Eşqin Qız qalası, yalnız qalası,
Şumer ləhcəsində
şərqi oxuyur.
Duyğular çimişir ulduz
odunda
Səhərin sehrində, Zöhrə
zikrində,
durub dinləyirəm
mələk xorunu.
Oyanan ağaclar heyran baxırlar,
seviş ritmindədir
dalğa dansları.
Eşq var dünya boyda, eşq var tanrısal,
duyğular çimişir
ulduz odunda.
Bizim sevişimiz ilahədəndi,
bizimdi şəhvətə
bürünmüş şəhər.
Səni gözləyirəm, sən
harda varsan?
telefon eləsəm zəng çatarmı, gəl.
Sığal şərqiləri istəyir
bədən,
yaşam yaşıllanır
dodaq dadında.
Küçələr səhərin sehrində donuq,
araba seyrəkdi, gözləmə kövrək.
Eşqin
Qız qalası, yalnız qalası,
Şumer ləhcəsində şərqi
oxuyur.
Səhərin havası bumbuzdu,
sən gəl,
acıqmış duyğular
qunduzdu, sən gəl,
can yanıb əriyər gözləmələrdə,
eşqin dünyaları
sonsuzdu, sən gəl.
səni gözləyirəm,
sən harda varsan?
yalnızlıq sığışmaz
kainatlara.
Səhərin sehrində, Zöhrə
zikrində,
dualar yollanır gizli qatlara.
Yalnızlıq qorxusu pıçıltısızdı
Tauz
Paris deyil, mən qall deyiləm,
xəyalım fırlanır
tonqal başına.
Yarpaq qoxusunda əriyən külək,
druid duaları söyləyir mənə.
Ay işıq çiləyir,
telefon susur,
yalnızlıq qorxusu pıçıltısızdı.
Sevda ulduzunun bayatıları,
mələk günahına
qarışır ertə.
Qənirə ilahəm, qutlu ilahəm,
axşam düşüncəsi
eşq tamındadır,
könül kafeləri
gəl-gəl deyirlər,
reklam işıqları
öpüş göndərir.
Gəzməli günlərin balet
çağıdır,
fontanlı parklara bilet var, gedək.
"Torqovı" Monmartr olmasa belə,
bizim də öz zəfər tağlarımız var.
Sevgilər sığışmaz kainatlara,
"Yelisey çölü"nə
yel qovur həvəs.
müqəddəs türkülər
oxuduram mən,
saçlı söyüdlərin
yarpaqlarına.
Gözləmə ömürdən uzun
olurmuş,
ilahi yanğılar qucağa sığmaz.
Ulduz baxışları Elen kimidir,
Parisə bənzəyir yaşılgöz
gecə.
Kenquru həvəsli anlar
Günəşdən doymasa səhra bozarmaz,
işığın içində
tap qaranlığı.
Dəvə gövşəyində əzilir sükut,
küləyin səsində
söz dilimlənir.
Sakit qafalarda həzin müzik var,
rahatsız saatlar
hay-küyə pərçim.
İş-güc olmayanda vaxtın
leşini,
armudu stəkanla boğur yalquzaq.
Göyə buynuz atan evlər evkalipt,
kenquru həvəsli anlar hoppanır.
İzdiham takt tutur dalğa ritminə,
kütlə danışanda
söz də quruşdu.
Uçaqlar dalınca yel qovur səma,
yalını oynadır
avtomobillər.
Gəzişmə həvəsi at iyindədir,
madyan macəralar kəmənd istəyir.
İşlər plebeyvari, binalar
kübar,
ömür teatrosu bürkülü boğça.
Həzrəti biznesin saksaulları
bütün girişləri
kölgələyiblər.
Dəblər sərgilənib fontan
bağında,
ağ maya qızların göbəyi
üryan.
Sevdalı duyğular yatırım
yığır,
baxışlar xərcləyir
kredit kartını.
Yosma dalğaların çalısı
çılğın,
qayğılar qumunda ağnayır şəhər.
izdiham takt tutur dalğa ritminə,
küləyin səsində
söz dilimlənir.
Axşam
dərin, Umay uzaq
Pəncərə ardında axşam,
sərin sularda sərinlik,
ürkək bulud ilxıları didik-didik.
sıralanıb göy üzünə acılardan
bir alay.
Ay, Ay,
can soyudan Ay
sap sallayır qaranlığa,
bir anlığa mürgü vurarkən şəhər.
Kəhər kişnərtisi qulaqlarda
və uzaqlarda bozqır kabusu karvan.
yollar gedir, dayanır an,
gizli səma qapıları açılırlar
taybatay,
dilimdə dua var, duamda Umay.
Necə
məhrəmdir bu axşam,
şəfqət Ay sükutuna
ilişik.
Uyqu qaçışında
buza, duyğu yerişində pişik.
həzin bir müəzzin ovqatı sokaklarda,
və uzaqlarda bozqır kabusu karvan.
mənim axşam
dualarım
girir gizli
qapılardan.
eşit məni eşit Umay!
Ay, Ay,
can soyudan Ay
gizli qapılar üstündə fənər.
ulduz yanar acısında suların,
ulduz yanar səkkizqıraq.
axşam dərin,
Umay uzaq.
***
Göy dağlardan köç gələndə,
burax məni yorğun şəhər,
arabamın yedəyində
yorğa günün
tüstüsü var.
Daş binalar kurqan kimi,
yolların sinəsi
yağır,
supermarket
vitrinindən
yal oynadan ayğır baxır.
Sahil parkı, əski şarkı,
ilxıların kişnərtisi
dalğalarda,
göy altında türk hamamı boyda dəniz,
su qızları ölən günü çimizdirir.
Arabamın yedəyində
yorğa günün
tüstüsü var,
harın polis baxışları
həvəsimi çidarlamaz,
Burax məni yorğun şəhər,
köçəriyə sınır
olmaz.
Yovşanların kövrək duşu,
ya yalqız berkut uçuşu
yaddaşımın tozlu küncündə yatır.
yarağını götür,
yağmaya gedək, ey batır.
Bir gün İzidanı
Bakıda gördüm
Yel yatıb, yelkən oynamır,
hava yorğa yerişlidir.
Darıxmalı dəqiqələr,
üç yüz altmış girişlidir.
Göyün gizli qapıları,
açılır duadan sonra.
Düşüncəmin uçuşunu,
asan eylə, ey Amon-Ra.
Həvəs gizlənib qəsrində,
İzida isirmir qınağı.
Şalvar
deşən yançaqları,
döyür baxış
mancanağı.
Ağ sinə Xeops ehramı,
duyğular olsa da səhra,
azdırmalar ilanını
dişlərinə sıxıb
doğra.
İçini görünməzliyə aç,
nəfsinin bağla
pultunu.
tanrıçaların gənəşi,
bəlkə silə
insultunu.
Xançallanmış sevginin soneti
Ömür lotu gənəşidir,
hökm oxundu və uçdu qut.
Göyərçinlər ölən gecə,
xançala oturdu sükut.
Dar dalanlar qaray-qaray,
elliyi ürpətdi ləngər.
qara sevda davasında,
ard da səngər, ön də səngər.
Düdük çalır ov
həvəsi,
ər doğulan durarmı dinc?
dörd tərəfdən
şikar baxır,
qan iç, qan iç, qan iç, qan iç.
Daş və beton meşəsində,
yırtıcılar gəl-gəl
deyir.
Cəngəlliyin yasası var -
zorlu basır, basan yeyir.
Gün keçir, təkər fırlanır,
arxivə suç
yığır karma.
Yumruğunu düyünləyib,
qayğıları qapan qarma.
Gecəni
şaman qamladı,
görünməzin bəyanı
çin.
ruhlar qurban istəyirlər -
bir parç pivə və göyərçin.
***
Xəzərin sahilində Egeni
düşünürəm,
üzümə sığal
çəkir saçların
kimi rüzgar.
Yalnızlıq məbədində zəng
çalır ayrılıqlar,
ayrılığın sonunda xurma tamlı öpüş var.
Ulduzlu bir gecədə, fontanlı bir şəhərdə,
sevgidən şarkı
yapdım sevgi olmayan yerdə,
mən Bakı bulvarında,
bəs sən nerdəsən, nerdə?
sorağını almasam inan ürəyim yatar.
Sənli
düşüncələrim saçımda neçə
dəndi,
aşiqlər ölkəsində
iki can bir bədəndi,
yaman sənsizləmişəm,
zəngin gəlmir, nədəndi?
Yusif Səmədoğluna
Ortada şam var, göydə
tolunay,
gedən ruhları,
çimizdirir çay.
Gözlər yaşarmış, sözlərdə
qınaq.
Surnay çaldırır,
köhnə tapınaq.
Can varıb gedir, fanidir bəşər.
Ölümün xeyir, ölümə qənşər.
Aynada ləngər,
yasində acı.
Son akkord vurur, ömür sayğacı.
Qohum-əqrəba, ehsan aşında.
Əzrail gəlir, qara maşında.
Can verib gedir, fanidir
bəşər.
Ölümün xeyir, ölümə qənşər.
Gizli yolları,
açır yaşıl
şam.
Qam türküsünü,
oxuyur axşam.
Şam budağında,
əlvan çalama.
Mələk opdusu, durub salama.
Qucaq açıyor,
işıqlı sahə.
Salam, Tanrı alp, salam,
ilahə.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.7.