ƏDƏBİYYAT ÜZRƏ
1944-CÜ İLİN NOBEL MÜKAFATÇISI:
Vilhelm YENSEN
(Danimarka)
Danimarka yazıçısı və şairi. 20 yanvar
1873-cü ildə Yutland yarımadasının şimal hissəsindəki
Farse şəhərində, baytar ailəsində anadan olub.
Atası xalq folklor nümunələri
toplamağı sevib, eyni zamanda antropologiya və tarixlə
maraqlanıb. Ata kitaba olan sevgisini
övladlarına da aşılayıb, 11 uşaqdan
dördü yazıçı olub.
Yensenin
"Danimarkalılar" (1896), "Eynar Elker" (1897),
"Himmerland adamları" (1898), "Yeni Himmerland əhvalatları"
(1904), "Şeirlər" (1906), "Himmerland əhvalatları.
Üçüncü hissə" (1910) və
başqa əsərləri ona böyük uğur və
şöhrət gətirib. Yazıçı 1944-cü
ildə "yaradıcı üslubdakı nadir poetik zənginliyə
və səmimiyyətin intellektual təsvirinə
görə" ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülüb.
25 noyabr 1950-ci ildə Kopenhagendə vəfat edib. "Ədəbiyyat
qəzeti" oxucularına yazıçının məşhur
"Buz dövrü" romanından bir hissəni təqdim
edirik.
Buz dövrü
Romandan parça
Əbədi od
Qar yağırdı. Drenq müqəddəs
dağa dırmaşırdı.
İri qar dənələri Drenqin tüklü kürəyində
əriyir, lakin o, buna əhəmiyyət vermirdi. Əvvəl
elə bildi ki, göy üzü parçalanıb yerə səpələnir,
amma tezliklə məsələnin nə yerdə olduğunu dərk
etdi; bu, sadəcə yağış idi, ancaq başqa cür
yağış, daha soyuq və bərk yağış.
Drenq odlu dağın zirvəsinə qalxmaq fikrindəydi, əsrlər
əvvəl əcdadları oradan qardaşları
üçün od gətirmişdi. Drenqin əlində balta vardı. Şaxtalı meşənin qaranlığında və
tənhalıqda keçirdiyi gecələrdən sonra
özünü xatırlamır və daha heç nədən
qorxmurdu. Nə yolla olur-olsun, özünə od tapmalıydı. Bu soyuq və qarlı havada
Drenqin nəfəsindən buğ çıxırdı, lakin
o, yorulmadan, arxasına baxmadan yuxarı dırmaşmaqda davam
edirdi.
Dağ uzaq şimalda, vadilər tərəfdə yerləşirdi,
soyuqlar Drenqin qəbiləsini pərən-pərən salana qədər
orada yaşamışdılar. Lakin Drenq yolu bilirdi.
Uşaq vaxtı hər gecə komanın
damından tüstüsü göylərə bülənd
olan alov dilimlərinə baxmağı xoşlayardı. Nə vaxtsa odlu ruhun atəş saçan iri əllərini
uzadıb ətrafdakı meşəni bir neçə mil dərinliyinə
qədər yandırıb kül etdiyi barədə rəvayəti
çox eşitmişdi; bu, bütün qəbilə
üçün dəhşətli dövr idi, yuxarıda hər
şey yoluna düşənə qədər insanlar
qaçıb canını qurtarmaq üçün
bataqlıqlara, su dolu çalalara
sığınmışdılar. Lakin son
dövrlərdə yaşanmış kədərli hadisələrdən
sonra qəbilə cənuba tərəf çox getmiş və
dağ tamamilə gözdən itib görünməz
olmuşdu. Drenq artıq onun harada yerləşdiyini
bilmir, uzaqdan baxanda dağın buludlarla örtülü zirvəsini
görmək olmurdu.
Dağ ətəyindən bir qədər
üzüyuxarı qalxdıqdan sonra ruhuna qəribə hisslər
doldu. Əvvəllər daş yağışı və
atəş saçan şimşək üzündən ətəyinə
belə yaxınlaşmaq mümkün olmayan dağ indi, nədənsə,
sakit idi. Görəsən,
yuxulamırdı ki? İldırım
dilində danışmır, alov dillərini göstərmir,
atəş saçan daşlarını aşağı
yağdırmırdı, sadəcə, sakit və soyuq idi.
Görəsən, bu onun növbəti hiyləsi,
iblisanə xəyanəti idimi? Və Drenq çox da
sevinmədən yuxarı qalxırdı; yamacda bir az alov görünsəydi yaxşı
olardı!
Drenq meşə zolağı və bitki
örtüyü olan yerləri çoxdan arxada qoymuşdu və
sərt daş parçaları üzərindən adlayaraq irəliləyirdi. Dağ hələ
də alov izlərini qoruyub saxlamışdı, lakin soyuq idi və
buzlu su qatı ilə örtülmüşdü; iri daş
parçaları ölü bədheybətləri
xatırladırdı. Get-gedə içinə
düşdüyü gerçəklik onu məyus etməyə
başlayırdı. Günortaya yaxın
Drenq zirvəyə yaxınlaşdı. Sonuncu
sərt ərazi köpüklü qaramtıl səth
altında itmişdi. Yorğunluqdan
sızıldayan ayaqları sarı rəngli üfunət
qoxuyan quru laxtaların üstü ilə zorla hərəkət
edirdi; bütün bu soyuq kütlə qarla
örtülmüşdü. Drenq zirvəyə
çatanda sönüb soyumuş dağın özünə
oxşayırdı.
Bəli, od püskürən dağ
sönmüşdü. Drenq dairəvi
çıxıntılı zirvədə dayanaraq,
ağzını açıb qalmış dağa
baxırdı. Dağın ağzı da
soyuq idi və qarla dolmuşdu. Ətraf
büsbütün səma və uçurum idi, dünya
bomboş görünürdü.
Drenq daha
heç vaxt od əldə edə bilməzdi!
Dağa sığınmış möhtəşəm
ruh harasa qeyb olmuş, dünya sönmüşdü.
Drenq torpağı donmuş zirvədə durmuşdu,
qançır bağlamış ayaqları üstə zorla
dayanır, hər an ümidini bir az da
itirirdi.
Bundan bir neçə gün əvvəl şimala tərəf
getmiş, yolunu heyvanların keçdiyi könhə
cığırdan salmışdı. İndi
yağış bu cığırı tamamilə yumuş,
bütün heyvanlar cənuba üz tutmuşdu. Drenq son dəfə geriyə - cənuba baxmaq
üçün orada dayanmışdı. Heç olmasa bir vaxtlar evlərinin bacasından
tüstü qalxan qəbiləsinin
sığındığı yerləri görmək
üçün ümidsizlik içində boylanırdı.
Bu yerdə fiziki əzablar və tənhalığın
kədəri ruhuna hakim kəsilmiş, halı dəyişmiş,
bütün dünyanı və hər şeyi lənətləmişdi.
Qəzəb və qürur qəhər kimi
boğazında düyünlənib qalmışdı, vadidə
diz üstə çöküb hönkürmüşdü
və bu, yeni nəğmə idi. Drenq onu
ilk dəfə göz yaşlarına qərq olmuş
torpağa oxuyurdu. Müqavimət nəğməsi, inkar
nəğməsi idi bu. Dişlərini sıxıb,
dünyaya meydan oxuyurmuş kimi daha ucadan oxudu, bu dərədə
tək-tənha olduğuna, gələcəyini axtarıb
tapmaq ümidi ilə yola çıxdığına
baxmayaraq, səsini hər yana
çatdırmaq istəyirdi. Sanki bütün
digər canlı məxluqlar bu işi görmək, sona
çatdırmaq üçün məhz onu seçmişdi.
Əks-səda onun nəğməsini geri
qaytarırdı, maraqsız, həyəcanlı səslər
üzünə çırpılır və bu onu daha da
qıcıqlandırır, ağılsız hərəkət
etməyə sürükləyirdi.
Ürəyini tənhalıq və qəzəblə
yükləyən Drenq üzünü şimal küləyinə
tərəf tutaraq qış səltənətinə qədəm
basdı. Bəli, bu dəfə hələ içində
ümid vardı. Hələ bilmirdi ki, bir daha əcdadlarının
müqəddəs dağında od əldə
edə bilməcəyək. O vaxt təsəvvüründəki
dağ - od mənbəyi, həyat mənbəyi,
istilik mənbəyi - hələ öz
varlığını itirməmişdi. Hələ ki son
ümidi qəlbində idi - özü tək-tənha möhtəşəm
od ruhunun yanına gedib nəsə bir
qığılcım əldə etmək və bununla da
yaşamaq ümidini təzələmək fikrində idi və
qarşıda onu macəra, uğur, ya da ölüm gözləsə
belə, bu ümid onun ruhuna güc verirdi.
Artıq o, sönmüş dağda idi. Od mənbəyi
özü sönmüşdü. Möhtəşəm
ruh ölmüşdü. Drenq son dəfə
oxuyurdu. Oda sitayiş edən oddan, meşə
adamı meşədən məhrum olmuşdu.
Və yer üzərində yol başladı - tənha,
yurd-yuvasız, çılpaq adamın soyuq torpaqda yolu.
Uçurum kənarında meymun oturmuşdu və Drenq
aşağı enmək üçün çevriləndə
meymun uzun, sarı dişlərini ağartdı, sanki nəyəsə
sevinirdi. Bu, qoca, insanabənzər meymun idi, nə
üçünsə köç zamanı öz dəstəsindən
geri qalmış, Drenqin arxasınca
düşmüşdü. Ayaqlarını
yığmış, əllərini qoynunda cütləyərək
büzüşmüşdü, soyuqdan titrəyirdi. Drenq baxanda meymun da ağıllı və şəhvətli
gözlərini ona zillədi, sonra yanını çevirib sərt
uçurumla bir neçə addım aşağı endi,
yenidən əyləşdi. Drenq iri buz
parçası götürüb ona tolazladı, amma vura bilmədi;
bu əcaib varlığın ürəyini yemək keçdi
ağlından.
Dağı enərkən meymun Drenqin arxasınca
düşüb onu qarabaqara izlədi. Drenq bir neçə dəfə
ona daş və buz parçaları atdı, amma heç biri
dəymədi. Meymun onun yolyoldaşı
oldu.
Drenq elə təzəcə krateri keçib
aşağı enmişdi ki, fırtına qopdu, yerlə
göyü bir-birinə qarışdırdı. O, bir sığın
ovladı, onun isti dərisinə bürünüb yuxuya getdi, bacardığı
qədər heyvanın hələ də buğlanan qanı ilə
qızışmağa çalışdı. Bir
neçə saat sonra heyvanın canındakı həyat əlaməti
söndü və bədəni soyumağa başladı.
Nəhayət, Drenq keyimiş bədəni ilə
heyvanın ağır cəmdəyinin altından
çıxdı, amma o gecə canını ölümdən
birtəhər xilas edə bildi.
Günəş çıxana qədər şimala tərəf
bir neçə mil yol qət edib uzaqlaşdı; parlaq zirvəsi
əbədi qarla örtülmüş müqəddəs
dağ arxada qaldı. Əbədi odun yerini əbədi qar
aldı.
Dağlara yağan qar qalın örtüyə
çevrildi, dərələr aramsız yağan
yağışlardan aşıb-daşdı,
şaqqıltı ilə göydən tökülən dolu səsi
ətrafdakı sükutu səksəndirdi. Buz
dövrü qətiyyətlə öz yerini tutdu.
Vilhelm YENSEN
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.31.