Yandırdım gecə şeiri -
Atəşi gündüzümdür…
Arzuya qədər
İlləri hörə-hörə,
Cismə dözüm dilədik.
Kəsəni görə-görə
Yolu uzun elədik...
Bir quraqlıq köçündə
Min dilək - bar içində
Ulu bağban
nə dərmiş?!
Ən uzun yolun ömrü
Bir arzuya qədərmiş...
...Atəşi-gündüzüm
Qəlbimdə ulduz yeri;
Sayrışan od sözümdür.
Yandırdım gecə şeiri
-
Atəşi gündüzümdür.
Dərin səbrimiz
Dərə dərinlikdir, zirvə
ucalıq,
Məğrur qayaların nərələri
var.
Dərin
dərələrin uca
zirvəsi,
Uca zirvənin də dərələri var...
Kökümüz dərini, dibi haqlayıb,
Biz bu Bəsirəti
üzə çıxaraq.
Mərdlik zirvəmizi uca saxlayıb,
Dərə səbrimizi düzə
çıxaraq...
İtirmişiksə...
Tanrı
qənim olmadı;
Guya ərşin şəri yox...
Səma
mənim olmadı...
Yerimin də yeri yox...
Əkib-becərmişiksə,
Köhləndir çapdığımız.
Nəyi
itirmişiksə -
Hamısı tapdığımız?..
Ömür də varaq-varaq;
Qələm çalıb ötürək.
Nə itirib-axtaraq,
Nə də tapıb-itirək...
Dünyamızın sonu
Hər şeyin sonu olduğu kimi deyil
dünyanın sonu.
Son bilmək olmaz
onu.
Əzəlidi,
Əzəliliyin gözəlidi,
Əbədidi,
hələ üstəlik
də
əbədinin mabədidi.
Dünən xeyri olanın
bu gün şəri,
Bu gün sevinci olanın
dün yası var.
Dünyamızın sonu yoxdur,
Sonumuzun dünyası var.
Sakitlik arayıram
Xəyalımın asfalt döşəməsində
Şütüyən xatirələr
gurlayır gecə-gündüz.
Onun keçdiyi yollar
Ya kələ-kötür olsun,
Ya da dümdüz -
Fərq
etməz...
Onda ki
ağlagələnlərə də
əl yetməz...
Gümanımın
Pəncərələrini bağlayıram,
bəlkə xatirələrimin
səsi gəlməyə
qulaqlarıma,
Bu dəm səbrim, əsəblərim
çəkilir tarıma.
Qulaqlarımı deşən səs-küyə
Tuşlanan ümid oxlarını
həsrət kimi
öz içinə çəkilmiş yay qırır.
Mən sakitlik arayıram,
Onda da
sükut hayqırır...
Mən necə deyim ki...
Var olan sevgilər yox olmasa da,
Mən necə
deyim ki, səni sevmişəm?!
Sevməyənlər yanıb-yaxılmasa
da,
Mən necə
deyim ki, səni sevmişəm?!
Görəsən, mən necə, nə hal sevmişəm?!
Bixəbər vurulub, bihal sevmişəm,
Bəlkə nağıl sanıb,
xəyal sevmişəm,
Mən necə
deyim ki, səni sevmişəm?!
Bəlkə bürünüb bir
yaz yağışına,
Olmuşam çəmənə, çölə
aşina?!
Bəlkə dolanmışam bir gül başına?!
Mən necə
deyim ki, səni sevmişəm?!
Əriyib
köksümdə közümdən
belə,
Mən dağa dağ çəkdim dözümdən
belə...
Əhval
da sormayıb özümdən belə,
Mən necə
deyim ki, səni sevmişəm?!
Gah arzudan keçdim, gah da gümandan,
Can əsirgəmədim könül
umandan.
Xəbərim olmayıb vaxtdan,
zamandan
Mən necə
deməyim səni sevmişəm?!
Ruh niyazı
Maestro Niyaziyə
Səhnəni yara-yara
O gəlir, donur anlar...
Önündə partitura,
Arxasında milyonlar...
Qalxır
dirsəyə qollar,
Səslənir simfoniya.
Əriyir
həsbi-hallar-
Vaxt saniyə-saniyə...
Saçından tel ayrılıb
düşür alnı
üstünə.
Maestro bayılıb
dönür nəğmə
büstünə
Çapdığı not köhləni
Kişnəyir zildə, bəmdə.
Təzələyir köhnəni
Kök pərdələrdə
həm də.
Ram edir eşqiylə haqq
Dünya
boyda naçarı;
Klaviatura
- torpaq -
Qarabağ - səs açarı...
Könüllər ordusuna
Basılmaz qala səddi -
Dirijor çubuğunun
çızdığı hava xətti.
Düzə vurğunluğuydu
İdmanda hakimliyi...
Balet, simfonik muğam -
Onun sənət
kimliyi.
Ün addımı, səs-işi
Ümid-nəzir-çin yazı.
Beş xətt içrə gərdişi
Təbinin ruh niyazı
O, duyur hər əzəlin
Son səda olarını;
Yeddi muğam gözəlin
yeddi min çalarını...
"Çitra"- əfsun, bax, ayır,
Tap sirdən agahını...
Tarixə
adaxlayır
"Rast"la "Şur"
nikahını.
Çiyin-çiyinədir el -
Bu da müdrüklər
ağlı.
"Uvertüra" - Çənlibel,
Nərə çəkir "Koroğlu"...
Al, bəyaz sübh huşunun
Qızıl danı Niyazi
Orkestr-səs qoşunu,
Komandanı Niyazi.
Öyünmə, gözəl...
Öyünmə, gözəl, öyünmə;
Kədər aşiqin boludur...
Deyinmə, gözəl, deyinmə;
Sevgi yolu haqq yoludur.
Qəlbin
kirayə evin ki,
Qəlp
sözdü qönçən,
şivin ki...
Öyünmə gözəl, sevin
ki,
Hələ ki canın suludur...
Könül vermə bica yerə
Lovğalığa, təkəbbürə...
Qəsdən rəvac verər
şərə
Kim ki nəfsinin
quludur.
Səmimiyyət gey əyninə,
Daşürək olub döyünmə,
Öyünmə, gözəl, öyünmə,
Dünya
gözəllə doludur...
Təkim
olan tək deyilsən,
Ərkim
olan ərk deyilsən,
Sən əhdində bərk deyilsən,
Mənimsə andım uludur.
Əlimdən gələn gəraylı
Hər yoldan ötən deyiləm
Yolun Fərağından
başqa.
Mən badə tutan deyiləm,
Eşqin
şərabından başqa
Bu dad mənim, o bad sənin,
Cəhd
içində imdad sənin...
Bu ad mənim, o od
sənin,
Yanğım sirabından başqa.
Nur yolda yolağa yayıl,
Sus, susuz bulağa bayıl,
Qəm qələm payıza qail,
Xəzan varağından başqa.
Şəfəq ələ qucağına,
Can ver atəş ocağına,
Qızmam
hər gün saçağına,
Könlüm çırağından başqa.
Məni tapan yazım...
Mənə səndən bir
yol gəlir yoxuşlu,
Ya baharlı,
ya payızlı, ya qışlı.
Mən tapdığım həyat
budur - naxışlı;
Məni tapan tale yazım pozulmaz.
Dünən dönən, bu,
nə işdir - bilmirik,
Qismət
sabah, ya
keçmişdir, bilmirik,
Ömür bəlkə bir
bəxşişdir, bilmirik,
Məni tapan tale yazım pozulmaz.
Yol üstündə qərib
izi qalamı?!.
Söz düzümü
biçən dəryaz
- qələmim.
Duyğu
talan - duyuq, talan aləmim...
Məni tapan tale yazım pozulmaz.
Dilimdə söz kalı kalan olmadı,
Qılıq vurdum, qalıq qalan olmadı,
Sənin
olan mənə qalan olmadı,
Məni tapan tale yazım pozulmaz.
Aşkarımdır hər aydınım, tutqunum;
Bu gülüşün yaxasından
tut, uğun;
Mənə səndən gələn
yoldur tutduğum,
Məni tapan tale yazım pozulmaz.
Yusif NƏĞMƏKAR
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.13.