Zima mavisi
Sənət təbiətə
əlavə edilmiş
insandır.
F.Bekon
Bu dünyada təkəri
biz kəşf etmişik.
Nəhəng binalar tikməyi
də...
Atom elektrik stansiyalarını
qurmağı da...
Rəqəmləri, hərfləri də biz kəşf etmişik.
Bir sözlə,
ətrafda insan əli ilə nə varsa, hamısı bizim qabarlı əllərimizin,
qaynar zəkamızın
məhsuludur.
Biz, yəni Homo Sapienslərin...
Yer kürəsində mövcud
olan yeganə insan növünün...
Amma incəsənət
bizim kəşfimiz deyil.
İncəsənətin tarixi mağara divarına çəkilən
rəsmlər neandertallarla
başlayır.
Onlarla doğuldu incəsənət...
Bəlkə də buna görədir incəsənətin
bizim üçün
anlaşılmaz olmağı...
Bu gün dünyada
neandertallar yoxdur.
Onları
ya biz məhv etmişik, ya da təbii iqlim
şərtləri...
Bəlkə də iqlimlə
biz bir yerdə soyqırımdan keçirmişik
ilk sənətkarları...
İncəsənət iztirablı taleyi burdan axarını götürür.
Qətlə yetirilmiş rəssamların
tarixindən...
Bəs harda başa çatacaq?
Robotlar da sənətkar olacaqmı?
"Zima mavisi" də
neandertallardan başlayan
incəsənətin mümkün
sonundan danışır.
Qayıdış
Özünə qayıdır,
hər şey özünə
Ramiz Rövşən
Gələcək gəlib. Amma incəsənət hələ də insanları heyrətləndirir.
Zima isə dünyanın
ən yaxşısıdır.
İllərdir ki, rəssamlığın
zirvəsi sayılır.
Rembrant kimi, Pikasso kimi... Bir gün onun yaradıcılığında
yeni bir dövr başlayır.
Bütün rəsmlərində mavi bir fiqur
əks olunmağa peyda olur. Nə çəksə, fərqi
yoxdur, mavi ordadır. Bir imza kimi... Və
hər yeni şəklində mavi bir az da böyüyür. Bir müddət sonra ancaq mavi
rəngdən ibarət
olan rəsmlər Zimanın.
Lakin heç kim bu maviyə bir məna vermir. Yüz ildir mətbuata danışmır. Hamıdan uzaq
gəzir. Haqqında
çox az
şey məlumdur. Lakin hekayəsini danışmaq
üçün bir jurnalisti seçir. Zima özünün son sənət əsərinin
nümayişinə hazırlayır.
Zimanın sənət üçün
etdiyi fədakarlıqların
sayı-hesabı yoxdur. Məna axtarışları
Zimanı çox daha dərinlərə aparıb. Onun gözləri dünyanın
bütün rəng və çalarlarını
görə bilir.
Xüsusi kibernetik modifikasiyalı
əməliyyatlar keçirib.
Kainatın hər bir yerində yaşaya, oranın şərtlərinə
uyğunlaşa bilir.
Və jurnalist onun sirrini öyrənir.
O, müxtəlif əməliyyatlar
keçirmiş bir insan deyil. O, bir robotdur. Bütün rəsmlərinə
mavi imzasını atan bir Rembrantdır.
Bəs niyə mavi imza?
O, üzmə hovuzunu təmizləyən bir
robot imiş. Sahibi onu
daha çox inkişaf etdirir, süni intellekt yükləyir. Yeni sahibləri
də onun zəkasını inkişaf
etdirməyə başlayır.
Zima nəhəng bir istedada malik
olur. Özü də dediyimiz
kimi, müxtəlif əməliyyatlar keçirir.
Onun yaradıcı zəkası
genişləndikcə genişlənir.
Böyüdükcə böyüyür. Bir dahiyə çevrilir Zima...
Bəs mavinin sirri nədədir? Zima, bir zamanlar yaşadığı
yurdunun, su hovuzunun həsrətini çəkir. Qazandığı bu qədər uğur, bu qədər
məna axtarışları,
həyatın sirrini çözmək cəhdi
belə, onu o mavi hovuzdan qopara
bilmir. Zima o hovuzun həsrəti ilə yaşayır.
Hekayəsini danışdıqdan sonra
Zima əsərini təqdim
edir. Bu, vətəni olan hovuzdur. Minlərlə tamaşaçının gözü qarşısında
Zima hovuza tullanır.
Üzməyə başlayır. Üzdükcə də öz
orqanlarını bloklamağa,
dövrədən çıxarmağa
başlayır. Sonda isə
bu dahi rəssamda
geriyə ancaq hovuz təmizləyən
robot qalır. Zima intihar edir. İntihar etməklə özünə
qayıdır, özü
olur. Belə...
Zima mavisinin sirri də budur: Özünəqayıdış! Malik olduğu sərvət və şöhrət Zimanı xoşbəxt etmir. O öz ilkinliyinə can atır. Ən adi bir
robot olmağı seçir...
Sergi Ata kimi... Yazmağı atan Selincer kimi... Şüurundan imtina edir.
Adiliyi seçir.
***
İncəsənət neandertalların bizə mirasıdır.
Bu mirası biz də
bir gün robotlara təhvil verəcəyik.
Lakin incəsənət
əbədidir.
Çünki o bizim ruhumuzun səsidir, özünüifadəmiz
və özünüdərkimizdir.
P.S. Zimanın mavisi "Sevgi, ölüm və robotlar" (Love,
Death & Robots) serialının 12-ci seriyasıdır. Seriya Alaistar
Reynoldun eyniadlı hekayəsinin motivləri əsasında çəkilib.
Serialın iki prodüserindən
biri isə əfsanəvi rejissor Devid Finçerdir.
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.17.