Bu yaxınlarda ərəblərin
sosial şəbəkəsində
diqqətimi "Bakıda keçən günlər"
başlıqlı bir
yazı cəlb etdi. Müəllif Hələbdə və Bakıda vaxtilə iştirak etdiyi Nəsimi konfransları ilə bağlı xatirələrini
bölüşür. Məqalə
vaxtilə Suriyanın"Adiyyat"
jurnalında da dərc edilibmiş. Nəsimi ilinə kiçicik töhfə olar deyə düşünərək
bu xatirə yazısını dilimizə
çevirdim.
Müəllifi suriyalı tədqiqatçı
və tarixçi Məhəmməd Qoca Hələbdə çıxan
həmin jurnalın redaktorudur. Ərəbcədə "adiyyat" qədim,
antikvar əşyalara
verilən addır.
Necə ki, biz köhnədən qalma nəsnələrə obrazlı
şəkildə "Nuh
əyyamından qalma"
deyirik, eləcə də ərəblər antikvar sayılan əşyaları "Quran"da
xatırlanan qədim
Ad qövmündən qalma
kimi rəmzləndirib
"adiyyat" adlandırırlar.
Jurnal eyniadlı
cəmiyyətin mətbu
orqanıdır. Cəmiyyət 1924-cü ildə bir hadisəyə hələblilərin verdiyi
kəskin reaksiya nəticəsində təsis
edilib. O zaman müstəmləkə dövrünü
yaşayan şəhərin
fransız hərbi komendantı qalada yerləşən kiçik
bir caminin mehrabını sökdürüb
oğurlatdırıbmış. Məscidin bu qədim mehrabı
zəngilər dövrünün
tarixi irsinin dəlillərindən imiş.
Yeri gəlmişkən,
tarixçilərin yazdığına
görə, zəngilər
səlcuqlu türk boylarından biri imiş. Səlcuqlu əmirlərdən
Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə
başlanan (1127) zəngi
soyunun bəyləri indiki Suriya və
İraq şəhərlərində
hakimiyyətdə imişlər.
Hələbdə həmin oğurluq şəhər əhlini xeyli qəzəbləndiribmiş. Dərhal qərara
gəliblər ki, tarixi abidələrin, irsin qorunması ilə məşğul olan bir cəmiyyət
qursunlar. O zamandan
bəri cəmiyyətin
"Adiyyat" jurnalı
da nəşr edilir.
Tərcüməsini təqdim etdiyim xatiratın müəllifi
ilə əlaqə saxlayıb vəd etdim ki, yazını
Azərbaycan dilinə
çevirəcəyəm və
"Ədəbiyyat qəzeti"ndə
dərc edəcəyəm. Xeyli sevindi...
BAKIDA KEÇƏN GÜNLƏR
2009-cu ilin axırları
idi. Bakı şəhəri
həmin ilin islam mədəniyyəti
paytaxtı olaraq Azərbaycan Respublikasında
keçirilən təntənəli
bağlanış tədbirinə
son naxışlarını vururdu. Tunisin Qirvan,
Seneqalın Dakar şəhərləri də
eləcə. Məlumdur
ki, islam
mədəniyyəti paytaxtları
hər il üç coğrafi bölgü üzrə seçilir: biri ərəb şəhəri
olur, o biri Asiyadan seçilir, başqası da Afrikadan.
Üzvlərinin hamısı Hələb şəhərindən olan
Suriya nümayəndə
heyətinin tərkibində
idik. Bu tərkib onunla bağlı idi ki, iştirak
üçün dəvət
edildiyimiz tədbir
"Nəsimi konfransı"
idi. Azərbaycanın
sufi şairi
Nəsimi məğrur
bir qala önündə yerləşən
məzarlıqda dəfn
edilib.
Bir il öncə
isə, yəni 2008-ci
ildə Hələb şəhərində şair
Nəsimiyə həsr
edilmiş beynəlxalq
elmi konfrans keçirmişdik. O zaman tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti
Hələbdəki müzakirə
mövzusuna və şairin məzarına
aid nə varsa, hər şeyə bütün ayrıntılarına
qədər xeyli maraq göstərirdi. Onları Nəsimi mavzoleyinə ziyarətə apardıq.
Heyətin rəhbəri doktor
Bəkir Nəbiyev məzar önündə dayandı, başdaşını
öpərək ağladı,
titrək səslə
Fatihə surəsini oxudu.
Hələb konfransı iki sessiyadan ibarət idi: biri şəhərin
mədəniyyət departamentində,
digəri isə Hələb Universitetinin ədəbiyyat fakültəsində
keçirildi.
Tərkibində mədəniyyət nazirinin
köməkçisi Fikrət
Babayevin olduğu Azərbaycan nümayəndə
heyətini Nəsimi məqbərəsinin necə
qorunması təfərrüatları
və ətrafında
mədəniyyət abidəsinin
qoyulması imkanı maraqlandırırdı. Danışığa
gəldik ki, belə
bir ikinci konfransı da Bakıda keçirək.
2009-cu il dekabrın
13-də təyyarə ilə
İstanbul üzərindən
Bakıya gəldik. Heyətimiz bu şəxslərdən ibarət
idi: Hələb müftisi doktor Məhmud Ükkəm, doktor Üssam Qəssabçı (Allah rəhmət
eləsin, gənc ikən bizlərdən çox erkən ayrıldı), şair, tədqiqatçı Məhəmməd
Kamal və onların bərabərində
Allah-taalanın fəqir
bəndəsi mən.
Bizi aeroportda
nazir köməkçisi
Fikrət Babayev qarşıladı. Ərəbcəsi
və Suriya ləhcəsi mükəmməl
olan bu şəxs
sovet dövründə
yetmişinci illərin
axırı, səksəninci
illərin əvvəlində
Suriyada üç il mütərcim
işləmişdi, şəhərlərimizi
də yaxşı tanıyırdı.
Azərbaycanın Suriyada səfiri
haqqında da deyim ki, o, ölkələrimiz
arasında hər zaman "həmzə vəsləsi" (ərəb
dilinin qrammatikasında
birləşdirici həmzə
işarəsi üçün
nəzərdə tutulan
bu söz birləşməsi rəmzi
mənada "körpü",
"əlaqələndirici" anlamında da işlənir - N.Q.) olub, məfkurəvi və təşkilati əlaqələndirici
missiyasını layiqincə
yerinə yetirib. Onun da gözəl ərəbcəsi var, bir sıra ərəb
ölkələrində çalışıb.
Özü də sırf ərəb adının daşıyıcısıdır:
"Mahir Əli".
İsminə sadəcə rus
şəkilçisi "yev"-i əlavə etməklə olub Mahir Əliyev.
Hər ikisi - Mahir də, Fikrət də gözəl insanlıq nümunəsi sərgiləyərək
işlərinə sadiq,
yaxşı təşkilatçı,
nə istədiklərini
yaxşı bilən,
gördükləri işi
səbrlə, inamla başa çatdıran və bu üzdən
də bizim sonsuz ehtiramımızı,
etibarımızı qazanmış
şəxslər olub.
Bakı
aeroportundan "Park İn"
otelinə getdiyimiz yolda küçələrdən
də, bizə tanış görünən simalardan
da bir növ
ülfət duyurduq. Mərhum dostum Üssam Qəssabçı
mənə dedi:
"Bu üzlər sənə
Hələb camaatını
xatırlatmırmı? Elə
bil bizimkilərdir ki var!".
Avtomobilimiz işıqforun qırmızı
işarəsində dayananda
gördük qarşımızdan
cüssəli bir gənc küçəni
keçir. D-r Üssam
yenə üzünü
mənə tutub həmin gəncin Hələbdə adını
çəkdiyi bir ailənin uşaqlarına
necə də bənzədiyini dedi. Həqiqətən, eynilik dərəcəsində
oxşarlığa təəccüblənməmək
mümkün deyildi.
Günortadan sonra proqram üzrə
"Qədim Bakı"da
gəzintimiz nəzərdə
tutulmuşdu. Bizi Şərqşünaslıq İnstitutunun elmi işçisi Rəşad
Babayev müşayiət
edirdi. Ərəb ədəbi dilində
əla danışırdı.
Divarlarla
əhatələnmiş qədim
şəhərə asta
addımlarla daxil olduq. Hər şey qədimliyində qorunub saxlanılır: divarlar, evlər, tinlər, küçələr.
Rəşad ərəb ədəbi
dilində danışmaqdan
zövq alır, Məhəmməd Kamal isə hərdən onun danışığını
kəsir, bəzi sözlərin sonluqlarındakı
hərəkələrə düzəlişlər verirdi.
Rəşad üçün isə xoş idi, müqtədir ustaddan səviyyəli bir dərs alırdı
axı.
Qənbər daşlarla döşənili
məhəllələrdən, dar küçələrdən
keçdik. Hər yer tərtəmizdi.
Ətrafda siqaret kötüklərinə,
yerə atılmış
kağız parçalarına
rast gəlməzsən.
Köhnə şəhərin ən yuxarı başında qədim bir saraya gəlib çatdıq. Bizi sarayın müdiri
Samirə xanım qarşıladı. Xanım türk
dilləri qrupuna daxil Azərbaycan dilində bizimlə söhbət edir, Rəşad da onun dedikərini tərcümə edib bizə çatdırırdı.
XV əsrə aid hökmdar iqamətgahı
olmuş bu saray hazırda zəvvarları cəlb edən muzey kimi qorunur.
Qədim məhəllə künclərinin
birində nəhəng
bir ağac kök salmışdı. Rəşad
deyir: "Bunu sevgililər ağacı adlandırırlar. Sıx yarpaqlı
bu ağacın kölgəsi onların görüş yeridir".
Zarafatla soruşuruq:
"Bəs sən necə, tez-tezmi buraya gəlməli olursan?".
Bakı
şəhərində İmadəddin
Nəsimini yada salan çox şey var. Bir meydan "Nəsimi meydanı"dır, bir
metro stansiyası "Nəsimi
stansiyası" adlandırılır.
Şəhərin inzibatı bölgüsündə
ən böyük
rayon "Nəsimi rayonu"dur. Rayonun icra başçısı
geniş səlahiyyətlərə
malik qubernator vəzifəlisi kimi bir statusdadır. Başçı bizi dəbdəbəli
şam yeməyinə
dəvət etdi.
Süfrə arxasında dostcasına
söhbətləşdik.
Ertəsi gün ilk naharımızı
qədim bir məkanda, İpək yolu üzərində yerləşən karvansarada
etdik. Eynilə Hələb karvansaralarının
nümunəsində olan
bir yer idi.
Bir çalğıçı uda
bənzər Şərq
alətində incə,
həzin bir melodiyanı səsləndirirdi.
Növbəti günün axşamı Qafqaz müsəlmanları
idarəsinin sədri Allahşükür Paşazadənin
qonağı olduq.
Qalın saqqallı bu
şəxs nüfuzedici
baxışları və
səmimi təbəssümü
ilə müsahibində
yaxşı təəssürat
yaradır.
Bakını tərk etməzdən əvvəl Azərbaycanın
Mədəniyyət naziri
ilə birgə mətbuat konfransı keçirdik. Və əlbəttə ki, bütün dediklərimiz
Hələblə Bakı
arasında "həmzə
vəsləsi" olan sufi şairi Nəsiminin ətrafında cərəyan
edirdi.
Məhəmməd Qoca
Tərcmə etdi:
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.16.