Poetik əlaqələr sorağında

 

Filologiya elmləri doktoru, tanınmış şərqşünas alim, professor Vilayət Cəfərin "İraq-Türkiyə poetik əlaqələri" adlı yeni kitabı təxminən bir əsr ərzində iki Şərq ölkəsinin - İraqla Türkiyənin poetik əlaqələrinin araşdırılmasına həsr edilib.

"İraq-Türkiyə poetik əlaqələri" adlı yeni kitabın əsas mövzusu İraq-Türkiyə poetik əlaqələrinin iki mühacir məşhur Şərq şairinin - iraqlı Əbdül Vəhab əl-Bəyati ilə türkiyəli Nazim Hikmətin Moskvada mühacirlik taleyinin cütləşməsi, eyni tale sahiblərinin dostluq əlaqələri yaranaraq İraq-Türkiyə poetik əlaqələrini yenidən alovlandırması və bu alovun işığında iki Şərq millətinin bir-birinə isinişməsindən ibarətdir.

Poetik əlaqələrin inkişafında müstəsna yeri olan hər iki Şərq simalarının - iraqlı Əbdül Vəhab əl-Bəyati ilə türkiyəli Nazim Hikmətin elmi-ədəbi yaradıcılığı Azərbaycan şərqşünaslığının daima diqqət mərkəzində olub. Müxtəlif dövrlərdə dünya şərqşünaslığının tədqiqat obyektinə çevrilib. Professor Vilayət Cəfərin "İraq-Türkiyə poetik əlaqələri" adlı yeni kitabı alimin bu poetik əlaqə və onun öndə gələn nümayəndələrindən olan görkəmli İraq şairi Əbdül Vəhab əl-Bəyati ilə türkiyəli Nazim Hikmətin dostluğu barəsində ilk böyük tədqiqat əsəridir.

Müəllif əsərində XIX əsrin II yarısından İraqla-Türkiyə arasında poetik əlaqələrin yaranma tarixi haqqında müfəssəl məlumat vermişdir. Bu iki Şərq dövlətinin arasında ədəbi əlaqənin yaranmasının əsas səbəbi kimi, İraqın türk sultanı Sultan Səlimin hakimiyyəti dövründən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində olmasını göstərmişdir.

Kitabdan məlum olur ki, İraqda vali təyin edildiyi gündən adını İraq-Türkiyə poetik əlaqələrinin başlandığı dövrün səbəbkarı kimi tarixdə iz qoyan türk ictimai-siyasi xadimi, ilkin Osmanlı Konstitusiyasının banisi Midhət paşa olmuşdur. Vali olduğu illərdə (1869-1872) ədalətli idarəçiliyi, islahatçılığı ilə seçilən, maarifçilik sahəsində xidmətləri, xüsusilə, Bağdadda "əz-Zohurə" adında bir vilayət mətbəəsinin banisi kimi tanınan Midhət paşa İraq şairlərinin, xüsusən də filologiya elmləri doktoru, professor Vilayət Cəfərin "İraq-Türkiyə poetik əlaqələri" adlı əsərində adları çəkilən Cəmil Sidqi Zəhavi (1863-1936) və Məruf ər-Rusafi (1875-1945) kimi şairlərin vəsf və tərənnüm obyekti olmuşdur.

Kitabda Birinci Dünya müharibəsinin sonlarında İraqın ingilis qoşunları tərəfindən işğal olunması və ingilislərin İraq əhalisini guya türklərin zülmündən xilas etmə vədləri, əz-Zəhavi, ər-Rusafi, əl-Cəvahiri kimi ərəb şairlərinin onların təzyiqinə məruz qalmaları haqqında tarixi faktlar qeyd olunmuşdur. İngilislər və Nuri Səid hökumətinin təzyiqinə məruz qalan vətənpərvər qüvvələrdən biri, gənc yazar əz-Zəhavi iki il (1869-1872) Bağdadda zindanda yatdıqdan sonra ölkədən xaricə sürgün olunması və 1958-ci ildə Moskvaya gələrək orada Nazim Hikmətlə dostlaşması haqqında maraqlı məlumat verilmişdir.

Müəllif qeyd edir ki, Əbdül Vəhab əl-Bəyati şeirlərinin birində Nazim Hikməti "Moskvadakı günəşi" adlandırmış, Nazim Hikmət isə əl-Bəyatiyə həsr etdiyi şeirlərində onu "gələcəyin klassiki" kimi təqdim etmişdir.

Müəllif onların arasında dostluq, qardaşlıq münasibətlərinin beş il - 1958-ci ildən 1963-cü ilin yayına, yəni Nazim Hikmətin vəfatına qədər davam etdiyini qeyd edir və onların qısaömürlü, hərarətli dostluq münasibətlərini təbii təsvir edərək deyir: "Onları nə Moskvanın nəfəsləri qarsıdan sərt şaxtası, nə adamlarının təbiətinə xas olan soyuq davranışı, nə də DTK xəfiyyələrinin yarı gizli, yarı açıq nəzarəti soyudub buzlaşdıra bilməmişdi".

Vilayət Cəfərin əsərlərinin oxucu kütləsi onun ərəb ədəbiyyatından Cürci Zeydanın "Fərqanə gəlini" romanının və İraq ədəbiyyatından bir sıra hekayələrinin ərəb dilindən Azərbaycan dilinə tərcüməsi sayəsində mahir tərcüməçilik qabiliyyətinə bələddirlər. O, "İraq-Türkiyə poetik əlaqələri" adlı yeni kitabında hər iki şair arasında poetik əlaqəni tədqiq etməklə kifayətlənməmiş, onların şeirlərindən tərcümələr edərək əsəri poetik parçalarla bəzəmişdir. Əsərdə verilmiş bədii tərcümə nümunələrində hər iki şairin poeziyasının ruhunu, onların dostluğunun əzəmətini hiss etmək, şeirlərinin musiqisini duymaq mümkündür. O, gənc ərəb şairinin özündən iki dəfə yaşlı olan türk şairinə olan səmimi hissləri ilə qələmə aldığı ərəb dilində şeirini peşəkarcasına dilimizə tərcümə etmişonlar arasında poetik əlaqəni oxucularının diqqətinə çatdırmışdır.

Müəllif Əbdül Vəhabı Nazim Hikmət kimi düşünə-düşünə, sanki "NAZİMLƏŞDİYİNİ" qeyd etmişdir.

Əbdül Vəhab əl-Bəyati Nazim Hikmət haqqında çox şeir yazıb. Görkəmli şərqşünas alim Vilayət Cəfər Nazim Hikmətin öz sağlığında, daha doğrusu, 1960-1963-cü illərdə yazılmış şeirlərindən bir qismini, digər bir qismini isə Nazim Hikmətin vəfatından sonra İraq şairinin onun itkisinə nəzmlə yazdığı mənzum məktublardan ibarət şeirlərini toplayıb, tərcümələr edərək, tədqiqata cəlb etmişdir.

Görkəmli şərqşünas alim Vilayət Cəfər öz gənclik illərinin xatirələrindən söz açaraq kitabın dəyərini birə-min artırmışdır. Onların hər ikisinin 1963-cü ilin may ayında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbələri ilə görüşləri haqqında təəssüratlarından söz açır. Hər iki şəxsiyyəti birlikdə doğma vətəndə görməsi və onlarla təmasda olması müəllifə onlar haqqında öz ürək sözlərini səmimi şəkildə yazmasına zəmin yaratmışdır.

Tanınmış şərqşünas alim Vilayət Cəfər "müqayisəli ədəbiyyat" fonunda qələmə aldığı "İraq-Türkiyə poetik əlaqələri" adlı oxunaqlı elmi əsəri sayəsində Şərqdəki düşüncə tərzinə dərindən bələd olan İraqtürk məhcər şairləri Əbdül Vəhab əl-Bəyati ilə Nazim Hikmətin ədəbi-fəlsəfi irsini tədqiq edib yalnız Azərbaycan oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə çatdırır. Müəllif kitabda Əbdül Vəhab əl-Bəyati ilə Nazim Hikmət arasında dostluq əlaqələrindən bəhs etməklə yetinməmiş, digər iraqlı şair Cəmil Sidqi əz-Zəhavi (1863-1936) ilə İsmail Səfa (1867-1901) adlı türk şairinin arasındakı səmimi dostluq münasibətlərindən danışmışdır. Bununla da İraq-Türkiyə poetik əlaqələrinin XXI əsrdə inkişaf etdirilməsinə vəsilə olmuşdur.

"İraqda neoklassik poeziya" (Bakı, 1998), "Əliqılınclı Zülfüqar" (B. 2000), "Qürbətdə yaranan dostluq" (B. 2005), "Cəmil Sidqi əz-Zəhavi" (B. 1983), "A.İmanquliyeva "Məqalələr və tərcümələr", Müqəddimə və şərh V.Cəfərindir" (B. 2010) kimi müqayisəli elmi araşdırmaların müəllifi, professor Vilayət Cəfər "İraq-Türkiyə poetik əlaqələri" adlı yeni kitabı ilə sadəcə, tanınmış ərəbşünas alim kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin, oxşar və fərqli ədəbi-fəlsəfi cərəyanların dərin bilicisi kimi elm dünyasında öz dəst-xəttini bir daha təsdiq etdi.

Görkəmli şərqşünas alim Vilayət Cəfər kitabda iki məşhur Şərq şairinin Moskvada mühacirətdə olarkən öz aralarında yaratdıqları dostluğu zəngin faktlar və bədii nümunələr fonunda təhlil etmişdir. Bu iki şairin qürbət diyardakı dostluğunu XX əsr İraq-Türkiyə poetik əlaqələrinin zirvəsi hesab edən professor Vilayət Cəfər bu əsəri yazmaqla iki Şərq dövləti arasında dostluq körpüsünü möhkəmlətməyə çalışmışdır və əminliklə deyə bilərəm ki, bu məqsədinə nail olmuşdur.

Ümumiyyətlə, iraqlı Əbdül Vəhab əl-Bəyati ilə türkiyəli Nazim Hikmət arasında dostluq əlaqələrini böyük məhəbbətlə araşdıraraq elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdıran görkəmli şərqşünas alim Vilayət Cəfərin açdığı İraq-Türkiyə poetik əlaqələr cığırı davam edəcək, hər iki Şərq ölkəsi - İraq və Türkiyənin poeziyasının tədqiqinə və tərcüməsinə xüsusi meyilmaraq göstəriləcəkdir.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, millət vəkili, akademik Nizami Cəfərovun redaktorluğunda "Elm və təhsil" nəşriyyatında işıq üzü görən görkəmli şərqşünas alim Vilayət Cəfərin "İraq-Türkiyə poetik əlaqələri" adlı əsəri həm şərqşünasların, həm də oxucuların marağına səbəb olacaq.

Son olaraq qeyd etmək istərdim ki, Cəfərov Vilayət Abbasqulu oğlu AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

Lalə Bayramova

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.29.