Sözün sehri
"Fəhmin fəthi" silsiləsindən
III yazı
Allahın yaratdıqları içərisində ən
gözəli türklərdir. Mən türkəm -
mən xoşbəxtəm deməkdir. Mənəvi
ucalıq, qəhrəmanlıq, qürur gözəlliyə təşnə,
mərhəmət türkün əsas sifətləridir.
Türkün qüruru dağlar qədər əzəmətli,
sevgisi dəryalar qədər dərin, gözəlliyə təşnəsi
günəş qədər parlaqdır. Türk
qüdrətli fatehdir, fəth etdiyi torpaq deyil, ölkə
deyil, insan qəlbidir. Türk gözəlləri Ay kimi parlaq, Günəş
kimi hərarətlidir. Türkün ehtirası
vulkana bənzəyir, ona toxunma, toxunduqca yeri-göyü
parçalayacaq. Mavigözlü oğuzlar,
qıyıqgözlü qıpçaqlar dünyanın
gözəllik və cəsurluq simvoludur. Türk
gözəlinin sədaqəti, türk gəncinin şücaəti
bəşəriyyətin mənəvi dəyərlərindəndir.
Türk gözəlinin yanaqları üfüqdən rəng
alır, dodaqları türk dilinin şirinliyindən şirə
çəkir.
Türkün danışığı nəğmədir,
türk dilinin səsləri dünya gözəlliklərinin
açarıdır. Bu dil bəşəriyyəti
idarə etmək üçün yaranıb. Türk çölü ən qədim sivilizasiya məkanıdır.
Bu məkanda insanlıq özünü dərk
etdiyi vaxtdan azadfikirlik, demokratizm, qəlb istəyi hakim olub.
Mənə istəmədiyim şeyi zorla etdirmək
olmaz, məni Azərbaycandan qoparmaq mümkün deyil, mən
Azərbaycan sözünün zirvəsinə baş
qoymuşam, qəlbimin bütün telləri ilə ona
bağlıyam. Türk əslimlə
qürur duyuram, türkün düşmənlərinə
yazığım gəlir. Mən ulu
türk ruhunun tərcümanı olan Azərbaycan bədii ədəbiyyatının
varisiyəm, bu ədəbiyyatın əbədiyyəti məskənimdir.
Mən adi bir insan ömrü sürmürəm.
Ədəbiyyat armanlarının, bədii
söz vadilərinin xoşbəxt sakiniyəm. Mənə elə gəlir ki, mən anadan yox,
söz-lə doğulmuşam söz-lə yoğrulmuşam,
söz-ün eşqi ilə yaşayıram. Söz Nizamidi, Nəsimidi, Mövlanə, Məhəmməd
Füzulidi, bağrı qan olan Sabirdi. Çünki
"Söz Yaradanın mədha-sənası, nəğməsidir"
(Füzuli) söz-ü sevmək Allahı sevməkdi. Mən söz-lə söhbət edirəm. Mən Allahla söhbət edirəm, yer üzünə
onun əmrlərini yerinə yetirmək üçün gəlmişəm.
Əlli ildir ki, "Söz gözəlinin
nazını çəkmək"lə (Füzuli) məşğul
oluram. Söz məni Tanrı məqamına
yüksəldən Tanrıya qovuşduran ilahi qüvvədir.
Söz göydən yerə enmişdi, öz
sevgimlə mən onu yerdən göyə qaldırdım.
Allah yeri,
göyü-ərşi-əlanı iki hərfin kaf və nun hərflərinin
birləşməsindən əmələ gələn
qısa bir sözlə yaradıb:
Kaf ilə
nun çün illətimizdir, ey bəşər,
Kövhəri
laməkan biziz,
kim
bilmsər hüdudumuzu?
Nəsimi
Ona görə də bəşəriyyətə nazil
olmuş müqəddəs səma kitablarından biri -
"İncil" "Sözə alqış" sözləri
ilə başlayır. Söz Allah əmanəti olan insan ruhunun hərflərlə
ifadə olunmuş şəklidir. "Söz
candır əgər bilirsə insan" (Füzuli)
"Sözə xor baxmaq olmaz, hər bir söz - Ərşdəndir
gəlib hədiyyə bizə" (Füzuli) Sözün
qüdrəti ruhun - canın gücünə
bağlıdır. Söz o zaman
güclü olur ki, o, insanlar tərəfindən dərk
olunur. Çox zaman müasirlərimiz deyir
ki, biz klassikləri - Nəsimini, Füzulini dərk etmirik,
onlar ərəb-fars sözləri mürəkkəb ibarələr
işlədir. Şeir səviyyəsi
oxucu-xiridarlar üçün yazılır, hər kəsin
onu dərk etməsi vacib deyil, kütlənin dərk etdiyi
poeziya şeir deyil, nəzmdir. Dahi
Füzuli etiraf edir ki, "Çətin anlaşılan ibarələrə
və məzmun incəliyinə qarşı
yaradılışında bir məhəbbət var".
Nəsimi
bunu şeirlə bildirir:
Heç
kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
Söz
göründüyü kimi deyil, o, sirli bir aləmdir:
"Yəni
bihəddü binişandır söz"
"Aşikaravü
həm nihandır söz"
Nəsimi
Nəsimi yaradıcılığında Söz bir
dünya modeli, kainat simvoludur. Onu təkcə hərf-hərf oxumaq
yox, fəhm etmək lazımdır:
Gərci
Nəsimi sözün dadını verdi, vəli,
Kim bu
sözü fəhm edər, kim bu xəyali
bilür.
Ədəbiyyatı gözlə görmək, qulaqla dinləmək,
fəqət qəlblə fəhm etmək lazımdır. Yalnız bu
zaman şeirdə ilahi nəğməni duymaq olar.
Ən yaxşı lirik şeir - bəstələnməmiş
nəğmədir. Misraların, hərflərin arasından
bu nəğmənin səsini duya bilməzsən şeiri
başa düşməzsən. Başa
düşülməyən lirika qarımış gözələ
bənzəyir, gecə-gündüz ah-zar edir. "İlham pərisinin büllur gərdişinə
istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal
çələngi vurular (İsmayıl Hikmət).
Dünyada ən gözəl pəri - ilham pərisi! - onu kim görüb?! Tanrı kimi onu da heç kim görməyib, onu öz yanında hiss edirlər
- şairlər, bəstəkarlar. Dünyanın
ən xoşbəxt adamlarıdır. Söz
şairin iftixarı, qürur mənbəyi, eyni zamanda
dünyaya münasibət üsuludur. "Kim nə miqdar
olsa, əhlin eylər ol miqdar sözə - deyirdi dahi Füzuli. "Hər sözüm bir pəhləvandır,
kim, bulub təyidi həqq-əzm qıldıqda tutar tədriq,
ilə bəhrü-bəri", lakin Füzuli
sözünün gücü onun dünyanı bəhrü-bəri
tutması ilə məhdudlaşmır. Gözəl
ilhamla - sənətkarlıqla deyilmiş bədii söz
ölünü diriltmək qüdrətinə malikdir:
Ver
sözə ehya ki, tutduqca səni xabi-əcəl
Edə hər saət səni ol uyğudan bidar söz.
Bunun
üçün hər şeydən öncə sözə
ehya-can vermək lazımdır: söz isə özü
candır!
Söz
dünyanı idarə edir: ən gözəl məhəbbət
dyğuları da, ən qəddar əmrlər də sözlə
ifadə olunur. Bunu hamıdan yaxşı Şah və şair
Xətai bilirdi:
Söz
var ki kəsdirər başı
Söz də var kəsər savaşı.
"Can"
və "Çor" sözlərinin ikisi də
üç hərfdən ibarətdir:
Can deməklə
can candan əskik olmaz
Məhəbbət
artırar, mehriban eylər
Çor
deməyin nəfi nədir dünyada
Azad könülləri pərişan eylər.
Səslər hərfləri, hərflər sözləri,
sözlər mənanı yaratdı. Sözdən don geyinmiş mənalar
insanlara dünyanı tanıtdı.
Səsdən hərfə, hərfdən sözə
keçid bəşəriyyətin inkişafında ən
mühüm təkamül mərhələləridir.
Azərbaycan
dilində Sözün qüdrəti üç əsas amillə
bağlıdır:
1.
Sözdə eynicinsli saitlərin bir-birini izləməsi. Ahəng qanunu. Bu sözün bədiiliyini
və ahəngini təmin edir.
2.
Sözün dinamikasını təmin edən feillərin
mövcudluğu;
3.
Sözün gizli mənasını ifadə edən frazeoloji
ifadə və birləşmələrdə.
Sözün poetikliyini təmin edən bütün bədii
ifadə vasitələri bu sacayaq üstündə bərqərar
olur. Bədii
sözdə Tanrı qüdrəti var Nəsimi deyirdi: "Nəzmi
Nəsimi, yəqin Allahü-nurin şərhidir". Ona görə də söz-lə hörmətlə
rəftar etmək, ona sevgi ilə yanaşmaq lazımdır.
Bir adam hər hansı bir olayı
danışıb bitirəndə deyir: Sözümün
canı var. Yəni sözümün nəhayəti, mətləbi
var, fəqət mən bunu müstəqim mənada qəbul
edirəm: Söz canlıdır! Naşı adamın ifadə
tərzində söz gül kimi solur… Bir olay
danışmaq istəyirəm. Qədim
zamanlarda bir zalım şah həmin vilayətin görkəmli
adamlarını müxtəlif bəhanələrlə zindana
saldırıb orada onlara kiflənmiş çörək və
iylənmiş su verdirir, həmin dustaq bir həftəyə
ölürmüş. Növbəti dəfə
bir alimi zindana saldırır. Bir həftədən sonra
zindanbaşdan soruşur: - O alim necə oldu?
Zindan rəisi
deyir: - Əlahəzrət sağ olsun, o alim hələ də
sağdır.
Şah həmin
alimi çağırtdırır, soruşur ki, mənim
hesabımla sən ölməliydin, niyə ölməmisən,
sirrini desən səni azad edərik. Alim deyir: "Siz mənə
kiflənmiş çörək, iylənmiş su verdiniz. Mən suyu götürüb onunla söhbət etdim,
ölmüş su bu söhbətdən canlandı və onu
sonra içdim. Ona görə də sağ qaldım,
ölmədim". Sözün qüdrətinə
söz yoxdur, söz dünyanın bəzəyidir.
Xalqımızda belə bir deyim var: "Gedər xəncər
yarası, getməz söz yarası". "Söz
kəsəni qılınc kəsmir". Bu,
sözün gücünə inamı ifadə edir. Söz qurtaran yerdə silah ortaya gəlir, ona görə
də bəşəriyyəti söz xilas edəcək.
Əvvəllər Azərbaycanda (və
bütün türk-islam dünyasnda) "Kişi
sözü" var idi, bu, bütün qanunlardan və silahlardan
irəli idi, etibar, inam və sədaqət rəmzi idi. Və bircə kəlmə "Kişi
sözü" cəmiyyəti ifadə edir, onun mənəvi
tarazlığını qoruyurdu. Misal var deyirlər:
"Salavat gücə bağlıdır!".
Azərbaycan cəmiyyətində Söz güc
rəmzi olub, qanunu əvəz edib.
Sözün gücü, enerjisimi azalıb?! Yox! Söz deyənin
şəxsiyyəti cılızlaşıb, maddiyyat mənəviyyatı
üstələyib, sevgilər ötəri ehtirasa
çevrilib, əlahəzrət manat milli mənəviyyatımıza
güc gəlir, zor göstərir.
Mən
ölüm istəyirəm, görməyə yoxdur taqət,
Dilənçilik eyləyir qapılarda ləyaqət.
Doğruluğa
gülərək rişxənd eyləyir yalan
Puçluq
paltar geyinir,
min
bəzəkdən, cəlaldan.
Yalanlar, yaltaqlıq Sözü urvatdan salır. Filosof şairimiz Ələkbər
Salahzadənin poetik sualları yada düşür:
Yaltaqlığın kökü varmı?
Yaltaqlığın layı varmı?
Daş
qatında, tunc qatında
Görən yaltaq tapılarmı?!
Sözün gücü onu deyənin şəxsiyyətindən
asılıdır. Söz həqiqətin gözəlliyini
ifadə edir. Sözün həqiqətinə
timsal "böyüklər içində böyük"
(Yaşar Qarayev) Mirzə Ələkbər Sabirdir. O,
şairliyin manifesti olan bir şeirində yazır:
Şairəm,
çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim izhar
yazım.
Pisi pis, əyrini
əyri, düzü hamvar yazım
Niyə bəs
böylə bərəldirsən o qara gözünü,
Yoxsa bu ayinədə əyri görürsən
özünü.
Söz həmişə
qüvvədədir, müasirdir: "Sözün ölməzliyinə
söz yoxdur" (Füzuli). Sözün sehri -
həqiqətdir.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.20.