Dərdli pişik
haqqında ballada
hekayə
Hekayənin mərkəzində
insan durmur...amma həm də
durur.
Onun dünyasının
rəngi solmuşdu. Yox, soldurmuşdular
bu dünyanın rəngini. Özünə
qalsa, daha düzü, təbiət qanunlarına qalsa, bu dünyanın rəngləri hələ
indi-indi bəlli olurdu...
Mavi, qəhvəyi
güllü, naxışlı
parçayla üzlənmiş
divana uzatmışdılar
onu. Amma bu gözəl, yumşaq
divan elə bil bir od idi, yandırırdı canını. Elə bilirdilər, yatıb,
rahatdı. Amma yatmaq
nədi, rahatlıq nədi? O, yarıyumulu
gözləriylə görürdü,
haqqında danışılanları
eşidirdi və... başa düşürdü...
- Pişiyə nə olub, niyə belə halsız uzanıb? Tərpənmir ki?..
- Əməliyyatdan gətirmişik,
narkoz veriblər.
- A-aaa...
- Nə edək daha, yazdı, bala verən vaxtıdı bunların, gündə balalasa, yığıb-yığışdırmaq olmaz... Həkimlə məsləhətləşdik...
- Bəs... yazıq...
o da canlıdı axı... hiss edir e hər şeyi, gör necə kədərlidi...
- Yox e, indi hamı
belə edir, elə mat qalmısan ki, elə bil
heç eşitməmisən
belə şey.
- Eşitmişəm, amma görməmişdim... Məncə,
bu, günahdı, nahaq belə elədiz, elə bütün heyvan saxlayanlar da, kim belə
edirsə, böyük
günah qazanır. Allahın işinə əl aparmaqdı e bu...
- Eh, sən də elə hər addımda günah görürsən, bizim başımızda görünməyib
ki. Dünyada belədi, başa
düş, hər yerdə.
- Elə dünya da günah içindədi
də, görən, kimin üzünə yağır bu rəhmət yağışı?
... Yağış yağırdı
küçədə. Kimin üzünə
yağdığını isə heç özü də bilmirdi, hər damlasını bir ahənglə dövr elətdirən bilirdi.
Və... hər
şeyi bilirdi, hətta ürəklərdə
gizlin olanları da. Axı böyük
Kitabdan tutmuş, enerjinin itməməsi qanununa qədər O pıçıldamışdı insana... "Amma bir ibrət alan varmı?".
Mavi, qəhvəyi
güllü divanda yumaq kimi yumurlanmış
halsız pişik də hərdən pəncərədən yağışa
baxırdı. Yağışın və saatın
əqrəblərinin eyni
ahənglə təkrar
olunan aramsız səsinə quşların
şən civiltisi də qoşulurdu arabir. Yazıydı. Quşların bala çıxaran
vaxtıydı. Pişik göynəyə-göynəyə
düşünürdü ki, bu azad
quşların ana olmasına, bala bəsləyib sevincli günlər yaşamasına
heç kəs, heç bir ikiayaqlı qatil mane olmayacaq. Onlar şən səslə
oxuyacaq, budaqdan-budağa
qonacaq, çör-çöp
daşıyıb yuva
tikəcək, bala çıxaracaq, ana olmağın sevincini yaşayacaq. O isə...
Heç vaxt, heç vaxt ana olmayacaq! Çünki sahibi, sahibəsi belə istəmişdi!
Onlar ona ən dadlı yeməklər yedizdirir, bahalı şampunlarla onu çimizdirir, gəzdirir, oynadırdılar. Nə üçün?
Özlərinə əyləncə
olsun deyə, evlərinə müsbət
enerji versin deyə, uşaqlarına...
Yox, uşaqları yox idi hələ...
Qoy heç olmasın da!!! Qoy onlar da
övlad sevinci dadmasın!!!
... Aylar keçmişdi. Düzdü, balaca, dərdli pişik ayların nə demək olduğunu, necə keçib ilə döndüyünü, ömür
karvanının günlərdən,
aylardan, illərdən
ibarət olduğunu bilmirdi. Bircə onu bilirdi ki, hər günü
ötən günlərinə
bənzəyir, rəngi
solan dünyası da getdikcə solğunlaşır, rəngsizləşir.
İndi
o, heç gəzintiyə,
küçəyə-bayıra çıxmağa da həvəs göstərmirdi.
Küçədə balalarını ağzında
ora-bura daşıyan pişikləri görəndə
günlərlə özünə
gələ bilmirdi.
Elə bil bir daş asılırdı
boğazından... Bu, qəhər
idi... Bu, kədər idi...
Gün gəldi, onu bu kədərlə "mükafatlandıran" sahiblərinə
də elə bu kədərin özündən pay düşdü;
uzun müayinələrdən
sonra sahibəsinin də onlara övlad sevinci bəxş edəcək orqanı götürüldü...
Dərdli pişik görürdü
bunları, danışılanları
eşidir, sahiblərinin
kədərini hiss edirdi. Bilmirdi,
buna sevinsin, ya kədərlənsin...
...Yenə aylar keçdi, bəlkə də, illər, nə bilim, nağıl dili yüyrək olar. Gözgörəsi solan, həyatın
hər bir sevincindən əl götürən sahibi və sahibəsi daha ona - bu
canlı əyləncəyə
məhəl qoymur, əsəbi-əsəbi gəzib-dolanırdılar.
İş o yerə çatmışdı
ki, onu yedirtmək,
gəzdirmək belə
yadlarına düşmürdü.
Dərdli pişik yazıq-yazıq
baxır, astadan, kədərli səslə
miyoldayırdı. Daha həmişəki
qayğı, diqqət
yox idi, yeməyi dördbucaqlı
köhnə qabına
tökür, onu da deyinə-deyinə qaba sarı itələyirdilər.
Arada "Pişik
saxlamaq bizə düşmədi" kimi
sözləri də qulağı çalırdı. Candərdi, ölməməkçün
yeyirdi, sonra da əllərini qabağa uzadıb uzanır, başını
əllərinə söykəyir,
saatlarla tərpənmədən,
eyni vəziyyətdə
qalırdı. Sahiblərinə də maraqsızdı artıq bu canlı.
Həm də əlavə xərc kimi baxdıqlarından günün
birində aparıb dinməz-söyləməz küçəyə,
blokun qabağında yerə qoydular. İllərin, bütöv
bir ömrün, məhrum etdikləri hər şeyin qarşılığında
yemək də tökdülər qabağına.
...Dərdli pişik elə burda - blokun qabağındakı
pilləkənin yanında
yaşamağa başladı.
...Amma daha aylar
keçmirdi. O, hər
gün tapdığından
yeyir, günlərinin
yarıdan çoxunu uzanıb düşünmək
və yatmaqla keçirirdi. Düşünürdü, niyə biz heyvanlar
adamları anlayıb başa düşürük,
onlarsa bizi yox. Bəlkə, onlar elə bilir, biz oyuncağıq, canlıyıq axı biz!
Xəyallarında başqa idi hər şey. Özünə oxşayan mavigözlü,
uzun, yumşaq tüklü balaları vardı, hamısı da ağappaq. Və o, dünyanın ədalətindən danışırdı
balalarına: heyvanların
hüquqlarını müdafiə
cəmiyyətlərindən, xəz dərili heyvanları ovlayanlara qarşı etiraz aksiyalarından,.. bir də itləri, pişikləri analıq (həm də atalıq) hissindən məhrum edənlərin cəzalandırılmasından...
Hicran HÜSEYNOVA
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.25.