa qoyulur. O, çobanı
ağasının zülmündən qurtarır. Amma çoban ağası tərəfindən daha
möhkəm döyülür.
Daha sonra Don Kixot məhbusları azadlığa
buraxır. Məhbuslar isə əvəzində onu daşqalaq
edirlər. Don Kixot gah qoyun
sürüsünü düşmən ordusu kimi qəbul edərək
onları vurur, gah yel dəyirmanlarını bədheybət
kimi görərək onlarla döyüşür. Hersoq və hersoginya üçün isə Don Kixot əyləncədir.
Həmkəndliləri Don Kixotu xilas etmək
üçün evinə qaytarmağa çalışır. Onlar Don Kixotun
bədbəxtliyinin əsas səbəbinin kitablar olduğunu
düşünürlər və onlar yandırılır.
Cəngavərin özü isə hesab edirdi ki,
ona üz verən bütün bədbəxtliklər,
insanların onu anlamaması yalnız igid adamların qismətinə
yazılan bir sınaqdır.
Sonda Don Kixot cəngavərlik arzusundan əl çəkir,
məyusluqla öz adi həyatına qayıdır və
ölür.
"Don Kixot" (1604 -1616) romanının dəyərli
cəhətlərindən biri onun ədəbiyyat tarixində,
bir oxucunun bədii əsər sayəsində həyatını
dəyişməsi, yetkin çağında özünü
kəşf etməsidir. Əsərin digər önəmli cəhəti
onun qəribə ziddiyyətində - həm cəngavərlik
romanlarına parodiya kimi yazılmasında, həm də onun
zaman-zaman dərin, fəlsəfi, siyasi, ictimai, dini anlamlar
almasında, ümumiyyətlə, çoxtərəfli
yozulmasındadır.
Don Kixotluq mübarizə formasıdır. Don Kixotluq
ideologiyadır. Don Kixotluq fərdin
axına qarşı getməyi bacarması, kütləvi
psixoloji basqıya, istehzalara baxmayaraq əqidəsində
sarsılmaması, ona səmimiyyətlə inanmasıdır.
Don Kixotluq gerçəklikdə
illüziyanı, kobud reallıqda idealizmi, diktaturada
azadlığı qurub yaşatmaqdır.
Təsadüfi
deyil ki, romanı ekranlaşdıran rejissorlar
interpretasiyalarında Don Kixot obrazına parodik rakurs sərgiləmirlər,
onların hər biri əhvalatda öz individual Don Kixotunu
yaratmağa çalışıb...
"Don
Kixot"un indiyədək otuzdan çox
versiyası çəkilib. İlk ekran
versiyasını 1903-cü ildə fransız rejissorları
Fernan Zekka və Lyüsen Nonqe çəkib. Araşdırmaçıların fikrincə, film qəhrəmanın
daxili dünyasını mərkəzə gətirib və
onun təxəyülü burlesk (məzmunun ifadə tərzinə
uyğun gəlməməsi, örnəyi, cəngavərin təlxək
qiyafəti geyinməsi) tərzində göstərilir.
Layihədə isə dörd film haqda
danışacağıq.
1933-cü
ildə ekranlara çıxan "Don Kixot"un
müəllifi alman rejissoru Georq Vilhelm Pabstdır. Pabst alman kinosunun əhəmiyyətli nümayəndələrindən
biridir. 1929-32-ci illər ölkədə
müharibə tematikasına meyil artanda, onun "Qərb cəbhəsi,
1918" filmi pasifizmi təbliğ edirdi. O, müharibənin
gətirdiyi iztirabı tamaşaçının real hiss etməsi
üçün filmi dokumental işləmişdi və
kinematoqrafik fəndlərdən qaçmışdı.
Bertold Brextin "Üç quruşluq opera" pyesini
isə şərti qurmuşdu, tutqun tonlu dekorasiyalardan istifadə
eləmişdi, polislə cinayətkarlar arasındakı
sıx əlaqənin olduğunu göstərmişdi.
Hitlerin hakimiyyətə gəlişindən sonra Pabst
Fransada yaşayır və "Don Kixot" filmini də burada
çəkir.
Onun "Don Kixot"u daha çox siyasi anlam
daşıyırdı. Bu,
görünür, rejissorun nasistlərin hakimiyyətinə ya
refleks, ya düşünülmüş reaksiyası idi.
O, bu monumental əsəri minimalizmlə - minimal dekorasiyalarla,
kiçik məkanlarda və əsasən bir xətt üzərində
işləyir. Yəni 55 dəqiqəlik filmdə Don Kixotun
saraya dəvət edilməsi, əyanların ondan məsxərə
personajı düzəldərək həzz alması, ona
başqa planetdən gətirilmiş qeyri-adi varlıq kimi
baxmaları, yuxarı təbəqə üçün cəngavərliyin
dəyər yox, keçmişin qalığı olması,
sadə insana meşşan münasibəti xətti özəlliklə
qabardılır. Pabstın əhvalatında Don
Kixot bütün bu alçalmaları ağır xaç kimi
təmkinlə daşıyan, olanlara ləyaqətlə tab gətirən
İsa Məsihdir.
Rejissor dövrünün aktual problemlərini-əhalinin
yerli hakimiyyətin qəddarlığından, vergilərin
çoxluğundan əziyyət çəkməsini,
kitabları (azad düşüncəni) yandıran diktatura
rejiminin mahiyyətini də əhvalata gətirir.
Əsərin maraqlı versiyalarından birini
böyük britaniyalı rejissor Terri Gilliam işləyib. Rejissor
romanı hələ 1989-cu ildə ekranlaşdırmaq niyyətindəydi.
Lakin müxtəlif səbəblərdən kinolayihə 30 il geçikdi. 2018-ci ildə
ekranlara çıxan, İspaniya, Böyük Britaniya,
Portuqaliya və Fransanın birgə istehsalı olan film
müxtəlif janrların qarışığıdır.
Əsərin qəhrəmanı amerikalı rejissor Tobi
(Adam Drayver) İspaniyada "Don Kixot" romanının motivləri
əsasında reklam çarxı çəkir. Amma onun
çəkilişləri alınmır. Reklam
anturajından sıxılan Tobi uzun illər öncə diplom
işini - "Don Kixot" filmini çəkdiyi, çəkiliş
meydançasının yaxınlığında yerləşən
kəndə gedir. Kinoya o zaman böyük
iddialarla gələn Tobi diplom işində yeniliklərə cəhd
eləmişdi, real adamları çəkmişdi. Ona məlum olur ki, Don Kixot roluna çəkdiyi
çəkməçi Havyer (Conatan Prays) indiyədək bu
obrazdan çıxa bilmir. Dulsineya rolunu
oynayan sadə kəndli qızı Anhelika (Coana Ribeiro) isə
indi fahişədir. Havyer Tobi ilə yenidən
rastlaşanda onu Sanço kimi qəbul edir və onların
birgə yolçuluğu müxtəlif macəralarla zənginləşir.
Gilliam reklam dünyasının görünməyən
qatına "Don Kixot" vasitəsilə baxır. Onun əhvalatı,
eyni zamanda müəllif kinosu, yəni ciddi sənətlə
prodüser kinosunun qarşıdurmasıdır. Nə zamansa kinoya yüksək ideallarla gələn
Tobi, özünün diliylə desək, idbar gerçəkliyə
təslim olur, böyük pulların xərcləndiyi, sənətin
gözardı edildiyi kinosənayedə Don Kixot olmağın mənasızlığını
anlayır. Onun debüt filminin qəhrəmanlarından
biri Anhelika-Dulsineya da, təmiz kino dünyasından qopandan
sonra reallığa təslim olaraq bədənini satır.
Yalnız qoca və inadkar Havyer gerçəkliklə
barışmaq istəmir.
Rejissor müxtəlif estetikalarda və janrlarda sərbəst
gəzişmələr edir. Situasiyadan-situasiyaya filmin
janrını dəyişir, əhvalatı drama, sosial drama,
fenteziyə, tragikomediyaya, sürreal drama-komediyaya, Roman Polanski
stilində mistik trillerə kökləyir. Janrların,
maskarad, sirk estetikasının sintezi, Don Kixotun arxaik
dünyası ilə çağdaş
dövrümüzün qlobal problemlərinin-Trampın siyasətinin,
islam terrorçularının bir araya gətirilməsi
dramaturji labirintdə tamaşaçını azdırır. Məkanlar, əsasən interyerlər reklam
çarxlarına xas tərtibatda, gözəgəlimli, parlaq
dekorasiyalarla işlənib. Bəzi
epizodlarda Tobi olanları müəllif kimi izləyir və səhnələrə
düzəlişlər edir. Misalçün,
illər sonra Anhelika-Dulsineya ilə Don Kixot görüşəndə
o, özünü çəkiliş meydançasında hiss
edərək, "pafosu azaldın" əmrini verir.
Finalda Tobi bilmədən Havyeri-Don Kixotu, onun simasında
cəngavərlik dəyərini öldürür. Və
yaradıcı böhran keçirən, prodüserlərlə
dil tapa bilməyən Tobi Don Kixot, Anhelika isə Sanço
roluna girir. Bununla da Tobi öz
başlanğıc əqidəsinə qayıdaraq reklama və
kommersiya kinosuna üsyan edir. 71-ci Kann
festivalında göstərilən film maraqlı forma və
strukturuna rəğmən emosional dərinlikdən uzaqdır.
Kanada və
Amerika rejissoru Artur Hiller "Lamançadan gələn adam"ı 1972- ci ildə lentə
alınıb.
İtaliya və Amerika istehsalı olan film eyniadlı
müzikl əsasında çəkilib. 1960-cı illərdə
yazılan müziklin dramaturqları amerikalı Deyl Vasserman və
Con Derrion, bəstəkarı Mitçem Lidir.
Süjetdə
ispan inkvizasiyası dini ehkamlara qarşı zidd təbliğatına
görə Migel
de Servantesi (Piter Otul) və onun köməkçisini həbs
edir. Servantes məhbuslara Don Kixotun əhvalatını
danışır.
Hiller əsəri bir növ "mise en abyme" (yuxuda
yuxu, hekayədə hekayə və s. anlamını verən
rekursiv bədii texnika) texnikası ilə, yəni film
içində film kimi qurur. Məhbuslar "Don
Kixot" romanındakı personajları oynayırlar. Servantes isə Don Kixotun özünü
canlandırır. Müzikl janrında
çəkilən filmdə vizual təhkiyə daha çox
maraqlı rəqs mizanları ilə qurulur. Qapalı məkandan-həbsxanadan naturaya, butaforiyadan
gerçək əşyalara orqanik keçidlər edilir,
personaj Servantesin nəqli ilə rejissorun nəqli bir-birinin
içində itir.
Bu əhvalatda Don Kixot ruhsal qatda işlənib, sanki
mövcud olan onun bədəni yox, ruhudur. Və Aldonsa Dulsineya - Don
Kixot xətti dərin işlənib. Məhbus
qadınlardan biri, fahişə Aldonsanı canlandıram Sofi
Loren obrazının ağır taleyini susqunluğunda, sərtliyində,
gözlərinin kədərində ifadə edir. Və ona bədən kimi yanaşan kişilərdən
fərqli olaraq, yalnız Don Kixot onun ruhunu görür, ona dəyər
verir. Və Don Kixot burda Servantesin alter eqosu kimi
çıxış edir.
Rus rejissoru Qriqori Kozintsev "Hamlet"də olduğu
kimi, 1957-ci ildə ekranlaşdırdığı "Don
Kixot"u da siyasiləşdirib. Və həm üslub,
həm də əsərdən seçdiyi xətt
baxımından Pabstın yoluyla gedib. O, nəqlində
Don Kixotun saraya dəvətini, saray əyanların sadə
insanlarla kobud rəftarını, kəskin sosial təbəqələşməni,
Don Kixotun və Sançoya təlxək münasibəti
önə çıxarır.
Saray qadınlarından birinin yas mərasimi imitasiya
edilir. Guya qadın Don Kixot onun sevgisinə cavab vermədiyi
üçün ölüb. Mərasimi
sonradan Don Kixotu ələ salmaq şousuna çevirən
hersoq "Bu yas komediyadir, dunyada olan her sey kimi sizin
xeyirxahlığınız da gülməlidir" deyir.
Don Kixot saraydan qurtulmasını azadlığı kimi dəyərləndirir. Final epizodunda
o, Sançoyla səyahətini davam etdirir. Rejissor onların sonsuz səyahətində Don Kixotun
mübarizəsini əbədiləşdirir. Nikolay Çerkasovun Don Kixotu zadəgan maneraları,
alicənablığı, tragikomikliyi ilə yadda qalır.
1957-ci ildə Kann festivalının əsas müsabiqəsində
iştirak edən filmi Qara Qarayevin musiqisi müşayiət
edir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.30-31.