"Nəsimi Azərbaycan dilində
yaranmış poeziyanın atasıdır"
Bulud Qaraçorlu Səhəndin Nəimi
və Nəsimi barədə fikirləri
Ötən əsrin 60-cı illərinin
ikinci yarısında dünya şöhrətli Azərbaycan
şərqşünası, professor Rüstəm Əliyevin
İrana davamlı və uzunmüddətli elmi ezamiyyətləri
olur, bu səfərlər zamanı o, bir tərəfdən,
ixtisasına uyğun surətdə, peşəkar mətnşünas
qismində Firdovsi, Sədi, Xəyyam kimi klassiklərin əsərlərinin
elmi-tənqidi mətnini hazırlayaraq Tehranda nəşr
etdirir, digər tərəfdən də, Şəhriyar, Səhənd,
Cavad Heyət kimi Cənubi Azərbaycan ziyalılarını ətrafına
toplayaraq, milli məfkurənin yayılmasına və güclənməsinə,
Arazın iki tayı arasında mədəni
körpünün qurulmasına xidmət edirdi. Mərhum doktor
Cavad Heyət bildirirdi ki, onun Səhəndlə
tanışlığının, eləcə də Şəhriyarın
Səhənd vasitəsilə Təbrizdən Tehrana gətirilərək
ana dilində yazmağa təşviq edilməsinin təşəbbüskarı
məhz Rüstəm Əliyev olmuşdur. Böyük alimin
İranda bir neçə il davam edən fəaliyyətinin
qeyd edilən iki istiqamətinin kəsişmə nöqtəsi
isə 650 illiyini qeyd etdiyimiz İmadəddin Nəsiminin fars
divanının nəşri oldu. Rüstəm Əliyev
İranın Məclis kitabxanasında saxlanan əlyazma
nüsxəsi əsasında İranda ilk dəfə olaraq Fəzlullah
Nəimi və İmadəddin Nəsiminin fars
divanlarını bir kitab halında çapa hazırladı və
həmin kitab 1974-cü ildə "Dünya" nəşriyyatında
işıq üzü gördü (təqribən eyni vaxtda
professor Həmid Məmmədzadə başqa bir əlyazma əsasında
Nəsiminin fars divanını Bakıda çap etdirmişdi).
Sonralar Nəsiminin fars divanı İranda başqa tərtibçilər
tərəfindən nəşr olunsa da, şairin farsdilli
oxuculara tanıdılması istiqamətində birincilik
Rüstəm Əliyevə məxsusdur. Nəimiyə gəldikdə
isə, Rüstəm Əliyevin nəşri hələlik onun
şeirlərinin yeganə mətbu nümunəsi olaraq
qalır, baxmayaraq ki, sonralar Fəzlullahın fars
divanının digər, daha kamil əlyazma nüsxələri
aşkar edilmişdir.
Sözügedən nəşrin
digər bir özəlliyi onun müqəddiməsi ilə
bağlıdır. Kifayət qədər genişhəcmli bu
dolğun müqəddiməni "S.Cuya" imzası ilə
XX əsr Cənubi Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük şairimiz
Bulud Qaraçorlu Səhənd (1926-1979) yazmışdır. Qətiyyətlə
demək olar ki, üstündən 45 il keçməsinə
baxmayaraq, bu müqəddimə öz elmi və ədəbi əhəmiyyətini
qorumaqdadır. Səhəndin hürufilik və onun banisi Nəiminin
dünyagörüşü barədə qənaətləri,
Nəsiminin poeziyası və onun ədəbiyyat tariximizdəki
yeri haqqında düşüncələri bu gün də
öz aktuallığını saxlayır. Müəllif hədsiz
təvazökarlıqla özünü bəhs etdiyi məsələlərdə
səlahiyyətli bilməsə də, onun mövzuya yetərincə
hakim olması və son dərəcə müasir yanaşma sərgiləməsi
diqqəti çəkir. Bütün bunları nəzərə
alaraq, həmin müqəddiməni olduğu kimi (izahlarla birlikdə)
fars dilindən Azərbaycan dilinə tərcümə edib
hörmətli "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim etməyi lazım bildim.
Düşünürəm ki, ciddi elmi bazaya malik bu yazı təkcə
Nəsimi poeziyasını sevən və onu daha yaxşı
tanımağa can atan oxucular üçün deyil, şairin fəlsəfi-ictimai
dünyagörüşünü və bədii
yaradıcılığını öyrənən tədqiqatçılar
üçün də faydalı olacaqdır. Üstəlik,
müqəddimənin ana dilimizdə nəşri müəyyən
baxımdan Nəsiminin davamçısı olan Səhəndi
bir daha yad etmək və bu il 90 yaşı tamam olan Rüstəm
Əliyevin ruhunu şad etmək baxımından da yerinə
düşür.
Məsiağa
Məhəmmədi
Sovet
İttifaqının məşhur şərqşünas alimi
professor Rüstəm Əliyevin səyi ilə ədəbiyyatsevərlərə
təqdim olunan bu kitab farsdilli ədəbiyyatın parlaq və
dərin mənalı nümunələrindən biri, Azərbaycanın
iki böyük şair və mütəfəkkirinin yüksək
düşüncələrinin məhsuludur. Kitab Fəzlullah Nəimi Təbrizinin
və Seyid İmadəddin Əli Nəsimi Şirvaninin farsca
şeirlərini ehtiva edir ki, bunlardan birincisi Şərqdə
hürufilik hərəkatının banisi, ikincisi isə
yüksək məqamlı şair, öz ustadı Nəiminin
bilavasitə şagirdlərindən, həmin hərəkatın
ən səmimi təbliğatçı və müdafiəçilərindən
biridir.
Təəssüf
ki, irfani düşüncənin ölkəmizdə geniş
yayılmasına, mədəniyyət və ədəbiyyatımıza
şəksiz təsirinə baxmayaraq, anlaşılması o qədər
də çətin olmayan səbəblərdən bu iki məşhur
şair və arif, onların yüksək və mütərəqqi
fikirləri, nə qədər kədərli də olsa,
İranın farsdilli camiəsinə tanış
olmamış, yalnız məhdud
sayda tədqiqatçılar onların
varlığından məlumatlı olmuşdur.
Hazırkı kitabın nəşri Şərqin bu iki
mütəfəkkirini, eləcə də tarixi hürufilik hərəkatını
tanımaq və tanıtdırmaq baxımından çox
münasib bir fürsətdir, lakin təəssüf ki,
mövzunun son dərəcə genişliyi və kitabın həcminin
məhdudluğu ucbatından başqa bir vaxta saxlanıldı. Bu müxtəsər
müqəddimədə kitab müəlliflərinin tərcümeyi-halı
və əsas düşüncələri barədə
ümumi məlumatlar verməklə kifayətlənirik.
***
Mövlana Fəzlullah Nəimi 1340-cı ildə Təbrizdə
anadan olmuşdur. Bu filosof-şair 46 yaşına qədər
ömrünü Şərqin müxtəlif ölkələri
və şəhərlərinə səyahətlərdə
keçirmiş, dolanışığını papaq tikməklə
təmin etmiş və öz fikirlərini yaymaqla məşğul
olmuşdur. Həmin müddətin
böyük bir hissəsini o, Astrabadda keçirmiş və əsərlərinin
bir qismini adi insanların anlaya bilməsi üçün o
diyarın yerli dilində yazmışdır. Bununla əlaqədar olaraq, bəzi təzkirələrdə
o, "Astrabadi" kimi təqdim edilir.
Nəimi ömrünün son illərini Şirvanda və
Bakıda keçirmiş, nəhayət, feodalizm əleyhinə
mübarizəsi və Teymur istilası ilə
barışmaması üzündən tutularaq
Naxçıvan yaxınlığındakı qədim
Əlincə qalasında həbsə atılmışdır. Sonradan o, Teymurun oğlu
Miranşahın əmri ilə 1394-cü ildə edam edilmiş, cəsədini atın quyruğuna
bağlayaraq küçə və bazarlarda
sürümüşlər.
Nəimidən onun hürufi düşüncə və
baxışlarını əks etdirən "Növmnamə",
"Cavidannamə" və "Məhəbbətnamə"
adlı üç kitab və xeyli sayda şeirlər yadigar
qalmışdır. Onun qələmindən
çıxmış son sənəd Əlincə
zindanında yazdığı və gizli şəkildə
Bakıya (o zaman hürufilərin qeyri-leqal təşkilatının
mərkəzi idi) göndərdiyi vəsiyyətnaməsidir.
***
İndiyə qədər hürufilik hərəkatı
barədə aparılmış nisbətən ətraflı
tədqiqat "İranda fəlsəfi fikrin təkamülü"
adlı kitabda çap olunmuşdur. Həmin kitabın müəllifi
hürufiliyin köklərini qədim pralogik və ya mimestik
(1), mansərik (2), elmi-hüruf (3) və kabbalistik (4) təsəvvürlərə
bağlayır və bir sıra tarixi hadisə və prosesləri
qeyd etdikdən sonra bu hərəkatın "hakim dairələrə
qarşı mərdliklə mübarizə aparan sufi hərəkatları
silsiləsindən olduğunu" bildirir, onu ideoloji məzmunu
baxımından "irrasional və
mövhumatçı", milli və sinfi cəhətdən
isə "antifeodal və mütərəqqi hərəkat"
kimi təqdim edir.
Təəssüf ki, bu kitabda hər bir milli və sair hərəkatın
ayrılmaz xüsusiyyəti olan əsas və çox
mühüm məsələ, yəni
dünyagörüşü məsələsi dəqiq şəkildə
aydınlaşdırılmamışdır. Hər bir tədqiqatçıya
məlumdur ki, keçmişdəki mütəfəkkirlər
məlum səbəblərə görə, öz fikir və
baxışlarını aydın və aşkar şəkildə
bəyan edə bilməmiş, çox vaxt onları eyhamlar,
işarələr, metaforalar, simvollar və sair formalarda ifadə
etmişlər. Özü də elə bir
şəkildə ki, zahirən zamanın hakim ideologiyası
baxımından şərh oluna bilsin. Hakim ideologiya
nümayəndələrinin etirazları ilə üzləşdiyi
hallarda isə elə şəkildə izahat verməyə məcbur
olmuşlar ki, hamıdan çox özləri onların
ağlasığan olmadığını etiraf etsinlər,
bir çox hallarda da aydın elmi həqiqətləri
sübut etmək üçün ironik və sofistik, lakin
hamının qəbul etdiyi dəlillərdən istifadə
etmək zorunda qalmışlar. Şeyx Mahmud Şəbüstəri
"Gülşəni-raz"da deyir:
Ürək
elm (bilik) üçün bir qab kimidir,
Səs və ya hərf ürəkdəki elmin sədəfidir.
Sədəfi
sındır, şahlara layiq dürrü çıxar,
Qabığı
tulla, gözəl özəyi götür!
Yaxud
Mövlana Cəlaləddin Rumi "Məsnəvi"də və
ya "Divani-Şəms"də öz irfani
baxışlarını o qədər bəyan etdikdən
sonra aydın şəkildə deyir:
Hərə
öz zənni ilə mənə yar oldu,
Amma içimdəki sirləri aramadı.
"İranda fəlsəfi fikrin təkamülü"
kitabının müəllifi Şeyx Mahmud Şəbüstərinin
yuxarıdakı şeirini onun hürufi düşüncəsinə
meylinin sübutu kimi gətirmişdir. Əgər bu fikri qəbul etsək,
razılaşmalıyıq ki, əslində, şeyxin
özü də şairanə təşbehlər dili ilə
zahirə uyanları
səs, hərf və sair kimi işarə və
istiarələri bir kənara qoyub mətləbin elmi məğzini
götürməyə çağırır. Yaxud
Mövlana Rumi bəyan edir ki, bu qədər söz dedikdən
sonra hələ də ürəyindəki sirləri aydın
şəkildə ifadə etməyi bacarmamış, yaxud istəməmişdir.
Bu sətirlərin
müəllifinin fikrincə, hürufilərin hərflərlə,
formalarla, "Quran" ayələri ilə oyunları kimi
xurafatçı dəlilləri qətiyyən diqqətəlayiq
deyil; onların həqiqi əqidəsi kimi diqqətə və
qəbul edilməyə layiq olan yeganə şey onların
dünyagörüşüdür ki, əsərlərinin,
xüsusən fəlsəfi şeirlərinin sətirləri
arasından özünü aydın şəkildə
büruzə verir; hərçənd bu halda da onlar öz
baxışlarını zahirən o dövrdə
yayılmış fikirlərə bənzər şəkildə
bəyan etmişlər.
Mənim əsərləri
ilə tanışlıq imkanına malik olduğum demək
olar, bütün tədqiqatçılar hürufiliyi
"panteizm" və ya vəhdəti-vücud fəlsəfəsinə
əsaslanan sufi təriqətləri ilə
bir cərgəyə qoymuşlar. Halbuki,
aşağıdakı dəlillərə görə,
hürufi "panteizmi" ilə bizim dövrümüzə
qədər kifayət qədər geniş şəkildə
gəlib çatmış bütün sufi
təriqətlərinin vəhdəti-vücud fəlsəfəsi
arasında nəinki fərq, hətta prinsipial ziddiyyət
vardır. Vəhdəti-vücud tərəfdarları
insan ruhunu Tanrının və ya "əqli-küll"ün
varlığından qopan zərrələr bilir və
inanırlar ki, o, nəfsi təmizləmək, seyr və
süluk, məhrumiyyətlərə dözmək (riyazət)
yolu ilə öz əsas başlanğıcına qovuşa
bilər; bu yolda onlar yalnız övliya və şeyxləri
(qütbləri) "vasil" (vüsala yetmiş) sayırlar.
Hürufilər isə təbiətdəki
bütün varlıqları əzəli substansiya,
Tanrının özü bilir, onların inkişafda, hərəkətdə
və təkamüldə olduğunu düşünürlər.
Hürufiliyin banisinin aşağıdakı şeirlərinə
diqqət yetirin:
Deyirsən,
Tanrı nəşvü-nümada
(inkişaf
və artmaqda) deyil?
Bu nəşvü-nümanı
Tanrının özü bil!
Nə üçün şeylərin
naxışını onda görmüşəm?
Halbuki, onun zatında şeylərin naxışı yox
idi.
Nəfsi-küll bilikdən necə dəm vura bilər?
Axı məndən öncə o nəfs bilikli deyildi.
Tanrını
gecə-gündüz şeylərdə axtar,
Axtaran bilənin
eynən özüdür!
Nəimi
ona görə mənim üzümü gördü ki,
Məndən
başqa o gözdə görən yox idi!
İndi
soruşmaq lazımdır: bu fikirlərin harası, məsələn,
Şeyx Əttarın, Mövlananın, Şeyx Səfiəddin
Ərdəbilinin, yaxud Şah Nemətullahın və
başqalarının vəhdəti-vücuda əsaslanan əqidəsinə
uyğun gəlir?
Məst Mənsur
bizim "Ənəlhəqq"
nidalarımızı eşitsə,
Həm
bizim qanımızın axıdılmasına fitva verər,
həm
də dar ağacı gətirər.
Nəsimi
bu beytində Mənsur Həllaca olan rəğbətinə
baxmayaraq, hürufilərin dediyi "ənəlhəqq"lə
Mənsurun və digər vəhdəti-vücud tərəfdarlarının
söylədiyi "ənəlhəqq" arasındakı fərqi
aşkara çıxarır və göstərir ki, zahirən
oxşar olan bu iki məktəb arasında o qədər
prinsipial ziddiyyət vardır ki, əgər Mənsur sağ
olsaydı, ruhanilərə və müftilərə
qoşulub hürufilərin qanının tökülməsinə
fitva verərdi və onlar üçün dar ağacı
qurardı. Təsadüfi
deyildir ki, Şeyx Səfiəddin Ərdəbilinin xanəgahına
rəğbət bəsləyən və Ərdəbili ələ
keçirəndə ona çoxlu vəqflər
bağışlayan həmən Teymurləngin oğlu Fəzlullah
Nəimini vəhşicəsinə edam
etdirmiş və hürufilərin kütləvi surətdə
qırılmasına fərman vermişdir.
Zərrələrdən
"Həqiqətən, Mən Allaham"
sədası gələndən
Hər
bir zərrənin qəlbində üzün
təcəlla etmişdir.
Birdən
yoldakı torpaq cansızlar aləmindən
Özündən
çıxaraq səfər elədi və
nəşvü-nüma tapdı.
Nəimi,
gördünmü ki, fələyin gərdişindən
axırda
Yolun
torpağı necə birdən
dünyanı
göstərən cam oldu.
İmadəddin
Nəsiminin aşağıdakı beytləri də diqqətəlayiqdir:
[Biri] iki
görmək adətini tərk eylə, ey çəpgöz,
Çünki ruh və bədən bir həqiqət və
mahiyyətdir.
"Kon"
[sözündəki] "kaf" və "nun"
hərflərindən
bu gün yaranmamısan,
Əvvəlin
və axırın yoxdur, get,
sabahdan arxayın ol!
Deyirsən ki, bizdən başqa kimsə var?
Özündən
belə söhbət quraşdırma!
Yaşıl
ağacdan Kəlimə (Musaya)
"Mən
Allaham!" deyən kəs
Adəmin örtüksüz və riyasız
üzünün atəşi idi.
Daha
öncə misal gətirdiyimiz beytlərdə olduğu kimi, bu
nümunələrdə də heç bir yerdə
"mücərrəd ruh"dan və ya Haqqa qovuşmuş
müəyyən insanların ruhundan söhbət
açılmır və buradakı fikirlərin bəzi ariflərin
təlimində mühüm yer tutan "tənasüx" və
"hülul" kimi baxışlarla
barışmazlığı tamamilə aşkardır. Bu
beytlərdə və hürufi şairlərin divanlarında
tapılması mümkün olan saysız nümunələrdə
bütün şeylər və ünsürlər əzəli
varlığın zərrələri, insan isə bu
varlığın təkamül karvanının önündə
gedən cilvəgahı kimi təqdim olunur; belə ki, insan
olmadan o "nəfsi-küll" heç vaxt bilə,
danışa və görə bilməz. Bir
halda ki, bütün mövcudat əzəli varlığın
özü, insan da onun düşünən beyni, görən
gözü və danışan dilidir, nə üçün
insandan, insanın camalı və kamalından başqa bir
şeyə pərəstiş olunmalıdır?!
Məgər insan özünü dərk etməklə
pis xasiyyətləri özündən uzaqlaşdırıb
yaradıcı işi və çalışmaları ilə
öz əzəmətli səltənətini təbiət və
digər varlıqlar üzərində əbədiləşdirə
bilməzmi?
Hürufilik
məktəbi banilərinin fikrincə, bu iş
mümkündür və bu yolda çalışmaq
lazımdır:
Əgər
sənin yolunla gedən
insanların
önündən pərdə qalxsa,
Hər tərəfdə "Həqiqətən, mən
Allaham!"
söyləyənlər
min [dəfə] çox olar.
Bu dərviş
kimi məstlikdən ayılan
hər bir gəda (dilənçi)
Vəhdət aləmində Süleyman tək
sultanlıq edər.
Nəimi
Hürufilərin
ictimai baxışları ilə müxtəlif sufi
təriqətlərinin ictimai fikirləri arasındakı fərq
də məhz buradan qaynaqlanır və buna görə də
azad düşüncəli hürufilər səmimiyyət
yolunu tutaraq:
Mənsur
kimi "Ənəlhəqq" deyib hədsiz şövqdən
Bəla
dar ağacının başına nərə çəkərək
çıxaram
- beytinin
təsdiqi kimi, çəkinmədən qəflətdə
olan və yuxuya dalan məst insana "Ənəlhəqq"
hayqırırlar, tamah və acgözlüyü, qorxaqlıq və
acizliyi, israfçılıq və xəsisliyi, yalan və
nadürüstlüyü, riyakarlıq və
yaltaqlığı, zalımlara təslim olmağı, ötəri
və zahiri məqamları, tənbəllik və müftəxorluğu
insanın şəninə yaraşdırmırlar, sərbəstliyi,
qənaəti, cəsarəti, mərdliyi, düzlüyü, səmimiyyəti,
qardaşlığı, zalımlara qarşı mübarizəni,
ideallar yolunda fədakarlığı özlərinə həyat
tərzi seçib kiçikli-böyüklü,
müridli-mürşidli hamısı yaradıcı iş və
çalışmaq sayəsində öz zəhməti ilə
dolanır, mövcud və mövhum bütlərə
sitayişi rədd edərək, insana, insanın camal və
kamalına pərəstiş edirlər.
Hürufilik öz dövründə insansevərlik məktəbi,
ustalar, sənətkarlar və ziyalılar kimi zəhmətkeş
şəhər adamlarının təlimi olmuşdur. Onlar, hətta kamillik və
fəzilətə yetişdikdə belə, bununla
öyünmür, iş, peşə və
zəhmətlə öz həyatlarını təmin edirdilər. Hürufilərin
Teymur istilasına qarşı qiyamının səbəblərindən
biri də bu idi ki, bu qaniçən işğalçı hər
şəhərdə və diyarda həmin zəhmətkeş
insanların əziyyətinin bəhrəsini yandırıb
dağıdır, müxtəlif ustad sənətkarları
zorla vətənindən ayırıb özünə
fironsayağı bir paytaxt qurmaq üçün Səmərqəndə
göndərirdi.
Hürufilərin rəhbərləri hamılıqla
xalqın içərisindən çıxmışdı,
xalqa arxalanırdı və onların şairləri öz
şeirlərini olduqları yerin dilində yazırdılar ki,
hamı tərəfindən başa düşülsün. Buna görə
də hürufi hərəkatı Fəzlullahın
öldürülməsi ilə aradan getmədi və qısa
bir zamanda Yaxın və Orta Şərqin bütün şəhərlərini
bürüdü.
Hürufi fəlsəfəsi geridə qalmış
iqtisadiyyata malik mühafizəkar cəmiyyətlərin
qeyri-elmi, lakin hakim düşüncələrinə
qarşı duran sivil şəhər əhalisinin
dünyagörüşünə əsaslanırdı; o, dərin
elmi və ictimai təməllərə malik idi ki, kökləri
hətta Sasani dövrünə gedib çıxır. Bu təlimin
XIII-XIV əsrlərdə geniş yayılması həmin
dövrdə Yaxın və Orta Şərqdə
iqtisadiyyatın inkişafının, elm və mədəniyyətin
çiçəklənməsinin labüd nəticəsi idi.
Təəssüf ki, tarixi hücumlar və hərc-mərcliklər
həmin inkişafa sarsıdıcı zərbə vurdu və
bu tərəqqi dalğasını Asiyadan Avropaya qovdu. Bundan sonra daha Şərq aləmində Əbu
Əli Sina, Zəkəriyya Razi, Əbu Reyhan Biruni və Ömər
Xəyyam kimi alimlər yetişmədi.
Hürufilər
elə bir dövrdə meydana çıxdılar ki, Səlib
yürüşlərindən - insanların Tanrı, din və
məzhəb adına amansız şəkildə
bir-birinin qanını tökdüyü vaxtlardan uzun müddət
keçmirdi, bunun ardınca da Teymurun həmlələri yer
üzünü insanların qırıldığı məkana
çevirmişdi. Bu qaranlıq tarixi dövrdə
bir tərəfdən müsəlmanlar qeyri-islam məmləkətlərini
hücum və qarətə məruz qoyur, digər tərəfdən
də məzhəb ixtilafları və daxili
üsyançılar insanları bir-birinin canına
salırdı. Bütün
qırğın və dağıntıların ağır
yükü köməksiz xalq kütlələrinin
çiyninə düşürdü. Fikir adamları bu
işin çarəsini yaxşı bilirdilər, amma ayrı
variant yox idi: müftilərin və ruhani adlanan zümrənin
təkfir çubuğu Domokl qılıncı kimi hər bir
azad düşüncəli etirazçının başı
üzərindən asıldığı üçün istər-istəməz
hər bir hərəkat dini qiyafə almalı idi. Belə bir
şəraitdə hürufilik təlimi və ya insanpərəstlik
məktəbi zülm və bəla içərisində
çırpınan adamların köməyinə tələsmişdi
və həmin təlimin böyük təbliğatçısı
olan Nəsimi yolunu itirmiş insanları bu cür məzəmmət
edirdi:
Məscid
və meyxana, Kəbə və bütxana birdir,
Ey bizim
küçəmizin yolunu səhv salan kəs, ev
birdir!
Qüsurlu
göz səhvən biri iki görsə də,
Aydındır
ki, ürək, dilbər və canan birdir!
O, hətta
Hafizə də (İmadəddin Nəsimi Şirazın məşhur
qəzəlxanının kiçik müasiri idi) hürufi
istiarələrinin dili ilə nəsihət verirdi:
Onun xətti
uşaqlar kimi mələklərin
dizi
üstünə lövhə qoyur,
Ey Quran
Hafizi, sən bu yeddi ayəni əzbərlə!
Və
dünya malını və nemətini insani dəyərlərdən
üstün tutanları istehza və məsxərə hədəfinə
çevirərək deyirdi:
Sən
indi torpağı və daşı qiymətli
gövhər adlandırırsan,
Məgər
insan bu gözəllik və saflığı ilə
gövhər deyilmi?!
***
Elmin və
texnikanın inkişafı sayəsində dünyanın və
həyatın dərki ilə bağlı ortaya çıxan
elmi nəticələr təkcə hürufilik
davamçılarına məxsus ola bilməzdi,
dövrün mütərəqqi fikir cərəyanı kimi
istər-istəməz bütün böyük mütəfəkkirlərin
zehninə hakim kəsilərək özünə yol
açırdı. Belə ki, hürufi
ideyalarının yayılması ilə təqribən eyni
vaxtda hürufi fəlsəfəsinin əsasları ilə tam
həmfikir olan cərəyanlar meydana çıxdı. Bu sıradan Məhəmməd Hacı Bəktaşın
rəhbərlik etdiyi bəktaşiyyə təriqətini
göstərmək olar ki, hələ də Türkiyə,
Misir və Suriyada çoxsaylı tərəfdarları
vardır. Ondan da mühümü Şeyx
Bədrəddin Simavinin hərəkatını qeyd etmək
lazımdır.
Şeyx Bədrəddinin,
əslində, hürufiliyin başlıca məzmununu ehtiva edən
fəlsəfi və ictimai düşüncələri
qısa zamanda Kiçik Asiya əhalisinin geniş və
müxtəlif təbəqələri arasında heyrətamiz
bir sürətlə yayıldı, hətta İldırım
Bayəzidin bəzi oğulları, məsələn, Musa
Çələbi onun tərəfdarı oldu. Şeyxin
mənəvi nüfuzu o həddə çatdı ki, Sakız
adasında (5) yaşayan xristianların rəhbəri və
Kiçik Asiya yəhudilərinin bir çoxu onun müridləri
oldular. Şeyxin tərəfdarları bir
sıra yerlərdə silahlı dəstələr yaradıb
Dəliorman kimi geniş əraziləri tutmaqla onun ictimai və
iqtisadi baxışları əsasında yeni cəmiyyətlər
təşkil etdilər.
Şeyx Bədrəddin
hərəkatı son nəticədə İldırım Bayəzidin
oğlu Sultan Mehmed Çələbinin qoşunu tərəfindən
darmadağın edildi; belə ki, təkcə bir
döyüşdə Şeyxin əyninə kəfən geyərək
Börklücə Mustafanın rəhbərliyi altında heyrətamiz
fədakarlıqla vuruşan 12 min müridindən 8 mini həlak
oldu. Şeyxin özü isə yaxalanaraq Sultan
Mehmedin əmri ilə mühakimə olundu. Məhkəmədə "malı haram, qanı
halaldır" deyən Mövlana Heydər Əcəminin
fitvası əsasında ölümə məhkum olunaraq dar
ağacından asıldı. Deyilənə
görə, məhkəmədə Şeyxdən soruşublar
ki, öz fikrincə, tutduğun işlərin müqabilində
hansı cəzaya layiqsən? Şeyx sual
verib ki, bunu öz əqidəmə əsasən müəyyənləşdirim,
ya sizin əqidənizə görə? Deyiblər
ki, bizim əqidəmizə əsasən. Şeyx
cavab verib ki, bu halda mənim cəzam ölümdür. Bu tarixi rəvayət Şeyx Bədrəddinin
qeyri-adi cəsarət və şücaətinin bir nümunəsidir.
Bu mövzunun əhatə dairəsi son dərəcə
genişdir, elmi və tarixi baxımdan olduqca diqqətəlayiq
və əhəmiyyətlidir. Təəssüf ki,
bu müqəddimə onun barəsində daha ətraflı
söhbətə imkan vermir. Odur ki, burada həmin
mövzunu bitirməyə məcbur olub divan sahibi, məşhur
hürufi şairi İmadəddin Nəsimi haqqında
yığcam surətdə bəhs edirəm.
***
Azərbaycanın ünlü şairi Seyid İmadəddin
Əli Nəsimi Şirvani hürufiliyin böyük təbliğatçısı
və Fəzlullah Nəimi yolunun səmimi
davamçılarından biri olmuşdur. Hürufilik təlimi
haqqında dediklərimiz, əslində, həm də bu dəyərli
şairin düşüncələrinin və şeirlərinin
məzmununun təhlilidir və biz bu aydın
baxışlı insansevər sənətkarın fikir və
ideya baxımından təqdiminə çox da ehtiyac
görmürük, buna görə də onun şərəfli
həyatı və kədərli ölümünün
qısa tarixçəsini xatırlamaqla kifayətlənirik.
Nəsiminin doğum və ölüm tarixi, anadan
olduğu yer və uşaqlıq illəri barədə dəqiq
məlumatlar əldə yoxdur. Təzkirəçilər
bu barədə müxtəlif rəvayətlər nəql
etmişlər. Onun doğulduğu yeri bəziləri
Bağdadın Nəsim bölgəsi, bəziləri Təbriz,
bəziləri Şiraz, bəziləri də Şirvanda yerləşən
Şamaxı kimi göstərmişlər. Şair ən çox və ən sadə şeirlərini
Azərbaycan türkcəsində yazdığından, yəqin
ki, gənclik illərini Bakı limanında
keçirmişdir. Onun qardaşı
Şah Xəndan Şirvanın məşhur ariflərindən
olmuşdur və məqbərəsi hazırda həmən
şəhərdəki (Şamaxıdakı) eyniadlı qəbiristanlıqda
qalmaqdadır. Buna görə də Nəsiminin doğum
yeri barədə sonuncu fikir həqiqətə daha yaxın
görünür:
Ey Nəsimi,
Allah "Mənim yerim genişdir"
dediyi üçün
Bakı ərazisini
tərk elə, bura sənin yerin deyildir!
Əlbəttə, Nəsimi bu şeiri Fəzlullah Nəimi
öldürüldükdən sonra, ustadın vəsiyyətinə
əsasən, Bakıdan mühacirət etmək lazım gəldiyi
zaman yazmışdır. Mühacirətdən sonra da Nəsimi daha
çox türkdilli tayfalar içərisində
yaşamış və bu dildə çoxlu şeirlər
yazmışdır. Hətta bu gün də onun Hələbdəki
məqbərəsi üzərində Azərbaycan türkcəsində
çoxlu lövhələr vardır ki,
aşağıdakı şeir də onlardan biridir:
Yüzüldün,
dönmədin mərdanəlikdən,
Xudayə böylədir hübbi-səmimi.
Kəsafətdən
çıxub oldun bihəqqə,
Gülüstani-ilahinin
nəsimi!
Şeirdəki
"taqətdən düşdün" mənasını
verən "yüzüldün" kəlməsi ilə
bağlı bu sətirlərin müəllifinin fikri belədir
ki, ola bilər, əslində, bu söz
"yazıldın" şəklində olmuşdur, onun Azərbaycan
dilindəki məsdəri olan "yazılmaq" həm
"qələmə alınmaq", həm də "ətin
lay-lay doğranması" anlamını verir və Nəsiminin
dərisi bədənindən soyulduğu üçün
sonuncu məna daha münasibdir.
Nəsiminin 1369-cu ildə doğulduğu ehtimal olunur, vəfat
tarixi kimi isə 1404, 1417, 1427-ci illər göstərilir. Sovet İttifaqında
şair haqqında çoxsaylı tədqiqatlar aparmış
"Azərbaycan ədəbiyyatı tarixi"nin
müəllifləri 1417-ci ili doğru bilirlər.
Şairin qısa adı Seyid Əlidir, "İmadəddin"
o dövrün qaydasına uyğun olan ləqəbidir. Əvvəlcə
"Haşimi", "Seyid", bir müddət də
"Hüseyni" təxəllüsü ilə
yazmış, "Nəsimi" təxəllüsünü
isə Fəzlullahla tanışlıqdan və hürufiliyə
qoşulduqdan sonra götürmüşdür.
Seyid
Əli gənclikdə isna əşəri şiə
olmuş, həzrət peyğəmbərin və pak
imamların mədhində çoxlu şeirlər
yazmışdır:
Canü
dildən Mustafavü Mürtəza məddahiyəm,
Həm bu on iki imamə söylərəm mədhü səna.
Bu şeirin forma və məzmunu göstərir ki,
şairin yaradıcılığa başladığı ilk
dövrlərdə yazılmışdır, çünki bədii
gözəllik baxımından şairin çoxsaylı
mükəmməl şeirləri ilə müqayisəyə gəlmir,
məzmun baxımından da qarışıq və
naşı xarakterlidir. Məsələn, birinci imamın
adını ilk misrada çəksə də, ikinci misrada onu
12 imam sırasında təkrarlamışdır.
Şair çox tez, olsun ki, qardaşının təsiri
ilə təsəvvüfə meyil etmiş və Mənsur
Hüseyn Həllaca böyük rəğbət bəsləmişdir. Bu üzdən,
deyildiyi kimi, bir müddət şeirlərini
"Hüseyni" təxəllüsü ilə
yazmışdır. Nəhayət, o, Şirvanda Fəzlullah
Nəimi ilə tanış olmuş,
hürufiliyi qəbul etmiş və bu təlimin qorxmaz təbliğatçılarından
birinə çevrilmişdir. Nəsimi,
böyük ehtimalla, öz ustadının kürəkəni
də olmuşdur. Belə ki, Fəzlullahın
vəsiyyətnaməsindəki tövsiyələrindən biri
də kiçik qızının Seyid Əli ilə izdivaca
girməsi idi. Nəiminin yaxınları
arasında Nəsimidən başqa Seyid Əli adını
daşıyan kimsə yox idi, odur ki, ustad elə Nəsimini nəzərdə
tuturdu və şairin onun vəsiyyətinə əməl etməməsi
inandırıcı deyil.
Fəzlullahın
faciəli edamından, hürufilərin Teymurilər və
Şirvanşah tərəfindən amansızlıqla təqib
edilməsindən sonra Nəsimi Bakıdan Anadoluya gedir, fəlsəfi
qəzəlləri ilə hürufiliyi təbliğ edərək
tezliklə böyük şöhrət və çoxlu tərəfdarlar
qazanır, şeirləri əldən-ələ gəzir. Bugünkü Türkiyənin kitabxanalarında Nəsimi
divanının çoxsaylı nüsxələrinin
mövcudluğu buna ən böyük sübutdur. Hürufilər Anadoluda da güclü təqib
olunduğundan Nəsimi Hələbə gedib orada məskən
salır. Hələb şəhəri o
dövrdə mühüm ticarət mərkəzlərindən
biri sayılırdı və Misir məmlüklər sülaləsinin
idarəçiliyi altında idi. Həmin
şəhərdə çoxsaylı türkdilli tayfalar
yaşayırdı. Nəsimi Hələbdə
böyük nüfuz qazanaraq çoxlu tərəfdarlar
topladı. Onun fikirlərinin günbəgün artan
sürətlə yayılması ruhanilərin və Misir
padşahı Sultan Müəyyədin diqqətini cəlb elədi
və bu, şairin mühakimə və edam olunması ilə
nəticələndi. "Künuz əz-zəhəb"
adlı ərəb mənbəsində şairin edamı
haqqında deyilir:
"Zındıq Əli ən-Nəsimi Yəşbəkin
dövründə qətlə yetirildi. O zaman "ədalət
evi"ndə (darül-ədl) İbn Xətib ən-Nəsiri,
qazi əl-qüzatın müavini Şəmsəddin ibn
Əminəddövlə, Şeyx İzzəddin, eləcə
də qazi əl-qüzat Fəthəddin Maliki və qazi əl-qüzat
Şəhabəddin əl-Hənbəlinin iştirakı ilə
Nəsiminin mühakiməsi oldu. O, bəzi nadan və
ağılsız adamları aldadıb yoldan
çıxarmışdı, onlar da küfr,
allahsızlıq və zındıqlıqda onun
davamçıları olmuşdular. Bu məsələni
İbn əş-Şənqəş əl-Hənbəli
qazıların və üləmanın məclisində
qaldırmışdı. Vəkil ona
demişdi ki, əgər onun barəsində dediklərini
sübut etsən, səni öldürməyəcəyəm.
Nəsimi də kəlmeyi-şəhadəti
dedikdən sonra barəsində deyilənləri inkar və rədd
elədi. Bu əsnada Şeyx Şəhabəddin bin Hilal
məclisə daxil olub yuxarı başda oturdu və belə
bir fitva verdi ki, o, allahsızdır, qətlə
yetirilməlidir, tövbəsi də qəbul olunmamalıdır.
İbn Hilal soruşdu: "Bəs nə üçün onu
öldürmürsünüz?". Maliki
ona dedi: "Sən bu fitvanı öz əlinlə yazmağa
hazırsanmı?" O cavab verdi ki, bəli
və dərhal bir fitva yazdı. Məclis əhli
hamılıqla fitvanı nəzərdən keçirdilər.
Maliki dedi: "Qazı və üləmalar səninlə
razı deyillər, mən təkcə sənin sözünlə
onu necə qətlə yetirə bilərəm? Mən
onu öldürməyəcəyəm, çünki Sultan mənə
göstəriş verib ki, onu bu məsələ ilə
bağlı məlumatlandırım. Görək
Sultan bu barədə nə əmr verəcək". Beləliklə, məhkəmə məclisi başa
çatdı və iştirakçılar
dağılışdılar. Nəsimi də
həbsdə qaldı. Sultan Müəyyəd bu məsələ
ilə tanış olduqdan sonra belə bir əmr
verdi ki, onun dərisini soymalı və yeddi gün Hələb
şəhərində camaatın tamaşasına
qoymalıdırlar. Onun əli və ayağı da kəsilməli,
biri Əli bəy ibn Zülqədərə, digəri onun
qardaşı Nəsirəddinə, biri də Osman Qaraelliyə
göndərilməlidir, çünki bu şəxs onları
da yoldan azdırmışdı. Belə də
oldu. Bu şəxs, nəuzubillah, kafir və
mülhid idi, deyirlər, incə şeirlər də
yazmışdır".
Bu məlumat göstərir ki, şairin fikirlərinin təsiri
hansı həddə olmuşdur və hürufilik hərəkatı
dini bir təriqət hüdudlarını aşaraq
mühüm bir siyasi cərəyana çevrilmişdir; belə
ki, hətta Sultan Müəyyədin hakimiyyətini təhlükə
ilə üzləşdirmişdir. Şairin mühakiməsi və faciəli
şəkildə edam edilməsi Sultan
Müəyyədin birbaşa əmri ilə qabaqcadan
hazırlıq görülməklə həyata
keçirilmiş və tamamilə siyasi xarakter
daşımışdır (6).
Nəsiminin
edam edilməsinin gedişi və dərisinin
soyulması, əzablı ölüm zamanı şairin
göstərdiyi heyrətamiz dözüm və şücaət
barədə çoxlu rəvayətlər vardır. Onlar şairin əzəmətli iradə və
inamının, onun bəşəri ideallar naminə misilsiz fədakarlığının
göstəricisidir və biz söhbəti uzatmamaq
üçün onları danışmaqdan vaz keçirik (7).
Türkdilli xalqların ədəbiyyatında çox az şair tapılar ki, bu qəhrəman söz
ustasının adını yaxşılıqla və hörmətlə
yad etməsin, onun uca şəxsiyyətini insan dönməzliyi
və mətanətinin nümunəsi kimi öyməsin. Bu məşhur ad hətta folklora da keçmiş, mərdlik
və şücaət rəmzi kimi zərbül-məsələ
çevrilmişdir. Xalqın bir-birini əvəz
edən nəsillərinin (hətta bu gün artıq onun dilini
başa düşməyənlərin) bu şəhid şairə
ehtiramı o həddə olmuşdur ki, saxta ruhanilərin və
müxtəlif dövrlərdəki hakimiyyət sahiblərinin
təkfirlərinə, düşmən münasibətinə,
ədavət və kin-küdurətinə baxmayaraq, onun məqbərəsini
çağımıza qədər qorumuşlar. Hazırda onun Hələb şəhərindəki məqbərəsi
həqiqət və ədəbiyyat aşiqlərinin ziyarətgahıdır.
Şübhəsiz, dünya durduqca, bu ölməz
şəxsiyyətin pak məzarı da həmişəlik
qalacaqdır.
***
Nəsimi
Azərbaycan türkcəsi, fars və ərəb
dillərində qalın divanlarından ibarət zəngin və
qiymətli ədəbi irs yadigar qoymuşdur. Təəssüf
ki, onun ərəbcə divanının çox az bir hissəsi günümüzə qədər
gəlib çatmışdır. Onun
divanlarında qəsidə və məsnəviləri də vardır.
Yaradıcılığında mürəkkəb
təkamül yolu keçmiş bu dahi şair və mütəfəkkirin
əsərlərinin elmi təhlili cansız elementlərin
düşünən insana qədər keçdiyi təkamül
prosesini təhlil etmək qədər son dərəcə
çətin və xeyli zaman tələb edən bir işdir
və yalnız böyük bir institut uzun illər boyu
davamlı surətdə çalışmaqla onun öhdəsindən
gələ bilər. Yəni bu iş nəinki
hazırkı müqəddimənin çərçivəsindən
kənardır, həm də bu sətirlərin müəllifinin
imkanı xaricindədir. Bu böyük sənət
və düşüncə fenomeninin şeirlərində ən
adi və əlaqəsiz fikirlərdən tutmuş müasir və
bəlkə də gələcək alimlərin ən mütərəqqi
nəzəriyyələrinə qədər geniş ideyalar aləminə
rast gəlmək mümkündür. Aydındır
ki, şair məfkurə baxımından bu uzun təkamül
yolunu bir gündə keçməmiş, çoxlu
düşüncə dəyişikliklərinə
uğrayıb, ustadının təbirincə desək,
"yolun torpağından dünyanı göstərən
cama çevrilmişdir". Yəqin ki,
bir gün səlahiyyətli tədqiqatçılar Şərqin
bu böyük mütəfəkkirinin ideyalarını elm
mikroskopunun altında nəzərdən keçirib hələlik
görkəmli Qərb alimlərinin kəşfində aciz
qaldıqları sirləri aşkar edəcəklər. Mənim
deməyə səlahiyyətli olduğum və yalnız yol
göstərmək mahiyyəti daşıyan söz budur ki, kəlamının
bədii qüdrəti, yüksək və mənalarla dolu məzmunu
baxımından İmadəddin Nəsimi Azərbaycan dilində
yaranmış poeziyanın atasıdır, özünün ən
çox, ən gözəl və ən dərin şeirlərini
bu dildə yazmışdır. Bu məşhur
söz ustadının və bəşəri ideallar
mücahidinin farsca divanını nəşr etməklə onu
İranın farsdilli auditoriyasına tanıtması professor
Rüstəm Əliyevin digər dəyərli xidmətləri
ilə yanaşı, ölkəmizin tarix və ədəbiyyatına
göstərdiyi daha bir nəhəng xidmətdir. Bizim borcumuz isə ona cansağlığı və
müvəffəqiyyət arzulamaq, zəhmətlərinə
qiymət verməkdir.
Qeydlər:
1) Pralogik
və ya mimestik - məntiqdən əvvəlki dövrə aid
olan təfəkkür tərzi; həmin dövrdə bəşəriyyət
hər şeydə, o cümlədən rəqəmlər, hərflər,
sözlər və adlarda sirli xüsusiyyətlərin
olduğunu düşünürdü. "Hermetik"
(Hermes Trismegistin adı ilə) və ya "ezoterik" (yəni
lədünni) elm adlanan sirli və rəmzli "elmlərin"
ilkin kökləri məhz həmin qədim dövrdən
başlayır.
2) Mansərik
- pəhləvicə Tanrı kəlamı mənasını
verən "mansər" sözündəndir. Bu kəlamdan düzəldilən dualara "mansər
espənd" deyirdilər. Həmin dualar hər
cür müalicə vasitəsi sayılırdı.
Müasir fars dilindən qalmış
"məntər" sözü həmin kökdəndir.
3)
Elmi-hüruf - hərflərin xüsusi rəmz və mənalara
malik olduğunu düşünmək, məsələn, əbcəd,
cümməl hesabı, ərəb əlifbasındakı 28 hərfin
14 şimal, 14 cənub bürcünə, yaxud qaranlıq və
işıqlı hərflərə bölünməsi və
s.
4)
Kabbalistik - "Kabbala" sözündəndir və bu
söz qədim ibrani dilində "rəvayət, adət-ənənə"
mənasını verir. Onun ərəbcə
"qəbalə" sözü ilə eyni kökdən
olması mümkündür. Kabbala hərflər
və rəqəmlərin rolu haqqında mistik yəhudi təlimidir.
Bu təlim öz hökmlərinin statusunu
"Tövrat"dakı hökmlərə qədər
qaldırırdı və onları müqəddəs mətnlər
elan edirdi. Kabbala təliminin əsas
kitablarından biri "Sefer Yezirə", yaxud
"Yaradılış Kitabı"dır ki, VI-VII əsrlərdə
ibranicə yazılmışdır. Kitabın
naməlum müəllifi bu fikirdədir ki, xilqət 10 rəqəmə
və ibri əlifbasının 22 hərfinə əsaslanır.
(Yuxarıdakı izahlar adıçəkilən
kitabdan götürülmüşdür).
5)
Türkiyənin İzmir şəhəri sahillərinin
yaxınlığında yunanların yaşadığı
ada.
6) Sovet Azərbaycanının
məşhur şairi Rəsul Rza 1968-ci ildə elm və mədəniyyət
xadimlərindən ibarət bir heyətin rəhbəri kimi
şairin Suriyadakı məqbərəsini ziyarət etmiş
və Bakıda çap olunan "Ədəbiyyat və incəsənət"
qəzetində belə yazmışdır:
"Hələb
şəhərində Nəsimi adına
bir küçə vardır ki, şairin məqbərəsi
orada yerləşir, eləcə də onun nəslindən olan
və öz ulu babalarının adını qoruyub saxlayan
40-50 ailə həmin küçədə yaşayır. Şəhərin kitabxanasında bizə "Hələb
tarixinə dair materiallar" adlı bir kitab göstərdilər.
Kitabın 7-ci cildinin 114-cü səhifəsində belə
yazılmışdı: "820-ci il - Hələb şəhərində
yaşayan Nəsimi bu ildə öldürüldü. O,
hürufilərin şeyxi idi və çoxlu tərəfdarları
vardı. Dövrün hökmdarı onun tərəfdarlarının
günbəgün artdığını görüb fərman
verdi ki, onun boynu vurulsun, dərisi soyulsun və
dar ağacından asılsın" ("Ədəbiyyat və
incəsənət" qəzeti, 28 dekabr 1968-ci il).
Bu məlumat
yuxarıda deyilənləri təsdiqləyir və hicri-qəməri
820-ci ili çevirsək, 1417-ci il
alınır ki, bu da "Azərbaycan ədəbiyyatı
tarixi" müəlliflərinin fikrinə tam uyğun gəlir.
7) Bu rəvayəti
xatırlatmaq yerinə düşər ki, deyirlər,
şairin edam olunması və dərisinin
soyulması zamanı orada iştirak edən müftilərdən
biri söyləmişdir: "Bu şəxs o qədər
çirkin və məlundur ki, əgər bir müsəlmanın
bədəninin hansısa hissəsinə onun qanı
düşsə, həmin hissəni kəsib atmaq
lazımdır". Elə həmin əsnada
şairin qanından bir damla müftinin barmağına
düşür. Adamlar deyir: "Öz fitvana əsasən,
gərək sənin barmağın kəsilə".
Müfti özünü itirib deyir: "Mən bunu sözgəlişi
söylədim, məqsədim o deyildi ki, hökmən bunu etmək
lazımdır". Dözülməz ağrı içində
bu halı seyr edən Nəsimi aşağıdakı beyti
deyir:
Zahidin bir
barmağın kəssən, dönər həqdən
keçər,
Gör bu miskin aşiqi sərpa soyarlar, ağlamaz.
Bu hadisə əfsanəyə bənzəsə də,
şeirin Nəsimi tərəfindən
yazıldığına heç bir şübhə yoxdur və
onun məzmunu da tam həqiqətdir.
Məsiağa Məhəmmədi
Ədəbiyyat qəzeti.- 2019.- 15
iyun.- S.26-28.