Dünyanı formalaşdıran hekayələr
Martin Puçnerin
2018-ci ildə “BBC Culture” dərgisində
çap olunmuş essesi
Ədəbiyyat tənqidçisi və filosof olan Martin Puçner teatr, modern dram və dünya ədəbiyyatı sahələrində
ən tanınmış
intellektuallardandır. Harvard Universitetində İngilis
dili və Müqayisəli ədəbiyyat
üzrə professordur.
Həmçinin, Harvard Universiteti Mellon Teatr və Performans
Araşdırmaları Məktəbinin
yaradıcısı və
eyni universitetin teatr, rəqs, media bölümünün başçısıdır.
Teatr, fəlsəfə, modern dramdan
dünya ədəbiyyatına
qədər müxtəlif
mövzularda bir neçə dilə tərcümə olunmuş
çoxlu kitab, məqalə və esseleri var. "Stage Fright" (Səhnə
qorxusu), "Drama of İdeas"
(İdeyalar dramı),
"Poetry of revolution" (İnqilabın
poeziyası) ən məşhur əsərləridir.
Lakin onu dünya arenasında daha da məşhurlaşdıran
ən sonuncu kitabıdır: "The Written World: The Power of
the Stories to Shape People" (Yazılı Dünya: İnsanları formalaşdıran hekayələrin
gücü).
Böyük İskəndər gənc
yaşlarından etibarən
Makedoniyanın kralı
olmaq üçün
yetişdirilmişdi. Yunanıstanın şimalındakı bu balaca krallıq başda Fars İmperatorluğu
olmaqla bütün qonşularıyla davamlı
müharibə vəziyyətində
idi. Bu səbəblə
də İskəndər
döyüşdə ordusuna
liderlik etməyi uşaqlıqdan öyrənməli
idi. Atası öldürüləndən sonra o, taxta çıxdı. Krallığın təhlükəsizliyini təmin
etməklə yanaşı,
Fars İmperatorluğunu da
süquta uğratdı,
Misirdən Hindistana qədər olan torpaqları ələ keçirdi. Lakin İskəndərin əlində
başqa bir silahı da var idi: Homerin
"İliada"sı. Müəllimi Aristotelin köməyilə
bu dastanı ətraflı gözdən
keçirmişdi. Səfərlərə başlayanda heç bir hərbi əhəmiyyəti olmasa da, dastanda adı
çəkilən Troyada
dayanmış, oradakı
səhnələri gözündə
canlandırmışdı. Səfərləri zamanı "İliada"
kitabı ilə yatırdı. Homerin dastanı
ədəbi əhəmiyyətilə
yanaşı, təsir
gücünə görə
də antik yunan kitabxanalarını ötüb keçən bir əsər oldu. Bu kitabda
yunan mədəniyyətinə
aid düşüncə və
həyat tərzi öz əksini tapmışdı. "İliada" dastanı ilə İskəndər arasında qarşılıqlı
təsir var idi. Bu dastandan ilhamlanan İskəndər,
yunan dilinin geniş ərazidə danışılan dil olmasına nail olaraq "İliada"nı dünya ədəbiyyatının
ayrılmaz hissəsi halına gətirməyi bacardı. İskəndərdən sonra onun bütün davamçıları
İskəndəriyyə və
Berqamada yaratdıqları
böyük kitabxanalarla
Homerin əsərini gələcək nəsillər
üçün qoruyub
saxlaya bildilər.
Yunan filosofu Əflatuna (Platon) görə, sənət insana, sadəcə, zövq verməməli, eyni zamanda qanunlara və insan həyatına
faydalı olmalı idi. Bu əsər
hər hansı hekayənin əhəmiyyət
və təsirinin təkcə kitabın daxilində qalmayıb onun səhifələrindən
kənara çıxmasının
ən gözəl nümunəsidir.
"İliada" kimi əhəmiyyətli təsirə
malik digər əsərlərə Mesapotamiya
ərazisində yaranmış
"Gilqamış dastanı"nı, Amerikada mayyalıların "Popol
Vuh" hekayəsini göstərmək olar. Bu
dastanlar bütün mədəniyyətlərə haradan
gəldikləri və
kim olduqları
barədə referans vermişdir.
Lakin bütün
ədəbi ənənələr
krallar və onların fəthləri ilə başlamır. Masələn, Çin ədəbiyyatı
"Nəğmələr kitabı" adıyla tanınan şeirlərə
əsaslanırdı. Qədim dövrdə şeir yazmaq və oxumaq, sadəcə, şairlərin işi deyildi. İmperatorluq idarəsində önəmli
mövqeyə gəlmək
üçün keçirilən
imtahanlarda insanlara poeziyadan detallı suallar verilirdi. "Nəğmələr kitabı", şeiri Şərqi Asiyada ən əhəmiyyətli
ədəbiyyat janrı
halına gətirdi. Belə ki, dünya
ədəbiyyatının ilk önəmli romanları şeirin təsiri altında idi. XI əsrin əvvəllərində
yazıçı Murasaki
Şikibu yapon ədəbiyyatının şah
əsərlərindən biri
olan və dünyanın ilk romanı
kimi qəbul edilən "Genjinin hekayəsi"ni yazmadan öncə qardaşına
dərs keçən
müəllimi gizlincə
dinləyərək Çin
poeziyasını öyrənmişdi.
Həmin
dövrdə qadınların
Çin ədəbiyyatı
barədə bilmələri
gözlənilməz idi.
Beləliklə, o, yapon sarayında
dayə oldu və daha sonra
həmin bilikləri saray həyatını qələmə almağa
və şahəsər
yaratmağa sərf elədi. "Genjinin hekayəsi" 1000
səhifədən çox
idi və kitabda 800 şeirə yer verilmişdi.
Dünyada oxuyan insanların sayının artması kağız və mətbəə kimi kəşflərə, yazılı
ədəbiyyatın təsirinin
artmasına səbəb
oldu. Ərəblər çinlilərdən kağız istehsalını
öyrənərək daha
əvvəllər şifahi
şəkildə danışılan
hekayələri yazıya
köçürdülər və bunun nəticəsində
"Min bir gecə"
nağılları kimi
əsərlər meydana
çıxdı. Qədim epik
hekayə və şeirlərdən fərqli
olaraq, bu nağıllar həm maarifləndirici, həm də əyləncə xarakterinə malik idi. "Min bir
gecə" nağıllarında
təhkiyəçi Şəhrizadın
hər qadınla bir gecə keçirdikdən
sonra boynunu vurduran Fars şahı Şəhriyarı fəzilətli
və mərhəmətli
insana çevirməsinin
əhvalatı danışılır.
Şeir, nağıl və dastanlar daha sonrakı ədəbiyyat tarixinə də damğasını vurdu. XIII əsr italyan şairi Dante Aliqyeri "İlahi Komediya" adlı əsərində
xristian inancına görə, cəhənnəm,
əraf və cənnətin tərifini verərkən epik şeir formasından istifadə etmişdi.
Həm də əsəri latın
dilində yox, Toskana bölgəsində
danışılan bir
ləhcədə yazmışdı.
Beləliklə, bu gün italyanca olaraq bildiyimiz dil yayıldı. Bu, ədəbiyyatın dil üzərindəki təsirinin
ən yaxşı nümunəsidir.
Bu sahədəki ən böyük dəyişikliklərdən
biri də İohann Qutenberqin Çindəki texnikaları
inkişaf etdirərək
Şimali Avropada mətbəə qurması
nəticəsində baş
verdi. Bunun sayəsində
kitablar kütlələrə
çatmış oldu.
Ədəbi baxımdan bu
mərhələyə öz
damğasını vuran
roman janrı oldu və qadınlar yeni oxucu kütləsi
kimi formalaşaraq
modern cəmiyyətin problemləriylə
maraqlanmağa başladılar.
Meri Şellinin "Frankenşteyn"
əsəri ilə elmi-fantastikaya addım atılaraq elmin utopik vədlərilə dağıdıcı potensialı
arasındakı ziddiyyətlərə
yer verilməyə başlandı. Corc Oruelin "1984" əsərilə Marqaret Etvudun "Damazlıq qızın hekayəti"
adlı əsərləri
bu ənənənin davamının müasir nümunələridir.
Roman, həmçinin, müstəqilliyini yeni qazanan ölkələrin mübarizəsində də
təsirli oldu. 1960-cı illərin
Latın Amerikasında
"Latın Bumu"
da adlandırılan Qabriel Qarsia Markes "Yüz
ilin tənhalığı"
ilə qitəsinin bir neçə nəslinə xitab edirdi. Siyasi müstəqillik mədəni azadlığı
da tələb edirdi və bunun üçün roman
ən yaxşı vasitə idi.
Böyük kütlələrin oxucuya
çevrilməsi bu və ya digər
yazıçılar üçün
faydalı olsa da, mətbəə ədəbiyyatın idarə
və senzurasını
da asanlaşdırdı. Totalitar rejimə
sahib ölkələrdə senzuradan yayınmaq üçün yeraltı
mətbəələr yaradıldı.
Bu gün biz yenə də yazı texnologiyasında ən az Çində
kağızın kəşf
olunması və çapı, eləcə
də Şimali Avropada mətbəənin
yenidən qurulması
kimi əhəmiyyəti
olan yeni bir inqilab mərhələsindən
keçirik. İnternet oxu və yazı tərzimizi, ədəbiyyatın yayılmasını
və kimlərin bunu əldə edə biləcəyini müəyyənləşdirir. Və biz yazı dünyasının
yenidən böyük
bir dəyişikliyə
uğrayacağı mərhələsinin
başlanğıcındayıq.
Martin Puçner
Mənbə: “BBC Culture”
Tərcümə edəni: Cahanxanım
Seyidzadə
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.19.