Mən səni sevməkdən özgə neynədim,

Adını öldürdün dilimdə mənim.

 

Azərbaycan

 

Azərbaycan...

əllərimi uzatsam, əlim əlinə çatsa,

məni bağışlarmısan?

Küskün Arazdan keçib, Ərdəbilə yetişsəm,

Savalandan boylansam, Təbrizə gedib çatsam,

gözəl Urmu gölümün sularına qarışsam,

məni bağışlarmısan?

 

Azərbaycan...

De, gözlərimi açsam, gözüm-gözünə baxsa,

məni bağışlarmısan?

Dəmir qapı Dərbənddən Borçalıya yürüsəm,

Ağçaladan hay salsam,

Göyçə gölündə üzüb İrəvanda diz qoysam,

Zəngəzurda, Vedidə torpağı qucaqlasam,

məni bağışlarmısan?

 

Azərbaycan...

Qəlbimi sənə açsam, ona sığınarmısan?

Bir az inanarmısan?

məni bağışlarmısan?

 

Azərbaycan deməyib, səni canımtək duysam,

Canının paraların Kəlbəcəri, Laçını,

Qubadlı, Zəngilanı, Füzulini, Xankəndi,

Cəbrayıl, Ağdərəni, Ağdamı,

Xocavəndi bir-bir yerinə qoysam,

gözlərinin yaşını Şuşa yaylaqlarının

                        mehi ilə qurutsam,

tüstüsü səngiməyən Xocalı yanğısına,

bütün yaralarına

o İsa bulağının səpə bilsəm suyundan

məni bağışlarmısan?

Ana dediyim, ana.

Sona dediyim, sona.

Qınağa çəksən mənim sənə məhəbbətimi,

sınağa çəksən mənim bütün cəsarətimi

ağrı-acılarını görən unudarmısan?

Məni...məni bağışlarmısan?

                                                               

Darıxdım

 

Darıxdım anidən,

səbəbini bilmədən.

Məsələn, bir azca qar yağsaydı,

bir azca hava  qızsaydı - deyən,

havasını tapmayan  kimi darıxdım.

Bir içim su, bir udum havaya möhtac kimi,

Bir parça çörəyə ac kimi darıxdım.

Ürəyimdən keçənlərə susmaq,

susa bilməmək qədər darıxdım.

Sakitcə ağac altda oturmaq,

Gözün görənə baxmaq arzusu,

Getməyə bir yerin,

anlayacaq biri yoxdu duyğusu,

səhər həsrəti,

gecə uyğusu qədər darıxdım.

Ölənlərlə ölmək,

Qalanlarla yaşamaq qorxusu qədər

darıxdım...

 

Xoşbəxtlik

 

Bu yorğun ürəyim bezib özündən,

Elə uşaq olmaq istəyirəm mən.

Kim isə saçımdan lentimi açsın,

kim isə topumu götürüb qaçsın.

Bir şirni istəyim, verən olmasın,

bir küncə çəkilim anamdan özgə

məni o küncümdə görən olmasın.

Anama sığınım bir az ağlayım,

Saçımı oxşasın, əlimdən tutsun,

Nəmli ürəyimi bir az qurutsun.

O səsin ecazkar doğmalığında

Yad olan varsa, qəlbim unutsun.

Nələri itirib, nələr tapmışam

Nələr yaşamışam xatırlamayım,

belimdə, əlimdə, bir cüt gözümdə

nələr daşımışam xatırlamayım.

Bürünüb sadəcə o doğma səsə

əlləri saçımda, başım dizində

yenə bir azca yuxlaya bilsəm,

məndən xoşbəxt olmaz bu yer üzündə.

 

Bir payız gecəsi

 

Bir budaq payızam,

Bir budaq payız.

Musa Yaqub  

 

Bir payız gecəsində

Evimin bir küncündə

Payız gecəsinə düşdüm

Üşüdüm...

Bir payız gecəsində

Göylər özünə bənzəməz,

bulud özünə bənzəməz,

yağış özünə bənzəməz,

ağac özünə bənzəməz,

yarpaq özünə bənzəməz

torpaq özünə bənzəməz

evinin bir küncündə

payız gecəsi yaşayan adam

bir az göylərə,

bir az buluda,

bir az yağışa,

bir az ağaca, bir az yarpağa,

bir az torpağa

bənzəyər...

bir payız gecəsi adam

özünə bənzəməz...

 

Yaşamaq arzusu

 

Bir az qar, bir az yağış,

Bir az bahar, bir az qış,

Bir az dua, bir az qarğış,

ana-ata, baçı qardaş, dost, yoldaş oluruq.

Hərdən heç kim, heç olmaq istəməzsən,

Hərdən yaşamaq istərsən

sınıq kilid, qopmuş divar kağızı,

                                    işləməyən kran,

yanmayan çilçıraq,

su, işıq, qaz kartı  deyil,

özün olub yaşamaq.

Hərdən yaşamaq istərsən,

özün olmaq

özün kimi yaşamaq.

sadəcə yaşamaq istərsən...

 

Kədər

 

O qədər kədərliyəm,

ağlaya da bilmirəm.

Göz yaşı istəyirəm,

bir az göz yaşı verin

bu dərdin gecəsində

bir az yoldaşım olsun.

Onun ilə dərdləşim,

bir az sirdaşım olsun.

O qədər kədərliyəm

ağlaya da bilmirəm.

Bir az göz yaşı verin

elə göz yaşı təki

gözlərimdə  donmasın,

əriyib getsin təki.

Ürəyimdə qalmasın.

Üzülüb getsin təki.

Olanlara ağlamaq,

qalanlara ağlamaq,

ölənlərə ağlamaq.

Ağlamaq istəyirəm.

ağlaya da bilmirəm...

bir az göz yaşı verin.

 

Neynədim

 

Mən səni sevməkdən özgə neynədim,

Adını öldürdün dilimdə mənim.

Qoruya bilmədim əllərini mən,

əlini  öldürdün əlimdə mənim.

 

Min rəngdə görürdüm sənlə dünyanı,

Dünyam al-əlvandı gözündə sənin.

Rəngini itirdin bütün dünyamın,

Gözünü öldürdün gözümdə mənim.

 

Qoruyardım səni bil  ki,  hər kəsdən,

Alınmaz qalaydı sənli  ürəyim.

Qoruya bilmədim səni özündən,

Özünü öldürdün özümdə mənim.

 

Əllərim əlinə yetərmi bir

ya dartım  uzadım, ya kəsim dibdən?

Hayanda olmanın önəmi var?

Gözlərim baxsa da  görərmi bir ?

 

Rəngli vardısa tapmazsan daha,

Rəngsizcə gözümdən töküldü getdi.

Daş üstə daşmı var, axtarsan da ha

O qala ürəyim söküldü getdi...

 

Darıxacaqsan

 

Bir səhər qapını külək döyəcək,

Ümidlə qapıya boylanacaqsan.

Addım səslərinə möhtac yollartək

Bir səhər mənimçün darıxacaqsan.

 

Bir axşam aynanda yağış dinəcək

Sən o yağışa qoşulacaqsan.

Kövrəlib pəncərə şüşələritək

Bir axşam mənimçün darıxacaqsan.

 

Sığınıb qəlbinin döyüntüsünə,

küləyin səsinə, yağış səsinə

hər səhər mənimçün darıxacaqsan

hər axşam mənimçün darıxacaqsan...

 

Hər səhər  bir axşam ömrü bitəcək,

hər axşam bir səhər ömrü bitəcək.

Beləcə hər günlə ömür ötəcək

Bir ömür mənimçün darıxacaqsan,

Bir ömür səninçün darıxacağam.

 

Urmu gölünə

 

Azərbaycan, bu tale yazısı,

Hər tərəfdə canının bir parası.

Yüz illərdi dərmanım yox dərdinə

Sağalmır ki, ürəyinin yarası.

 

Yüz illərdi  ayrılıqdan  asılan

Havasızam, çörəysizəm, susuzam.

Yüz illərdi  qərib-qərib  dolaşan

dərviş kimi yuvasızam, yurdsuzam.

 

Yüz illərdi sərkərdantək gəzirəm

Bu dünyanın bağlı yolu olmuşam.

Güney, Quzey  yarasına dözürəm,

Bu dözümün qara qulu olmuşam.

 

Yüz illərdi həsrətim var içimdə

Güneyimtək - gözəl Urmu biçimdə.

Yüz illərdi ilmə-ilmə toxunub,

Bu həsrəti necə söküm içimnən?

 

Yüz illərin həsrətisən, ay Urmum,

Yüz illərdi həsrətimsən, ay Urmum,

Sevənlərin göz yaşından yarandın,

Sevənlərin həsrətisən, ay Urmum.

 

Təbrizimin, Urmiyamın nağılı,

Sevənlərin göz yaşımı qurudu?

Hanı sənin o nağıllı suların,

yoxsa səni yad nəfəslər qurudur?

 

Urmum, harda Azərbaycan türkü var

Damla-damla gözlərinə dolmusan.

Sanma səni yad nəfəslər qurudar

sən ki bizim canımıza hopmusan.

 

Yüz illərdi ağrı döyür canımı,

Ağrı çəkən bir günaham, mən, Urmu.

Sularına qatsam bir gün qanımı,

Bağışlarsan günahımı sən, Urmu...

 

***

 

Ay göyün yaxasın açmışdı yenə

həsrətlə boylandı aya ümidim.

Bu gecə göylərdən ayın yerinə

bir az ümidimi asmaq istədim.

 

Bu gecə darıxdım ulduzlar kimi

bu gecə göylərdən asılıb qaldım.

Ovuda bilmədim öz ürəyimi

eləcə gecəyə qısılıb qaldım.

 

Darıxdım bir azca küləklər kimi

Bir nəğmə oxumaq istədim yenə.

Göylərin əlləri yağışlar kimi

Bir azca  toxunmaq istədim  sənə.

 

İstədim həsrətli darıxan  gecə

ümid işığına boyansın bir az.

İstədim gözümə yıxılan gecə

səhərə ümidlə boylansın bir az.

 

Kəmalə Abiyeva

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.21.