Dost gəlişi
hekayə
"Müstəqillik və
quruculuq" silsiləsindən
Cahangir Kəngərlinin "mobilinə" mesaj gəldi. Tənbəllik etmədən
cəld açıb oxudu: "Yaxın günlərdə
Naxçıvanda olacağam. Sənlə
görüşmək, şəhərinizi doyunca gəzib-dolaşmaq
arzusundayam. Bu arzunu məndə
tanış-bilişlər yaradıb. O qədər tərif
ediblər ki, sizin tərəfləri. Nə isə... Gələrəm,
görərəm! Hələlik. Tələbəlik dostun Turan". Əslində, Cahangir müəllim belə mesaj xəbərdarlıqlarına
və yaxud zənglərinə artıq neçə illərdi
adətkərdə olub. Təkcə "adətkərdə
olub" yox, elə Bakıdan, Gəncədən, Lənkərandan,
nə bilim daha haralardan, hətta xaricdən də təşrif
buyuran neçə dost-tanışını telefon xəbərdarlıqlarının
ardınca doğma şəhəri Naxçıvanda əziz
qonağı kimi qarşılamış, duz-çörəyi
təzələmiş, olmazın hörmət-izzətlə
yola salmışdır.
Əslən
Ağdam əhli olan, universitetdə oxuyarkən 4 il bir yataqxanada, bir otaqda
qaldığı, 15-20 ildir Azərbaycandan uzaqlarda -
Rusiyanın paytaxtında yaşayan Turanın hansı məqsədlə
gələcəyinin fərqində deyildi. Təki
gəlsin, görüşsünlər. Turanın
cəmisi bircə dəfə ayağı Naxçıvana dəymişdi.
O da Cahangir Kəngərlinin toyunda. Ondan bu yana
yazışsalar, zəngləşsələr də, heç
əməlli-başlı görüşə bilməmişlər.
Aradan heç onca gün adlamamışdı ki, Cahangir
müəllimin telefonu səsləndi. Açdı. Turan idi. Moskvadan
danışırdı. Gələcəyi
vaxtı bildirirdi.
Cahangir müəllimin ürək
çırpıntıları ilə gözlədiyi gün,
saat gəlib çatmışdı. O öz
maşınında Naxçıvanın hava qapısına
yollandı. Təyyarə vaxtında gəlib
çıxdı. Çox çəkmədi
ki, köhnə dostlar ətrafdakıların da nəzərini
cəlb edəcək qədər mehribanlıqla
görüşdülər. Dönə-dönə
qucaqlaşdılar. Elə qoşaca da
maşına tərəf getdilər. Fürsət edib
sağına-soluna heyrətlə nəzər salan Turan:
- Hə,
dostum, deyəsən, mənə səhv anlatmayıblar.
Naxçıvan artıq başqa aləmdir, - deyə
gördüklərindən vəcdə gələrək dilləndi:
- Elədir,
Turan, indi hər şey dəyişib, yeniləşib.
Sonra
yarızarafat, yarıgerçək: - Elə biz
özümüz də az dəyişməmişik. Sovetin şinelindən
çıxsaq da, yeni ab-havaya əlüstü öyrəşmişik.
Turan
gülümsədi və dedi:
- Hiss edirəm,
qardaşım, hiss edirəm... düz
deyirsən. Hər şey dəyişib.
Amma sən, maşallah, o vaxt necəydin, eləcə də
qalmısan: həm cavan, həm də gümrah.
-
Heç sən də pis deyilsən ha, Turan.
- Yox,
Cahangir, meqapolis mühiti darıxdırıcı olmasa da, o
şəhərin də özünə xas dərd-səri
var. Əsası da odur ki, yurd, vətən həsrətindən
yaxanı qurtara bilmirsən. Qəribçilik
necə olsa öz işini görür. Yad adam olmağının
ağrı-acısını yaşayırsan. Heyif
deyil doğma el-obamız. Qoy bir Qarabağ
azad olunsun, Moskvada qalası deyiləm. Birbaş
Ağdama, doğma kəndimizə gələcəyəm...
Heç olmasa, orada kiçik bir könərcə yaradıb
yay aylarını
kəndimizdə keçirəcəm.
-
Yaralı yerimizə toxundun, ay Turan... Allah
arzularını çin etsin.
- İnan, doğru sözümdür, Cahangir,
yaşım ötməsəydi, gəlib könüllü
olaraq orduya gedərdim. Əslində, bir neçə dəfə
cəhd etdim. Alınmadı. Daha
doğrusu, dedilər yaşına uyğun işlərlə məşğul
ol... Ordumuza nə gəlib ki...
- Turan,
başımız söhbətə qarışdı.. artıq evə
çatmışıq. Bax, bu
gördüyün həyət evi, ikimərtəbəli bina
bizimkidir.
Həyət-bacanı
təəccüblə süzən Turan:
- Nə
gözəl, nə gözəl, sağlığınıza
qismət olsun, xeyir işlər edəsiniz... Bəs
ata eviniz? Sənin toyunda qaldığımız ev, o hardadır? Unutmuşam yerini...
- Ata
ocağında kiçik qardaşım yaşayır.
Özü də sən gördüyün evdə yox ha... O da
yaxşı bir imarət saldırıb. Deyəsən
qabağadüşənlik edirəm. Onsuz da gəzib
görəcəksən hər şeyi... İzahat
verməyim artıqdır.
İndisə keçək içəri, bilirəm, yol
gəlib yorulmusan, bir yuyun, rahatlan, yemək-içmək də
hazırdır. Sonrasına baxarıq.
- Evə
yox, ay Cahangir, evə yox! Mehmanxanaya apar məni.
Uşaqlara niyə əziyyət verək axı... Mehmanxana yoxdu bəyəm?
- Ay mənim
ürəyim, o nə sualdır - "Mehmanxana yoxdu bəyəm?". Necə yəni yoxdur?!
Saysız-hesabsız mehmanxanalarımız, qonaq
evlərimiz var. Ancaq qardaşım, belə rahat, geniş
ev-eşiyi qoyub səni mehmanxanaya götürsəm, əsla
özümü bağışlamaram. O fikri biryolluq
başından at. Nə qədər istəsən
boş otağımız var. Hansını bəyənsən,
öz evin kimi də qalacaqsan.
Turan dostunun qırımını görüb və bir
də tələbəlik dövründə müşahidə
etdiyi inadkarlığını yadına salıb, onunla
razılaşmaq zorunda qaldı. Və birlikdə evə
daxil oldular.
Düz on gün tamam olurdu ki, Turan Naxçıvanın
saf, təmiz havasını udur, suyunu içir, çörəyini
kəsirdi. Cahangir müəllim istəkli dostunun gəlişinə
görə çalışdığı universitet rəhbərliyindən
izin də almışdı. Başqa
mühüm özəl işlərini isə etibar etdiyi
yaxınlarına tapşırmışdı. Və beləliklə, bütün vaxtını
Bakıda oxuduğu illərdə bir nömrəli dostu
saydığı Turana ayırmışdı. Onun hər addımda rast gəldiyi yeniliklərə
təəccübü, heyrəti Cahangir müəllimi
sözün əsl mənasında
qürurlandırırdı. Qürurlandırırdı
ki, bu gözəl diyarın sakinlərindən biri də məhz
odur. Yaxından, uzaqdan gələn qonaqlar
da ona qibtə hissi ilə yanaşırlar.
Turan gəldiyi
gündən Cahangir müəllimlə birgə şəhərin
mərkəzindəki "Zümrüd" kafe-restoranında bir
neçə dəfə əyləşib istirahət
etmiş, dincəlmişlər. Yola düşəcəyi
günün öncəsi də Turanın istəyi ilə həmin
ünvanı seçdilər. Burada
söz-söhbətləri elə alındı ki, ətraflarındakı
oturacaqların da nə zaman dolub-boşaldıqlarının fərqində
olmadılar. Moskvalı qonaq gəzdikləri, gördükləri
barədə, sanki
dostuna hesabat verir, ürəyindən keçənləri
danışıb bitirməyə tələsirmiş kimi
görünürdü.
- Ay Turan,
ay mənim əziz qardaşım, gəl bu daşı ətəyindən
tök. Sabah uçma, biletini qaytaraq. Heç olmasa bir həftə də qal, istədiyin
kimi gəzib-dolanaq.
Turan:
- Düz
deyirsən, Cahangir, buralardan ayrılmağa heç ürəyim
gəlmir. Ancaq nə edim, orada da vacib işlərim
tökülüb qalıb... İşə bir
bax, gəlməmişdən mən
düşünürdüm ki, on günü necə
qalacağam Naxçıvanda. Sən demə...
heç bilmədim bu on gün nə vaxt gəldi, nə vaxt
ötüb-keçdi. Amma getsəm də,
təəssüratlarım məni illər uzunu tərk etməyəcək.
Turan sonra
söhbətini zarafatyana davam etdi:
- Bikef
olma, qardaşım, qəbul etsən, gələn il də vaxt ayırıb qonağın olaram...
Nə deyirsən? Etirazın
yoxdur ki?
- Turan,
bilirəm şuxluq edirsən... Ancaq mən ciddi söyləyirəm:
biz naxçıvanlılar qonaq-qaradan qorxan deyilik. Qapımız hər zaman üzünüzə
açıqdır. Gözləyəcəyəm.
- Elədirsə,
mən də zarafatla dediyimi gərçəkləşdirəcəyəm.
İndisə, gəl bayaqkı söhbətimizə
qayıdaq. Harada qalmışdım?
- Şəhərimizdən danışırdın.
- Hə,
elədir. Naxçıvan haqda nəsə deyirdim... Meqa şəhərlərdə belə gözə dəyməyən
səliqə-sahmanı burada gördüm. Təkcə
şəhərinizdə yox ha, hər yerdə, ucqar dağ kəndlərində
belə... Yadındadır, Cahangir, rayonların hansı birinin
kəndindəsə əlimdəki kiçik kağız kəsiyini
bükmələyib yerə atmağıma razı olmadın,
"Görmürsən hər yan necə gül kimidir? Saxla,
təmizlik qutusuna at", - dedin. Lap yerində
çatdırdın.. Ətrafıma
nəzər salanda artıq hər şey aydın oldu mənə.
Yollarınıza da, düzü, heyran qaldım.
Böyük-kiçikliyindən asılı
olmayaraq sonuncu yaşayış məntəqələrinədək
asfalt döşənib. Hələ kəndlərinizdə
ucaldılan binaları, bərpa edilən tarixi, dini abidələri
demirəm... Hər yerdə hər kəsə
danışacağam. "Gedin,
görün" deyəcəyəm. Bir də
Cahangir, bilirsən, Naxçıvan haqqında əsas qənaətim
necədir? Yəni deməyim odur ki, bu yerlərdə
araya-ərsəyə gətirilən misilsiz quruculuq işləri
ilə uyarlı olan, həmahəng səsləşən təbiətində
- dağında, daşında, çölündə, meşəsində
də bir əzəmət, vüqar gördüm.
Sözümün canı odur ki, indi daha çox qibtə
edirəm naxçıvanlılara.
-
Çayın soyuyur, iç, yenə süzüm, - deyə
Cahangir gülə-gülə və həm də daxili bir
sevinclə dillənir.
- Eyb etməz,
Cahangir, təki soyuyan çay olsun... Bir də axı, gözəl
el deyimi var: çay bəhanədir, söhbət şahanə!.. İstəyirəm bizim də
söhbətimiz şahanə olsun. Deyək,
danışaq... yeni arzular, yeni ideyalar, fikirlər ortaya
çıxsın. Bugünkü
Naxçıvan da elə-belə yüksəlməyib ki.
Bunlar hamısı zərgər dəqiqliyi ilə
düşünülmüş ideyaların, layihələrin
məcmusudur... Cahangir, sən xoşbəxtsən! Çünki belə bir yüksəlişli,
şöhrətli diyarın sakinisən.
***
...Turanın Naxçıvan gəzintisindən aylar
ötmüşdü. Buna baxmayaraq, dostların arasındakı münasibət
daha da istiləşmiş,
telefon əlaqələri, sifarişlər siyasi dillə desək,
intensiv xarakter almışdır. Turan hər
telefon zəngində Naxçıvanla bağlı
apardığı təbliğat işlərini dilə gətirir,
vaxt ayırıb hərarətini hələ itirməmiş
xatirələri çözələyirdi.
Son zənglərin
birində Turan sevinc hissi ilə dedi:
- Əziz qardaşım, xəbərin
olsun ki, Qərbin ən nüfuzlu telekanallarından birinin MDB
ölkələri üzrə təmsilçisi ilə
görüşüb danışmışam... Yaxın dostumdur mənim, çox maraqlanıb
Naxçıvanla. Tammetrajlı film çəkmək
istəyirlər. Aid qurumlarınızla
razılaşıblar. Məni də çəkilişə
qoşmaq istəyirlər... "Duzdağ"
otelində yerlərimiz bronlanıb. Qismət
olsa, yaxın günlərdə görüşəcəyik.
- Nə
yaxşı xəbər oldu bu.. Çox
sağ ol, çox sağ ol, Turan, fəxr edirəm səninlə.
Fərəc Fərəcov
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.24.